Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-53/2025 07.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı X1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Göyçay rayonu, Birinci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla, ünvan 3-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 0,286 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 18 oktyabr 2024-cü il tarixdə saat 11:16 dəqiqədən saat 11:30 dəqiqəyədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin otağında olan stolun üzərindən 01 ədəd qızılıağ rəngli kağız bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,286 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Göyçay şəhəri Mədəniyyət evinin yaxınlığında olarkən yerdən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin tapmış, istifadə etmək üçün üzərinə götürmüş, həmin gün axşam saatlarında yaşadığı evdə olarkən yerdən tapdığı “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən bir hissəsini şprislə damara vurmaq yolu ilə qəbul etmiş, yerdə qalan psixotrop maddə metamfetamini isə kağız falqaya bükərək gələcəkdə istifadə etmək üçün yaşadığı evdə otaqda olan masanın üzərinə qoymuşdu. xx.xx.2024-cü il tarixdə yaşadığı evin həyətində olarkən mülki geyimdə olan şəxslər onu səsləyib qapının ağzına çağırmış, özlərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra isə polis əməkdaşları ona narkotik vasitə istifadə etməkdə və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu bildirib yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər, polislərə etiraz etməmiş, yaşadığı evə baxış keçirilməsinə razılıq verməyi barədə ərizə vermiş, bundan sonra polis əməkdaşları evin həyətinə daxil olmuş, videoçəkiliş vasitəsilə yaşadığı evə baxış keçirilməsinə başlanmış, ilkin olaraq yaşadığı evin həyətində olarkən polis əməkdaşı ondan yaşadığı evdə hər hansı narkotik vasitənin olub-olmadığını soruşmuş, həmin vaxt yaşadığı evdə “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, polis əməkdaşının təklifi ilə evin girişindən sağda yerləşən otaqda masanın üzərində olan bükümün yerini göstərmiş, polis əməkdaşı həmin bükümü açaraq baxış keçirmiş, kağız bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuş, bundan sonra həmin otağa baxış keçirilərkən masanın üzərindən 3 ədəd narkotik vasitəni istifadə etdiyi şpris, 1 ədəd şüşə flakon qab, limon duzu, həmçinin stolun üzərində olan siqaret qutusunun içərisindən 1 ədəd şüşə flakon qab və həmçinin limon duzu aşkar edilmiş, masanın üzərindən aşkar edilmiş ona məxsus 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, kağızla birlikdə çəkisi 0,23 qram gəlmiş, daha sonra zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmış, bundan başqa aşkar edilmiş narkotik vasitəni qəbul etmək üçün istifadə etdiyi 02 ədəd şüşə flakon qab və 03 ədəd şpris zərfdə qablaşdırılaraq zərfin üzəri imzalanıb götürülmüş, üzərinə baxış keçirilən zaman heç bir əşya və ya predmet aşkar edilməmiş, həmçinin otaqda olan stolun üzərindəki ona məxsus “Honor” markalı mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün götürülmüş, polis əməkdaşları onu polis şöbəsinə aparmış, şöbədə Müdafiəçi onun hüquqlarının müdafiəsi üçün təmin olunmuş, daha sonra isə videogörüntü vasitəsilə hüquqları izah olunmuş, üzərindən aşkar edilərək qablaşdırılmış psixotrop maddə metamfetamin, 03 ədəd şpris və 02 ədəd şüşə flakon qab və ona məxsus mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Hesab edir ki, ondan aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisi qeyd ediləndən az miqdarda olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə psixotrop maddə saxlaması və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yaşadığı ünvan 3 ünvanına baxış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında saat 11 radələrində CAB-ın əməkdaşları Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 ilə birlikdə ünvan 4 ünvanına gedilmiş, evin qarşısına çatdıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çağıraraq özlərini təqdim edib evində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğu üçün baxış keçirəcəkləri bildirmiş, daha sonra Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar elan etmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə baxış keçirilməsinə etirazının olmadığını deyib bu barədə ərizə yazmış, daha sonra onlar evin həyətinə daxil olmuş, Şahid6 baxışı İphone 11 markalı telefon ilə çəkməyə başlamış, daha sonra tarix və saatı elan edib Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə psixotrop maddə “patı” adlandırılan metamfetamin olduğunu bildirmiş, onlar birlikdə evə daxil olub evin giriş qapısından sağda yerləşən otağa daxil olmuş, həmin otağa girən zaman sağda yerləşən şüşə stolun üzərində olan qızılı rəngli bükümü götürüb Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminə bənzədiyini bildirmiş, Təqsirləndirilən şəxs da həmin bükümün içərisində psixotrop maddə, patı adlandırılan metamfetamin olduğunu təsdiq etmiş, Təqsirləndirilən şəxs həmin bükümü 17 oktyabr 2024-cü il tarixdə Mədəniyyət evinin yanından tapdığını, öz şəxsi istifadəsi üçün evinə gətirdiyini, 1 dəfə istifadə etdiyini, heç kimə vermədiyini bildirmiş, daha sonra evə baxış keçirilmiş, baxış zamanı şüşə masanın üzərindən 3 ədəd şpris, 2 ədəd şüşə qab və Təqsirləndirilən şəxs məxsus 1 ədəd Honor markalı telefon aşkar edilmiş, Təqsirləndirilən şəxs şprislərdən və şüşə dərman qabından psixotrop maddə qəbul etmək üçün istifadə etdiyini demiş, aşkar edilərək götürülmüş kütlə elektron tərəzidə çəkilmiş, çəkisi bükümlə birlikdə 0,23 qram təşkil etmiş, daha sonra aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə 1 ədəd zərfdə, 3 ədəd şpris və 2 ədəd şüşə qab başqa bir zərfdə qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, götürülmüş maddi sübutlarla birlikdə raport əsasında növbətçi hissəyə təhvil verilmiş, Təqsirləndirilən şəxs təhqiqatçı Anar Osmanov tərəfindən müdafiəçi ilə təmin olunmuş və təqdim etdikləri Təqsirləndirilən şəxs evindən aşkar edilərək qablaşdırılmış 01 ədəd zərfdə olan kütlə, mobil telefon və 1 ədəd zərfdə 3 ədəd şpris və 2 ədəd şüşə qab götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 və Şahid2 Şahid1 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş “xx.xx.2024-cü il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsi, yaşadığı ünvana baxış keçirilməsi və götürmə haqqında protokoldan və əlavə edilmiş 01 ədəd DVD disk görüntülərindən görünür ki, Göyçay RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, Şahid1, həmin bölmənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3,Şahid4, Şahid5, Şahid6 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Göyçay şəhəri Qantəmir küçəsi 18 ünvanında yerləşən evə və şübhəli şəxsin üzərinə baxış keçirilir. İlkin olaraq baş əməliyyat müvəkkili Şahid1 tərəfindən xx.xx.2024-cü il tarixdə saat 11:16 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olması səbəbindən ünvan 3 ünvanına baxış keçirildiyi bildirilir. Orada Təqsirləndirilən şəxs polis şöbəsinə getikdən sonra müdafiəçi ilə təmin olunmaq hüququnu olması barədə məlumat verilir. Bundan sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə başlanır və yaşadığı evdə hər hansı qadağan olunmuş əşyanın olub-olmaması soruşulur. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə “patı” adlandırılan metamfetamin olduğunu, öz istifadəsi üçün saxladığını bildirir.Ona həmin psixotrop maddə metamfetamini təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə evə girişdən sağda yerləşən otağa daxil olur. Həmin otaqda olan şüşə masanın üzərindən 1 ədəd qızılı rəngli büküm aşkar edilir.Büküm açılan zaman baş əməliyyat müvəkkili Şahid1 həmin bükümün içərisində olan şəffaf rəngli maddənin psixotrop maddə metamfetaminə bənzədiyini bildirir. Təqsirləndirilən şəxs da həmin maddənin metamfetamin olduğunu təsdiq edir. Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2024-cü il tarixdə Mədəniyyət sarayının yanından tapdığını, bir dəfə istifadə etdiyini, heç kimə vermədiyini bildirir.Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı əşya olubolmaması soruşulur. Evdə aşkar edilmiş metamfetamindən başqa qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirir. Daha sonra polis əməkdaşları tərəfindən baxış zamanı şüşə masanın üzərindən 3 ədəd şpris,2 ədəd şüşə qab və limon duzları olan paketlər aşkar edilir. Təqsirləndirilən şəxs şpiris və şüşə qablardan psixotrop maddə qəbul etmək üçün istifadə etdiyini bildirir. Daha sonra baxış davam etdirilir, baxış zamanı və Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilmir.Daha sonra aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə qızılı rəngli falqa ilə birlikdə elektron tərəzidə çəkilir.Çəkisi 0,23 qram gəlir.Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə 1 ədəd zərfdə qablaşdırılır, üzəri iştirakçılar tərəfindən imzalanır, üzəri DİN-nin 92 saylı zərfi ilə möhürlənir.Daha sonra evdən aşkar edilmiş 3 ədəd şpris və 2 ədəd şüşə qab başqa bir zərfdə qablaşdırılır, üzəri iştirakçılar tərəfindən imzalanır, üzəri DİN- nin 92 saylı zərfi ilə möhürlənir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2024-cü il tarixli 17/834 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yataq və qonaq otağından aşkar edilmiş 01 ədəd kağız büküm ” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,286 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 3 ədəd şpris və 2 ədəd şüşə flakonlar” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 03 (üç) ədəd şprisin və 02 (iki) ədəd şüşə flakonun içərisində cüzi miqdarda heroin hissəcikləri vardır.Heroin hissəcikləri cüzi miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək və bir-biriləri ilə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 0.286 qram, tədqiqata sərf edilmişdir – 0.050 qram, qalıq 0.236 qram. Aparılmış ekspertizanın xərci 69.10 manat təşkil edir. Cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2025-ci il tarixli 527 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddələrdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2011 -ci il tarixli hökmü ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən 03 il 03 ay azadlıqdan məhrum edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1 -ci maddələrinə əsasən barəsində 01 il, 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 06 ay azadlıqdan məhrum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 03 gün cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzası başa çatmışdır.Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət hüququ cinayət tərkibinin həmin əlamətlərini «obyekt», «obyektiv cəhət», «subyekt», «subyektiv cəhət» adlandırır. Cinayətkar əməli xarakterizə edən əlamətlər hər bir cinayət tərkibi üçün zəruri olmaqla bərabər «cinayətin obyektiv cəhətini» təşkil edir. Bununla belə, heç də şəxsin hər hansı bir ixtiyari hərəkəti cinayətin obyektiv cəhətini təşkil etmir, yalnız o hərəkətlər cinayətin obyektiv cəhətini təşkil edir ki, bu hərəkətlərdə cinayət qanununda nəzərdə tutulmuş əlamətlər olsun. Başqa sözlə, cinayətin obyektiv cəhəti – insanın cinayət qanunu ilə qorunan obyektə ictimai təhlükəli qəsddə ifadə olunan xarici davranış aktıdır. Beləliklə, cinayətin obyektiv cəhətini insanın yalnız birbaşa və bilavasitə qanunda nəzərdə tutulan davranışı, yəni ictimai təhlükəli davranışı təşkil edir. Əgər cinayətin «obyektiv cəhəti» cinayətin əsas əlaməti kimi onun nəticələrinin ayrılmaz olduğunu ehtiva edirsə, bu nəticələrin olmaması, cinayət məsuliyyəti ehtimalını istisna edir. Bu hallarda (yəni cinayətin obyektiv cəhəti cinayətin əsas əlaməti kimi onun nəticələrinin ayrılmaz olduğunu ehtiva edirsə) cinayətkar əməl ilə nəticə arasında səbəbli əlaqənin mövcudluğunu sübut etmək tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci maddəsinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilər. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Göyçay şəhəri Qantəmir küçəsi 18 ünvanında saxladığı narkotik vasitənin çəkisinin istehlak miqdarından az olduğu barədə göstərdikləri, heç bir əsası olmayan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla (ekspert rəyi ilə) tam təkzib edilən xüsusat kimi Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli çıxışı kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.2. ekspertin rəyi. Məhkəmə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.286 qram çəkidə psixotrop maddə olan metamdetamini xx.xx.2024cü il tarixdə saat 11 radələrində yaşadığı Göyçay şəhəri Qantəmir küçəsi 18 ünvanında yaşadığı evdə saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törədərək cinayətlərin residivliyini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:55-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 10:30-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-da tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmış və xx.xx.2025-ci il tarixdə saat 15:00-da MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 4 gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan 0,236 qram olan psixotrop maddə metamfetamin, üzərində heroin hissəcikləri olan 3 ədəd şpris və 2 ədəd şüşə flakon məhv edilməli, 2 ədəd DVD disk və 1 ədəd Bakcell MMC tərəfindən təqdim edilmiş CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 69.10 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 4 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 1 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından həbsə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində 0,236 qram olan psixotrop maddə metamfetamin, üzərində heroin hissəcikləri olan 3 ədəd şpris və 2 ədəd şüşə flakon məhv edilsin, 2 ədəd DVD disk və 1 ədəd Bakcell MMC tərəfindən təqdim edilmiş CD disk cinayət işi materiallarında saxlanısın. Ekspertiza xərci olan 69.10 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası maddi sübuta və məhkəmə xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-53/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-53/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver