Məhkəmə qərarları › İş №1(046)-6/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-6/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-6/2023 01.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs, Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 1-də qeydiyyatda olmaqla Göyçay şəhəri, Bakı küçəsi, ev 38-də yaşayan, Göyçay rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 01 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri Bakı küçəsində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, qonaq otağında sökülmüş vəziyyətdə bir ədəd 400 manat dəyərində “LG” markalı, LS-R126ABL modelli kondisioneri oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus ümumilikdə 400 (dörd yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 01 radələrində qonşusu Zərərçəkmiş şəxs evində uzun müddət heç kim yaşamadığı üçün hasardan qalxaraq həyətə daxil olmuşdur. Evin pəncərəsi açıq olduğu üçün evin içərisinə daxil olmuş, yerdə sökülü vəziyyətdə olan kondensioner olduğunu görmüş, kondinsioneri evdən çıxardaraq öz həyətinə aparmışdır. Ertəsi gün şəhər ərazisində kondinsionerə alıcı axtarmışdır. Göyçay şəhəri, M.Hüseynzadə küçəsində şüşə düzəldən sexlə kondensionerin satılması ilə bağlı razılaşdıqdan sonra taksi ilə kondensioneri həmin yerə gətirib 250 manata satmışdır. Həmin kondensionerin markası “LG” olmuşdur. Kondisioneri satdığı şəxsin oğurluq olması barədə məlumatı olmamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs X1 dəymiş ziyanı ödəmişdir. Məhkəmədə zərər çəkmiş qismində ifadə vermiş X2 göstərmişdir ki, Göyçay şəhəri, H.Əliyev prospekti, ev 180-də qeydiyyatda olsa da, hazırda Bakı şəhərində yaşayır. Göyçay şəhəri Bakı küçəsində özünə məxsus fərdi yaşayış evi vardır. Həmin evdə 10 ildən çoxdur ki, daimi yaşayış yoxdur. Evə nəzarəti kürəkəni Şahid2 etmişdir. 18 yanvar 2022-ci il tarixdə kürəkəni Sirac ona zəng edərək evdə olan kondisionerin oğurlandığını bildimişdir. Siraca bu barədə polisə məlumat verməsini tapşırmışdır. Həmin kondisionerin markası ‘'LG”, rəngi ağ, kvadratı 30-35 olmuşdur. Kondisionerin dəyəri 400 manat olmuşdur. Bundan sonra evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs 2021-ci il tarixdə də eyni qaydada ona qarşı oğurluq cinayətini törətdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, qaynanası Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri Bakı küçəsində yerləşən fərdi yaşayış evinə nəzarət edir. xx.xx.2022-ci il tarixdə evə baxan zaman qonaq otağında yerdə sökülü vəziyyətdə yerdə olan kondensionerin olmadığını görmüşdür. Evdə digər otaqlara baxan zaman kondensioneri görmədiyi üçün oğurlandığını başa düşüb Göyçay RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin kondisionerin markası “LG”, rəngi ağ, kvadratı isə təxminən 30- 35 olmuşdur. Kondisionerin dəyəri 400 manat olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay şəhəri M.Hüseynzadə küçəsində şüşə sexi işlədir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun sexinə yaxınlaşaraq özünə məxsus kondisioneri satdığını bildirmişdir. Təqsirləndirilən şəxslə danışanda anasının xəstə olduğunu və bu səbəbdən özünə məxsus olan kondisioneri satdığını bildirmiş, razılaşaraq 250 manat müqabilində kondisioneri Təqsirləndirilən şəxs almışdır. Kondisioneri aldıqdan sonra əlavə 70 manat da xərc çəkmişdir. Həmin kondisionerin oğurluq olmasını bilməmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmış və xx.xx.2022-ci il tarixli, 9/602 nömrəli rəydən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 1 ədəd “LG” markalı, LS-R126ABL modelli kondisionerin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiymətləri nəzəri qaydada 400,00 manat müəyyən olunur. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əliyev X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Əliyev X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının 9 ay 12 gün hissəsi icra edilməmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həbs edilmiş, xx.xx.2022-ci il tarixdə Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinə gətirilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 01 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri, Bakı küçəsində yerləşən, yaşayış sahəsi hesab olunan fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, qonaq otağında sökülmüş vəziyyətdə bir ədəd 400 manat dəyərində “LG” markalı, LS-R126ABL modelli kondisioneri oğurlamış, yəni Zərərçəkmiş şəxs ümumilikdə 400 (dörd yüz) manat dəyərində əmlakını gizli olaraq talamaqla Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, himayəsində iki azyaşlı uşağın olmasını, cəzanı yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə CM-nin 177.2.3-cü maddəsi ilə 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən ona cəza təyin edilərkən məhkumluq nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs hazırki cinayəti Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən əvvəl törətdiyi müəyyən edildiyindən ona cinayətlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü kimi hesablanır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə təyin edilmiş 1 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının, çəkilməmiş hissəsi olan 9 ay 12 gün hissəsi CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən hesablanaraq 4 ay 21 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla qismən toplanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(046)- 81/2021 saylı hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 1 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 9 ay 12 gün hissəsi CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə 4 ay 21 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla qismən toplanılsın, Təqsirləndirilən şəxs qəti cəza olaraq, 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə məhkəmə xərci 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar