Məhkəmə qərarları › İş №1(046)-55/2022

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-55/2022

09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-55/2022 09.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1966-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, evli, Göyçay şəhəri H.Əliyev prospekti 102 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 9,42 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz olaraq əldə edib üstündə saxlamış, 05 aprel 2022-ci il tarixdə, saat 19:30-da Göyçay şəhəri, H.Əliyev prospekrində olarkən və üzərində həmin narkotik vasitəni daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində yaxalanaraq polis şöbəsinə gətirilmiş, həmin tarixdə, saat 20:15-də polis şöbəsinin Növbətçi Hissəsində üzərinə videoçəkliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli pencəyinin iç cibindən bir ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış 9,42 qram çəkidə həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:30-da Göyçay şəhəri H.Əliyev prospektində yaşadığı evin yanında olan zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və qanunsuz narkotik vasitə saxlamağında şübhələndiklərini bildirib Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkil Müdafiəçi ilə təmin edilərək növbətçi hissədə videoçəkilişlə hüquq və vəzifələrinin olduğunu izah etmişlər və şübhəli şəxs qismində saxlanıldığını bildirmişlər. Ona şübhəli şəxs qismində saxlanılmağı ilə bağlı qərar təqdim ediləndən sonra üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. Polislərə etiraz etməmişdir. Ondan üzərində narkotik vasitə, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Həmin vaxt əynindəki qara rəngli pencəyimin iç cibində 1 ədəd şəffaf sellofan bükümdə qurudulmuş marixuana olsa da, yalandan üzərində narkotik vasitə, psixotrop maddə və qanunsuz hər hansı bir əşyanın olmadığını bildirmişdir. Həmin vaxt ona ciblərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Pencəyinin iç cibindən 1 ədəd selofan bükümü təqdim etmişdir. Büküm açıldıqda içərisindəki yaşıl rəngli kütlənin nə olması ilə bağlı ona sorğu edilmiş, o da həmin sellofan bükümdəki kütlənin marixuana olduğunu və tutulmmamışdan bir qədər əvvəl şəhərdə parkdan tapdığını bildirmişdir. Aşkar olunmuş sellofan bükümdə olan marixuana bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, sellofanla bir yerdə ümumi çəkisi 10 qram olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması və mütəmadi olaraq üzərində gəzdirməsi barədə əməliyyat məlumatı olduğundan xx.xx.2022-ci il tarixdə bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq aldıqdan sonra polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2la birlikdə onun ətrafında əməliyyat tədbiri keçirilmişdir. 05 aprel 2022-ci il tarixdə saat 19:30-da Göyçay şəhəri H.Əliyev prospektində Təqsirləndirilən şəxs ilə rastlaşmışlar. CAB-ın əməliyyat müvəkkili Şahid2la yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və qanunsuz narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirib özləri ilə Göyçay rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və onlarla bir yerdə Göyçay rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs dərhal vəkil Müdafiəçi ilə təmin olunmuş və videoçəkilişlə ona hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi, odur ki, üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. X1 tərəfindən isə Təqsirləndirilən şəxs üzərində və ciblərində nə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli pencəyimin iç cibindən 1 ədəd şəffaf sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. 1 ədəd şəffaf sellofan büküm açıldıqda içərisində yaşıl rəngli bitki mənşəli marixuanaya bənzər ketlə olmuşdur. Aşkar olunmuş sellofan bükümdə olan marixuanaya bənzər kütlə həmin sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, sellofanla bir yerdə ümumi çəkisi 10 qram olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 17\308 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 9,42 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 9.42 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq 9.37 qram.Aparılmış ekspertizanın dəyəri 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 may 2022-ci il tarixli 697 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi 9.42 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib öz şəxsi istifadəsi üçün qanunsuz saxlayaraq xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Göyçay şəhəri H.Əliyev prospektində olarkən və üzərində həmin narkotik vasitəni daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını 08 saat müddətində müdafiə etmişdir. Odur ki, Müdafiəçi göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan 9.37 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:50-dən 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan 9.37 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar