Məhkəmə qərarları › İş №1(046)-56/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-56/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-56/2023 04.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 12.30-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işləməyən, Göyçay şəhəri, H.Əliyev prospekti 11-ci dalan, ev 1-də qeydiyyatda olan,Göyçay rayonu Cəyirli kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin dekabr ayında, günü və saatı istintaqa məlum olmayan tarixdə və vaxtda Göyçay rayonu, Cəyirli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus dülgər sexinin ərazisini hüdudlandıran və mühafizəsini təşkil edən barısından aşmaqla sexin ərazisinə qanunsuz olaraq daxil olub ərazidə dülgər dəzgahlarının yerləşdiyi saxlanc yeri hesab edilən tikilidən Türkiyə istehsalı olmaqla “Şentürkler” firmasına aid olan 1500 manat dəyərində 1 ədəd mişar itiləyən dəzgahı dayağından ayırıb götürərək qeyd edilən dülgər sexinin ərazisindən çıxarmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Göyçay rayonu, Cəyirli kəndində ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 2022-ci ilin dekabr ayında, gününü dəqiq xatırlamadığı tarixdə maddi imkanının olmadığına görə oğurluq etmək qərarına gəlmiş, bunun üçün yaşadığı kənddə yerləşən dülgər sexindən dəzgah oğurlayıb satmağı düşünmüşdür. Belə ki, hələ əvvəllər həmin sexdən taxta qırıntıları almaq üçün gedəndə orada dülgər dəzgahları olmasını müşahidə etmişdir. Həmin sexin sahibi Nazim adlı şəxs olmuş, Nazim vəfat edəndən sonra isə sex fəaliyyətini dayandırmışdır. O, həmin sexdə dəzgah ola biləcəyini ehtimal etdiyinə və əvvəllər də orada dəzgah gördüyünə görə oğurlayıb satmaq məqsədi ilə qeyd edilən tarixdə sexə getmiş və orada barının alçaq hissəsindən aşıb sexin ərazisinə daxil olmuşdur. Sexin özünə giriş bir tərəfdən dəmir darvaza ilə bağlı olsa da, digər tərəfdən giriş açıqdır. O, açıq olan hissədən sexə daxil olub oradakı mişar itiləyən dəzgahı dayağından ayırmaqla sexin içərisində olan əl arabasına yükləyib sexin ərazisindən çıxartmış və sexin yaxınlığında bir yerə qoymuşdur. Bundan sonra arabanı qaytarıb sexin içərisindəki yerinə qoymuş və dəzgahın yanına qayıdıb yolla keçən tanımadığı bir şəxsin taksi avtomobilini saxladaraq həmin dəzgahı taksiyə yükləyib Ucar rayonundan keçən “ipək yolu”nun kənarına sürdürmüş, oradan isə Tovuz rayonuna gedən “Sprinter” markalı, qeydiyyat nişanını xatırlamadığı sərnişindaşıma avtobusu ilə həmin dəzgahı Tovuz rayonu, Azaflı kəndinə aparmışdır. Belə ki, Tovuz rayonu, Azaflı kəndində yaşayan və özünə məxsus dülgər sexi olan tanışı Dilqəm adlı şəxslə əvvəlcədən danışıb özünə məxsus 1 ədəd mişar itiləyən dəzgah olduğunu deyib həmin dəzgahı satmağı təklif edəndə Dilqəm ilk öncə dəzgaha baxıb sonra ala biləcəyini bildirmişdir. O, Dilqəmin mişar itiləyən dəzgaha ehtiyacının olduğunu bilmişdir. Ona görə də həmin dəzgahı birbaşa Dilqəmin yanına aparmış və Dilqəm həmin dəzgahı yoxladıqdan sonra 500 manata satın almış, üzərində də onun xahişi ilə ona bir ədəd nasaz vəziyyətdə olan mişar itiləyən dəzgah vermişdir. O həmin dəzgahı və pulu götürüb elə həmin gün Göyçay rayonuna qayıtmışdır. Əldə etdiyi pulu da ailə üzvlərinin müalicə xərclərinə sərf etmişdir. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə çağırmış və ondan izahat almışlar. O, törətdiyi əməli səmimi etiraf etmiş, evinin həyətində olan Dilqəmdən aldığı dəzgahı polisə təhvil vermiş, həmçinin Tovuz rayonuna gedib polis əməkdaşlarını iştirakı ilə Dilqəmdəki oğurluq dəzgahı götürmüşlər. Ondan götürülən nasaz dəzgah da Dilqəmə qaytarılmışdır.Zərərçəkmiş şəxsə dəymiş zərəri aradan qaldırmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Göyçay rayonu, Cəyirli kəndi ərazisində mərhum atası Nazimə məxsus olan dülgər sexi var. Həmin sex atası vəfat edəndən sonra fəaliyyətini dayandırmışdır. Sexin içərisində müxtəlif dəzgahlar qalmaqdadır. 2022-ci ilin noyabr ayında tanışı Şahid1 ona müraciət edərək atasından qalma dülgər sexini götürüb işlətmək istədiyini bildirmiş, o da buna etiraz etmədən sexin açarını Rəsula təqdim edərək həmin sexə gedib sexi təhvil vermişdir. Bir müddət sonra, yəni təxminən 2022-ci ilin dekabr ayında, xatırlamadığı tarixdə Rəsul ona zəng edərək sexdə olan dəzgahlardan 1 ədəd mişar itiləyən dəzgahın oğurlandığını bildirmişdir. Bununla əlaqədar o özü həmin sexə gedib həqiqətən də sexdə olmuş mişar itiləyən dəzgahın yerində olmadığını müəyyən etmişdir. Onlar oğurluq edən şəxsi tapmaq üçün özləri axtarmaq qərarına gəlib bununla bağlı polisə şikayət etməmiş, lakin sonradan bir nəticə əldə edə bilmədiklərinə görə şikayət etmək qərarına gəlmişlər. Bir müddət sonra isə polis əməkdaşları ona məxsus dülgər sexindən oğurluq etmiş şəxsi, yəni Qorxmaz adlı şəxsi müəyyən edərək məsuliyyətə cəlb etmişlər. Sonradan həmin dəzgah Qorxmazın satdığı Tovuz rayonundan götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən dəymiz ziyan tam ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, Göyçay rayonu, Cəyirli kəndi ərazisində olan dülgər sexinin sahibi Zərərçəkmiş şəxs və Kənanın mərhum atası Nazimi çoxdan tanıyır, münasibətləri yaxşıdır. Əvvəllər həmin sexi rəhmətlik Nazim işlətmiş, lakin vəfat edəndən sonra sex fəaliyyətini dayandırmışdır. 2022-ci ilin noyabr ayında belə qərara gəlmişdir ki, həmin dülgər sexini Kənanın razılığı ilə götürüb özü işlətsin. Kənana bu barədə deyəndə Kənan heç bir etiraz etmədən sexi ona təhvil vermişdir. O həmin sexi təhvil alanda içərisində 4 ədəd dəzgah var idi. Onlardan biri mişar itiləyən, qalanları isə taxta kəsən dəzgahlar idi. Sexi Kənandan təzəcə təhvil almış ki, səhhəti ilə bağlı işlədə bilməmiş, bir müddət sex nəzarətsiz qalmışdır. 2022-ci ilin dekabr ayında, günü yadında qalmayan tarixdə həmin sexə nəzarət üçün gedəndə sexdə olan mişar itiləyən dəzgahı tapa bilməmişdir. Belə ki, həmin dəzgah dayağından ayrılıb aparılmışdır. Digər dəzgahlar isə yerində idi. O, oğurluq olmasını ehtimal edərək bu barədə Kənana məlumat vermiş və belə qərara gəlmişlər ki, bir müddət həmin dəzgahı oğurlayan şəxsi özləri axtarsınlar, hələlik polisə şikayət etməsinlər. Lakin, bir nəticəsi olmadığına görə məcbur qalıb 17 mart 2022-ci il tarixdə polisə şikayət etmişlər. Şikayətlərindən sonra polis əməkdaşları gəlib sexə baxış keçirmişlər və müəyyən olmuşdur ki, həmin dəzgahı oğurlayan Cəyirli kənd sakini Qorxmaz adlı şəxsdir. O, Qorxmazı əvvəlcədən tanımış, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Polis əməkdaşları Qorxmazı müəyyən etdikdən sonra oğurlanmış dəzgahı da Tovuz rayonundan götürmüşlər. Məlum olmuşdur ki, Qorxmaz həmin dəzgahı oğurladıqdan sonra Tovuz rayonunda Dilqəm adlı şəxsə satmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs tərəfindən Göyçay rayonu, Cəyirli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus dülgər sexindən 1 ədəd mişar itiləyən dəzgahın oğurlanması faktı ilə bağlı aparılan araşdırma ilə əlaqədar müəyyən olmuşdur ki, oğurlanmış dəzgah Tovuz rayonu, Azaflı kənd sakini Dilqəm adlı şəxsə satılmışdır. Ona görə də həmin dəzgahın götürülməsi məqsədi ilə təhqiqatçı Pərvin Ələkbərov, Təqsirləndirilən şəxs və Dilqəm adlı şəxsin özü ilə birlikdə xx.xx.2023-cü il tarixdə Tovuz rayonu, Azaflı kəndinə getmişlər. Orada Dilqəm adlı şəxsə məxsus dülgər sexinə təhqiqatçı Pərvin Ələkbərov tərəfindən baxış keçirilmiş, Dilqəm adlı şəxs Zərərçəkmiş şəxs məxsus olan və Təqsirləndirilən şəxs tərəfindən oğurlandıqdan sonra ona satılmış 1 ədəd dəzgahı təqdim edərək faktı təsdiq etmiş, həmin dəzgah təhqiqatçı tərəfindən götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həmin dəzgahın məhz özü tərəfindən Göyçay rayonu, Cəyirli kəndi ərazisindəki dülgər sexindən oğurlandığını və özü tərəfindən Dilqəm adlı şəxsə satıldığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2023-cü il tarixli, HK-1,441 saylı ekspert rəyindən görünür ki, 1 ədəd “Şentürkler” firmasına aid olan, Türkiyə istehsalı və istismar müddəti təxminən 3 il olan, gücü və modeli məlum olmayan mişar itiləyən dəzgahın orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1500,0 manat müəyyən edilir. Cinayət işi materiallarına əlavə edilmiş ifadənin yerində yoxlanılması barədə 29 may 2023-cü il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs Göyçay rayonu, Cəyirli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus dülgər sexindən Türkiyə istehsalı olmaqla “Şentürkler” firmasına aid olan 1500 manat dəyərində 1 ədəd mişar itiləyən dəzgahı oğurlamasını göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq qanunsuz olaraq ələ keçirmək məqsədlə ilə Göyçay rayonu, Cəyirli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus dülgər sexinin ərazisini hüdudlandıran və mühafizəsini təşkil edən barısından aşmaqla sexin ərazisinə qanunsuz olaraq daxil olub ərazidə dülgər dəzgahlarının yerləşdiyi saxlanc yeri hesab edilən tikilidən Türkiyə istehsalı olmaqla “Şentürkler” firmasına aid olan 1500 manat dəyərində 1 ədəd mişar itiləyən dəzgahı gizli yolla talamış, bununla da təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibini təşkil edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını,zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddi daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerlərini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd mişar itələyən dəzgahın qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının 50 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri, H.Əliyev prospekti 11-ci dalan, 01 saylı evi hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd mişar itələyən dəzgahın qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının 50 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar