Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-59/2022 01.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X4 Rizvan oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Müdafiəçi, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1991-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, himayəsində 2 azyaşlı uşağı olan, Göyçay rayonun Qarayazı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,28 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə həşişi istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə edərək saxlamış, 15 aprel 2022-ci il tarixdə saat 19 radələrində Göyçay rayonu Qarayazı kəndində yaşadığı küçədə olarkən və üzərində həmin narkotik vasitə həşişi daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin gün saat 19:30-da RPŞ-nin Növbətçi Hissəsinin qarşısında üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən siqaret qutusunun içərisindəki 01 (bir) ədəd göy-ağ rəngli sellofan bükümdə təmiz çəkisi 1,28 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə həşiş aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən bir ildən artıqdır ki, o ara-sıra “nəşə” kimi tanıdığı narkotik vasitə həşişdən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində o, Göyçay rayonu Qarayazı kəndində yaşadığı evin küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitə istifadə etməkdə və saxlamaqda şübhəli olduğu üçün saxlanıldığını, buna görə də üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Həmin vaxt polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmək üçün onu rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etməmiş, birlikdə Göyçay rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkil ilə təmin olunduqdan sonra hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulmuş, bundan sonra saat 19:30-da Göyçay rayon polis şöbəsinin növbətçi hissəsində müdafiəçisinin və onu rayon polis şöbəsinə dəvət edən iki nəfər də mülki geyimli polis əməkdaşlarının yanında video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə bir daha ona hüquq və vəzifələri izah olunmuş, şəxsi axtarış zamanı üzərindən, yəni əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxladığı 1 (bir) ədəd siqaret qutusunun içərisindən iki ədəd papiros və 1(bir) ədəd göy-ağ rəngli sellofan büküm aşkar edilmişdir. Həmin göy-ağ rəngli sellofan büküm açıldıqda içərisində yaşımtıl rəngli kütlə olması müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi sellofanla birlikdə 1,88 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş içərisində yaşımtıl rəngli kütlə olan sellofan büküm polis əməkdaşları tərəfindən götürülmüş və 01 (bir) ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı bağlanaraq kelylənmiş və üzəri tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş sellofan bükümün içərisindəki yaşımtıl rəngli kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə həşiş olmuş, həmin narkotik vasitəni təxminən 1 həftə əvvəl yaşadığı kənd ərazisində yol kənarından tapmış, həmin kütlədən bir dəfə ərzində bir qədərini istifadə etmiş və qalan hissəsi də istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. O həmin kütlədən heç kimə satmamış və ya verməmişdir. Onun narkotik vasitə istifadə etməyindən və üzərində daşımasından ailə üzvlərinin də xəbəri olmamış, çünki o tutulmasından qorxduğu üçün narkotik vasitələrdən hər zaman tək olaraq heç kimin onu görmədiyi yerdə istifadə etmişdir. Bundan başqa o rayon polis şöbəsində üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd göy-ağ rəngli sellofan bükümün içərisindəki narkotik vasitə həşişi elekrton tərəzidə çəkildikdən sonra çəkisinin 1,88 qram olduğunu göstərsə də, həmin maddənin tərkibinin və çəkisinin müəyyən edilməsi barədə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının rəyində isə üzərindən aşkar edilmiş həmin narkotik vasitə həşişi 1,28 qram olması göstərmiş və aradakı çəki fərqini isə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş həşişin aşkar olunduğu göy-ağ rəngli sellofan bükümlə birlikdə, elektron tərəzisində çəkilməsini, lakin ekspertiza tədqiqatında isə narkotik vasitə heroinin təmiz çəkisi göstərilərək daha dəqiq ölçü cihazları vasitəsilə müəyyən edilməsini qeyd etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 15 aprel 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə iştirak etmişlər. Həmin gün saat təxminən 19 radələrində onlar sonuncunun yaşadığı Göyçay rayon Qarayazı kəndi ərazisində yaşadığı küçədə görüb sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Bu zaman da Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmiş, oraya gəldikdən sonra növbətçi hissənin qarşısında RPŞ-nin TB-nün təhqiqatçısı Turan Kərimli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub müdafiəçi X2 ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı Turan Kərimli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçinin, onun, PPXB-nün əməliyyat müvəkkili Şahid2 və videoçəkilişi aparan şöbənin KTQ-nun baş inspektoru X1 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış saat 19:30-da başlanmış, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən sonuncuya üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, həmçinin narkotik vasitə olub olmaması soruşularaq, əgər vardırsa təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxladığı 1 (bir) ədəd siqaret qutusunun içərisindən iki ədəd papiros və 1(bir) ədəd göy-ağ rəngli sellofan büküm aşkar edilmişdir. Həmin göy-ağ rəngli sellofan büküm açıldıqda içərisində yaşımtıl rəngli kütlə olması müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi sellofanla birlikdə 1,88 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş içərisində yaşımtıl rəngli kütlə olan büküm polis əməkdaşları tərəfindən götürülmüş və 01(bir) ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı bağlanaraq kelylənmiş və üzəri tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra müvafiq ekspertiza təyin edilməsi üçün yaşımtıl rəngli kütlənin qablaşdırıldığı həmin zərf polis əməkdaşları tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs barəsində müvafiq sənədləşmənin davam etdirilməsi üçün video kamera söndürülərək şəxsi axtarış sona çatmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd göy-ağ rəngli sellofan bükümdə olan narkotik vasitə həşişin çəkisinin 1,88 qram olduğunu göstərsə də, lakin ekspertiza tədqiqatında həşişin təmiz çəkisi göstərilmiş, həmçinin onun çəkisi daha dəqiq ölçü cihazları vasitəsilə müəyyən edildiyi üçün çəkisinin 1,28 qram olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/340 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm....” sözləri və imzalar yazılmış bir ədəd zərfin içərisindəki bir ədəd göy-ağ rəngli sellofan bükümdə, təmiz çəkisi –1,28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşişdir. Qeyd: Həşişin təmiz çəkisi 1.28 qram, tədqiqata sərf edildi – 0.02 qram, qalıq 1.26 qram. Aparılmış ekspertizanın dəyəri 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 iyun 2022-ci il tarixli 805 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 03 iyun 2022-ci il tarixli 2202 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Göyçay RİHB-nin Qaraməryəm kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış arayışdan və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 2 azyaşlı övladı var, hazırda ailə üzvləri ilə Göyçay rayonun Qarayazı kəndində yaşayır, barəsində Göyçay RİHB-nin Qaraməryəm kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.28 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən həşişi əldə edib öz şəxsi istifadəsi üçün qanunsuz saxlayaraq xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Göyçay rayonun Qarayazı kəndində yaşadığı evin küçəsində olarkən və üzərində həmin narkotik vasitəni daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, himayəsində iki azyaşlı uşağın olduğunu cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını, həmçinin üzərində aşkar olunmuş narkotik vasitə olan həşişin şəxsi istehlak miqdarından cüzi artıq olmasını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan 1.26 qram narkotik vasitə olan həşiş məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 6 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 6 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 36 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan 1.26 qram narkotik vasitə olan həşiş məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 06 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 36 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(046)-59/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-59/2022
01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver