Məhkəmə qərarları › İş №1(046)-56/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-56/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-56/2024 30.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Göyçay rayonun Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonun Çaxırlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə saat 11:30 radələrində yaşadığı Göyçay rayonu Çaxırlı kəndində yerləşən evdə olarkən atası Zərərçəkmiş şəxs ilə evə ərzaq almaması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bir dəfə qəsdən yumuruqla Zərərçəkmiş şəxs vuraraq ona sağ göz yuvasıaltı nahiyyədə yumşaq toxumanın şişkinliyi-hematoması fonunda sağ göz yarığının bir qədər daralması ilə nəticələnən sağ gözünün ağlı qişasına qansızma, səhhətin qısa müddətə pozulmasına səbəb olan qəsədən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs atasıdır. Evdə atası, anası, bacıları və bacısı qızı ilə birlikdə yaşayır və subaydır. Atası ilə uzun müddətdir ki, münasibətləri yaxşı deyil. Atası hər dəfə ona işləmədiyini və ona maddi köməklik etmədiyini əsas gətirərək mübahisə edir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında atası Surət Göyçay rayonuna getmişdir. Təxminən saat 11:30 radələrində otağında olan zaman atasının həyətdə bacısı Zeynəblə söhbət etdiyini və onun barəsində danışdığını eşidərək həyətə düşmüşdür. Həyətə düşən zaman atası Zeynəbə niyə bağda əkdiyi kartofları yetişməmiş çıxartdığını demiş və öz iradını bildirmişdir. Zeynəb isə evdə kartof olmadığı üçün əkilən kartofları vaxtından tez çıxardığını bildirmişdir. Atası Surət onun niyə evə kartof almadığını demişdir. Atasına iki gün əvvəl evə kartof aldığını dedikdən sonra atası Surət kartof almadığını demiş və iradını bildirərək mübahisə etməyə başlamışdır. Onun bu hərəkətlərindən əsəbləşərək bacısı Zeynəbin və həyətdə olan anası Qızbəstin yanında bir dəfə yumruqla atası Surətin üz nahiyyəsindən vurmuşdur. Vurandan sonra isə sakitləşməsi üçün həyətdən çıxaraq getmiş və sonra isə atasının rayon polis şöbəsinə gedərək ondan şikayət etdiyini öyrənmişdir. Mübahisə yaşadıqları evin həyətində baş vermiş, atası ilə aralarında təxminən 3-4 dəqiqə mübahisə davam etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş zərəri aradan qaldırmış, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Rasim onunla birlikdə yaşamasına baxmayaraq qazandığı pulu evə gətirmir və yeyib-içməyə xərcləyir. Onun bu hərəkətlərinə görə uzun müddətdir ki, aralarında mübahisələr olur. Yaşadığı evdə çox vaxtı bir-biriylə danışmırlar. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Göyçay şəhərinə gedərək alış-veriş etmişdir. Təxminən saat 11:30 radələrində yaşadığı Çaxırlı kəndinə qayıtmışdır. Qayıdandan sonra evdə təzə əkilmiş kartofların yetişmədən bir hissəsinin yerdən çıxarıldığını görmüşdür. Zeynəbdən niyə əkdiyi kartofu yetişməmiş tez çıxarmasının səbəbini soruşmuş və Zeynəb evdə kartof olmadığını demişdir. Bundan sonra Rasimin niyə kartof almadığını demişdir. Həmin vaxtı Rasim səsini eşidərək evdən həyətə düşmüş və iki gün əvvəl evə kartof aldığını demişdir. Rasimə sən yalan deyirsən, evə kartof almamısan dedikdən sonra aralarında mübahisə yaranmışdır. Mübahisə olan zaman Rasim qızı Zeynəbin yanında yumruqla bir dəfə sağ gözaltı nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Ondan sonra evdən çıxaraq Göyçay rayon polis şöbəsinə getmiş və oğlu Rasimin onu döyməsi barədə şikayət etmişdir. Mübahisə yaşadığı evin həyətində baş vermiş, mübahisə zamanı orada qızı Zeynəb və arvadı Qızbəst olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər aradan qaldırılmış,ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 11 iyun 2024-cü il tarixli 363 nömrəli rəyindən görünür ki, 1949-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ göz yuvasıaltı nahiyyədə yumşaq toxumanın şişkinliyi-hematoması fonunda sağ göz yarığının bir qədər daralması ilə nəticələnən sağ gözünün ağlı qişasına qansızma, küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə saat 11:30 radələrində yaşadığı Göyçay rayonu Çaxırlı kəndində yerləşən evdə olarkən atası Zərərçəkmiş şəxs ilə evə ərzaq almaması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bir dəfə qəsdən yumuruqla Zərərçəkmiş şəxs vuraraq ona sağ göz yuvasıaltı nahiyyədə yumşaq toxumanın şişkinliyi-hematoması fonunda sağ göz yarığının bir qədər daralması ilə nəticələnən sağ gözünün ağlı qişasına qansızma, səhhətin qısa müddətə pozulmasına səbəb olan qəsədən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs X3 zərərçəkmiş şəxs X2 ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını 12 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 72 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 12 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 72 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərardan 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar