Məhkəmə qərarları › İş №1(046)-61/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-61/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-61/2023 18.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 16.40-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,72 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan müddətdə və mənbədən əldə edərək, satış məqsədi olmadan şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımış, 17 mart 2023-cü il tarixdə saat 16 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Göyçay rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 16:50-də polis şöbəsinin Növbətçi Hissəsində üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə saxladığı həmin 6,72 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi, ifadə verərək göstərdi ki, təxminən 20 ildən çoxdur ki, narkotik maddə olan marixuanadan istifadə edir. xx.xx.2023cü il tarixdə saat 15:30 radələrində Göyçay şəhəri, Bakı küçəsində qonşusu Şahid1 ilə birlikdə sonuncuya məxsus «Vaz 2106» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini Göyçay rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmiş və narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onları Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra onları Şahid1 məxsus avtomobildə Polis Şöbəsinə aparmışlar. Göyçay rayon Polis Şöbəsində ona hüquq və vəzifələri izah edilərək polis şöbəsinin növbətçi hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə axtarış keçirilmişdir.Həmin vaxt üzərində narkotik vasitə olmamışdır.Polis əməkdaşları ona bir ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuananı verərək bildirmişlər ki,həmin bükümün ona məxsus olmasını bildirsin,əks halda evində axtarış keçirib daha çox miqdarda narkotik vasitə tapa bilərlər.O da qorxduğundan vəkilin iştirakı ilə videoçəkiliş aparılan vaxtı aşkar edilmiş bükümdə narkotik vasitə marixuana olduğunu etiraf etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə təngidi yanaşaraq hesab edir ki,bu cür ifadə özünü müdafiə xarakteri daşıyır,işin faktiki hallarına uyğun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki,məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Göyçay şəhəri, Bakı küçəsində qonşusu Təqsirləndirilən şəxs ilə birlikdə ona məxsus «Vaz 2106» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturub narkotik vasitə olan qurudulmuş marixuananı siqaret dənəsində çəkərkən iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini Göyçay rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmiş və narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirərək onları Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra onları ona məxsus avtomobillə birlikdə Polis Şöbəsinə aparmışlar. Göyçay rayon Polis Şöbəsində ona hüquq və vəzifələri izah edilərək polis şöbəsinin növbətçi hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə axtarış keçirilmiş, axtarış zamanı o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən Veqas adlı siqaret qutusunu, bundan başqa üzərindən pul əskinazlarını, cib dəsmalını, salfet və alışqanı masanın üzərinə qoymuş, həmin siqaret qutusunun içərisindən yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Daha sonra ona məxsus «VAZ 2106» markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildən hər hansı qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuanının olub-olmamasından məlumatı olmamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid1 və ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində, həmçinin Şahid1 özünə məxsus «VAZ 2106» markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə onların ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə saat 15:30 radələrində CAB-nin əməkdaşı Şahid3 ilə birlikdə Göyçay şəhəri, Bakı küçəsində Şahid1 məxsus «VAZ 2106» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüş, onlar həmin avtomobilə yaxınlaşdıqda avtomobilin içərisində Şahid1 və Təqsirləndirilən şəxs söhbət etdiyini görmüş, sonunculara özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək barələrində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib Göyçay RPŞ-yə dəvət etmişlər. Göyçay rayon X4 Musayevə hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi kimi iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümün içərisində yaşıl rəngli bitki mənşəli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə kağızla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 8,18 qram gəlmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kağız bükülünün içərisindəki kütlənin narkotik vasitə olan marixuana olduğunu, ona məxsus olduğunu və Göyçay şəhərində, Sabir bağında yerdən tapdığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən pul əskinazları, iki ədəd açar və bir ədəd kiçik üzərində ayatül kürsü yazılmış dua aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmış, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə müvafiq qaydada qablaşdırılmışdır. Vəkil X2 iştirakı ilə Şahid1 üzərində şəxsi axtarış zamanı Şahid1 əynində olan göy rəngli şalvarın sağ yan cibindən Veqas adlı siqaret qutusunun içərisində yaşıl rəngli bitki mənşəli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Ardınca Şahid1 məxsus «VAZ 2106» markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildən hər hansı qanunla qadağan olnmuş əşya aşkar edilməmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki,Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümün içərisində yaşıl rəngli bitki mənşəli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 18 mart 2023-cü il tarixli, 17/265 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, , tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi - 6,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin’hn siyahısına daxildir. Tədqiqatda sərf olundu - 0,05 qram, qalıq - 6,67 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 10 may 2023-cü il tarixli, 810 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə, saat 16.40-da şübhəli şəxs qismində tutulmuş, 19 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 11.00 MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki,Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilməklə ilkin olaraq verdiyi izahatda,sonradan isə istər şübhəli şəxs qismində,istərsə də təqsirləndirilən şəxs qismində dindirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 1 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək üçün üzərində saxlamasını, qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri Sabir bağında yerdən tapmasını göstərmişdir.İbtidai istintaqın sonunda da 16 iyun 2023-cü il tarixli cinayət işinin materialları ilə tanış etmə protokolundan da görünür ki,təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə iş materialları ilə tanış olan vaxtı verilmiş ittihamla razı olmamasını bildirməmiş,cinayət işinin ibtidai istintaqına heç bir əlavəsinin,etirazının və vəsatətinin olmamasını bildirmişdir. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alıb,hesab edir ki,təqsirləndirilən şəxsin bu cür ifadəsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından,tədqiq edilmiş sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbirliliyi üzrə qiymətləndirilmiş və tədqiq edilmiş sübutlar ittiham hökmünün çıxarılması üçün kifayət etmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,72 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum olunmasını,hazırda məhkumluğu ödənilmiş hesab edilməsini,qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu və müalicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,67 qram narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 35 manat 97 qəpik Azərbaycan Respublikası CPMnin 198.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,67 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 35 manat 97 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar