Məhkəmə qərarları › İş №1(046)-60/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-60/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-60/2024 26.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 14.55-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Göyçay rayonu Kürdəmiş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Kürdəmiş kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 7,35 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 03 may 2024cü il tarixdə saat 01:35 radələrində DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş və 03 may 2024-cü il tarixdə saat 03:40 dəqiqədə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən 02 ədəd kibrit qutusunun içərisində, ayrı-ayrılıqda təmiz çəkiləri 3,89 qram və 3,46 qram olmaqla xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 7,35 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, tutulmamışdan təxminən 1 ay əvvəl “İnstagram” sosial şəbəkəsində özünü İran vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuş, həmin şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuana istəmişdir. Həmin şəxs ona pul qarşılığında narkotik vasitə göndərə biləcəyini demişdir. Həmin vaxtdan təxminən 3-4 gün əvvəl həmin şəxslə yenidən əlaqə saxlamış, 10 qram narkotik vasitə olan marixuana istəmiş, həmin şəxs 100 manat qarşılığında ona 10 qram marixuana göndərə biləcəyini demişdir. Onlar razılaşdıqdan sonra həmin tanımadığı İran vətəndaşı ona kart hesabını göndərmiş və o, sonuncunun kart hesabına Bakı şəhərində xatırlamadığı yerdə ödəmə terminalı vasitəsilə 100 manat pul köçürtmüşdür. Bundan sonra həmin şəxs ona narkotik vasitənin olduğu yerin məkanını göndərmiş və həmin yerə gedərək narkotik vasitəni əldə edə biləcəyini demişdir. Bundan sonra o, Bakı şəhəri, Yasamal rayonu ərazisində kibrit qutularında narkotik vasitə olan qurudulmuş marixuananı götürmüş və yaşadığı Göyçay rayonu, Kürdəmiş kəndinə qayıdaraq əldə etdiyi narkotik vasitənin bır hissəsim istifadə etmişdir. 03 may 2024-cü il tarixdə saat 01:30 radələrində yaşadığı Göyçay rayonu, Kürdəmiş kəndində idarə etdiyi avtomobilin yanında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşdıqda həmin şəxslərin polis əməkdaşları olmasından şübhələnmiş və bu zaman üzərində narkotik vasitə olduğu üçün qaçaraq uzaqlaşmaq istəmişdir. Bu zaman polis əməkldaşları onu paltarından tutmuş, o, yenə də qaçmaq istədikdə yerə yıxlaraq dirsək nahiyələrindən xəsarət almışdır. Həmin vaxt polis əməkdaşları ona özlərini təqdim edib narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu idarə etdiyi avtomobilə əyləşdirib Göyçay RPŞ-yə gətirmişlər. Şöbədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və o, təqdim edilən vəkillərin siyahısından hüquqlarımı müdafiə etmək üçün vəkil Müdafiəçi seçmişdir.Bundan sonra seçdiyi vəkil Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuş, ardınca vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona üzərində olan əşyaları təqdim etməyi təklif edilmişdir.Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Honor”markalı mobil telefonunu, əynində olan boz rəngli qolsuz qış gödəkçəsini sağ yan cibindən idarə etdiyi avtomobilin qapısını açıb- bağlayan mexanizmi və iki ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı çıxararaq masanın üzərinə qoymuşdur. Ardınca üzərində şəxsi axtarış aparılmış, təqdim etdiyi əşyalardan əlavə əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış bitdikdən sonra razılığı əsasında idarə etdiyi “Opel Astra" markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildən hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, DİN-in BNMİnin QBRŞ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ona Göyçay rayon sakini Elton adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Göyçay rayonu, Kürdəmiş kəndində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında saat xx.xx.2024-cü il tarixdə saat 01:35 radələrində QBRŞ-nin əməkdaşı Şahid2 ilə birlikdə Göyçay rayonu, Kürdəmiş kəndində Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra minik markalı, **-XE-*** qeydiyyat nişanlı avtomobilin yanında dayanan zaman müəyyən edib yaxınlaşdıqda Təqsirləndirilən şəxs qaçmağa cəhd etmiş, həmin vaxt sonuncunu tutub saxlayarkən Təqsirləndirilən şəxs yerə yıxılaraq dirsək nahiyələrindən xəsarət almışdır. Onlar Eltonu saxladıqdan sonra özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib avtomobili ilə Göyçay RPŞ-yə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmış, ilkin olaraq Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Honor”markalı mobil telefonu, əynində olan boz rəngli qolsuz qış gödəkcəsinin sağ yan cibindən avtomobilin qapısını açıb- bağlayan mexanizmi və iki ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman təqdim etdiyi əşyalardan başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim eldiyi iki ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, 3-4 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəllər tanımadığı, İnstagram sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşının göndərdiyi məkana gedərək 100 (yüz) manat qarşılığında əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilən narkotik vasitədən hər hansı şəxsə satması və ya verməsi barədə əməliyyat məlumatları təsdiqini tapmamış, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu üçün üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə edib üzərində daşımışdır. Məhkəmə baxışında şahid DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli qolsuz qış gödəkçəsinin sağ yan cibindən idarə etdiyi avtomobilin qapısını açıbbağlayan mexanizmi və iki ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı çıxararaq masanın üzərinə qoymuşdur. Ardınca üzərində şəxsi axtarış aparılmış, təqdim etdiyi əşyalardan əlavə əşya, predmet aşkar edilməmişdir. O, təqdim etdiyi iki ədəd kibrit qutusunun içərisində nəşə kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 03 may 2024-cü il tarixli, 16/511 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” sözlər və imzalar olan kağız paketdəki, 2 ədəd kibrit qutularında ayrı-ayrılıqda 3,89 qram, 3,46 qram, ümumi təmiz çəkisi 7, 35 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqatda sərf olundu – 0,1 qram, qalıq - 7,25 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 xx.xx.2024-cü il tarixli 318 nömrəli rəyindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- hər iki dirsək oynağı nahiyəsində sıyrıq izləri küt- bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsindən göstərilən xx.xx.2024-cü il tarixində öz boyu hündürlüyündə yıxılması nəticəsində əmələ gəlmələri halı inkar edilmir və sağlamlığa Zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 17 iyul 2024-cü il tarixli, 1228 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixdə, saat 03.10-da şübhəli şəxs qismində tutulmuş, 04 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 12.35-də MSY-dən azad edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 02 ədəd kibrit qutusunun içərisində xeyli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,89 qram və 3,46 qram olan,ümumi təmiz çəkisi 7,35 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu və müalicə olunacaq tibb müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi mülaicə təyin edilməklə, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,25 qram narkotik vasitə olan qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş videoçəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk və 2 ədəd “CD” diskləri cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının 32 manat 40 qəpik məbləğində dəyəri Azərbaycan Respublikası CPM- nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu, Kürdəmiş kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacaq tibb müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,əlavə olaraq narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi mülaicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,25 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk və 2 ədəd “CD” diskləri cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 32 manat 40 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar