Məhkəmə qərarları › İş №1(046)-58/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-58/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-58/2023 04.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 17.20-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Alekssandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkum olunmamış, Göyçay rayonu Qızılağac Ərazi Dairəsi, Mollahacılı kəndində qeydiyyatda olan,həbsetmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmaqla barəsində Göyçay Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 0,394 qram təmiz çəkidə, yəni Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə qablaşdıraraq satış üçün hazır vəziyyətə gətirməklə eyni məqsəd ilə saxlayaraq daşımış və tanışı Şahid1 satış məqsədi olmadan öz istehlakı üçün narkotik vasitə olan heroin əldə etmək istəməsinə görə sonuncu ilə xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində mobil telefonun whatsapp ani mesajlaşma tədbiqi vasitəsi ilə danışaraq Şahid1 20 manat pul müqabilində narkotik vasitə olan heroin satmağa razılaşdıqdan sonra qanunsuz olaraq əldə edib eyni məqsəd ilə saxlayaraq daşıdığı və Göyçay şəhəri, Şəhriyar küçəsində yerləşən Əli Kərim adına parkın ərazisində əkilmiş küknar ağacının altına qoyduğu şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,394 qram təmiz çəkidə narkotik vasitə olan həmin heroini mobil telefonun whatsapp ani mesajlaşma tədbiqi vasitəsi ilə narkotik vasitənin yerini əks etdirən fotoşəkilləri Şahid1 göndərməsi ilə sonuncunun qeyd edilən tarixdə, saat 19 radələrində qeyd edilən yerdən həmin narkotik vasitəni qanunsuz olaraq, satış məqsədi olmadan faktiki əldə etməsi ilə satmış, Şahid1 həmin narkotik vasitəni üzərində saxlayaraq daşıyarkən özünü şübhəli apardığına görə Göyçay rayon X4 Təhlükəsizlik Bölməsinin və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən 04 fevral 2023-cü il tarixdə, saat 22 radələrində Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Romaşka” adlanan aptekin yaxınlığında piyada şəkildə saxlanılıb ünvan 1 ünvanında yerləşən Göyçay RPŞ-nin inzibati binasına gətirilərək həmin tarixdə, saat 23:05-də üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin ön sol döş cibindən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 20 manat pul müqabilində əldə edib saxlayaraq daşıdığı 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla 0,394 qram təmiz çəkidə, yəni şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan həmin heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, o, son bir ildir ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 2-ci massivdə yaşamaqla Bakı şəhərində fəhləlik edir. Ümumiyyətlə Göyçay şəhərində anadan olmuş, H.Əliyev prospektində ata evində yaşamışdır. Narkotik vasitələrdən uzun müddətdir ki, istifadə edir. Şahid1 tanıyır, Sanar ilə Göyçay şəhərində qonşuluqda yaşamışdır. Sanar da narkotik vasitə istifadəçisidir, həmçinin onun da narkotik vasitə istifadə etdiyini bilir. Bu baxımdan, Sanar ağrıları olanda ondan narkotik vasitə ala biləcəyini soruşarkən o, Sanara heç bir problem olmadığını bildirmiş, heroin təşkil edə biləcəyini demişdir. Lakin, Sanara əvvəllər narkotik vasitə satmamış və ya əvəzsiz verməmişdir. O, yalnız bir dəfə xx.xx.2023-cü il tarixdə Sanara 20 manat pul müqabilində narkotik vasitə olan heroin satmışdır. Belə ki, 2023-cii ilin yanvar ayında Bakı şəhərində olarkən tanımadığı şəxsdən öz istifadəsi üçün narkotik vasitə olan heroin əldə etmiş, həmin narkotik vasitədən iki ədəd gümüşü rəngli siqaret kağızı bükümdə Göyçay şəhəri, Əli Kərim adma parkın ərazisində yerləşən qəbiristanlıqda olan ağacın yanında daşın altına gizlədib istifadəsi üçün saxlamış, həmçinin qeyd edilən yeri unutmamaq üçün fotoşəkillərini çəkmişdir. xx.xx.2023-cü il tarixdə, saat 18-19 radələrində Bak şəhərində olarkən Sanar istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə whatsapp vasitəsi ilə zəng edib ağrılarının olduğunu, narkotik vasitə istifadə etmək istədiyini bildirmiş, ondan pul müqabilində narkotik vasitə istəmişdir. O isə imkanı yaxşı olmadığında görə 20 manat pul verərsə qarşılığında Sanara narkotik vasitə olan heroin sata biləcəyini demişdir. Sanar isə pulunun olmadığını, yalnız ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə ona 20 manat verə biləcəyini demişdir. O, Sanarla razılaşmış, özünün Bakı şəhərində olduğunu, narkotik vasitənin Göyçay şəhərində olan yerini Sanara deyəcəyini, ancaq pulu mütləq verməli olduğunu bildirmiş, həmçinin whatsapp vasitəsi ilə Sanarın mobil nömrəsinə Göyçay şəhərində Əli Kərim adına olan parkın ərazisində narkotik vasitəni gizlətdiyi yerin, yəni parkın ərazisində olan qəbiristanlıqda bir ağacın altındakı daşın şəkillərini göndərmişdir. Sanar həmin yerə gedib narkotik vasitəni götürdükdən sonra whatsapp vasitəsi ilə mesajla ona bu barədə məlumat vermişdir. Daha sonra Sanarla əlaqə saxlaya bilməmiş, bir neçə gün sonra isə Sanarın elə həmin gün polis əməkdaşları tərəfindən saxlanıldığını, götürdüyü 2 bükümün narkotik vasitə olan heroinin 1 bükümündə olanı istifadə etsə də digərinin polis tərəfindən ələ keçirildiyini öyrənmişdir. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Qonşusu Təqsirləndirilən şəxs tutulmazdan əvvəl ona narkotik vasitə lazım olarsa sata biləcəyini demişdir. Buna görə xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli mobil telefonuna özünə məxsus ***-***-**-** nömrə ilə “Watsapp” vasitəsi ilə zəng edib ona narkotik vasitə satmasını xahiş etmiş, Məhəmməd isə “20 manat pul verərsən sənə narkotik maddə verərəm” deyə cavab vermişdir. O, Məhəmmədə telefonda “hazırda pulum yoxdur, sən mənə narkotik maddəni ver, mən 05 fevral 2023-cü il tarixdə sənə pulunu verəcəm” deyə bildirdikdə Məhəmməd onunla razılaşıb “get Göyçay şəhəri, Əli Kərim adına parka, orada narkotik maddəni bir yerə qoyacağam” deyə cavab vermişdir . Sonra isə Məhəmməd ona Əli Kərim adına parkda bir qəbir şəkilini göndərib “narkotik maddəni ora qoymuşam, get götür” deyə bildirmişdir. O, Əli Kərim adına parka gedib Məhəmmədin “Watsapp” vasitəsi ilə ona şəkilini göndərdiyi qəbir daşını tapmış, lakin həmin qəbirin ətrafına baxsa da orada narkotik maddənin olmadığını görüb yenidən “Watsapp” vasitəsi ilə Məhəmmədlə əlaqə saxlamışdır. Telefonda Məhəmmədə “sən şəkilini göndərdiyin qəbir daşının yanında narkotik maddə yoxdur” deyə bildirmiş, bundan sonra Məhəmməd ona “Watsapp” vasitəsi ilə bir “Küknar” ağacının şəkilini göndərib həmin ağacın altında olan daşın altına 2 büküm narkotik maddə olan “kakos” qoyduğunu demişdir. Bundan sonra o, Əli Kərim adına parkda Məhəmmədin ona ”Watsapp" vasitəsi şəklini göndərdiyi küknar ağacını tapmış, həmin küknar ağacının altında olan balaca daşı qaldıran zaman isə oradan 2 ədəd gümüşü rəngli sigaret kağızında bükümləri görüb onları götürmüşdür. Həmin bükümlərin içərisini açıb baxarkən içərisində bozumtul rəngdə toz halında narkotik maddə olan “kakos” olduğunu görüb onları cibinə qoyaraq oradan uzaqlaşmışdır. Sonra evə gedib həmin bükümlərdən birini istifadə etmişdir. Digər bükümü isə əynində olan mavi rəngli gödəkçənin sol üst döş cibinə qoymuşdur. Bundan sonra şəhərə çıxmış, saat 22 radələrində Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Romaşka” adlanan aptekin yanı ilə evinə gedərkən polis işçiləri ona yaxınlaşaraq özlərini təqdim edib onu saxlamışlar. Polis əməkdaşları ona narkotik maddə əldə etməkdə və daşımaqda şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşlarını görüb həyəcanlanmış, qaçmaq istəmiş,lakin, polis əməkdaşları ona mane olmuşlar. O, məcbur qalıb polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin Növbətçi Hissəsində ona hüquq və vəzifələri izah olunaraq vəkil ilə təmin olunmuşdur. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sol üst döş cibindən bir ədəd bükümü çıxarıb özü polisə təqdim etmişdir. Həmin büküm açıldıqa içərisində boz rəngli, toz halında maddə olması müəyyən olmuşdur. Həmin maddənin “kakos” kimi tanıdığı heroin, yəni narkotik vasitəsi olduğunu, öz istifadəsi üçün 20 manat pul müqabilində Təqsirləndirilən şəxs aldığını, heç kimə vermədiyini, satmadığını, belə bir niyyətinin də olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şahid2 göstərdi ki, Şahid1 xx.xx.2023-cü il tarixdən etibarən tanımış, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Belə ki,xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Göyçay RPŞ-nin PPXB-nin polis nələri Şahid3 ilə birlikdə Göyçay şəhəri ərazisində xidməti ərazini gəzərkən əlaqəsində olan inanılmış şəxsdən Göyçay rayon sakini Şahid1 narkotik vasitələrin istifadəsində və üzərində gəzdirilməsində şübhəli olması barədə qərəzsiz məlumat almış, həmin məlumatda həmçinin, Şahid1 az sonra Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Ramaşka” adlanan aptekin yaxınlığına gələcəyi və xarici əlamətləri qeyd edilmişdir. Qərəzsiz və mötəbər mənbədən daxil olan belə bir məlumatın təxirəsalınmazlığına görə özü və tabeliyində olan polis nəfəri Şahid3 dərhal qeyd edilən yerə yollanmışlar. X5 yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Şahid1 onları görüb tanımış və özünü şübhəli aparmağa başlamışdır. Belə ki, Sanar verilən suallara cavab verməkdən yayınmış, hətta qaçıb uzaqlaşmağa da cəhd göstərirmişdir. Bu səbəbdən onlar Şahid1 xidməti avtomobilə əyləşdirib təxirəsalınmaz şəkildə Göyçay RPŞ-nin inzibati binasına gətirmişlər və bu barədə şöbənin rəisinə raporta məruzə etdikdən sonra Şahid1 Göyçay RPŞ-nin TB-nin təhqiqatçısı Qiyas Beybutova təhvil vermişlər. Bir qədər sonra şöbəyə müdafiəçi qismində X2 gəlmiş və şübhəli şəxs qismində saxlanılmış Sanar Miirşüdova təqdim olunmuşdur. Bir qədər sonra isə xidməti otaqda şübhəli şəxs Şahid1 üzərində onun özünün, polis nəfəri Şahid3, o cümlədən müdafiəçi qismində Mətanət Həsənovanın iştirakları ilə videoçəkiliş altında şəxsi axtarış keçirilmişdir. Şahid1 əynindəki gödəkçənin ön sol döş cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz halında və ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olması məlum olmuşdur. Bundan sonra şübhəli şəxs Şahid1 üzərində şəxsi axtarış aparılsa da hər hansı narkotik vasitə, psixotrop maddə, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. İlkin sorğu zamanı şübhəli şəxs Şahid1 həmin kütlənin “kakos” kimi tanınan narkotik vasitə olmasını, həmin kütləni hal-hazırda özü Bakı şəhərində olan, onunla Göyçay rayonunda qonşuluqda yaşayan özünə yaxın hesab etdiyi Məhəmməd adlı şəxsdən pul müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon X7 Patrul Xidmət Bölməsinin polis nəfəri Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid4 göstərdi ki, xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin barəsində axtarış elan edilməsi” haqqında qərarla bağlı tərəflərindən axtarış işi açılaraq Təqsirləndirilən şəxs tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhərində müəyyən edilməklə tərəflərindən saxlanılaraq Göyçay RPŞ-nin inzibati binasına gətirilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən iştirakçılardan biri də o olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, ancaq üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bununla belə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı verilən suallara cavab olaraq Şahid1 tanıdığını, qonşu olduqlarını bildirmiş və xx.xx.2023-cü il tarixdə Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 20 manat pul müqabilində özünün satdığını, yəni Göyçay şəhərində “Əli Kərim” adlanan parkın ərazisində ağacın dibində gizlətdiyini və yerini mobil telefon vasitəsi ilə Şahid1 bildirdiyini, sonuncunun də həmin yerdən qeyd edilən narkotik vasitəni götürdüyünü etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 12 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi materiallarından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 razılığı ilə ona məxsus “Samsung A 10” markalı mobil telefona baxış zamanı mobil telefonun whatsapp bölməsində ***-***-**-** saylı mobil nömrənin “Memi” adı ilə qeydə alınması, həmin mobil nömrədən Şahid1 mobil nömrəsinə whatsapp vasitəsi ilə parkın içərisində ağac və qəbir şəkilləri göndərilməsi, həmin şəkillərdə olan ağacın dibinin fotomontaj vasitəsi ilə oxla işarələnməsi, o cümlədən narkotik vasitənin məhz həmin yerə qoyulması barədə mesaj mətnləri olması aşkar edilmişdir. Baxış zamanı şübhəli şəxs Şahid1 həmin fotoşəkillərin və mesajların tanışı Təqsirləndirilən şəxs tərəfindən ona göndərildiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 11 mart 2023-cü il tarixli üzləşmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 əvvəlki ifadələrində göstərilən xüsusatları, yəni üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini 20 manat pul müqabilində Təqsirləndirilən şəxs əldə etdiyini sonuncunun üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmiş, eləcə də Təqsirləndirilən şəxs üzünə qarşı deyilənləri təsdiq edib qəbul etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 05 fevral 2023-cü il tarixli, 17/146 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs qismində saxlanılan Şahid1 üzərindən aşkar olunmuş 1 (bir) ədəd büküm.’' Sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,394 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Tədqiqata sərf edildi 0,05 qram,qalıq 0,344 qram. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı” na daxildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 30 may 2023-cü il tarixli, 932 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə, saat 16.30-da şübhəli şəxs qismində tutulmuş, 12 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbsetmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmaqla Göyçay Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 0,394 qram təmiz çəkidə narkotik vasitə olan heroini əldə edib 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə qablaşdıraraq satış üçün hazır vəziyyətə gətirməklə eyni məqsəd ilə saxlayaraq daşımış və tanışı Şahid1 xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində mobil telefonun whatsapp ani mesajlaşma tədbiqi vasitəsi ilə danışaraq 20 manat pul müqabilində narkotik vasitə olan heroin satmağa razılaşdıqdan sonra Göyçay şəhəri, Şəhriyar küçəsində yerləşən Əli Kərim adına parkın ərazisində əkilmiş küknar ağacının altına qoyduğu 0,394 qram təmiz çəkidə narkotik vasitə olan heroini mobil telefonun whatsapp ani mesajlaşma tədbiqi vasitəsi ilə narkotik vasitənin yerini əks etdirən fotoşəkilləri Şahid1 göndərməsi ilə sonuncunun qeyd edilən tarixdə, saat 19 radələrində qeyd edilən yerdən həmin narkotik vasitəni qanunsuz olaraq, satış məqsədi olmadan faktiki əldə etməsi ilə satmış,törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibini yaradır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Və nəhayət cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə,bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki,az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olaraq səmimi etiraf etməsini iş üzrə cəzasını yüngülləşdirən hal olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,344 qram heroin narkotik vasitəsinin Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs Şahid1 Məhəmməd oğlundan dövlət nəfinə tutulması nəzərə alınmalıdır. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 10.03 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,344 qram heroin narkotik vasitəsinin Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik məbləğində pulun Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs Şahid1 Məhəmməd oğlundan dövlət nəfinə tutulması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar