Məhkəmə qərarları › İş №1(046)-61/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-61/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-61/2020 28.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Müdafiəçi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Göyçay rayonu, Ləkçıplaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göyçay rayonu Ləkçıplaq kəndində qeydiyyatda olan və yaşayan, xx xxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxx 2020-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs xırdabuynuzlu heyvanlarını saxladığı Göyçay rayon Ləkçıplaq kəndində yerləşən fermanın giriş qapısından qanunsuz daxil olaraq oradan zərərçəkmiş şəxsə məxsus hər biri 140 manat dəyərində olan 3 baş qoyunu gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 420 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Ləkçıplaq kəndində yerləşən evində olarkən qonşuluqda yerləşən Zərərçəkmiş şəxs məxsus fermadan heyvan oğurlayıb satmaq qərarına gəlmiş, xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus fermanın yanına gəlmiş, fermanın arxa qapısına yaxınlaşdıqda qapının yuxarı hissəsinin aralı olduğunu görmüş və həmin yerdən keçə biləcəyini fikirləşmişdir. Ətrafa nəzər yetirib, heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin dəmir qapıdan tutub yuxarısına qalxmış və qapı ilə divarın arasından içəri keçmişdir. Tövlədə təxminən 150-200 baş xırdabuynuzlu heyvanlar olduğunu görmüşdür. Lakin fermanın içərisi çox geniş olduğundan həmin heyvanlardan tuta bilməyəcəyini fikirləşib, sağ tərəfdə olan qapını açıb içəri daxil olmuş və sol tərəfdə yerləşən otaqda 3 baş quzu olduğunu görmüşdür. Həmin quzuları tutub, ayaqlarını özü ilə gətirdiyi kəndirlə bağlamışdır. Quzuları bağladıqdan sonra daxil olduğu qapıdan çıxa bilməyəcəyini fikirləşmişdir. Çünki həmin qapı yuxarı hissəsindən məftillə möhkəm bağlanmışdır. Tövlədən çıxmaq üçün digər qapıya yaxınlaşmışdır. Bu zaman qapının içəridən qıfılla bağlı olduğunu görmüşdür. Bir neçə dəfə əli ilə qıfılı dartsa da aça bilməmişdir. Ətrafa baxdıqda yerdən qısa və qalın bir ağac tapmışdır. Həmin ağacı qıfılın arasına salıb çəkdikdə qıfıl açılmışdır. Bundan sonra qapını açıb, quzuları bir-bir bayıra çıxarmışdır. Qıfıl da qapının üzərində qalmışdır. Quzuların hərəsini bir çiyninə qoyub, yaşadığı evin yanına gəlmişdir. Evin həyət qapısının yanında quzuları yerə qoymuşdur. Sonra geri qayıtmış, qalan bir baş quzunu da gətirib, əvvəlkilərin yanına qoymuşdur. Bu zaman qonşuluqda yaşayan Təbrizin heyvanlarını bazara aparmaq üçün tanışı Yalman kəndində yaşayan Ülviyə məxsus avtomobilə mindirdiklərini görmüşdür. Buna görə də yaşadığı evin həyətinə daxil olaraq, həyətdə saxladığı ana bala olan bir baş qoyunu və bir baş quzunu da çıxarıb oğurladığı quzuların yanına gətirmişdir. Təbrizlə qardaşı Məğrur öz heyvanlarını Ülvinin avtomobilinin qoşqusuna mindirmişlər. Buna görə oğurladığı quzuları və özünə məxsus heyvanları avtomobilin yük yerinə yığmışdır. Bundan sonra qonşusu Təbriz və qardaşı Məğrurla birlikdə Ülvinin idarə etdiyi avtomobillə Göyçay rayonu Qarabaqqal kəndinin yaxınlığında yerləşən heyvan bazarına getmişlər. Bir qədər bazarda dayandıqdan sonra tanımadığı bir nəfər şəxs yaxınlaşıb ondan heyvanların qiymətini soruşduqda, özünə məxsus qoyunu balası ilə birlikdə 170 manata satdığını demişdir. Lakin həmin şəxs onunla razılaşmamışdır. Bundan sonra həmin şəxs ondan oğurladığı heyvanların qiyməti ilə maraqlandıqda nisbətən iri olan quzunu 120 manata satdığını bildirmişdir. Həmin şəxs iri olan quzunu 110 manata ala biləcəyini dedikdə razılaşmışdır. Daha sonra digər iki ədəd oğurladığı quzulardan birini 105 manata, digərini isə 100 manata razılaşaraq satmışdır. Oğurladığı heyvanlardan biri qara rəngli, buynuzsuz, iri qulaqlı, diri çəkisi təxminən 30 kiloqram olmuşdur. Digər iki quzu isə nisbətən kiçik, hərəsinin diri çəkisi təxminən 25 kiloqram, hər ikisinin başları və ayaqları qara rəngli, bədəninin digər yerləri isə sarı rəngli olmuşdur. Quzuların hər üçü erkək cinsli və təxminən 7-8 aylıq quzular olmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişə dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 08 radələrində heyvanları saxladığı fermaya gedərkən yardımçı tikili tərəfdən, yəni quzuların saxlandığı tərəfin qapısına yaxınlaşmış və qapının açıq olduğunu görmüşdür. Halbuki, gecə evə gedərkən həmin qapını arxadan qıfılla bağlamışdır. Tövləyə daxil olduqda arxadan vurduğu dəmir qıfıl açıq vəziyyətdə yerdə olduğunu görmüş, içəriyə irəlilədikdə isə sağ tərəfdə yerləşən otaqda saxlanılan quzulardan hər birinin diri çəkisi 28 kiloqram olan 3 baş quzuların oğurlandığını görmüşdür. Həmin 3 baş quzuların hər birinin dəyəri 140 manat olmuşdur. Hər biri 8 aylıq erkək quzular olmuşlar. Hər birinin diri çəkisi 28 kiloqram olmuşdur. Quzulardan birinin rəngi qara, digər ikisinin isə başları və ayaqları qara rəngli, bədənlərinin digər hissələri isə sarı rəngli olmuşdur. Heç birinin buynuzları olmamışdır. Qara rəngli quzunun qulaqları uzun, digər iki quzunun qulağı isə xırda olmuşdur. 3 baş quzuların oğurlanması nəticəsində ona 420 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ümumilikdə 420 manat maddi ziyan ödənilmişdir. Lakin Təqsirləndirilən şəxs şikayətçidir. Ona görə ki, Təqsirləndirilən şəxs dəfələrlə ona qarşı belə hərəkətlərə yol vermiş, ona məxsus heyvanları zəhərləməyə cəhd etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində həmkəndlisi Təqsirləndirilən şəxsla rastlaşmış və Ramil də ona özünə məxsus heyvanları olduğunu, satmaq istədiyini və onlarla birlikdə bazara getmək istədiyini bildirmişdir. xx xxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Ülvi Cəlalov onun yaşadığı evə gəlmişdir. Ülvi Cəlalovun avtomobilinin qoşqusu vardır. Qardaşı Təbrizlə birlikdə heyvanları qoşquya mindirmişlər. Bundan sonra qonşuluqda yaşayan Təqsirləndirilən şəxs da qapıya çıxaraq, heyvanları bazara aparmaq istədiyini bildirmişdir. Ülvi avtomobili onun qapısına sürmüşdür. Təqsirləndirilən şəxs əvvəlcə ana-bala olan bir baş qoyun və bir baş quzunu gətirib avtomobilin yük yerinə qoymuşdur. Daha sonra isə 3 baş ayağı bağlı qoyunu da gətirərək onları da yük yerinə yığmışdır. Həmin heyvanlar 3 baş quzu və iki baş ana bala olmaqla qoyun və quzu olmuşdur. Təqsirləndirilən şəxs 3 baş quzunun hər biri iplə ayağı bağlı vəziyyətdə gətirərək avtomobilə mindirmişdir. Ana bala olan qoyun və quzunun isə ayaqları açıq şəkildə olmuşdur. Ayaqları bağlı olan quzular təxminən 7-8 aylıq quzular olmuş, təxmini çəkiləri 25-30 kiloqram olmuşdur. Bundan sonra qardaşı Təbriz və Təqsirləndirilən şəxsla birlikdə Şahid3 idarə etdiyi avtomobilə əyləşərək, Göyçay rayonu, Qarabaqqal kəndinin yaxınlığında yerləşən heyvan bazarına getmişlər. Bazarda qardaşı Təbrizlə birlikdə öz heyvanlarını düşürmüş və Təqsirləndirilən şəxs ayrılmışlar. Onların bazarda ayrıca yeri olduğu üçün qardaşı ilə birlikdə satmaq üçün bazara apardığı heyvanları həmin yerdə saxlamışdır. Təqsirləndirilən şəxs isə onlardan ayrılmışdır. Sonradan onu polis şöbəsinə dəvət etmişlər və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bazara satmaq məqsədilə apardığı 3 baş ayağı bağlı olan qoyunlar Zərərçəkmiş şəxs məxsus olmuş və Ramil həmin qoyunları oğurlamışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 və Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, yaşadığı Ləkçıplaq kəndində özünə məxsus ferması vardır. Fermanın uzunluğu 80 metr, eni 12 metrdir, eləcə də ona birləşik kiçik bir neçə otaqlardan ibarət köməkçi tikili vardır. Göyçay rayonu Yalman kəndində yaşayan Zərərçəkmiş şəxs ona məxsus həmin fermada xırdabuynuzlu heyvan saxlayır. Zərərçəkmiş şəxs gündüzlər heyvanları fermanın ətrafındakı sahədə otarır, axşamlar isə fermanın içərisinə salır. Fermanın üzərində isə müşahidə kamerası olduğundan gecələr orada qalmır. xx.xx.2020-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək fermadan 3 baş quzuların oğurlandığını və bu barədə polisə məlumat verdiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşlarının da fermaya gəldiyini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs məxsus heyvanları həmkəndlisi Təqsirləndirilən şəxs oğurlamışdır. Əvvəllər həmin fermada özünə məxsus mal-qara saxlamasına baxmayaraq, Təqsirləndirilən şəxs bu hərəkətlərindən bezdiyindən həmin fermada mal-qara saxlamaq imkanından məhrum olunduğuna görə həmin fermanı Zərərçəkmiş şəxs vermişdir. Cinayət işinə əlavə edilmiş “xxxxxx” MMC tərəfində verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə Göyçay rayon mal-qara bazarında diri çəkisi 28 kiloqram olan, 8 aylıq, erkək, yerli cinsli qüsursuz bir baş quzunun satış qiyməti 140 manat olmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən şəxsdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 7(002)-1200/2018 saylı xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il azadlıqdan məhrumetmə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinə əlavə olunmuş Göyçay rayon Mərkəzi Xəstəxanasının poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, Göyçay rayonu Ləkçıplaq kəndində yaşayan Təqsirləndirilən şəxs psixiatrik kabinetdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə olunmuş Göyçay RİHB-nın Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ləkçıplaq kəndində mənfi xarakterizə olunan hallarla səciyyələnir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs xırdabuynuzlu heyvanlarını saxladığı, Göyçay rayon Ləkçıplaq kəndində yerləşən fermanın giriş qapısından qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus hər biri 140 manat dəyərində olan 3 baş qoyunu gizli yolla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 420 manat maddi ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmişə dəymiş ziyanı ödədiyini cəzasını yüngülləşdirən hallar kimi, yenidən cinayət törədərək cinayətlərin residivliyini yaratmasını məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı iki gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, xx.xx.2020-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə zalından həbsə alınmalıdır. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSY-də saxlanılan 01 ədəd qıfıl zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalı 01 ədəd taxta parçası məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 14 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 84 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə zalından həbsə alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSY-də saxlanılan 01 ədəd qıfıl Zərərçəkmiş şəxs qaytarılsın və 01 ədəd taxta parçası məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 84 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökm maddi sübuta dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar