Məhkəmə qərarları › İş №1(046)-53/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-53/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-53/2024 03.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs X3 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkum olunmamış, Göyçay rayonu, Qaraməryəm kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 6,02 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 14 aprel 2024-cü il tarixdə saat 12:10 radələrində Göyçay RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay rayonu, Qaraməryəm kəndində saxlanılıb Göyçay RPŞ-yə gətirilmiş və 14 aprel 2024-cü il tarixdə saat 13:25 dəqiqədə X4rşısında üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının ön sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində xeyli miqdarda, yəni təmiz çəkisi 6,02 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş X7 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Göyçay rayonu Qaraməryəm kəndində yerləşən çayxanada həmkəndlisi Qurbanla bir yerdə çay içmiş və həmin vaxt yerdən tapdığı kibrit qutusunun içərisində olan narkotik vasitə marixuana əynində olan qara rəngli cins şalvarının ön sağ yan cibində olmuşdur. Çayçanaxada olan zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib onlara narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduqlarını bildirib polis şöbəsinə aparmışlar. Şöbədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə ona hüquqları izah olunmuş, sonra isə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının ön sağ yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı təqdim etmişdir. Həmin kibrit qutusundakı narkotik vasitə elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisi 8,97 qram olmuş və zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməlindən peşmandır.Məhkəmədən xahiş etmişdir ki,ona cəza təyin edilərkən, himayəsində iki azyaşlı uşağın olması nəzərə alınsın. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. X3 üzərində narkotik vasitə saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra digər polis əməkdaşları Şahid3 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılıb onlara təlimatlandırma keçirilmişdir. xx.xx.2024cü il tarixdə saat 12 radələrində Göyçay rayonu Qaraməryəm kəndində yerləşən çayxanada X5 müəyyən edib yaxınlaşaraq özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək barələrində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib Göyçay RPŞ-yə dəvət etmiş, Təqsirləndirilən şəxs Şöbəyə gətirmişlər. Polis Şöbəsində ona hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və Təqsirləndirilən şəxs vəkil Müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra X3 üzərinə şəxsi axtarış keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı Rəşad Bəyalievdən üzərində hər hansı qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının ön sağ yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı təqdim etmişdir. Kibrit qutusunun içərisində olan narkotik vasitə elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisi 8,97 qram gəlmiş, zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 aprel 2024-cü il tarixli 3-16-16-2- 17/368 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kiitlə.... ” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi - 6,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kııstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Qeyd: Marixuanın təmiz çəkisi 6.02 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq 5.97 qram. Aparılmış ekspertizanın dəyəri 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2023-cü il tarixli 1067 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X7 məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə protokoldan görünür ki, X7 xx.xx.2024-ci il tarixdə saat 13:10-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X7 barəsində xx.xx.2024-cü il tarixdə saat 19:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X1 məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi 6.02 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib öz şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Göyçay rayonu Qaraməryəm kəndində üzərində qanunsuz saxlayaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, təqsirləndirilən şəxs X3 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. X3 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxs X6 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X3 həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. X6 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 5.97 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. X2 iş üzrə məhkəmə xərci olan 35.97 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X3 məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X3 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs X3 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X6 Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 5.97 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. X2 iş üzrə məhkəmə xərci olan 35.97 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar