Məhkəmə qərarları › İş №1(046)-55/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-55/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-55/2024 20.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, himayəsində üç azyaşlı uşağı olan, Göyçay rayonun Qaraməryəm kəndində qeydiyyatda olan və yaşan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 6,48 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 14 aprel 2024-cü il tarixdə saat 12:10 radələrində Göyçay RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş və 14 aprel 2024-cü il tarixdə saat 13:25 dəqiqədə X1rşısında üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının arxa sol yan cibindən 1 ədəd kağız bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 6,48 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Göyçay rayonu, Qaraməryəm kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Arabir narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən 10 gün əvvəl səhər saatlarında Göyçay rayonu, Qaraməryəm kəndində yol kənarından 1 ədəd kağız bükümün içərisində narkotik vasitə olan marixuana tapmış və gələcəkdə istifadə etmək üçün üzərinə götürmüşdür. X2 onunla eyni kənddə Göyçay rayonu, Qaraməryəm kəndində yaşayır, yoldaşlıq münasibətləri vardır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən çayxanada Rəşadla bir yerdə çay içmiş və həmin vaxt yerdən tapdığı kağız bükümdə olan narkotik vasitə marixuana əynində olan göy rəngli cins şalvarının arxa sol yan cibində olmuşdur. Onlar çayçanaxada olan zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib onlara narkotik vasitə istifadə etməkdə və üzərilərində saxlamaqda şübhəli olduğunu bildirib polis şöbəsinə aparmışlar. Şöbədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və o, təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçərək xahiş etmişdir ki, hüquqlarını dövlət hesabına müdafiə etsin. Bundan sonra seçdiyi vəkil Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. Həmçinin Şahid1 vəkil X7 ilə təmin olunmuşdur. Bundan sonra o, Rəşad, müdafiəçilər və polis əməkdaşlarının iştirakı ilə onlara hüquqları izah olunmuş, sonra isə üzərilərində şəxsi axtarış keçirilmişdir. İlkin olaraq Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, Rəşadın üzərində şəxsi axtarış keçirilərkən Şahid1 üzərindən 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə marixuananı və 1 ədəd mobil telefonu təqdim etmişdir. Həmin kibrit qutusunda olan narkotik vasitə marixauana elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Həmçinin mobil telefon da götürülmüşdür. Daha sonra isə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əynindəki göy rəngli cins şalvarının arxa sol yan cibindən 1 ədəd kağız bükümdə yaşımtıl rəngli kütləni, yəni narkotik vasitə olan marixuananı təqdim etmiş, həmin kütlə kağız bükümün içərisində elektron tərəzidə çəkilmiş və kağız büküm ilə birlikdə çəkisi 9,29 qram olmuş və zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa üzərindən 1 ədəd Vinçester markalı siqaret və 1 ədəd avtomobil ehtiyyat hissəsi olan bolt aşkar edilmiş və sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. O, üzərindən aşkar olunan kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni təxminən 10 gün əvvəl, Göyçay rayonu, Qaraməryəm kəndində yol ilə gedərkən yol kənarından tapıb üzərinə götürdüyünü, həmin narkotik vasitədən gələcəkdə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitədən heç kimə nə verməmiş, nədə ki satmamışdır. Yerdən tapdıqdan sonra özü istifadə etmək üçün üzərində saxlamışdır. Şahid1 onun üzərində olan narkotik vasitədən məlumatı olmamış, həmin narkotik vasitə ilə Şahid1 heç bir əlaqəsi olmamış, o, sonuncuya bu barədə heç bir məlumat verməmiş, həmçinin Şahid1 üzərində olan narkotik vasitədən onun heç bir məlumatı olmamışdır. Ümumiyyətlə özündən başqa hər hansı bir şəxsin saxladığı narkotik vasitədən xəbəri olmamışdır. O, üzərindən aşkar edilən narkotik vasitəni yerdən tapmış, Şahid1 üzərində olan narkotik vasitədən və həmin narkotik vasitəni haradan əldə etməsindən heç bir məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Göyçay rayonu, Qaraməryəm kəndində saxlanıb Şöbəyə gətirilərkən və həmin Şöbədə olarkən polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki zorakılıq və ya digər bir qanunsuz hərəkət edilməmiş, istifadəsində ***-***-**-** saylı mobil nömrəsi olmuş, xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxarkən telefonunun enerjisi bitdiyi üçün mobil telefonunu yaşadığı evdə qoyub çıxmış, buna görə də polis əməkdaşları tərəfində saxlanılarkən mobil telefonu üzərində olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ona Göyçay rayonu, Qaraməryəm kənd sakinləri Təqsirləndirilən şəxs və Şahid1 üzərlərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra xx.xx.2024-cü il tarixdə onların ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə saat 12 radələrində CAB-m əməkdaşları Şahid3 və Şahid4 ilə birlikdə Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən çayçıda həmin şəxsləri müəyyən edib yaxınlaşaraq özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək barələrində qəbul olunmuş əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib Göyçay RPŞyə dəvət etmiş, bundan sonra Təqsirləndirilən şəxs və Şahid1 Şöbəyə gətirmişlər. Şöbədə onlara hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və Təqsirləndirilən şəxs vəkil Müdafiəçi ilə, Şahid1 isə vəkil X7 ilə təmin edilmişdir. Bundan sonra həmin şəxslərin üzərinə şəxsi axtarış keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı ilkin olaraq Rəşad Bəyalievdən üzərində hər hansı qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması soruşulmuş, həmin vaxt Şahid1 əynindəki qara rəngli cins şalvarının ön sağ yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı, 1 ədəd alışqanı, pul vəsaitlərini, şalvarının ön sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonunu təqdim etmişdir. Kibrit qutusunun içərisində olan narkotik vasitə elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisi 8,97 qram gəlmiş, zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri imzalanmışdır. Həmçinin 1 ədəd “Samsung” markalı götürülmüş, digər əşyalar isə Şahid1 qaytarılmışdır. Ardınca şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının arxa sol yan cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə olan marixuananı təqdim etmiş, həmin narkotik vasitə kağız bükümün içərisində elektron tərəzidə çəkilmiş və kağız büküm ilə birlikdə çəkisi 9,29 qram gəlmiş, zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 1 ədəd Vinçester markalı siqaret qutusu və 1 ədəd avtomobil ehtiyyat hissəsi olan bolt aşkar edilmiş və həmin əşyalar sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu zamanı Şahid1 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilmiş kütlənin narkotik vasitə marixuana olduğunu, özlərinə məxsus olduğunu, bir-birilərinin üzərində olan narkotik vasitələrdən xəbərləri olmadığını, hər isiki narkotik vasitəni tapdıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin satışı ilə məşğul olması, üzərlərindən aşkar edilən narkotik vasitədən hər hansı şəxsə satmaları və ya vermələri barədə əməliyyat məlumatı daxil olmamış, həmin narkotik vasitələri istifadəçisi olduqları üçün şəxsi istifadə məqsədi ilə əldə edib üzərində daşımışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 şahid qismində dindirilmiş Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsindən alınmış 15 aprel 2024-cü il tarixli 3-16-16-2-17/368 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 6,48 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,48 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 6,43 qramdır. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına daxildir (İ siyahı). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 13 iyun 2024-cü il tarixli 1066 nömrli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Şübhəli şəxsi tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:45-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17.30-da MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Qaraməryəm kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyatnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırda Göyçay rayonun Qaraməryəm kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, barəsində ünvan 4 bir şikayət daxil olmamışdır. Şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X9 adlı uşaqları vardır. DVD diskdəki videozıdan görünr ki, müdafiəçinin iştirakı ilə 14 aprel 2024-cü il tarixdə saat 13:25 dəqiqədə X1rşısında üzərində şəxsi axtarış keçirilən zaman X5 əynində olan göy rəngli cins şalvarının arxa sol yan cibindən 1 ədəd kağız bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 6,48 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Hüquqi məslələr: Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana (kannabis) xeyli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Qaraməryəm kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 22:00dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 02 müddətinə həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Qaraməryəm kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 6,43 qram olan qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının yarısı 17 manat 98 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd DVD disk və 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar