Məhkəmə qərarları › İş №1(046)-63/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-63/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-63/2025 23.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 15:10-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvələr Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqdimat təmin edilərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 6000 manat məbləğində cərimə cəzası CM-nin 44.4-cü maddəsinə əsasən 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdə azadlığın məhdudlaşdırılması cəzasını çəkərək qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Göyçay şəhəri, 20 yanvar küçəsi, ev 20-də qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 0,505 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 18 fevral 2025-ci il tarixdə saat 12:48 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay rayonu, Kürd kəndi ərazisində saxlanılmış və saat 12:48 dəqiqədən 13:04 dəqiqəyədək üstünün yoxlanılması zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,505 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, 16 fevral 2025-ci il tarixdə saat 11 radələrində Göyçay şəhərində yerləşən avtovağzalın yanı ilə piyada gedən zaman yerdə 1 ədəd şəffaf rəngli sellofan büküm olduğunu görmüş, əyilib həmin bükümü götürmüş, içərisinə baxan zaman əvvəllər də istifadə etdiyi üçün tanıdığı “patı” adlandırılan psixotrop maddə metamfetamin olduğunu görmüş, daha sonra o, həmin psixotrop maddəni istifadə etmək üçün cibinə qoymuşleh. 18 fevral 2025-ci il tarixdə o, Vasif Rüstəmovla birlikdə Göyçay rayonu Kürd kəndi ilə işlədiyi sexə gedən zaman saat 12:48 radələrində mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra isə onlara narkotik vasitə istifadə etməkdə və üzərlərində saxlamaqda şübhəli olduqlarını bildirib üzərilərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər.Onlar polislərə etiraz etməmiş, bundan sonra videoçəkiliş vasitəsi ilə üzərlərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı üzərində psixotrop maddə olduğunu etiraf edərək əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, polis əməkdaşlarına bükümün içərisində “patı” “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Göyçay şəhər avtovağzalının yaxınlığından tapdığını, öz şəxsi istifadəsi üçün üzərində daşıdığını, heç kimə satmadığını demişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmışdır.Daha sonra onların hər ikisini polis əməkdaşları Göyçay RPŞ-nə aparmış, orada onlar müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmiş, orada yenə də videoçəkiliş olmuş, video çəkiliş zamanı üzərlərindən aşkar edilərək zərflərə qoyulan predmetlər təhqiqatçı tərəfindən götürülmüş, o, üzərindən aşkar edilən psixotrop maddədən heç kimə nə verməmiş, nədə ki, satmamış, yerdən tapdıqdan sonra özü istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Göyçay şəhəri, 20 Yanvar küçəsi ev 20-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə həmin şəxslərin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerlərinin müəyyən olunaraq üzərlərinə baxış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında CAB-ın əməkdaşları Şahid2, Şahid3, Şahid4 və Şahid5 ilə birlikdə Göyçay rayonu, Kürd kəndinə getmişlər. 18 fevral 2025-ci il tarixdə saat 12:48 dəqiqədə Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa başlamış, bu zaman videoçəkilişdən istifadə edilmiş, videoçəkilişi əməliyyat müvəkkili Şahid4 həyata keçirmişdir. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu etiraf edərək əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim edərək içərisində “patı” “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, həmin bükümü Göyçay şəhərində yerləşən avtovağzalın yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində daşıdığını, heç kimə vermədiyini, satmadığını demişdir.Həmin bükümə onun tərəfindən vizual baxış keçirilən zaman içərisində şəffaf rəngli maddə olduğu müəyyən edilmiş, daha sonra o, həmin bükümü elektron tərəzidə çəkmiş, çəkisi şəffaf sellofanla birlikdə 0,58 qram təşkil etmişdir. Bundan sonra o, həmin bükümü zərfdə qablaşdırmış, möhürləmiş və üzərinə iştirakçıların adını yazmış, orada iştirak edən şəxslər də zərfin üzərini imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə Göyçay RPŞ-nə gəlmişlər,müdafiəçinin iştirakı ilə üzərindən aşkar edilərək qablaşdırılmış kütlənin həmin şəxsə aid olub-olmamasını soruşmuş, təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin özünə məxsus olduğunu təsdiq etmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3, Şahid5 və Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:48 radələrində Göyçay RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayonu, Kürd kəndində saxlanılaraq üzərinə saat 12:48-dən 13:04-dək şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə ağ rəngli kütləni təqdim etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş baxış və götürülmə keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qablaşdırılaraq götürülmüş 01 ədəd sellofan bükümə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin kağız bükümün ona məxsus olması və üzərindən götürüldüyünü bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 19 fevral 2025-ci il tarixli, 17/148 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd büküm” sözləri imzalar və adlar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,505 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükülmüş pul əskinası” sözləri imzalar və adlar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd 1 manatlıq pul əskinasından hazırlanmış boruşəkilli bükülüdə psixotrop maddə hissəcikləri aşkar edilməmişdir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. Tədqiqatda sərf olundu - 0,050 qram, qalıq - 0,455 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 01 may 2025-ci il tarixli, 709 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə, saat 13.04-də şübhəli şəxs qismində tutulmuş, 20 fevral 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 10.35-də MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən,Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün və Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsinin qərarı ilə təqdimat təmin edilərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 6000 manat məbləğində cərimə cəzası CM-nin 44.4-cü maddəsinə əsasən 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdə azadlığın məhdudlaşdırılması cəzasını çəkərək qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalıdır. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,505 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər məhkum edilməsini, məhkumluğun ödənilməməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti təyin edilmiş cəza müddətindən çıxılmalı,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin olunaraq, o yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk və 1 ədəd CD disk Azərbaycan Respublikası CPM-in 132.1.6-cı maddəsinə əsasən cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,455 qram psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının 71 manat 94 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqıdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,455 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd “DVD” və 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 71 manat 94 qəpik dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar