Məhkəmə qərarları › İş №1(046)-64/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-64/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-64/2024 10.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.2001-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, subay, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri-əsaslandırıcı hissə: Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib bu məqsədlə 09 iyun 2024-cü il tarixdə saat 22 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus evdə heç kimin olmamasından istifadə edərək həyətin qapısını açmaqla qanunsuz daxil olaraq həyətə keçmək yolu ilə fərdi yaşayış evinin 2-ci mərtəbəsində olan otağa daxil olaraq otağın pəncərəsinin önündə olan pul qabından xx.xx.2024-cü il tarixli məzənnəyə görə 170 manat 20 qəpik dəyərində 100 ABŞ dolları, sonra isə evin 1-ci mərtəbəsində stolun üstündə olan pul qabının içərisindən 80 manatı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 250 manat 20 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadə verərərək göstərdi ki, Göyçay rayonu Bığır kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla onlarla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxslə aralarında ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində siqaret və spirtli içki almaq üçün kəndə olan “Elşən” adlı mağazaya getmişdir. Oradan özünə siqaret və 3 ədəd energetik içki olan spirtli “go” alaraq mağazanın qarşısında içmişdir. Sonra isə qaranlıq küçə adlanan yerə gedərək həmkənliləri ilə domino oynamışdır. Domino oynayan zaman isə 2 bakal pivə alaraq içmişdir. Saat 21 radələrində domino oynadığı yerdən çıxaraq yaşadığı ev istiqamətində qayıtmışdır. Evə çatdıqdan sonra yemək yemiş və sərxoş olduğu üçün narahat olaraq 22 radələrində küçəyə çıxmışdır. Küçəyə çıxdıqdan sonra qonşusu Zərərçəkmiş şəxs evində işıqların yanmadığını görmüşdür. Evinin yaxınlığında kanalın üstündə oturan zaman qonşusu Zərərçəkmiş şəxs işıqları yanmadığı üçün evdə olmadıqlarını düşünərək onun evinə girib oğurluq etmək qərarına gəlmişdir. Elşadın həyətində darvazanın yanında olan əl qapısına yaxınlaşaraq əl qapısı ilə turbanın arasında olan aradan əlini qapının arxasına salaraq qapını açmışdır. Sonra isə həyətə daxil olmuşdur. Həyətə daxil olandan evin ikinci mərtəbəsinə qalxmışdır. İkinci mərtəbəyə qalxandan sonra evin 1-ci otağının qapısını açıq olduğunu görərək otağa daxil olmuşdur. Otağa daxil olandan sonra pencərədə pul qabı gömüş və pul qabını açaraq içində olan 100 ABŞ dollarını götürmüşdür. Ondan sonra evin 1ci mərtəbəsinə düşmüşdür. Düşəndən sonra stolun üstündə pul qabını görərək içinə baxmışdır. Baxan zaman pul qabında 80 manat görərək götürmüşdür. Ondan sonra isə ev sahibinin şübhələnməməsi üçün həyətin hasarından çölə tullanmışdır. Ondan sonra sərxoş olduğu üçün kəndə olan xatırlamadığı kafeyə içki içməyə getmişdir. Qonşusu Zərərçəkmiş şəxs evinə girərək oğurladığı 80 manat və 100 ABŞ dollarını xatırlamadığı yerdə dəyişərək spirtli içki almış, qalan pulu kartına yükləyərək xərcləmişdir. Zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olmaqla həmin kəndə yaşayır. Yaşadığı ev iki mərtəbəlidir. Evin 1-ci mərtəbəsində özü, gəlini Kubra isə ikinci mərtəbədə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ailə üzvləriylə birlikdə qohumunda olan toy məclisinə getmişdir. Gedən zaman otaqların qapısını açıq, həyətin girişində olan darvazanı isə bağlamışdır. Təxminən saat 23:30 radələrində birlikdə yaşadığı evə qayıtmışlar. Həyətə girmək istəyən zaman həyətdə olan qapının bağladığı dəmirin tərsinə qoyulduğunu görərək şübhələnmişdir. Ondan sonra isə həyətin avtomobil üçün olan qapısını açaraq avtomobilini həyətə salmışdır. Ondan sonra evin birinci mərtəbəsinə keçmişdir. Keçən zaman stolun üstündə qoyduğu pul qabının içərisinə baxmışdır. Baxan zaman pul qabından pulun götürüldüyünü görmüşdür. Ondan sonra gəlini Kubra öz otağına qalxmışdır. Kubra qalxandan sonra otaqda olan pul qabının içərisindən Kubraya saxlaması üçün verdiyi 100 ABŞ dollarının oğurlandığını ona demişdir. Həmin vaxtı saat gec olduğu üçün bu barədə heç bir yerə məlumat verməmişdir. Gəlini Kubranın otağında güzgüdə və pencərədə əl izləri olduğu üçün həmin izlərə toxunmamışdırlar. xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində qonşusu Fəriddən şübhələndiyi üçün onun yaşadığı evə gedərək bu barədə ondan soruşmuşdur. Fərid hadisədən xəbəri olmadığını ona dedikdən sonra Göyçay rayon polis şöbəsinə məlumat vermişdir. Göyçay rayon polis şöbəsinin əməkdaşları gələndən sonra oğurluğun Fərid adlı qonşusu tərəfindən törədildiyini ona dedilər. Təqsirləndirilən şəxs tərəfindən hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını göstərmiş və səhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfləri,tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirlindirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İsarəetmə Birliyi” PHŞ “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli, 18-1-40/2-818/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. Göyçay rayon İHB-nın Bığır kənd inzibati ərazi idarəsi üzrə nümayəndəsin müavini tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Bığır kəndində yaşadığı dövrdə heç bir ərizə və şikayət daxil olmamışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göyçay rayonu Bığır kənd sakini Zərərçəkmiş şəxs oğurluq olan evinə baxış keçirilmiş, fotoşəkillər çəkilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankı ASC-də 1 ABŞ dolları alış 1.6970 manat, satış isə 1.7020 manat olmuşdur. Hüquqi məslələr: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlini səmimi etiraf etməsini, əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını 9 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 9 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 54 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu, Bığır kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 9 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 54 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar