Məhkəmə qərarları › İş №1(046)-62/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-62/2024

13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-62/2024 13.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 10.55-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,subay, məhkumluğu ödənilmiş, fərdi əməklə məşqul olan, Göyçay şəhəri, Xurşidbanu Natəvan prospekti, ev 7A, mənzil 25-də qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda, yəni 04 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay şəhəri N.Rəfıbəyli küçəsi dalan 2, ev 2-də yerləşən kirayə yaşadığı evin həyətyanı sahəsində istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq torpağa və dibçəyə əkib yetişdirərək kultivasiya etmiş 03 iyun 2024-cü il tarixdə saat 21:00-da Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri, N.Rəfibəyli küçəsində saxlanılmış, həmin tarixdə saat 21:39-dən 21:59-dək onun yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətinə baxış keçirilən zaman onun yaşadığı evin həyətindən istintaqa məlum olmayan vaxtda 1 ədəd torpağa və 3 ədəd dibçəyə əkməklə yetişdirib kultivasiya etdiyi xeyli miqdarda, yəni 4 ədəd hündürlükləri 10 sm-ən 40 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 6,97 qram narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, o, narkotik vasitə istifadə etdiyinə görə əvvəllər 1 dəfə məhkum edilmişdir. 2024-cü ilin aprel ayının sonlarında Bakı şəhəri 20 yanvar metrosu yaxınlığında olan zaman təsadüfən Təhməzov soyadlı əsgər yoldaşıyla görüşmüşdür. Onunla görüşərək onun avtomobilində söhbət etmişlər. Söhbət edən zaman ona narkotik vasitədən istifadə etməyi təklif etmişdir. Təhməzovla razılaşaraq birlikdə narkotik maddə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkmişlər. Marixuananı çəkməzdən əvvəl onun 3-4 ədəd toxumunu götürmüşdür. Ondan sonra isə Təhməzovdan ayrılaraq Göyçay rayonuna yaşadığı evə qayıtmışdır. Toxumları isə cibində saxlamışdır. Təxminən 3-4 gün sonra kirayə yaşadığı Göyçay şəhəri N.Rəfibəyli küçəsi dalan 2, ev 2-də olduğu evin həyətində toxumun 3-nü çıxarıb həyətdə dibçəkdə olan gül qabının içərisinə, 1 -ni isə ayaqyolunun yaxınlığına atmışdır. Ondan sonra gülləri sulayan zaman həmin toxumlarıda sulamışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində polis əməkdaşları onun həyətinə gələrək narkotik vasitələrin əkib-becərilməsində şübhəli olduğunu və həyətinə baxış keçirəcəklərini dedilər. Evin sahibi tərəfindən razılıq verildikdən solnra polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış keçirilən zaman həyətində olan torpaqdakı 1 ədəd, həmçinin dibçəklərdə əkdiyi 3 ədəd bitkini polis əməkdaşlarına göstərmişdir. Bitkilər ayrı-ayrılıqda dibçəkdəki torpaqdan çıxarıldıqdan sonra ölçüləri götürüldü və torbaya qoyularaq qablaşdırıldı. Eyni zamanda dibçəkdən və həyətdə əkdiyi 4 ədəd bitkilərin torpaqdan çıxarıldığı yerdən torpaq nümunələri götürülərək qablaşdırıldı. Sonra isə onun üzərinə axtarış keçirildi və üzərində qanunla daşınması qadağan olunmuş heç nə aşkar olunmadı. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Göyçay şəhəri N.Rəfıbəyli küçəsi dalan 2, ev 2-də yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib becərməsilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatlar əsasında CAB-ın əməliyyat müvəkkili Şahid2 və Şahid3 ilə həmin gün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olundu. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən çağırıb ona həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli olduğunu, buna görə də yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməli olduğu bildirilmişdirlər. Videoçəkiliş vasitəsilə sonuncunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməyə başlandı. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı həyətə giriş qapısından daxil olduqdan sonra sağ tərəfdə yerləşən həyətyanı sahənin kənarında torpağa 1 ədəd çətənə bitkisinə bənzər bitki kolu olması aşkar edildi. Ondan sonra evin qarşısında dibçəklərdə əkdiyi 3 ədəd hər birinin ayrı-ayrılıqda uzunluqları ölçüldü və götürüldü. Ölçü zamanı bitki kollarının uzunluqlarının müvafiq olaraq 35 sm, 18 sm, 16 sm və 6 sm olması müəyyən edildi. Daha sonra həmin bitki kolları çıxarılan yerlərdən torpaq nümunələri də götürüldü. Aqronom tərəfindən də həmin bitkilərə baxış keçirildi və həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, diblərinə peyin, şirə verilməklə xüsusi qulluq olunaraq diblərinin alaq otlarından təmizlənib aqrotexniki qaydada qulluq edilərək əkilib-becərildiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən aşkar edilmiş 4 ədəd bitkilər bir ədəd torbaya və torpaq nümunələri isə başqa bir ədəd sellofan torbaya qablaşdırıldı, torbaların ağzı bağlandı və götürüldü. Məhkəmə baxışında şahidlər Göyçay RPŞ-nin CAB-m əməliyyat müvəkkili Şahid2 və Göyçay RPŞ-nin CAB-m əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs kirayə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Göyçay şəhəri N.Rəfıbəyli küçəsi dalan 2, ev 2-də yerləşən kirayə yaşadığı evin həyətinə baxış keçirilən zamanı 1 ədəd torpağa və 3 ədəd dibçəyə əkməklə yetişdirmiş 4 ədəd hündürlükləri 35 sm,18 sm,16 sm və 6 sm., yaş vəziyyətdə bitki kolları aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 04 iyun 2024-cü il tarixli, 3-16-16-2-17/510 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş bitki kolları” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki, uzunluqları 10sm-dən 40sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri-6,97 qram olan 04 (dörd) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərdir. Aqronom (mütəxəssis) Şaiq İsmayılovun 03 iyun 2024-cü tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, 04 (dörd) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 03 (üç) ədəd sellofan torbaların içrəsindəki torpaq nümunələrində narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Çətənə bitkilərinin ümumi təmiz çəkisi 6,97 qram, cəmi tədqiqata sərf edildi 0,08 qram (hər ob. 0,02 qram), qalıq 6,89 qram. Aqronom mütəxəssis Şaiq İsmayılovun 03 iyun 2024-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs məxsus həyətyanı torpaq sahəsində becərdiyi 4 (dörd) ədəd yaşıl bitkilər aqrotexniki qaydada kultivasiya olunmuş narkotik xassəli çətənə kollarıdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 17 iyul 2024-cü il tarixli, 1237 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 03 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Göyçay şəhəri, N.Rəfibəyli küçəsi, dalan 2, ev 2-də yerləşən həyətə giriş qapısından daxil olduqdan sonra həyətə girişdə sağ tərəfdə olan sanitar qovşağının yanında 1 ədəd bitki kolu,sonra həyətə girişdən təxminən 10-15 metr içəridə yerləşən evin qarşısına qoyduğu dibçəklərin birində 2 ədəd,digərində isə 1 ədəd bitki kolları aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə, saat 21.15-də şübhəli şəxs qismində tutulmuş, 05 iyun 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 19.00-da MSY-dən azad edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda 04 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini kirayədə yaşadığı Göyçay şəhəri N.Rəfıbəyli küçəsi dalan 2, ev 2də yerləşən həyətyanı torpaq sahəsinin həyətində və dibçəklərdə əkib yetişdirərək kultivasiya etmiş, həmin əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibini təşkil edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Və nəhayət cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə,bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə şikayətin daxil olmaması barədə verilmiş xasiyyətnaməni,əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilməsini,hazırda məhkumluq ödənilmiş hesab edilməsini,qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı və 2 yetkinlik yaşına çatmayan uşaqların olmasını iş üzrə cəzanı yüngülləşdirən hal olduğunu və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonunun və müalicə olunacaq tibbi müəssisəsinin olduğu yer üzrə ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək,əlavə olaraq narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalan yaş vəziyyətdə ümumi təmiz çəkisi 6,89 qram olmaqla 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, eləcə də həmin yerdən götürülmüş torpaq nümunəsi Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən müvafiq qaydada məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs kirayədə yaşadığı Göyçay şəhəri N.Rəfıbəyli küçəsi dalan 2, ev 2-də yerləşən evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən istifadə edilmiş videoçəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 03 iyun 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılmaqla qəti olaraq ona 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri, Xurşidbanu Natəvan prospekti, ev 7A, mənzil 25-də yerləşən evi hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacaq tibb müəssisəsinin olduğu yer üzrə ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək və əlavə olaraq narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,89 qram olmaqla 4 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, eləcə də həmin yerdən götürülmüş torpaq nümunəsi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs kirayədə yaşadığı Göyçay şəhəri N.Rəfıbəyli küçəsi dalan 2, ev 2-də yerləşən evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən istifadə edilmiş videoçəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 34 manat 55 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar