Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-51/2025 18.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 17.00-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Xüsusi ittihamçı X9, Xüsusi ittihamçının nümayəndəsi Nümayəndə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Qaraməryəm kəndində qeydiyyatda olan, X3 Azərbaycan Respublikası CM-nin 147.2. və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci ildə Azərbaycan Respublikası Göyçay rayonu, İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Göyçay rayonu Qaraməryəm kəndində qeydiyyatda olan (AA2532490) X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və X3 həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayəti belə əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixdə doğulmuşdur. Göyçay rayonu, Şahsoltan kəndində yaşayır. Müxtəlif işlərdə çalışmışdır, 2015ci ildən 2025-ci ilin fevral ayının 19-na dək Göyçay rayonunun Qaraməryəm Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Qaraməryəm Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə, xüsusi ittiham qaydasında şikayət verdiyi Göyçay rayonu, Qaraməryəm kəndində yaşayan X6 ondan qeyri-rəsmi müraciət edərək torpaq sahəsi istəmiş, onun müraciəti müsbət həll olunmadığından, barəsində yuxarı instansiyalara böhtan xarakterli ərizələr göndərmişdir. Bundan sonra, 28 fevral 2025-ci il tarixdə “Acı Bibər” adlı Facebook sosial şəbəkə istifadəçisinin profilində video paylaşmışdır. Həmin videoda, xüsusi ittiham qaydasında şikayət verdiyi Göyçay rayonu, Qaraməryəm kəndində yaşayan X6 bilə-bilə və öz subyektiv mülahizələrini əsas tutaraq, onun ünvanına - ("Göyçay rayon Qaraməryəm Bələdiyyəsinin sədri icarə haqlarını bələdiyyə büdcəsinə daxil olmadan mənimsəmişdir. Bununla bahəm, bələdiyyənin qanunsuz cinayətləri bununla bitmir. Qaraməryəm kənd bələdiyyəsi Şamilov Fəqan yaşlı insanların pensiyasını kəsərək hər bir vətəndaşdan 800 manat, 1000 manat, 200 manat, 600 manat pensiya idarəsindən vergi kimi kəsdirmişdir.) sözlər səsləndirmişdir. Eldəniz Həmidov belə bir cinayətkar bələdiyyəni tərkibə saldı. Fəqan Şamilov cinayətkardır. Fəqan Şamilov özü deyir ki, rayon başçısına külli miqdarda pul vermişəm, 2 aydan sonra mən bələdiyyə işləyəcəm") kimi ifadələr səsləndirərək danışmış, onu təhqir etmiş, böhtan atmış, şərəf və ləyaqətinə xələl gətirmişdir. Yuxarıda qeyd olunan video Facebook sosial şəbəkəsində yüzlərlə Facebook sosial şəbəkə istifadəçisi tərəfindən baxılmış, müxtəlif şəxslər tərəfindən şərhlər yazılmış və paylaşılmışdır. Xüsusi ittiham qaydasında şikayət verdiyi Göyçay rayonu, Qaraməryəm kəndində yaşayan X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsində göstərilən «Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər» 30-cü fəsilə daxil olan 311.3.4-cü maddə ilə onu ağır cinayətdə ittiham edərək böhtan atmışdır. Xüsusi ittiham qaydasında şikayət verdiyi Göyçay rayonu, Qaraməryəm kəndində yaşayan X6 yazdıqlarının yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları səsləndirərək ona böhtan atmış və şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Böhtan atma və şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətini yaratdığı üçün Göyçay rayonu, Qaraməryəm kəndində yaşayan X6 tərəfindən həmin maddələrdə nəzərdə tutulan cinayət əməlləri törədilmişdir. Xüsusi ittihamçı Şamilov Fəqan oğlu xüsusi ittiham qaydasında şikayəti müdafiə etdi, xüsusi ittiham qaydasında şikayətdə göstərilən xüsusatları təsdiq edərək məhkəmədən X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair hökm çıxarılmasını xahiş etdi. Xüsusi ittihamçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair hökm çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs X6 məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş xüsusi ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, xüsusi ittihamçı Fəqan Şamilov barəsində o heç bir böhtan və təhqir səsləndirməmişdir. Belə ki, Fəqan Şamilov həqiqətən də bələdiyyə sədri olduğu müddətdə məhkəmə qərarı ilə onun xeyli miqdarda vəsaiti mənimsəməsi sübut olunmuş və onun ölkədən çıxışına qadağa qoyulmuşdur.Əvvəllər cinayət törətdiyinə görə onu cinayətkar adlandırmışdır. O kənd sakinlərindən bir neçə nəfər şahid gətirə bilər ki, onlar da Fəqan Şamilovun onlara qarşı etdiyi qanunsuz hərəkətləri təsdiq edə bilərlər. Təhqir məsələsinə gəldikdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsində təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf v ləqayətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Halbu ki, o xx.xx.2025-ci il tarixdə “Acı bibər” adlı Facebook sosial şəbəkə istifadəçisinin profilində paylaşım etdiyi videoda xüsusi ittihamçı Fəqan Şamilova qarşı heç bir nalayiq ifadələr işlətməmiş, onu etik çərçivəyə sığmayan sözlərlə aşağılamamış və alçaldıcı hərəkətlər etməmişdir, əksinə onun özbaşınalığını və vəzifəsindən sui-istifadə edərək kənd sakinlərinə qarşı qanunsuz hərəkətlərini dilə gətirmişdir. O həmin video müraciət vasitəsi ilə Azərbaycan Respublikasının Prezidentinə və Birinci Vitse- Prezidentə müraciət edərək, vəzifəsindən sui-istifadə edən məmurlar barəsində qanuni ölçü götürülməsini xahiş etmişdir. Xüsusi ittihamçı X9 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair hökm çıxarılması barədə xahişi əsassız olduğu üçün rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş DVD diskə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, təqsirləndirilən şəxs X1 Fəqan Şöhrət oğlu barəsində 28 fevral 2025-ci il tarixdə “Acı Bibər” adlı Facebook sosial şəbəkə istifadəçisinin profilində video paylaşmışdır. Həmin videoda, X1 Fəqan Şöhrət oğlunun ünvanına - ("Göyçay rayon Qaraməryəm Bələdiyyəsinin sədri icarə haqlarını bələdiyyə büdcəsinə daxil olmadan mənimsəmişdir. Bununla bahəm, bələdiyyənin qanunsuz cinayətləri bununla bitmir. Qaraməryəm kənd bələdiyyəsi Şamilov Fəqan yaşlı insanların pensiyasını kəsərək hər bir vətəndaşdan 800 manat, 1000 manat, 200 manat, 600 manat pensiya idarəsindən vergi kimi kəsdirmişdir.) sözlər səsləndirmişdir. Eldəniz Həmidov belə bir cinayətkar bələdiyyəni tərkibə saldı. Fəqan Şamilov cinayətkardır. Fəqan Şamilov özü deyir ki, rayon başçısına külli miqdarda pul vermişəm, 2 aydan sonra mən bələdiyyə işləyəcəm") kimi ifadələr səsləndirərək paylaşımlar etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 05 avqust 2025-ci il tarixli, 4/862 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqat materialı olan “Fəqan Şamilov cinayətkardır” ifadəsi hər hansı hüquqi əsası olmadan şəxsə qarşı istifadə edildikdə təhqiredici məzmunlu ifadə hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcədə oxşar mövqeni paylaşan Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Təqsirləndirilən şəxsə istinad edilən “təhqir” cinayəti Cinayət Məcəlləsinin 148-ci maddəsində “kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma” kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 2014-cü il 21 fevral tarixli qərarının 2-ci bəndində göstərilmidir ki, hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Plenum qərarının 5-ci bəndində daha sonra göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147.2 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göründyü kimi təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə qeyd edir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Məhkəmə xx.xx.2025-ci il tarixdə kütləvi nümayiş etdirilən «Facebook» internet informasiya ehtiyatında X3 ümumi çıxışının məzmununu,səsləndirilən ifadələrin bir-biri ilə əlaqələndirilməsini nəzərə alıb,xüsusi ittihamçı X12 haqqında «Fəqan Şamilov cinayətkardır» ifadəsi onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məzmunda olduğu üçün hesab edir ki,təqsirləndirilən şəxs X3 əməlində Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş “təhqir” cinayətinin tərkibi mövcud olmuşdur.Təqsirləndirilən şəxs X3 Fəqan Şamilovun əvvəllər cinayət törətdiyinə görə cinayətkar adlandırması dəlilinə gəldikdə isə,məhkəmə CM-in 83.6-cı maddəsinin tələbi və ümumi çıxışın məzmunu baxımından təqsirləndirilən şəxsin bu dəlilini əsassız hesab etmişdir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı qeyd edir ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin himayəsində 2 yetkinlik yaşına çatmayan uşağın olması iş üzrə cəzasını yüngülləşdirən hal olduğunu və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin sanksiyası həddində cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 147-ci maddəsinə əsasən böhtan yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə CM-in 147.2-ci maddəsi ilə daha ağır cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinin tələblərinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Yuxarıda qeyd edilən qanun normalarının tələblərinə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Bu isə o deməkdir ki, şəxs CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə yalnız onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş bütün əlamətlərin mövcudluğu mötəbər sübutlarla təsdiq edildiyi halda cəlb edilə bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın onu yayan şəxs üçün bilə-bilə yalan olması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Böhtan atan şəxsin təqsirinin müəyyən edilməsi üçün onun yaydığı məlumatın yalan olmasını bildiyi müəyyən edilməlidir. Əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, həmin məlumatlar əslində yalan olsa belə onun təqsirsiz olduğundan CMin 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Buna görə də şəxsin böhtana görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun yalan yaydığını bildiyi sübuta yetirilməlidir. İş materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə «Facebook» internet informasiya ehtiyatında X6 «Göyçay rayon Qaraməryəm Bələdiyyəsinin sədri icarə haqlarını bələdiyyə büdcəsinə daxil olmadan mənimsəmişdir.Bununla bahəm,bələdiyyənin qanunsuz cinayələri bununla bitmir.Qaraməryəm kənd bələdiyyəsi Şamilov Fəqan yaşlı insanların pensiyasını kəsərək hər bir vətəndaşdan 800 manat,1000 manat,200 manat,600 manat pensiya idarəsindən vergi kimi kəsdirmidir.Eldəniz Həmidov belə bir cinayətkar bələdiyyəni tərkibə saldı...Fəqan Şamilov özü deyir ki,rayon başçısına külli miqdarda pul vermişəm.2 aydan sonra mən bələdiyyə işləyəcəm» kimi ifadələrin işlənilməsini təsdiq etsə də,onun əməlində Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin subyektiv cəhəti, yəni həmin əməllərin onun tərəfindən təqsirli olaraq törədilməsi müəyyən olunmur. Belə ki, qanunun tələblərinə görə ittiham hökmü fərziyyələrə əsaslana bilməz və yalnız o şərtlə çıxarılır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilsin. Böhtan yalnız birbaşa qəsdlə törədildiyi üçün şəxsi həmin cinayətdə təqsiri təsdiq etmək üçün hökmdə onun bu barədə niyyəti olduğunu təsdiq edən sübutlara və hallara istinad etmək lazımdır. Bununla əlaqədar aradan qaldırılması mümkün olmayan şübhələr yarandıqda, onlar təqsirləndirilən şəxsin lehinə şərh edilməlidir. Şəxsin təqsirini sübut etmək, yəni qəsdi və yayılmış məlumatın yalan olması bildiyini sübut etmək vəzifəsi isə xüsusi ittihamçının üzərinə düşür. Məhkəmə toplanmış sübutları tədqiq edib hesab edir ki, həmin sübutlar təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikasının CM-in 147.2- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olmasına dair mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir.Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının CM-in 147.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirin olması, yəni yalan olduğunu bilə-bilə xüsusi ittihamçını nüfuzdan salan məlumatların internet informasiya ehtiyatında yayma əməlinin olması sübuta yetirilməmişdir. X3 əməlində CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin subyektiv cəhətin mövcud olmaması onun cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; Beləliklə xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı CPM-in 42.1.2-ci maddəsində göstərilən hal müəyyən edildiyindən,X6 barəsində CM-in 147.2-ci maddəsi üzrə bəraət hökmü çıxarılmalıdır. İş üzrə maddi sübut olan 1 əddə DVD disk Azərbaycan Respublikası CPM-in 132.1.6-cı maddəsinə əsasən iş materiallarında saxlanılmalıdır. İş üzrə 70 manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X2 alınaraq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 347, 349,350, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X6 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib 1200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi vaxtdan bir ay müddətində ödənilsin. X6 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 42.1.2-ci maddəsinə əsasən təqirsiz bilinərək ona bəraət verilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 70 manat məbləğində dəyəri X2 tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-51/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-51/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver