Məhkəmə qərarları › İş №1(046)-59/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-59/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-59/2024 19.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ağəli oğlunun iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göyçay rayonun Yalman kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini əkmək qərarına gəlmiş, bu məqsədlə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını 2024-cü ilin aprel ayının sonlarında yaşadığı Göyçay rayonu, Yalman kəndində yerləşən evinin həyətyanı sahəsində 06 ədədini torpaqda və 01 ədədini dəmir vedrədə olmaqla ümumilikdə 07 ədəd, yəni xeyli miqdarda əkib, yetişdirib kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu, Yalman kəndində yerləşən evin həyətyanı sahəsinə saat 19:29-dan 19:51-dək keçirilmiş baxış zamanı onun yaşadığı Göyçay rayonu, Yalman kəndində yerləşən evin həyətindən 06 ədəd torpaqda və 01 ədəd dəmir vedrədə əkməklə yetişditib kultivasiya etdiyi ümumilikdə 07 ədəd, yəni xeyli miqdarda hündürlükləri 10 sm-dən 216 sm-dək, ümumi təmiz çəkisi 513,31 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərərk kökündən çıxarılmaqla qablaşdırılıb götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, “nəşə” adlandırdığı narkotik vasitədən istifadə edir. Belə ki, 4 il əvvəl yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər almış, bundan sonra bədənində ağrılar baş verməyə başlamış, maddi imkanı olmadığı üçün müalicə ala bilməmiş, buna görə də ağrıları olan zaman sakitləşmək üçün qurudulmuş marixuanadan istifadə etmiş, təxminən 2024-cü ilin aprel ayının sonlarında, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə yaşadığı Göyçay rayonu, Yalman kəndində yerləşən evinin həyətində yerləşən qoyunları saxlmaq üçün tikilmiş üzəri şifer ilə bağlı olan dalanın altında 05 ədəd torpaqda, 01 ədəd dibçəkdə və 01 ədəd isə dəmir vedrədə olmaqla ümumilikdə 06 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını əkmiş, bundan sonra mütəmadi olaraq həmin bitkilərə qulluq etmiş, su vermiş, lakin dibçəkdə əkdyi toxum çətənə bitkisi olmadığı üçün həmin bitkiyə qulluğ etməmiş və sonra qurumuş, həmçinin təxminən 20 gün əvvəl yaşadığı evin həyətyanı sahəsində 01 ədəd çətənə bitkisinin bitməsini görmüş, həmin çətənə bitkisi kolluqda bitmiş, xx.xx.2024cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı evin həyətində olan zaman küçədən onu kiminsə çağırdığını eşitmiş, buna görə də küçəyə çıxmış, bu zaman polis əməkdaşları və bir neçə mülki geyimli şəxsin onun yaşadığı evin qarşısında küçədə dayanmalarını görmüş, bundan sonra polis əmkdaşları ona narkotik vasitə alüdəçisi olmağı, həmçinin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barəsində onlarda məlumat daxil olduğunu bildirmişlər. Həmçinin ona həmin məlumatın yoxlanılması üçün yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu bildirmişlər, o da polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, müdafiəçi ilə təmin edildikdən sonra yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Polis əməkdaşlarına narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərmiş, həmin yer onun yaşadığı evin həyətində yerləşir, əvvəllər qoyun saxlamaq üçün istifadə etdiyi kənarları və üzəri şifer ilə örtülmüş dalanın altı olmuş, polis əməkdaşlarını oraya aparmış, həmin dalanın qapısını açaraq narkotik tərkibli bitkiləri əkdiyi yeri təqdim etmiş, həmin yerdə inkişafda olan və torpaqda əkilmiş 05 ədəd və dəmir vedrədə əkmiş olduğu 01 ədəd narkotik tərkibli bitki olmuş, polis əməkdaşları həmin bitkilərə baxış keçirmişlər, həmçinin aqronom da bitkilərə baxış keçirmiş və həmin bitkilərin hər birinə aqrotexniki qaydada qulluq göstərildiyini söyləmiş, bundan sonra həmin bitkilər köklərindən çıxarılmış və metrə vasitəsi ilə uzunluqları ölçülmüş, ən hündür bitkinin uzunluğu 60 sm, ən kiçiyinin uzunluğu isə 10 sm olmuş, bundan sonra həmin bitkilər boş kisədə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. O, polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahsində bitmiş digər çətənə bitkisini təqdim etmiş, həmin bitki də polis əməkdaşları tərəfindən kökündən çıxarılmış və uzunluğu ölçülmüş, həmin bitkinin uzunluğu 216 sm olmuş, bundan sonra həmin bitki də boş kisədə qablaşdırılmış və üzərinə möhür vurulmuş, həmçinin narkotik tərkibli bitkilərin əkilmiş olduğu torpaqlardan torpaq nümunələri götürülmüşdür. Həmçinin onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən 01 ədəd cib dəsmalı, qəpik pullar və üzərində yazısı olmayan kağız parçası aşkar edilmiş, baxış və şəxsi axtarışın keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmış, üzərindən aşkar edilmiş əşyalar maddi sübut əhəmiyyətinə malik olmadığı üçün onun özünə qaytarıldmış, daha sonra baxış və şəxsi axtarış başa çatmışdır.Yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini özü istifadə etmək məqsədi ilə əkmiş, bu barədə ailə üzvlərində heç bir məlumat olmamış, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış, əkmiş olduğu nnarkotik tərkibli bitkilərin toxumlarını təxminən 5-6 il əvvəl Bakı şəhərində tapmış və özündə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə ona inzibati ərazisi olan Göyçay rayonu, Yalman kəndində yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisidir, həmçinin yaşadığı Göyçay rayonu, Yalman kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olmuş, buna görə də dərhal bu barədə raportla polis şöbəsinin rəhbərliyinə aidiyyəti üzrə məruzə etmiş, bundan sonra həmin məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər, həmin vaxt orada onunla birlikdə eyni inzibati ərazidə xidmət edən polis nəfərləri Şahid3 və Şahid2, həmçinin RPŞ-nin təhqiqatçısı Şahid4 da olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında küçədə dayanaraq onu çağırmışlar, daha sonra Təqsirləndirilən şəxs onların səsinə küçəyə çıxmış, bundan sonra özlərini təqdim edərək Göyçay rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisi olması, eləcə də yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə onlarda məlumat olmasını və həmin məlumatın yoxlanılması üçün onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməli olduqlarını izah etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və həqiqətən də yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyini bildirmiş, buna görə də baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və müdafiəçi dəvət edilmiş, həmçinin baxış keçirilməsində iştirak etməsi üçün aqronom dəvət edilmiş, bundan sonra polis əməkdaşları, müdafiəçi və aqronomun iştirakları ilə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs bir daha hüquqları izah edilmiş və ona yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi narkotik tərkibli bitkiləri göstərməsi tələb edilmiş, buna görə də Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində tikilmiş, kənarları daş hasar və şiferlə örtülmüş, şifer parçasından qapısı olan və üzəri də şiferlə örtülmüş köməkçi tikilini təqdim etmiş, həmin yerə baxış keçirilən zaman orada torpaqda əkilmiş olan 05 ədəd yaşıl rəngli bitki olması, həmçinin 01 ədəd dəmir vedrə də yaşıl rəngli bitki olması aşkar edilmiş, bundan sonra aqronom tərəfindən həmin bitkilərə baxış keçirilmiş və narkotik tərkibli çətənə bitkiləri olması, həmin bitkilərin hər birinə aqrotexniki qaydada qulluq edilməsini bildirmiş, daha sonra həmin bitkilər bir-bir kökündən çıxarılaraq kənarda düzülmüş, daha sonra həmin bitkilərin uzunluqları ölçülmüş, ən böyük bitkinin uzunluğu 60 sm, ən kiçik bitkinin uzunluğu isə 10 sm olmuşdur. Həmin bitkilər sintetik kisədə qablaşırılmış və üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs onda başqa yerdə narkotik tərkibli bitki əkib-əkməməsi soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətində ağaclıqda daha bir ədəd narkotik tərkibli bitki əkib-becərdiyini bildirmişdir. Həmin bitkiyə də baxış keçirilmiş, aqronom həmin bitkiyə baxış keçirdikdən sonra bitkinin narkotik xassəli olması, aqrotexniki qaydada qulluq edilməsini bildirmiş, daha sonra həmin bitki kökündən çıxarılaraq uzunluğu ölçülmüş, həmin bitkinin uzunluğu 216 sm olmuş, bundan sonra bitki sintetik kisədə qablaşdırılaraq üzərinə möhür vurulmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmiş, bundan sonra baxış başa çatmış, baxışın aparılması videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Göyçay RPŞ-nin İTB-nin sahə polis rəisi Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində xidmət edir, xx.xx.2024-cü il tarixdə icraatına Göyçay rayonu, Yalman kəndində yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisidir, həmçinin yaşadığı Göyçay rayonu, Yalman kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə Göyçay RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid1 raportu daxil olmuş, bundan sonra həmin məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər, həmin vaxt orada Göyçay RPŞ-nin İTBnin polis sahə rəisi Şahid1 və polis nəfərləri Şahid3 və Şahid2 da olmuşlar, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında küçədə dayanaraq onu çağırmışlar, daha sonra Təqsirləndirilən şəxs onların səslərinə küçəyə çıxmış, bundan sonra özlərini təqdim edərək Göyçay rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər, Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisi olması, eləcə də yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə onlarda məlumat olmasını və həmin məlumatın yoxlanılması üçün onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməli olduqlarını izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla razılaşmış və həqiqətən də yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyini bildirmiş, buna görə də baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs onun tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçi dəvət edilmiş, həmçinin baxış keçirilməsində iştirak etməsi üçün aqronom dəvət edilmişdir. Polis əməkdaşları, müdafiəçi və aqronomun iştirakları ilə baxış keçirilməsinə başlamış, Təqsirləndirilən şəxs bir daha hüquqları izah edilmiş və ona yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi narkotik tərkibli bitkiləri göstərməsini təklif etmiş, buna görə də Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində tikilmiş, kənarları daş hasar və şiferlə örtülmüş, şifer parçasından qapısı olan və üzəri də şiferlə örtülmüş köməkçi tikilini təqdim etmişdir. Həmin yerə baxış keçirilən zaman orada torpaqda əkilmiş olan 05 ədəd yaşıl rəngli bitki olması, həmçinin 01 ədəd dəmir vedərə də yaşıl rəngli bitki olması aşkar edilmiş, bundan başqa həmin yerdə 01 ədəd ağ rəngli plastik vedrədə qurumuş halda olan bitki nümunəsi olmuş, aqronom tərəfindən həmin bitkilərə baxış keçirilmiş, orada cəmi 06 ədəd narkotik xassəli bitki olmasını və həmin bitkilərin hər birinə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin bitkilər köklərindən çıxarılmış və uzunluqları ölçüldükdən sonra onun tərəfindən qablaşdırılmış, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində ağaclıqda 01 ədəd narkotik tərkibli bitki olmasını bildirmişdir. Həmin bitkiyə də tərəflərindən baxış keçirilmiş, aqronum həmin bitkinin də narkotik tərkibli olduğunu və aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, həmin bitki də tərəfindən qablaşdırılaraq üzəri möhürləmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmiş, bundan sonra baxışın aparılması başa çatmış, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə yerləşən köməkçi tikilinin içərisində olan 01 ədəd ağ rəngli plastik vedrədə qurumuş halda olması görünən bitki nümunəsinə baxış keçirdikdən sonra aqronomun həmin bitki nümunəsinin narkotik xassəli bitki olmadığını, qurumuş halda olduğunu, aqrotexniki qaydada qulluq edilmədiyini və alq otuna bənzədiyini bildirdiyi üçün həmin qurumuş halda olan bitki nümunəsini götürmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Göyçay RPŞ-in inzibati binasında olan zaman ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsində şübhəli olan Göyçay rayonu, Yalaman kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, daha sonra baxışın keçirilməsinə başlanılmış, baxışın keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmış, videoçəkiliş onun tərəfindən aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində tikilmiş, kənarları daş hasar və şiferlə örtülmüş, şifer parçasından qapısı olan və üzəri də şiferlə örtülmüş köməkçi tikilini təqdim etmiş, həmin yerə baxış keçirilən zaman orada torpaqda əkilmiş olan 05 ədəd yaşıl rəngli bitki olması, həmçinin 01 ədəd dəmir vedrə də yaşıl rəngli bitki olması aşkar edilmiş, bundan sonra aqronom tərəfindən həmin bitkilərə baxış keçirilmiş və narkotik tərkibli çətənə bitkiləri olması, həmin bitkilərin hər birinə aqrotexniki qaydada qulluq edilməsini bildirmişdir. Həmin bitkilər bir-bir kökündən çıxarılaraq kənarda düzülmüş, daha sonra həmin bitkilərin uzunluqları ölçülmüş, ən böyük bitkinin uzunluğu 60 sm, ən kiçik bitkinin uzunluğu isə 10 sm olmuş, daha sonra həmin bitkilər sintetik kisədə qablaşırılmış və üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs onda başqa yerdə narkotik tərkibli bitki əkib-əkməməsi soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətində ağaclıqda daha bir ədəd narkotik tərkibli bitki əkib-becərdiyini bildirmişdir. Buna görə də həmin bitkiyə də baxış keçirilmiş, aqronom həmin bitkiyə baxış keçirdikdən sonra bitkinin narkotik xassəli olması, aqrotexniki qaydada qulluq edilməsini bildirmiş, daha sonra həmin bitki kökündən çıxarılaraq uzunluğu ölçülmüş, həmin bitkinin uzunluğu 216 sm olmuş, bundan sonra bitki sintetik kisədə qablaşdırılaraq üzərinə möhür vurulmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmiş, bundan sonra baxış başa çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Azərbaycan Kənd Təsərrüfatı Texnikomunun aqronomiya şöbəsini 1993-cü ildə bitirmiş, 2012-cı ildən 2016-cı ilə qədər aqronom kimi iş stajına malikdir, xx.xx.2024-cü il tarixdə Göyçay RPŞ-nin əməkdaşları ona zəng edərək Göyçay rayonu, Yalman kəndində yaşayan Təqsirləndirilən şəxs adlı vətəndaşın yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsində şübhəli olduğundan şübhəli şəxs qismində tutulduğunu və onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu, həmçinin onun da baxışda iştirakının vacib olduğunu bildirmişlər, o da polis əməkdaşı ilə razılaşmış və polis əməkdaşlarının ona dediyi ünvana getmiş, bundan sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməyə başlanılmış, baxışın keçirilməsində polis əməkdaşları, müdafiəçi və Təqsirləndirilən şəxs iştirak etmişlər. Baxış başlanıldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahsində tikilmiş, kənarları daş hasar və şiferlə örtülmüş, şifer parçasından qapısı olan və üzəri də şiferlə örtülmüş köməkçi tikilini təqdim etmiş, həmin yerə baxış keçirilən zaman orada torpaqda əkilmiş olan 05 ədəd yaşıl rəngli bitki olması, həmçinin 01 ədəd dəmir vedrə də yaşıl rəngli bitki olması, bundan başqa 01 ədəd ağ rəngli plastik vedrədə 01 ədəd qurumuş halda olan bitki nümunəsinin olması aşkar edilmiş, tərəfindən bitkilərin hər birinə baxış keçirilmişdir. Həmin vaxt orada olan bitkilərdən 05 ədəd torpaqda əkilmiş olan və 01 ədəd dəmir vedrədə əkilmiş olan 01 ədəd yaşıl rəngli inkişafda olan, aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş ümumilikdə 06 ədəd narkotik xassəli bitkilərin olması müəyyən edilmiş, digər 01 ədəd ağ rəngli plastik vedərdə olan 01 ədəd quru halda olan bitki nümunəsi narkotik xassəli bitkilərə aid olmadığı məyyən edilmiş, daha sonra həmin yerdən 06 ədəd yaşıl rəngdə olan narkotik xassəli bitkilər köklərindən çıxarılaraq uzunluqları ölçülmüş və qablaşdırılıb götürülmüş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində ağacların arasında əkmiş olduğu 01 ədəd narkotik xassəli bitkini göstərmişdir. Həmin bitkiyə də tərəfindən baxış keçirilmiş, bu zaman həmin bitkinin narkotik xassəli bitki olması və ona da aqrotexniki qayadada qulluq edilməklə yetişdirilməsi müəyyən edilmişdir. Bitki kökündən çıxarılmış, uzunluğu ölçülmüş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmiş, bundan sonra baxış başa çatmış, baxış keçirdiyi bitklilər haqqında rəy tərtib edərək Göyçay RPŞ-nə təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs AR CM 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 26 iyun 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində AR CM 237.1-ci maddə ilə cinayət işi başlanılmışdır. Aqronom mütəxəssis Şahid6 xx.xx.2024-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs həyətyanı sahəsində becərdiyi 07 (yeddi) ədəd yaşıl bitkilər aqrotexniki qaydada kultivasiya olunmuş narkotik xassəli çətənə kollarıdır. Aqrotexniki qaydada qulluq göstərilmiş, alq otlarından təmizlənmiş, dibi yumşaldılmış, kökündə peyin qalıqları vardır, peyin şirəsi ilə qidalanmışdır. Təqsirləndirilən şəxs bitkiləri əkdiyi torpağa baxış keçirilkən torpaq nümunələrin peyin və kübrə ilə qarışıq, nəm halda olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Bölməsindən alınmış 26 iyun 2024-cü il tarixli 3-16-16-2-17/561 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, 01 ədəd sintetik kisənin içərisindəki: - 06 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 33,31 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, - 01 ədəd sellofan torbada olan torpaq nümunələrində cüzi miqdarda əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Tədqiqata təqdim olunmuş, 01 ədəd sintetik kisənin içərisinədki; - 01 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 480,0 qramolan bitki nümunəsi əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis)bitkisidir, - 01 ədəd sellofan torbada olan torpaq nümunələrində cüzi miqdarda əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Aqronom Şahid6 25 iyun 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, 01 ədəd sintetik kisənin içərisindəki 06 ədəd çətənə bitkiləri ilə 01 ədəd sintetik kisənin içərisindəki 01 ədəd çətənə bitkisi tərkiblərinə görə fərqlidirlər. Tədqiqata təqdim olunmuş, torpaq nümunələrindən aşkar edilmiş çətənə bitkisinin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin hissəciklərlə təqdim edilmiş çətənə bitkilərinin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Çətənə bitkilərinin ümumi təmiz çəkisi 513.31 qram, cəmi tədqiqata sərf edildi 0,35 qram (hər ob 0,05 qr) qalıq 512.96 qram. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs AR CM 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham edlan olunmuşdur. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 22 iyul 2024-cü il tarixli 1245 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən CM-nin 234.2, 237.1, 66.1 və 66.3-cü maddələrinə əsasən 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göyçay rayon İHB-nın Yalman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu, Yalman kəndində yerləşən evin həyətyanı sahəsinə saat 19:29-dan 19:51-dək keçirilmiş baxış zamanı onun yaşadığı Göyçay rayonu, Yalman kəndində yerləşən evin həyətindən 06 ədəd torpaqda və 01 ədəd dəmir vedrədə əkməklə yetişditib kultivasiya etdiyi ümumilikdə 07 ədəd, yəni xeyli miqdarda hündürlükləri 10 sm-dən 216 sm-dək, ümumi təmiz çəkisi 513,31 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərərk kökündən çıxarılmaqla qablaşdırılıb götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər eyni növ cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, yaşayış yeri üzrə mənfi xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd sintetik kisdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalan 07 ədəd 512.96 qram çəkidə olan çətənə (kannabis) bitkiləri, eləcə də 01 ədəd sellofan torbada qablaşdırılmış torpaq nümunələrində olan bitki hissəcikləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 ədəd sintetik kisdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalan 07 ədəd, 512.96 qram çəkidə olan çətənə (kannabis) bitkiləri, eləcə də 01 ədəd sellofan torbada qablaşdırılmış torpaq nümunələrində olan bitki hissəcikləri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ**********6424505256 (VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar