Məhkəmə qərarları › İş №1(046)-65/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-65/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-65/2025 07.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, İİ qrup əlil, Göyçay şəhəri, İ.Göyçaylı küçəsi ev 14-də qeydiyyatda olmaqla, Göyçay şəhəri R.İsayev küçəsi nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 0,557 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 06 fevral 2025-ci il tarixdə saat 16:33-də Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, 28 may küçəsində saxlanılmış və saat 16:33-dən 16:43-dək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd kağıza bükülmüş 02 ədəd kağız bükümlərdə, ayrı- ayrılıqda təmiz çəkiləri 0,220 qram və 0,337 qram olmaqla xeyli miqdarda, yəni ümimi çəkisi 0,557 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 05 fevral 2025-ci il tarixdə səhər saatlarında Göyçay rayonu “Çaylaq” adlanan ərazidə gəzərkən yerdə kiçik sellofan büküm olmasını görmüşdür. Həmin büküm onda maraq yaratdığı üçün yerdən götürərək sellofanı açdıqda bir ədəd kağız bükümün içərisində iki ədəd xırda bükümdə narkotik vasitə heroinə bənzər kütlələr olduğunu görmüşdür. Əvvəllər də narkotik vasitə olan heroin istifadə etdiyi üçün həmin maddəni tanımış və sellofanı kənara ataraq həmin narkotik vasitəni istifadə etmək məqsədilə götürmüşdür. 06 fevral 2025-ci il tarixdə saat 16 radələrində tapdığı narkotik vasitə olan heroindən istifadə etmək qərarına gəlmiş, lakin evdə ailə üzvləri bilməsin deyə tapdığı narkotik vasitə olan heroini əynində olan gödəkcəsinin sağ yan cibinə qoymuş, sonra evdə saxladığı, əvvəlcədən aldığı iki ədəd şipris, narkotik vasitə heroindən istifadə edərkən qarışdırmaq üçün bir qədər limon duzu və boru halında əşyanı rəngli sellofan qaba qoyaraq gödəkcəsinin sol yan cibinə qoymuş və yaşadığı evdən çıxmışdır. Həmin gün saat təxminən 16:30 radələrində Göyçay şəhəri 28 may küçəsi ilə hərəkət edərək tapdığı narkotik vasitədən istifadə etmək üçün gizli və sakitçilik yer axtararkən həmin küçədə mülki geyimdə polis əməkdaşları onu saxlayaraq qanunsuz olaraq narkotik vasitə saxlanılmasında şübhəli olduğunu izah edib üzərində videoçəkilişlə yoxlanılma aparılacağını deyərək üzərində yoxlama keçirilməyə başlanılmışdır. Üzərində yoxlanılma aparılarkən ondan üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olan heroin olmasını etiraf etmiş və əvvəlcə əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən rəngli sellofan qabda olan iki ədəd şpris, bir ədəd narkotik vasitə istifadə etmək üçün işlədilən boru və sellofan qabda olan limon duzunu təqdim etmiş, daha sonra isə gödəkcəsinin sağ yan cibində bir ədəd kağız bükümün içərisində olan iki ədəd bükümdəki narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin iki ədəd büküm bir bükümdə birləşdirilərək polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin kağız bükümlə birlikdə 0,14 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə və üzərindən aşkar olunaraq götürülmüş iki ədəd şpris, limon duzu və boru ekspertizaya təqdim edilməsi üçün qablaşıdırılmış və üzəri möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Sonra isə polis əməkdaşları tərəfindən rayon Polis Şöbəsinə gətirilmiş, Polis Şöbəsində müdafiəçi ilə təmin olunaraq ona hüquqları izah olunduqdan sonra videoçəkilişlə üzərindən aşkar olunmuş narkotik vasitənin qablaşdırıldığı zərfə baxış keçirilmiş, baxış zamanı həmin narkotik vasitənin ona məxsus olub-olmaması soruşulduqda o, narkotik vasitənin ona məxsus olmasını və Göyçay rayonu “Çaylaq” adlanan ərazidən yerdən tapdığını bildirmişdir. Sonda isə protokol tərətib olunmuş və ucadan oxunaraq həmin protokol da iştirakçılar və onun tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 oğlu göstərmişdir ki, Göyçay şəhəri, İ.Göyçaylı küçəsi ev 14-də qeydiyyatda olmaqla, R.İsayev küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, xx.xx.2025-ci il tarixdə həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Göyçay RPŞ-nin CAB-ın əməkdaşları Şahid1, Şahid4 və Şahid3 ilə birlikdə saat 16 radələrində Göyçay şəhəri 28 may küçəsində Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu müəyyən edərək onu saxlayıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edərək, əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərinə yoxlama keçiriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və RPŞ-nə getdikdən sonra müdafiəçi ilə təmin olunacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet, həmçinin narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, əgər varsa təqdim etməsi bildirildikdə o, əvvəlcə əynindəki qara rəngli gödəkcənin sol yan cibindən rəngli sellofan qabda olan iki ədəd şpris, bir ədəd narkotik vasitə istifadə etmək üçün işlədilən şüşə boru və sellofan qabda olan limon duzunu təqdim etmişdir, daha sonra isə həmin gödəkcənin sağ yan cibində bir ədəd kağız bükümün içərisində olan iki ədəd bükümdəki narkotik vasitə olan heroini təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyanın nə olduğu, hardan əldə etdiyi, həmin kütlədən kimə satıb və ya verdiyi soruşulduqda o, əldə etdiyi əşyanın heroin adlı narkotik vasitə olduğunu, həmin maddəni istifadə etdiyi üçün üzərində gəzdirdiyini, onu Göyçay rayonu “Çaylaq” adlanan ərazidə yerdən tapdığını, heç kimə satmadığını və ya vermədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq təhvil vermiş və üzərinin yoxlanılması zamanı üzərindən 01 ədəd alışqan və açar aşkarlanmışdır. Aşkar edilmiş 01 ədəd alışqan və açar şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağıza bükülmüş 02 ədəd bükümlərdə olan qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə 0,14 qram olmuşdur, sonra zərfə qoyularaq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilmişdir. Sonra Təqsirləndirilən şəxs və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin X3 təhvil verilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Şahid2 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş “xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskdəki görüntülürəndən görünür ki, xx.xx.1985-ci ildə Göyçay rayonunda anadan olmuş, Göyçay şəhəri, İ.Göyçaylı küçəsi, ev 14-də qeydiyyatda olmaqla Göyçay şəhəri R.İsayev küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs 06 fevral 2025-ci il tarixdə saat 16:33-də Göyçay şəhəri 28 may küçəsində saxlanılmış, daha sonra ona nə üçün saxlanıldığı izah edilərək əməliyyataxtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərinə yoxlama keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşyə və predmet olduğu soruşulduqda o, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisində 2 ədəd şpris, limon duzu, boş kağız parçası və narkotik vasitəni istifadə etmək üçün boş şüşə qab olan kağız bükümü, həmin qara rəngli gödəkçənin sağ yan cibindən isə içərisində 2 ədəd büküm olan kağız bükümü təqdim etmiş və həmin bükümün içərisində olan ayrı-ayrı 2 bükümün içərisində heroin narkotik vasitəsi olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr birlikdə elektron tərəzidə çəkildikdə 0.14 qram olmuş və zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərində başqa hər hansı narkotik vasitə aşkarlanmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in X4 07 fevral 2025-ci il tarixli 17/99 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər, şprislər, limon duzu, boş şüşə qab.” yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki;

1. 01 ədəd kağıza bükülmüş 02 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,220 qram və 0,337 qram olmaqla ümumi təmiz çəkisi 0,557 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd paketin içərisində, təmiz çəkisi 1,638 qram olan maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0.557 qram, tədqiqata sərf edilmişdir – 0.100 qram, qalıq 0.457 qram. Aparılmış ekspertizanın xərci 69.10 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 08 may 2025-ci il tarixli, 757 nömrəli rəyindən görünür, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğu üçün narkomaniyadan məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görünür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət hüququ cinayət tərkibinin həmin əlamətlərini «obyekt», «obyektiv cəhət», «subyekt», «subyektiv cəhət» adlandırır. Cinayətkar əməli xarakterizə edən əlamətlər hər bir cinayət tərkibi üçün zəruri olmaqla bərabər «cinayətin obyektiv cəhətini» təşkil edir. Bununla belə, heç də şəxsin hər hansı bir ixtiyari hərəkəti cinayətin obyektiv cəhətini təşkil etmir, yalnız o hərəkətlər cinayətin obyektiv cəhətini təşkil edir ki, bu hərəkətlərdə cinayət qanununda nəzərdə tutulmuş əlamətlər olsun. Başqa sözlə, cinayətin obyektiv cəhəti – insanın cinayət qanunu ilə qorunan obyektə ictimai təhlükəli qəsddə ifadə olunan xarici davranış aktıdır. Beləliklə, cinayətin obyektiv cəhətini insanın yalnız birbaşa və bilavasitə qanunda nəzərdə tutulan davranışı, yəni ictimai təhlükəli davranışı təşkil edir. Əgər cinayətin «obyektiv cəhəti» cinayətin əsas əlaməti kimi onun nəticələrinin ayrılmaz olduğunu ehtiva edirsə, bu nəticələrin olmaması, cinayət məsuliyyəti ehtimalını istisna edir. Bu hallarda (yəni cinayətin obyektiv cəhəti cinayətin əsas əlaməti kimi onun nəticələrinin ayrılmaz olduğunu ehtiva edirsə) cinayətkar əməl ilə nəticə arasında səbəbli əlaqənin mövcudluğunu sübut etmək tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci maddəsinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilər. Məhkəmə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.557 qram çəkidə narkotik vasitə olan heroini xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində Göyçay şəhəri 28 May küçəsində üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törədərək cinayətlərin residivliyini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 16:00-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan 0.457 qram narkotik vasitə olan heroin, limon duzu, 02 ədəd şpris və 01 ədəd şüşə boru məhv edilməli, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 69.10 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından həbsə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində 0.457 qram narkotik vasitə olan heroin, limon duzu, 02 ədəd şpris və 01 ədəd şüşə boru məhv edilsin, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanısın. Ekspertiza xərci olan 69.10 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası maddi sübuta və məhkəmə xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar