Məhkəmə qərarları › İş №1(046)-65/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-65/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-65/2024 31.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 13:10-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul oğlan, məhkumluğu ödənilmiş, Göyçay şəhəri, Əli Kərim küçəsi, ev 2, mənzil 5-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 1,008 qram tərkibində narkotik maddə olan heroini istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə edərək saxlamış, 08 may 2024-cü il tarixdə saat 13:45də Göyçay şəhəri Nərimanov küçəsində olarkən və üzərində həmin narkotik vasitə heroini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada Növbətçi Hissənin qarşısında saat 14:43-dən saat 15:01-dək üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli pencəyinin sağ iç cibindən 01 (bir) ədəd sellofan bükümdə olmaqla təmiz çəkisi 1,008 qram kustar üsulla hazırlanmış həmin xeyli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, o əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı küçədə hərəkətdə olarkan yol kənarında yerdən içərisində qəhvəyi rəngli kütlə olan 01 ədəd şəffaf rəngli sellofan büküm tapmış, əvvəllərdə narkotik vasitə qəbul etdiyi üçün həmin bükümün içərisində narkotik vasitə olduğunu bilmişdir. Bu səbəbdən həmin bir ədəd bükümü yerdən götürüb özündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 13:45 radələrində Göyçay şəhəri N.Nərimanov küçəsində əvvəllər tanıdığı Mübariz Məmmədov ilə söhbət edən zaman həmin vaxt Göyçay rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edən 4 nəfər şəxs onlara yaxınlaşaraq, özlərini təqdim etmiş, narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduqlarını bildirərək üzərində şəxsi axtarış keçirtmək istədiklərini bildirmişlər.Lakin orada şəxsi axtarış keçirə bilmədiklərinə görə onları Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. Göyçay rayon polis şöbəsinin növbətçi hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki olan boz rəngli pencəyindən sol ön cibindən özünə məxsus bir ədəd Nokia markalı mobil telefonunu və pencəyin iç sağ cibindən içərisində qəhvəyi rəngli kütlə olan bir ədəd şəffaf bükümü, çıxardaraq masanın üzərinə qoymuşdur. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, onun çəkisi elektron çəkidə şəffaf rəngli selofan büküm ilə birlikdə 1,20 qram olmuşdur.Bundan sonra da müvafiq protokol tərtib edilmişdir.Üzərindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsindən və birlikdə olarkən saxlanıldığı şəxs X1 hər hansı xəbəri olmadığını qeyd etmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Göyçay rayon sakinləri X2 və Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitəyə görə tutulduqları üçün tanımışdır. Həmin şəxslərlə arasında əvvəllər heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, son zamanlar həmin şəxslərin narkotik vasitələrin aludəçisi olması, üzərlərində daşımaqları barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onun tərəfindən 08 may 2024-cü il tarixdə şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, bundan sonra əməliyyat qrupu yaradılıb onlara təlimatlandırma keçirilmişdir. Elə həmin günü saat 13 radələrində Fiat Doblo markalı xidməti avtomobili ilə əməliyyat axtarış tədbirləri keçirməyə başlamışlar. Bir qədər sonra saat 13:45-də biz Mübariz Məmmədovu və Təqsirləndirilən şəxs Göyçay şəhəri N.Nərimanov küçəsində söhbət etdiklərini görüb onlara yaxınlaşmışlar. Həmin vaxt onlar həmin şəxslərə özlərini təqdim edib narkotik vasitə istifadəçisi olmaqları və üzərlərində daşımaqlarında şübhəli olduğunu deyib üzərilərinə şəxsi axtarış keçirtmək istədiklərini bildirmişlər.Lakin orada şəxsi axtarış keçirtmək mümkün olmadığından onları rayon polis şöbəsinə dəvət etmişlər. Daha sonra növbətçi hissənin qarşısında saat 14:43də birlikdə həmin şəxslərin üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edildi. Həmin vaxt da Təqsirləndirilən şəxs üzərində olan digər əşyaları ilə yanaşı əynindəki boz rəngli pencəyinin sağ iç cibindən içərisində qəhvəyi rəngli kütlə olan bir ədəd sellofan bükümü çıxardaraq masanın üzərinə qoydu. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkildi, onun çəkisi selofan bükümlə birlikdə 1,20 qram oldu.Bundan sonra da müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan digər əşyaları ilə yanaşı əynindəki boz rəngli pencəyinin sağ iç cibindən içərisində qəhvəyi rəngli kütlə olan bir ədəd sellofan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, onun çəkisi sellofan bükümlə birlikdə 1,20 qram olmuşdur. Bundan sonra da müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 09 may 2024-cü il tarixli, 3-16-16-2-17/430 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,008 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdiqata təqdim edilmiş 01 (bir) ədəd sellofan və 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Tədqiqatda sərf olundu - 0,050 qram, qalıq - 0,958 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X3 Məcburi- Narkoloji tibbi yoxlamanın 17 avqust 2024-cü il tarixli, 1388 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə, saat 14.20-də şübhəli şəxs qismində tutulmuş, 10 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 12.50-də MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən və Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Göyçay Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,sonra Göyçay Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını qərəzli olaraq çəkməkdən boyun qaçırdığından, cəzasının çəkilməmiş 10 ay 24 gün müddəti 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə görə məhkumluğu ödənilmiş hesab olunmalıdır. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,008 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə dəfələrlə məhkum olunmasını, hazırda məhkumluğu ödənilmiş hesab edilməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində 3 yetkinlik yaşına çatmayan uşaqların olmasını cəzasını yüngülləşdirən hal olduğunu və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, qəti cəza təyin olunmalıdır. Məhkəmə nəzərə alır ki, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin islah olunmasına xidmət edəcəkdir və onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərməyəcəkdir. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,958 qram narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Cinayət təqibi üzrə icraat ayrıldığından və ekspertiza tədqiqatı həm Təqsirləndirilən şəxs,həm də digər şəxsin üzərində aşkar edilmiş maddələr üzrə aparıldığından, 71 manat 94 qəpik ekspertiza tədqiqatı dəyərinin yarısı 35 manat 97 qəpik Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablansın. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,958 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 71 manat 94 qəpik məbləğində dəyərinin yarısı 35 manat 97 qəpik Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar