Məhkəmə qərarları › İş №1(046)-57/2022

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-57/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-57/2022 14.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı1, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 18 avqust 1972-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, evli, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağı olan, Göyçay rayonun Qarayazı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 46,59 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 07 aprel 2022-ci il tarixdə, saat 13 radələrində Göyçay rayonu Qarayazı kəndi ərazisində olarkən və üzərində həmin narkotik vasitəni daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin tarixdə, saat 13:25-də polis şöbəsinin Növbətçi Hissəsində üzərinə videoçəkliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli pencəyinin iç cibindən bir ədəd şəffaf sellofan torbada qablaşdırılmış 46,59 qram çəkidə həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində yaşadığı kənddə yaşadığı evə gedən zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və qanunsuz narkotik vasitə saxlamağında şübhələndiklərini bildirib onlarla Göyçay rayon polis şöbəsinə getməyi dəvət etmişlər. Polislərə etiraz etməmiş və bir yerdə polis şöbəsinə getmişlər. Polis işçiləri onu vəkil Rasim Vəliyev ilə təmin edərək növbətçi hissədə videoçəkilişlə hüquq və vəzifələrini izah etmişlər və şübhəli şəxs qismində saxlanıldığını bildirmişlər. Ona şübhəli şəxs qismində saxlanılması ilə bağlı qərar təqdim ediləndən sonra üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. O da polislərə etiraz etməmişdir. Ona üzərində narkotik vasitə, psixotrop maddə və digər qadağan olunmuş əşya vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt əyninəki boz rəngli pencəyinin iç cibində 1 ədəd kiçik şəffaf sellofan torbada qurudulmuş marixuana olmuşdur. Axtarış zamanı cibindən içərisində marixuana olan həmin sellofanı çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan açıldıqda içərisindəki yaşıl rəngli kütlənin nə olması ilə bağlı ona sorğu edildikdə həmin sellofan bükümdəki kütlənin marixuana olduğunu, yaşadığı kənddə heyvanların otladığı sahəyə gedərkən kanal üstü ərazidə yerdən tapdığını bildirmişdir. Aşkar olunmuş sellofanda olan marixuana sellofanda elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə ümumi çəkisi 55,62 qram olmuşdur. Həmin sellofan büküm bir ədəd zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Zərfin üzərini imzalamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması və mütəmadi olaraq üzərində gəzdirməsi barədə əməliyyat məlumatı olduğundan 07 aprel 2022-ci il tarixdə saat 12 radələrində Göyçay rayonun Qarayazı kəndində Təqsirləndirilən şəxs ilə rastlaşmışlar. O,CAB-nin əməliyyat müvəkkili Şahid2lə yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Göyçay rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və onlarla bir yerdə Göyçay rayon polis şöbəsinə getmişlər. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs dərhal vəkil Rasim Vəliyev ilə təmin olunmuş və videoçəkilişlə ona hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi, odur ki, üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli pencəyinin iç cibindən 1 ədəd kiçik şəffaf sellofan torba çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofanda yaşıl rəngli marixuana narkotik vasitəsinə bənzər bitki mənşəli kütlə vardır. Təqsirləndirilən şəxs həmin 1 ədəd sellofandakı yaşıl rəngli kütlənin nə olması ilə bağlı sorğu edildikdə, sonuncu həmin sellofandakı yaşıl rəngli kütlənin marixuana narkotik vasitəsi olduğunu, həmin marixuananı yaşadığı kənddə yerdən tapdığını və özü istifadə etməsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş sellofanda olan marixuanaya bənzər kütlə həmin olduğu sellofanda elektron tərəzidə çəkilmiş, sellofanla bir yerdə ümumi çəkisi 55,62 qram olmuşdur.. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17\320 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri yzılmış zərfin içərisindəki 01 ədəd sellofan torbada, təmiz çəkisi 46,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 46.59 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq 46.54 qram. Aparılmış ekspertizanın dəyəri 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 may 2022-ci il tarixli 701 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Göyçay RİHB-nin Qaraməryəm kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış xasiyyatnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırda Göyçay rayonun Qarayazı kəndində yaşayır, ailəlidir himayəsində üç yetkinlik yaşına çatmayan övladı var. Təqsirləndirilən şəxs barəsində Göyçay rayonu Qaraməryəm kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 2 saylı X1 filialın arayışından görünür ki, Təqsirləndirilən şəxs hər ay 80 manat müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi 46.59 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib öz şəxsi istifadəsi üçün qanunsuz saxlayaraq xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Göyçay rayonu Qarayazı kəndində üzərində həmin narkotik vasitəni daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspetiza tədqiqatından sonra qalan 46.54 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspetiza tədqiqatından sonra qalan 46.54 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar