Məhkəmə qərarları › İş №1(046)-64/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-64/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-64/2020 28.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi1, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1986-cı ildə Göyçay rayonunda anadan olmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi, ev 4-də qeydiyyatda olan və yaşayan, xx.xx.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.1986-cı ildə Göyçay rayonunda anadan olmuş, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Göyçay şəhəri, Z.Bünyadov küçəsi, ev 1-də qeydiyyatda olan və yaşayan xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Göyçay şəhərində xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2010-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri Z.Bünyadov küçəsində tanışı Təqsirləndirilən şəxs2 20 manata qanunsuz olaraq şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 2 ədəd bükümdə qablaşdırılmış ümumi 0.352 qram təmiz çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini əldə edərək əynindəki qara rəngli gödəkçənin sol içəri cibinə qoyub Göyçay şəhəri,Z.Bünyadov küçəsi ərazisində üzərində qanunsuz olaraq daşıyıb saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri Z.Bünyadov küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilərək üzərinə baxış keçirilərkən üzərindən həmin çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan müddətdə və mənbədən istintaqa məlum olmayan çəkidə qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi narkotik vasitə kustar üsulla hazırlanmış heroinin 2 ədəd siqaretin gümüşü kağızında qablaşdırılmış şəxsi istehlak miqadarından artıq miqdarda 0,352 qram çəkidə olan hissəsini xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri, Z.Bünyadov küçəsində küçəsində tanışı Təqsirləndirilən şəxs1 1 bükümü 10 manat olmaqla, ümumilikdə 20 manata qanunsuz olaraq sataraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə narkotik vasitə əldə edib istifadə etmək istəmiş, lakin narkotik vasitə əldə edə bilməmişdir. Həmin gün saat təxminən 15 radələrində Avtobaza dairəsi ərazisində olan zaman onunla eyni məktəbdə Göyçay şəhəri 7 saylı orta məktəbdə ondan iki sinif yuxarı oxuyan Rəfael adlı şəxsi görüb Rəfaeldən xahiş etmişdir ki, zəng etmək üçün telefonu ona versin. Rəfael telefonu ona verdikdən sonra bir qədər aralanaraq, həmin telefondan Nicatın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Nicatla danışmış, Nicata ağrılarının olduğunu odur ki, ona narkotik vasitə tapa biləcəyini soruşmuşdur. Nicat da etiraz etməmiş və bir qədər sonra yaşadığı evin yanına gəlməyini bildirmişdir. Avtobaza dairəsindən piyada Nicatın yaşadığı Göyçay şəhəri Ziya Bünyadov küçəsinə “çaylaq” adlanan ərazidə yerləşən evin yanına gəlmişdir. Həmin vaxt Nicatla yaşadığı evin küçə qapısının yanında görüşmüş və Nicatdan iki ədəd bükümdə “Kokos” adlandırdıqları narkotik vasitə olan heroin alaraq Nicata hər büküm üçün 10 manat olmaqla 2 büküm üçün 20 manat iki ədəd 10 manatlıq əskinaslar vermişdir. Nicatdan təxminən 15-20 metr ayrıldıqdan sonra yanında avtomobil dayanmış və avtomobildən düşən şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Nicatın da yaşadığı evin yanında avtomobil dayanmışdır. Bundan sonra onlar polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin növbətçi hissəsində ona hüquq və vəzifələri izah edildikdən sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 2 ədəd gümüşü rəngli kağız büküm aşkar edilmişdir. Aşkar edilmiş bükümlər açıldıqda hər ikisinin içərisində qəhvəyi rəngli maddə olduğu müəyyən edilmişdir. Həmin maddələr kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, onlardan biri 0,3 qram, digəri isə 0,2 qram olmuşdur. Aşkar edilmiş hər iki bükümlər ekspertizaya təqdim edilməsi üçün götürülərək 1 ədəd zərfin içərisinə qoyulmaqla zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Şəxsi axtarış və götürmənin nəticəsi barədə protokol tərtib edilmiş, onlara ucadan oxunmuş və iştrakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evin yaxınlığından axan Göyçay çayının kənarında olan zaman yerdən sellofan büküm tapmışdır. Həmin bükümdə qəhvəyi rəngli maddə olduğunu gördüyü üçün həmin büküm ona maraqlı gəlmiş və açıb içərisinə baxan zaman onun narkotik vasitə olan heroin olduğunu görmüşdür. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 15 radələrində tanışı Aydın ona zəng etmiş və narkotik vasitələrdən istifadə etdiyi üçün ağrılarının olduğunu ona “Kokos” adlandırdıqları narkotik vasitə heroin tapmağını xahiş etmişdir. Aydından yaşadığı evə gəlməsini ona narkotik vasitə sata biləcəyini demişdir. Bundan təxminən 1 saat sonra Aydın onun yaşadığı evin yanına gəlmişdir. Aydın onların evinin yanına gəldikdən sonra özündə qalan iki ədəd siqaretin gümüşü rəngli kağızında qablaşdırdığı narkotik vasitə olan heroini Aydına vermiş və həmin narkotik vasitənin bir bükümünü 10 manat olmaqla 2 büküm üçün Aydından 20 manat almışdır. Aydın ondan ayrıldıqdan sonra yaşadığı evin həyət qapısından həyətə keçmişdir. Həyətə keçən kimi küçədə avtomobil səsi eşitmiş və bir az sonra həyət qapıları döyülmüşdür. Həmin vaxt qapıya tərəf gedib qapını açanda qapının qarşısıda iki nəfər şəxsin olduğunu görmüşdür. Həmin şəxslər özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını qanunsuz narkotik vasitə əldə edib saxlamaqda və narkotik vasitələrin satışında şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Həmin vaxt Aydının da ondan bir qədər əvvəl tutulduğunu və polis şöbəsinə gətirildiyini bilmişdir. Polis şöbəsinin növbətçi hissəsində dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki gödəkçənin sol yan cibindən 1 qutu siqaret, 1 ədəd alışqan, əynindəki idman şalvarının sol yan cibindən bir qədər əvvəl Aydına narkotik vasitə verib ondan aldığı 2 ədəd 10 manatlıq əskinaslar aşkar edilmişdir. Həmin 10 manatlıq əskinaslar Aydına satdığı narkotik vasitəyə görə Aydından aldığı pullar olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə, eləcə də Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olması və saxlaması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə almaq üçün Nicatın yaşadığı evə getməsi barədə məlumat daxil olmuşdur. Digər polis əməkdaşları ilə birlikdə məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanına gəlmişlər. Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığına Təqsirləndirilən şəxs1 nəsə verdiyini, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 pul verdiyini görmüşdür. Bir qədər aralıda olduğundan iki ədəd pul əskinasın miqdarını görə bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ayrılmış, Təqsirləndirilən şəxs2 da yaşadığı evə qayıtmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı evə yaxınlaşmışlar, NMQ-nun əməliyyat müvəkkili Şahid2 və CAB-nin əməliyyat müvəkkili Şahid3 isə Təqsirləndirilən şəxs1 yaxınlaşmışlar. Pərviz İsrafilovla birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı evə yaxınlaşıb, qapını döymüşlər. Bu zaman Təqsirləndirilən şəxs2 qapını özü açmışdır. Onlar özlərini Nicata təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək, rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməmiş və polislərlə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsinə gəldikdə digər əməkdaşların Təqsirləndirilən şəxs1 də polis şöbəsinə gətirdiklərini görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunub Müdafiəçi1 ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsinin Növbətçi Hissəsində müdafiəçisi Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sol iç cibindən iki ədəd gümüşü rəngli kağız büküm aşkar edilmişdir. Həmin bükümlər açıldıqda içərisində qəhvəyi rəngli maddə olduğu müəyyən edilmişdir. Həmin kütlə kağız bükümlə birlikdə elektron tərəziyə qoyularaq çəkilmişdir. Birinci kütlənin çəkisi 0,2 qram, ikinci kütlənin çəkisi 0,3 qram olmuşdur. Həmin bükümlər zərfə qoyulmuş, zərfin ağzı kleylənərək üzəri möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş və o həmin protokolu imzalamışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin maddələrin narkotik vasitə “kokos” olduğunu və həmin narkotik vasitələri tanışı Nicat adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunaraq Müdafiəçi2 ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsinin Növbətçi Hissəsində müdafiəçisi Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya vasitə aşkar edilməmişdir. Lakin əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən 2 ədəd 10 manatlıq əskinas aşkar edilmişdir. Aşkar edilmiş həmin əskinasları haradan əldə etməsi Təqsirləndirilən şəxs2 sorğu edildikdə, Təqsirləndirilən şəxs2 həmin əskinasları Təqsirləndirilən şəxs1 satdığı “kokos” adlandırdığı narkotik vasitənin qarşılığında əldə etdiyini bildirmişdir. Həmin iki ədəd 10 manatlıq pul əskinasları iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, zərfə qoyulmuş, üzəri möhürlənmiş və imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş və iştrakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2, Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilən zaman videoçəkliş aparılmış, həmin videoçəklişdən görünür ki, onun üzərindən iki ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmiş, həmin çəkiliş 01 ədəd CD-diskə köçürülərək iş materiallarına əlavə edilərək bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilən zaman videoçəkliş aparılmış, həmin videoçəklişdən görünür ki, onun üzərindən iki ədəd 10 manatlıq əskinas aşkar edilmiş, həmin çəkiliş 01 ədəd CD-diskə köçürülərək iş materiallarına əlavə edilərək bu barədə protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 129 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş içərisində qəhvəyi rəngli kütlə...” sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,188 qram, 0,164 qram, ümumi təmiz çəkisi – 0,352 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş, 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Qeyd: Heroinin təmiz çəkisi 0.188 qram, tədqiqata sərf edildi – 0.050 qram, qalıq 0.138 qram. Heroinin təmiz çəkisi 0.164 qram , tədqiqata sərf edildi – 0.050 qram, qalıq 0.114 qram. Aparılmış ekspertizanın dəyəri 71.94 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 392 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış, narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 387 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə saat 16:25-də Təqsirləndirilən şəxs2 isə həmin tarixdə saat 17:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 12:50-də Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 4(046)-8/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə Göyçay rayon Prokurorunun təqdimatı təmin edilmiş, Təqsirləndirilən şəxs2 məhkəmə zalından həbsə alınmış, həbsin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs2 Göyçay rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 804 nömrəli məktubdan görünür ki, Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 4-də yaşayan Təqsirləndirilən şəxs1 psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs2 xx.xx.2008-ci il tarixdən “narkomaniya” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. Təqsirləndirilən şəxs2 psixiatrik kabinetdə qeydiyyatda yoxdur. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2010-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri Z.Bünyadov küçəsində tanışı Təqsirləndirilən şəxs2 20 manata qanunsuz olaraq şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 2 ədəd bükümdə qablaşdırılmış ümumi 0.352 qram təmiz çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini əldə edərək əynindəki qara rəngli gödəkçənin sol içəri cibinə qoyub Göyçay şəhəri,Z.Bünyadov küçəsi ərazisində bilavasitə üzərində qanunsuz olaraq daşıyıb saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi narkotik vasitə kustar üsulla hazırlanmış heroinin 2 ədəd siqaretin gümüşü kağızında qablaşdırılmış şəxsi istehlak miqadarından artıq miqdarda 0,352 qram çəkidə olan hissəsini xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri Z.Bünyadov küçəsində küçəsində tanışı Təqsirləndirilən şəxs1 1 bükümü 10 manat olmaqla, ümumilikdə 20 manata qanunsuz olaraq satmaqla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-cu il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış çəkisi 0.114 qram və 0.138 qram olan heroin məhv edilməli, 1 ədəd samsung markalı mobil telefon sahibi X1 qaytarılmalı, 2 ədəd 10 manatlıq əskinaslar müsadirə edilərək dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 11 saat, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 13 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 66 manat və Təqsirləndirilən şəxs2 göstərilmiş 13 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 78 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 iş üzrə məhkəmə xərci olan 71.94 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nın MSSK-da saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış çəkisi 0.114 qram olan və 0.138 qram olan heroin məhv edilsin, 1 ədəd samsung markalı mobil telefon sahibi X1 qaytarılsın və 2 ədəd 10 manatlıq əskinaslar müsadirə olunmaqla dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs2 iş üzrə məhkəmə xərci olan 71.94 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 66 manat məbləğində pul və Təqsirləndirilən şəxs2 göstərilmiş 13 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 78 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası azadlığın məhdudlaşdırılması cəzası, məhkəmə xərci və maddi sübut hissəsində Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar