Məhkəmə qərarları › İş №1(046)-58/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-58/2020

15.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-58/2020 15.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Müdafiəçi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Göyçay şəhərində anadan olmuş, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və yaşayan, 09 mart 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində 15 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,232 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üstündə saxlamış, 07 mart 2020-ci il tarixdə saat 19 radələrində Göyçay şəhəri Şirvani küçəsində olarkən və üzərində həmin narkotik vasitəni daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd folqada olan 01 ədəd gümüşü rəngli kağız bükümdə qablaşdırılmış 0,232 qram çəkidə həmin heroin onun üstündən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 07 mart 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxıb Şirvani küçəsi ilə Göyçay şəhər mərkəzinə gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin növbətçi hissəsində vəkilin iştirakı ilə videoçəklişlə ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibində həmin folqa parçasında bir ədəd gümüşü rəngli siqretin kağız bükümündə heroin narkotik vasitəsi olmuş, əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı kiçik folqa parçasına bükülmüş 1 ədəd gümüşü rəngli kağız bükümü cibindən çıxardıb növbətçi hissədə masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində boz-qəhvəyi rəngli maddə olduğu müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş həmin büküm bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, zərfin ağzı kelylənmiş, möhürlənmiş və zərfin üzərini imzalamışdır. Üzərinə axtarış keçirilən zaman protokol tərtib edilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatına malik olduğundan 07.03.2020-ci il tarixdə bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq aldıqdan sonra polis şöbəsinin əməkdaşları ilə birlikdə həmin gün Əhmədin ətrafında əməliyyat tədbiri keçirilmişdir. 07 mart 2020-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxsla onun yaşadığı evin yaxınında Göyçay şəhəri Şirvani küçəsində rastlaşmışlar. NMQ-nun əməliyyat müvəkkili Şahid1la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini ona təqdim edib üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğunu bildirib Əhmədi Göyçay RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gəlməyə etiraz etməmişdir. Polis şöbəsinə gələdikdə, Əhməd dərhal Müdafiəçi ilə təmin olunaraq, növbətçi hissədə videoçəklişlə hüquq və vəzifələri ona izah olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olduğu halda onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsinə etiraz etməmişdir, lakin üzərində qanunla qadağan olunmuş heç bir predmet və əşyanın, eləcə də narkotik vasitənin olmadığını bildirmişdir. Ona görə də, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən folqa parçasından olan büküm çıxararaq Növbətçi Hissədəki masanın üzərinə qoymuşdur. Həmin folqa açıldıqda içərisində siqaretin gümüşü-ağ rəngli kağızından olan 1 ədəd büküm olmuşdur. Həmin siqaretin gümüşü-ağ rəngli kağız bükümü açıldıqda içərisində toz halında boz-qəhvəyi rəngli maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, o bükümdəki maddənin narkotik vasitə heroin olduğunu və həmin heroini təxminən 15 gün əvvəl Bakı şəhəri, Masazır qəsəbəsində avtoyuma məntəqəsində işləyən zaman tapdığını və özü istifadə etməsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin folqanın içindəki gümüşü-ağ rəngli kağız bükümdəki heroin folqa və kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və folqa və kağızla birlikdə çəkisi ümumilikdə 0,5 qram olmuşdur. Sonra isə həmin büküm bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, zərfin ağzı möhürlənmişdir.. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxsun üzərinə axtarış keçirilən zaman videoçəkliş aparılmış, həmin videoçəkliş 01 ədəd CD-diskə köçürülərək cinayət işinə əlavə edilərək bu barədə protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 mart 2020-ci il tarixli 158 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi – 0,232 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Qeyd: Heroinin təmiz çəkisi 0.232 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq 0.182 qramdır. Aparılmış ekspertizanın dəyəri 69.10 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 may 2020-ci il tarixli 385 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış markomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 07 may 2020-ci il tarixli 2408 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinə əlavə edilmiş 07.03.2020-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.03.2020-ci il tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş 09.03.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09.03.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 12:00-da Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,232 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib öz şəxsi istifadəsi üçün qanunsuz olaraq saxlayaraq 07 mart 2020-ci il tarixdə saat 19 radələrində Göyçay şəhəri Şirvani küçəsində olarkən və üzərində həmin narkotik vasitəni daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, himayəsində bir azyaşlı uşağın olduğunu cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07.03.2020-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, 09.03.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 0.182 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 69.10 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 0.182 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 69.10 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar