Məhkəmə qərarları › İş №1(046)-63/2021

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-63/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-63/2021 28.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, müdafiəçi X1, Zərərçəkmiş şəxs nümayəndəsi (oğlu) Şahid2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşqul olan, Ağdaş rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Ağdaş rayonu Ləki kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində 28 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19.11.2020-ci il tarixdə saat 13 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə Şahid1 yaşadığı evin mətbəxində yerləşən masanın üzərindən Şahid1 arvadı Zərərçəkmiş şəxs məxsus cəmi 1300 manat dəyərində olan 10 ədəd qızıl dişlərdən və 3 ədəd ağ rəngli adi plastmas dişlərdən ibarət üst diş protezini gizli yolla talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay rayonu Yenikənd kəndində yaşayan Şahid1 fermasında coban işləmişdir. Həmin müddət ərzində Şahid1 fərdi yaşayış evində yaşayaraq onun təsərrüfatında olan təxminən 200 baş xırdabuynuzlu heyvanlarını otararaq çobanlıq etmiş, bunun müqabilində Abbas ona hər ay 200 manat məvacib olaraq pul vermişdir. Eyni zamanda Abbasa məxsus fərdi yaşayış evində yaşayaraq gündəlik yeməklərini də onlarla birlikdə yemiş, Abbasın ona verdiyi icazəyə əsasən evə istədiyi vaxt girib-çıxmışdır. 19.11.2020-ci il tarixdə saat 13 radələrində nahar etmək üçün Abbasgilin evində olarkən mətəbəxdə masanın üzərində qızıl dişlərdən ibarət bir ədəd üst protezin olduğunu görmüş, həmin protezin Abbasın həyat yoldaşı Müşgünaz Hümbətovaya məxsus olmasını bilmişdir. Müşgünazın ağzında həmin protezi görmüşdür. Həmin vaxt protezə diqqətlə nəzər salaraq protezin üzərində 10 ədəd qızıl, 3 ədəd isə ağ rəngli adi plastmas dişlər olmasını görmüşdür. Həmin vaxt pula ehtiyacı olduğu üçün ətrafda heç kimin olmadığını görüb qızıl və ağ dişlərdən ibarət olan həmin üst protezi oğurlayıb satmaq qərarına gəlmiş, buna görə də həmin protezi götürüb əynindəki şalvarının sol cibinə qoymuşdur. Daha sonra oğurladığı protezi üzərində gəzdirməkdən qorxduğu üçün az sonra həmin protezi Abbasgilin yaşadığı evin həyətyanı sahəsində yerləşən ayaqyoluna aparıb orada taxta parçasının arasında gizlətmişdir. 25.11.2020-ci il tarixdə oğurladığı protezi gizlətdiyi yerdə saxlamağın qorxulu olduğunu düşünərək, Ağdaş rayonunda yaşayan ailəsinə baş çəkmək bəhanəsiylə Abbasdan icazə almaq istəmiş, bu zaman Abbas ona yaxınlaşaraq həyat yoldaşı Müşgünaza məxsus protez diş oğurlanmasında ondan şübhələndiyini bildirmişdir. Protezi oğurladığını etiraf edərək qaytarıb yerinə qoyacağını bildirmişdir. Həmin gün Ağdaş şəhərinə getmiş, Ağdaş şəhəri 20 yanvar küçəsində qızıl mağazasına yaxınlaşmış, həmin vaxt mağazanın sahibi Məhəmməd özü də mağazada olmuşdur. Oğurladığı həmin bir ədəd üzərində qızıl və ağ dişlərdən ibarət üst protezi cibindən çıxarıb Məhəmmədə göstərib satmaq istədiyini bildirmişdir. Bu zaman Məhəmməd ondan qızıl dişlərdən ibarət protezi haradan əldə etdiyini soruşmuş, həmin protezin vəfat etmiş anasına məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Bundan sonra Məhəmməd həmin protezi götürüb üzərində olan ancaq 10 ədəd qızıl dişləri bir-bir protezin üzərindən sökərək özündə olan elektron tərəzinin üzərinə qoymuş, həmin vaxt 10 ədəd qızıl dişlərin çəkisi cəmi 5 qram olmuşdur. Bundan sonra Məhəmməd ona 1 qramı 80 manat olmaqla, 5 qram qızıla görə 400 manat pul verə biləcəyini demiş, Məhəmmədlə razılaşıb 400 manat pulu almışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi (oğlu) Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu il tarixdən onlarla birlikdə Göyçay rayon Yenikənd kəndindəki fərdi yaşayış evində yaşamış, onlara məxsus mal-qaranı otarırmışdır. 19.11.2020-ci il tarixdə səhər saatlarında anası üzərində 10 ədəd qızıl dişlərdən və 3 ədəd ağ rəngli adi plastmas dişlərdən ibarət üst protez dişini çıxarıb mətbəxdə yerləşən masanın üzərinə qoymuş, həmin gün saat 13 radələrində Əhməd heyvanları örüş sahəsindən gətirib mətbəxdə nahar yeməyini yeyərək dincəlmək üçün ona ayrılmış otağa getmişdir. Bundan sonra anası Müşgünaz mətbəxə gələrək stolun üzərinə qoyduğu üst protez dişini götürmək istəmiş, həmin vaxt protez dişinin qoyduğu yerdə olmadığını görmüşdür. Həmin gün anası axşam saatlarına qədər mətbəxdə bir neçə yerə baxaraq protez dişini axtarmış, ancaq tapa bilməmişdir. Anası Müşgünaz ona protez dişinin mətbəxdən yoxa çıxdığını bildirmişdir. Anası Müşgünaz ona bildirmişdir ki, üst protez dişini həmin gün səhər saatlarında çıxarıb mətbəxdə stolun üzərinə qoymuş, Əhməd günorta saatlarında nahar edib getdikdən sonra protezini mətbəxdə masanın üzərində olmadığını aşkar etmişdir. Buna görə də protez dişinin Əhmədin oğurladığından şübhələnmişlər. Bir neçə gün sonra atası Abbas anasına bildirmişdir ki, Əhmədlə bu barədə söhbət etmiş və söhbət zamanı Əhməd anasına məxsus protez dişi oğurladığını etiraf edərək geri qaytacağını bildirmişdir. Bundan sonra Əhməd ailəsini görmək üçün Ağdaş rayonuna getmiş, bir neçə gün keçməsinə baxmayaraq Əhməd geri qayıtmadığı üçün atası Abbas Əhməddən nigaran qalaraq Əhmədin yaşadığı Ağdaş rayonuna getmişdir. Ancaq Əhmədin barəsində xırda xuliqanlıq etdiyi üçün Ağdaş rayon polis şöbəsi tərəfindən 10 gün müddətində inzibati həbs verildiyini atası bildirmişdir. Əhməd həbsdən çıxdıqdan sonra atası Abbas yenidən Ağdaş rayonuna yaşadığı evə getmiş, həmin vaxt ona məlum olmuşdur ki, Əhməd anasına məxsus protez dişini Ağdaş şəhərində Məhəmməd adlı şəxsin qızıl mağazasında 400 manata satmışdır. Onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu il tarixdən onlarla birlikdə Göyçay rayon Yenikənd kəndindəki fərdi yaşayış evində yaşamış, onlara məxsus mal-qaranı otarırmışdır.19.11.2020-ci il tarixdə axşam radələrində arvadı Zərərçəkmiş şəxs ona bildirmişdir ki, üzərində 10 ədəd qızıl və 3 ədəd ağ rəngli adi plastmas dişlərdən ibarət olan üst protez diş evdə yoxdur. Belə ki, arvadı ona bildirmişdir ki, həmin günü səhər saatlarında üst protez dişini çıxarıb mətbəxtdə masanın üzərinə qoymuş, günorta saatlarında isə Əhmədin evə gələrək mətbəxdə nahar etməsindən sonra protez dişini tapa bilməmişdir. Budan sonra protezi Əhmədin oğurlamasından şübhələnmiş, 25.11.2020-ci il tarixdə Əhmədlə söhbət edərkən yaşadıqları evə ondan başqa kənar heç kəsin girmədiyini və həyat yoldaşına məxsus qızıl dişləri əgər oğurlayıbsa qaytarıb geri verməsini bildirmiş, söhbət zamanı Əhməd ona etiraf edərək protez dişi pula ehtiyacı olduğu üçün oğurladığını və geri qaytarıb verəcəyini bildirmişdir. Elə həmin gün Əhməd ailəsini görmək üçün bir neçə günlük yaşadığı Ağdaş rayonuna getmiş, bundan sonra Əhmədlə bir neçə gün əlaqə saxlaya bilmədiyi üçün Ağdaş şəhərinə getmişdir. Bundan sonra ona məlum olmuş ki, sonuncuya etdiyi xırda xuliqanlıq əməlinə görə Ağdaş rayonunda 10 gün müddətində inzibati həbs verilib. Əhməd həbsdən çıxdıqdan sonra yenidən Əhmədin yaşadığı evə getmiş, bu zaman Əhməd ona bildirmiş ki oğurladığı qızıl dişləri Ağdaş şəhərində 20 yanvar küçəsində yerləşən “Məhəmməd” adlı şəxsin qızıl mağazasına 400 manata satmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, 25.11.2020-ci il tarixdə günorta saat 11:30 radələrində qızıl mağazasında olarkən, Təqsirləndirilən şəxs mağazaya daxil olaraq anasının rəhmətə getdiyini, anasına məxsus qızıl dişlər olan protezi satmaq istədiyini bildirmişdir. Bundan sonra həmin protezi Əhməddən alıb baxmış, protezin üzərində 10 ədəd qızıl və 3 ədəd ağ rəngli adi plastmas dişlər olmasını və qızıl dişlərin “880” əyarlı olmasını görmüşdür. Bu zaman Əhmədə həmin qızıl dişlərin bir qramını 80 manata ala biləcəyini bildirmiş, Əhməd onunla razılaşmışdır. Bundan sonra qızıl dişləri protezin üzərindən sökərək elektron tərəzidə çəkmiş, 10 ədəd qızıl dişlər ümumi qram 5 qram olmuş və buna görə də razılaşdıqları kimi Əhmədə ümumilikdə 400 manat pul vermişdir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-ekspertiza mərkəzindən alınmış 10 fevral 2021-ci il tarixli 9/188 saylı rəydən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində ekspertiza tədqiqatına təqdim edilməyən 10 ədəd qızıl dişlərdən və 3 ədəd adi plastmas dişlərdən ibarət diş protezin, 19.11.2020-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə təxminən 650 manat müəyyən edilir. 10 ədəd “880” əyyarlı ümumi çəkisi 5 qram olan qızıl dişlər 500 (5 qr. X 100m) manat; Üzərində 3 ədəd plastmas dişlərdən hazırlanmış protez 150 manat. Ekspertizanın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin 19.08.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə 02 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 28.07.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin 19.08.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs 28.07.2021-ci il tarixədək çəkilməmiş 01 il 10 ay cəzası qalmışdır. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 19.11.2020-ci il tarixdə saat 13 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə Şahid1 yaşadığı evin mətbəxində yerləşən masanın üzərindən Zərərçəkmiş şəxs məxsus cəmi 1300 manat dəyərində olan 10 ədəd qızıl dişlərdən və 3 ədəd ağ rəngli adi plastmas dişlərdən ibarət üst diş protezini gizli yolla talayaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını cəzanı yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 19.08.2020-ci il tarixli hökmü üzrə CM-nin 177.2.3-cü maddəsi ilə 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən ona cəza təyin edilərkən məhkumluq nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Ağdaş Rayon Məhkəməsinin 19.08.2020-ci il tarixli hökmü üzrə təyin edilmiş 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 10 ay hissəsi qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 19.08.2020-ci il tarixli hökmü üzrə təyin edilmiş 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çıkilməmiş qalan 1 il 10 ay hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə uyğun hesablandıqda 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulur. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 28.07.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə zalından dərhal həbs edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 2 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat, X2 isə 2 saat hüquqi xidmətə görə 12 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Ağdaş Rayon Məhkəməsinin 19.08.2020-ci il tarixli hökmü üzrə təyin edilmiş 02 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 10 ay hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə uyğun hesablandıqda 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28.07.2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə xərci 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat və X2 göstərilmiş 2 saat hüquqi xidmətə görə vəkil X2 12 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ**********6424505256 (VÖEN **********) hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar