Məhkəmə qərarları › İş №1(046)-54/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-54/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-54/2024 20.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11:20-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Göyçay rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Xəlitli kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə və xx.xx.2001-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 70.1-ci maddəsi tədbiq edilməklə üzərində 1 il sınaq müddəti müəyyən edilərək şərti olaraq məhkum olunmuş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai araşdırmanı aparan orqan tərəfindən Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihama görə o, sərxoş vəziyətdə tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən ictimai yer hesab edilən H.Əliyev adına parkın içərisində olan digər şəxslərə məhəl qoymayıb heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə gedib 5 il əvvəl atası Şahid1 təkləyib itələməsini bəhanə edərək qərəzli şəkildə nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla və bədəninin müxtəlif nahiyələrindən təpik və yumuruqla bir neçə dəfə qəsdən vuraraq ona sol göz yuvası altı nahiyədə yumşaq toxumanın şişkinliyi və sol göz yarığının bir qədər daralması fonunda qançır və aşağı çənədə mərkəzi dişlərin laxlaması fonunda selikli qişada hematomalı sahə kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə bir qrup şəxs tərəfindən şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İbtidai araşdırmanı aparan orqan tərəfindən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihama görə o, sərxoş vəziyətdə tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən, ictimai yer hesab edilən H.Əliyev adına parkın içərisində olan digər şəxslərə məhəl qoymayıb heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə gedib 5 il əvvəl Təqsirləndirilən şəxs2 atası Şahid1 təkləyib itələməsini bəhanə edərək qərəzli şəkildə nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, Zərərçəkmiş şəxs sifət nahiyəsindən kəllə ilə və bədəninin müxtəlif nahiyələrindən təpik və yumuruqla bir neçə dəfə qəsdən vuraraq ona sol göz yuvası altı nahiyədə yumşaq toxumanın şişkinliyi və sol göz yarığının bir qədər daralması fonunda qançır və aşağı çənədə mərkəzi dişlərin laxlaması fonunda selikli qişada hematomalı sahə kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə bir qrup şəxs tərəfindən şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır, əvvəllər Göyçay şəhərində qonşuluqda yaşamışlar, lakin hazırda o həmin ünvandan köçərək Göyçay rayonu, Xəlitli kəndində yaşayır. Onunla Zərərçəkmiş şəxs arasında əvvəllər heç bir mübahisə və ya davadalaş baş verməmişdir. Əvvəl bir dəfə atası ilə Kamranın mübahisə etdiyini eşitmiş, lakin həmin vaxt da onların münasibətləri yaxşı olmuşdur. Heç vaxt Zərərçəkmiş şəxs heyif almaq kimi bir niyyəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Göyçay şəhərində yerləşən “Nar” restoranında toyda olmuş, həmin vaxt dostu Mehdi ilə birlikdə bir qədər spirtli içki də içmiş, həmçinin Zərərçəkmiş şəxs da həmin toyda iştirak edirmiş, araq içdikdən sonra Zərərçəkmiş şəxs 5 il əvvəl atası ilə nəyə görə mübahisə etiyini və nəyə görə atasını itələdiyini soruşmuş, buna görə də Zərərçəkmiş şəxs şadlıq sarayının qarşısına, küçəyə çağırmışdır. Kamran da onunla birlikdə şadlıq sarayının qarşısına çıxmış, bu zaman o Zərərçəkmiş şəxs nəyə görə 5 il əvvəl atasını itələdiyini soruşmuş, Zərərçəkmiş şəxs ona atasını itələmədiyini və atasına qarşı heç bir hörmətsizlik etmədiyini, həmçinin onun atasının onun da böyüyünün olduğunu söyləmiş, bundan sonra yenidən şadlıq sarayına qayıtmışlar. Lakin təxminən 5 dəqiqə sonra yenidən Zərərçəkmiş şəxs şadlıq sarayından həyətə çağırmış, həmin vaxt Mehdi də onun yanında olmuş, Zərərçəkmiş şəxs yenə də o və Mehdi ilə birlikdə şadlıq sarayından çıxmış, söhbət edə-edə bir qədər şadlıq sarayından uzaqlaşmış, belə ki, şadlıq sarayının yaxınlığında yerləşən parka tərəf getmiş və Göyçay rayon Gənclər evinin qarşısında parkın içərisində söhbət etməyə başlamışlar. Həmin vaxt o və Mehdi Zərərçəkmiş şəxs nəyə görə onun atasını itələdiyini soruşmuş, lakin Kamran yenə də onun atasını itələmədiyini, münasibətlərinin yaxşı olduğunu söyləmiş, bu zaman heç bir söz demədən bir dəfə yumruqla qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Kamran yıxılandan sonra durub qaçmaqa başladı, səs-küyünə kənarda xidmət edən polis əməkdaşları gəldi, o da polis əməkdaşlarına tərəf yaxınlaşmış, Kamranı kim vurub deyə soruşanda o demişdir ki Kamranı mən vurmuşam. Ətrafda insanların olmasını görməmişdir.Daha sonra onları polis əməkdaşları Göyçay rayon polis şöbəsinə gətirmişlər. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış,zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirdiyinə görə özünü təqsirli bilir,dəymiş ziyanı tam şəkildə aradan qaldırmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmədi, ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Nar” şadlıq sarayında toy şənliyində olmuş, həmin vaxt əvvəllər sinif yoldaşı olmuş Təqsirləndirilən şəxs2 da onunla eyni masada əyləşmişdi və birlikdə spirtli içki qəbul etmişdirlər. Toyun gedişində saat 20 radələrində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə birlikdə şadlıq sarayından bayıra çıxdı və bir neçə dəqiqədən sonra geri qayıtdı. Nəbidən nə baş verdiyini soruşmuş, Nəbi də ona təxminən 5 il əvvəl Zərərçəkmiş şəxs onun atası Şahid1 “Şəhriyar” şadlıq sarayında itələdiyini bildirmiş, bundan sonra Nəbi və o Kamranı şadlıq sarayından bayıra çağırmış, Kamran da onlarla birlikdə şadlıq sarayından çıxmışdır. Daha sonra birlikdə şadlıq sarayının qarşısında yerləşən parkın içərisi ilə bir qədər getmişlər və parkda olan su fontanın yanında dayanmışlar. Burada Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs nəyə görə onun atası Şahid1 itələdiyini soruşmuş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 onun atası Şahid1 itələmədiyini, münasibətlərinin yaxşı olduğunu söyləmiş, sonra Nəbi restorana geri qayıtmışdır. O da Kamranla restranın çölündə yəni restoranın qarşısında olan parkda söhbət etmişlər. Nəbinin çox içki qəbul etməsi ilə bağlı və buna görədə özündə olmadığını Kamrana demiş, bu zaman Nəbi onlar onu görmədən qəfil restorandan çıxıb gələrək Kamranla söhbət etdikləri yerdə Kamranı yumruqla sifətindən vurdu və Kamran yerə yıxıldı. O Nəbiyə nəyə görə belə etdiyi deyəndə Kamran durub parka tərəf qaçdı. O da Kamranın arxasıyca qaçaraq ona «niyə qaçırsan qorxma» demiş, Kamrana çatanda isə onunla toqquşaraq ikisidə birgə yerə yıxılmışdır. Ola bilsin ki,Kamranla toqquşanda başı onun başına dəymiş,lakin Kamranı vurmamış ona qarşı təhqir edici söz deməmişdir.Ətrafda insanlar olmamışdır. Bu zaman yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşmış onlar elə başa düşmüşlər ki, o Kamranı yerə yıxıb döyür, daha sonra onları polis əməkdaşları Göyçay rayon polis şöbəsinə gətirmişlər. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış,özünü zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirdiyinə görə təqsirli bilir,ona dəymiş ziyanı tam şəkildə aradan qaldırmış,iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, onlarla əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır, münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri H.Əliyev prospektində yerləşən “Nar” şadlıq sarayında keçirilən tanışının birinin toy şənliyində iştirak etmiş, toyda olan zaman bir qədər spirtli içki də qəbul etmişdir, lakin sərxoş olmamış və özünü sərbəst idarə edə bilmişdir. Həmin gün toyda olan zaman saat 20 radələrində Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq şadlıq sarayından bayıra çağırmış, buna görə də Təqsirləndirilən şəxs2la birlikdə şadlıq sarayının qarşısına çıxmışlar. Sərxoş vəziyyətdə olan Nəbi ondan nəyə görə 5 il əvvəl onun atası Azadla mübahisə edərək atasını itələdiyini soruşmuş, o da Nəbiyə onun atası ilə mübahisə etmədiyini və itələmədiyini, aralarında anlaşılmazlıq olduğunu, elə həmin vaxt barışdıqlarını və onun atası Azadın onun böyüyü olduğunu bildirmiş, lakin Nəbi yenə də uca səslə “nəyə görə atamı itələmisən” deyə soruşmuşdur. Təqsirləndirilən şəxs2 eyni cavabı vermiş, bundan sonra yenidən şadlıq sarayına qayıtmışlar. Təxminən 5 dəqiqə sonra şadlıq sarayının içərisində olan zaman yenidən Mehdi və Nəbi onu şadlıq sarayından bayıra çağırmışlar, o da onlarla birlikdə şadlıq sarayının qarşısına çıxmış, daha sonra şadlıq sarayının qarşısında yerləşən parka getmiş və parkın içərisi ilə bir qədər hərəkət edib su fontanlarının yanında dayanmışlar. Orada Mehdi ilə söhbət edərkən Nəbi restorandan qaydıb gələrək özüdə bilmədən onu yumruqla vurmuş , o da yerə yıxılmışdır. Zərbədən sonra durub ayağa qalxıb park tərəfə qaçmışdır. Bu zaman Mehdi onun arxasıyca gələrək heç nə yoxdu deyirərək onu sakitləşdirməyə çalışmışdır. Mehdi isə onu vurmayıb.Ətrafda heç kim olmamışdır. Daha sonra səs-küyə yaxınlıqda xidmət edən polis əməkdaşı gəlmiş və polis əməkdaşları onu Nəbi və Mehdini polis şöbəsinə dəvət etmişlər. Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərlə barışmış,onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 göstərdi ki,o, Göyçay rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində Şahid2 ilə xidmətdə olmuşlar.Xidmətdə olan zaman H.Əliyev mərkəzinin qarşısından təxminən 40-50 metr məsafədə yerləşən parkın içərisində səs-küyün gəlməsini eşidib,həmin istiqamətdə hərəkət etmiş,həmin yerə yaxınlaşanda bir neçə nəfər şəxsin ucadan səs-küy etmələrini, nalayiq ifadələr işlədərək dalaşmalarını görmüşdür.Orada ona məlum olmuşdur ki, iki nəfər şəxs digər bir şəxsi döymüş, həmin şəxslərdən birinin əlinin qan olmasını görmüş, həmçinin döyülən şəxsin mobil telefonu da həmin şəxslərdən birinin əlində olmuşdur. Telefonu ondan alıb döyülən şəxsə geri qaytarmış, buna görə də həmin şəxslərin şəxsiyyətlərini müəyyən etmək zərurəti yaranmış, daha sonra hadisənin baş verdiyi yerə ekipaj üzvlərini və avtopatrul çağırmış, həmin şəxsləri avtopatrul ilə Göyçay rayon polis şöbəsinə gətirmişlər. Daha sonra RPŞ-də həmin şəxslərin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs olmaları, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ictimai yerdə döyərək ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmaları müəyyən edilmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri Şahid2 ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində Şahid3 ilə xidmətdə olmuşlar.Xidmətdə olan zaman H.Əliyev mərkəzinin yaxınlığında yerləşən parkın içərisində səs-küyün gəlməsini eşidib,həmin istiqamətdə hərəkət etmişlər.O, Şahid3 arxasınca getmiş və hadisə yerinə çatanda artıq dava-dalaşın bitməsini görmüşdür.Orada ona məlum olmuşdur ki,iki nəfər şəxs digər bir şəxsi döymüşdür. Həmin şəxslərin şəxsiyyətlərini müəyyən etmək zərurəti yaranmış, daha sonra hadisənin baş verdiyi yerə ekipaj üzvlərini və avtopatrul çağırmış, həmin şəxsləri avtopatrul ilə Göyçay rayon polis şöbəsinə gətirmişlər. Daha sonra RPŞ-də həmin şəxslərin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs olmaları müəyyən edilmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, əvvəllər Göyçay şəhərində qonşuluqda yaşamış, münasibətləri həmişə yaxşı olmuşdur. Oğlu Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında da heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs2 kiminləsə davadalaş etməsi və polis şöbəsinə aparılması barədə məlumat almış, buna görə də Göyçay rayon polis şöbəsinə gəlmişdir, bundan sonra oğlu Nəbi və dostu Mehdinin Zərərçəkmiş şəxs ilə mübahisə və dava-dalaş etdiklərini və Zərərçəkmiş şəxs vurduqlarını bilmişdir. Göyçay rayon polis şöbəsində oğlu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə mübahisə etməsində səbəbin Zərərçəkmiş şəxs guya 5 il əvvəl onu itələməsi olduğunu bilmiş, o da Zərərçəkmiş şəxs ilə onun və ailəsi arasında heç bir mübahisə və ya dava-dalaş, ədavət və düşmənçilik olmadığını bildirmişdir. Oğlu Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs arasında davadalaşın dəqiq olaraq hansı səbəbdən baş verməsi barədə məlumatı olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 23 dekabr 2023-cü il tarixli 624 nömrəli rəyindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol göz yuvası altı nahiyədə yumşaq toxumanın şişkinliyi və sol göz yarığının bir qədər daralması fonunda qançır və aşağı çənədə mərkəzi dişlərin laxlaması fonunda selikli qişada hematomalı sahə küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 472 nömrəli tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs1 orta dərəcəli sərxoşluq halında olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 473 nömrəli tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs2 orta dərəcəli sərxoşluq halında olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 474 nömrəli tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs orta dərəcəli sərxoşluq halında olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Bağıyev X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 70.1-ci maddəsi tədbiq edilməklə üzərində 1 il sınaq müddəti müəyyən edilərək şərti olaraq məhkum olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medallarının vəsiqəsindən görünür ki, Məmmədov X3, Füzulinin azad olunmasına görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medallarının vəsiqəsindən görünür ki, Bağıyev X1 azad olunmasına görə medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). Belə ki, xuliqanlıq cinayətinin tərkib əlamətləri nəzərdə tutulmuş CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 fevral 2006-cı il tarixli və 20 may 2011-ci il tarixli Qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004- cü il tarixli Qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgə yaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli Qərarının 1-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Bu Qərarın 2 və 3-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 30-cu bəndində qeyd edilir ki, CM-nin müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CMnin 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 33.1-ci maddəsində təsbit olunmuşdur ki, "Hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər." Cinayət mühakimə icraatı həyata keçirlərkən Azərbaycan Respublikası CPM-nin 125; 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (Azərbaycan Respublikası CPM, maddə 33.2). Azərbaycan Respublikası CPM-nin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsi). Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilmişdir: "Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hazırki iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların müqayisəli təhlili göstərir ki, baş vermiş münaqişənin kökündə,iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 atası Şahid1 5 il əvvəl təkləyib itələməsini səbəb kimi təqsirləndirilən şəxs göstərərək aralarında yaranmış mübahisə olmuşdur. Məhz bu səbəbdən yaranmış mübahisə,yəni şəxsi münasibətlər zəminində yaranmış mübahisə Göyçay şəhəri H.Əliyev adına parkda Təqsirləndirilən şəxs2 yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən və bədəninin müxtəlif nahiyələrindən təpik və yumruqla bir neçə dəfə,digər Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs sifət nahiyəsindən kəllə ilə qəsdən vurararaq zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə nəticələnmişdir.Lakin iş üzrə tədqiq edilmiş sübutlardan cinayət hadisəsinin baş verdiyi zamanı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyi ifadə edən hərəkətlərin edilməsi müəyyən olunmamışdır. Belə ki,cinayət hadisəsinin ictimai yer hesab edilən Göyçay şəhəri H.Əliyev adına parkda olmasına baxmayaraq ictimai qaydanın kobud surətdə pozulmasını, cəmiyyətə açıqca hörmətsizliyi ifadə edən hərəkətləri təsdiq edən sübutlar (misal üçün parkda olan obyektlərin normal iş fəaliyyətinin pozulması, hadisə yerinə insanların toplaşması,onların rahatlığı və dincliyinin pozulması və s. ) ibtidai araşdırma aparan orqan tərəfindən təqdim edilməmişdir.Belə olan halda isə məhkəmə hesab edir ki, cinayətkar hərəkətlərini törədərkən təqsirləndirilən şəxslərin qəsdi birbaşa ictimai qaydanın pozulmasına,cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş,yəni təqsirləndirilən şəxslərin əməllərində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir.Hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən ( o cümlədən bu pozuntunun nədə ifadə olduğunu göstərən) konkret faktlar nəinki məhkəmədə müəyyən edilməmiş,belə faktlara heç təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda da istinad olunmamışdır.Belə ki,ittihamda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istinad edilən cinayətləri yaradan hallar kimi müstəsna olaraq təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə qarşı törətdikləri hərəkətlər təsvir edilmiş və xuliqanlıq cinayətinə aid əlamətlər sadalanmışdır.İttiham tərəfinin istinad etdiyi hadisə yerində olmuş şahidlər Göyçay rayon Polis Şöbəsinin PPXB-nün polis nəfərləri Şahid3 və Şahid2 ifadələri də cinayətin törədildiyi yerdə ictimai qaydanın kobud şəkildə pozulması haqqında nəticə çıxarmaq üçün kifayət edə biləcək məlumatları əks etdirmir.İttiham tərəfinin bilavasitə hadisəyə aid sübutlar qeyd olunan şəxslərin ifadələri,habelə Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlərin xarakteri və ağırlıq dərəcəsi haqqında məlumatları əks etdirən məhkəmə-tibbi ekspertizanın 23 dekabr 2023-cü il tarixli 624 nömrəli rəyi ilə məhdudlaşır.Məhkəmə hesab edir ki,ittiham tərəfinin təqdim etdiyi sübutlar mötəbərliklə yalnız təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurması haqqında nəticənin çıxarması üçün kifayət edir və cinayət-prosessual qanunun təsvir edilən,eləcə də ittihamın sübut olunmasında yaranan,aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxslərin xeyrinə təsvir edilməsini tələb edən CPM-in 145.3-cü maddəsi ilə uzlaşan yanaşma kimi qiymətləndirilməməlidir.Bundan əlavə ,yuxarıda göstərildiyi kimi ,Ali Məhkəmənin müvafiq Plenum qərarında və uzun müddətdir formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən də müəyyən olunur ki,şəxsi ədavət zəminində yaranan,o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn,ailədə,mənzildə,qohumlara və ya tanışlara qarşı təhqir,döymə,yüngül və ya az ağır bədən xəsarəti yetirmə,əmlakı dağıtma və sair bu kimi hərəkətlər,ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa,xuliqanlıq kimi qiymətləndirilməməlidir.Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə ,yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Beləliklə yuxarıda yuxarıda göstərilmiş hüquqi əsaslandırmaya istinad edərək məhkəmə belə nəticəyə gəlir ki,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində xuliqanlıq cinayəti istisna olunduğundan onlara ittiham olunmuş CM-in 221.2.1-ci maddəsi həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 127.1, 128-ci, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışması, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi,onlardan şikayət və tələbinin olmaması barədə ərizə ,təqsirləndirilən şəxslər də zərərçəkmiş şəxslə barışmalarını və iş üzrə icraata xitam verilməsi barədə ərizələr vermişlər. Belə olan halda məhkəmə hesab edir ki , təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilməli və onlar cinayət məsuliyyətindən azad edilməlidirlər,barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347,356, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməklə o cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməklə o cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar