Məhkəmə qərarları › İş №1(046)-66/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-66/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-66/2023 17.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 14.30-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Zərərçəkmiş şəxs Yusf oğlunun, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu , Sabunçu qəsəbəsi R.Məcidov küçəsi 3 A saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə saat 00 radələrində ünvan 1 ünvanda yerləşən “Aznar QSC-yə” məxsus nar zavodunun ərazisində olan müdir işlədiyi “Poqreb” restoranının həyətində həmin restoranda aşbaz işləyən Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun ondan əlavə pul istəyərək vermədikdə onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən yaranmış mübahisə zamanı başı ilə sonuncunun sifət nahiyəsinə və sağ əli ilə sonuncunun başının sol gicgah nahiyəsinə vuraraq yerə yıxıb Zərərçəkmiş şəxs sağ almburun tağı nahiyələrində əzilmiş-sıyrılmış yaralar, alm nahiyəsində dərialtı qansızma, hər iki dirsək oynağının arxa-bayır səthlərində, hər iki diz oynağının ön hissələrində sıyrılmış yaralar qismində sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və sol gicgah nahiyəsində yumşaq toxumanın şişkinliyi, əllədikdə ağrılı olması fonunda hematomalı sahə ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, xx.xx.2022- ci il tarixdə ünvan 1 ünvanda yerləşən "xxxx" QSC-yə məxsus nar zavodunun ərazisində olan “Poqreb” restoranında müdir kimi işə başlamışdır. Zərərçəkmiş şəxs isə 2022-ci ilin iyun ayının əvvəllərindən Poqreb” restoranında aşbaz olaraq işləmişdir. Elvini özü dəvət etmiş, aylıq əmək haqqı olaraq 1500 manata razılaşmışlar. xx.xx.2022-ci il tarixdə "xxxx" şirkətinin rəhbəri Fərhad Əhmədov k‘Poqreb” restoranına qonaq gəlmiş, yemək yemişdir. Həmin vaxt ona Elvin qulluq etdiyi üçün gedərkən Elvindən yeməkxanada neçə nəfər işlədiyini soruşmuş, 7 nəfər olduqlarını öyrənib 700 manat pul vermişdir. Həmin pulları Elvin və işlədiyi şəxslər hərəyə 100 manat olmaqla bölmüşlər. O, bundan xəbər tutub işçiləri bir yerə yığmış, 2 nəfər barmen və 5 nəfər ofısinatı da hesablamalarını demiş, 700 manat pul yenidən bölünmüş, hərəsinə 50 manat pul çatmışdır. xx.xx.2022-ci il tarixdə Fərhad Əhmədov yenidən “Poqreb” restoranına gəlmiş, yeyib içib getmişdir. Həmin vaxt o, restoranın işçisi Könül adlı qadın işdən ayrıldığı üçün həmin qadına 400 manat əməkhaqqı ödəməli olmuş, buna görə də Fərhad Əhmədov yanında olan işçisi vasitəsilə ona 400 manat pul göndərmiş, o, isə həmin pulu barmen işləyən Cavadxana vermiş, Könülə çatdırmasını demişdir. Həmin gün saat 00 radələrində restoranda işlərini yekunlaşdıran zaman restoranın içərisində Zərərçəkmiş şəxs ona yaxınlaşmış, “premiyamı ver” demişdir. O, Elvindən nə istədiyini soruşanda sonuncu ona Fərhad Əhmədovun onlara pul ayırdığını, verməli olduğunu demiş, o, isə Fərhad Əhmədovun heç kimə həmin vaxt pul ayırmadığını bildirmişdir. Elvin isə Fərhad Əhmədovun ona pul göndərdiyini gördüyünü demiş, həmin vaxt o, Elvinə həmin pulun işçilərə verilmədiyini izah etsə də Elvin başa düşməmiş, Elvin isə təkidlə ona verilməli pulun olduğunu bildirmiş, həmin pulu ondan tələb etdikdə o, Elvinə çatacaq pulun olmadığını demiş, nəticədə aralarında mübahisə yaranmış və Elvin onu restorandan çölə çıxarıb söhbət etməyə çağırmışdır. Həmin vaxt onlar retoranın həyətində olan zaman Cavadxanı çağırmış və Cavadxan da 400 manat pulu Könülə aparıb verdiyini təsdiq etmişdir. Həmin vaxt Elvin ona Cavadxanla əlbir olduğunu demiş və onun ünvanına nalayiq ifadələr işlədərək haqqını yediyini demiş və onu sinəsindən itələmiş, üzərinə gəlib onu vurmaq istədikdə o, başı ilə Elvinin sifət nahiyəsinə zərbə endirmişdir. Elvin isə ona təpik atdıqda o, arxaya çəkilmiş və yumruqla sonuncunun üz nahiyəsinə bir dəfə zərbə endirmişdir. Həmin vaxt Elvin zərbənin təsirindən yerə yıxılmış, Elvin ayağa qalxdıqda Cavadxan sonuncunu tutub saxlamış və onları aralayaraq dalaşmağa icazə verməmişdir. Bundan sonra isə onlar aralaşmış və Elvin restorandan çıxıb getmişdir. Həmin hadisə təxminən 5 dəqiqə müddətində davam etmiş, səs küy yaranmamış, ora hər hansı kənar şəxs toplaşmamış, gecə saatları olduğu üçün ətrafda heç kəs olmamış, hadisə zamanı Elvin onu itələmiş, ona təpik atsa da ona dəyməmiş, həmin vaxt o, heç bir xəsarət almamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə Göyçay rayonu, Natəvan küçəsində yerləşən "xxxx" şirkətinin “Poqreb” restoranında baş aşbaz olaraq işləməyə başlamış, həmin vaxt restoranı Təqsirləndirilən şəxs işlətmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" şirkətinin rəhbəri Fərhad Əhmədov restorana qonaq gəlib oturub yemək yemişdir. Fərhad Əhmədov adətən restorana qonaq gələn zaman işçilərə göstərilən xidmətə görə əlavə bəxşiş olaraq müəyyən məbləğdə pul vermişdir. Həmin vaxt Fərhad Əhmədov restorandan çıxarkən yeməkxanada neçə nəfər işlədiyini soruşmuş, 7 nəfər olduqlarını öyrənib 700 manat pul vermiş, həmin pulları o və işlədiyi şəxslər hərəyə 100 manat olmaqla bölmüş, Fərhad Əhmədov gedəndən sonra isə Təqsirləndirilən şəxs onu və işçiləri bir yerə yığmış, 700 manat pulu onlardan almış, onlardan əlavə 7 nəfər işçi də olduğunu bildirirək hərəyə 50 manat pul vermişdir. 08 iyun 2022-ci il tarixdə günorta saatlarında "xxxx" QSC-nin direktoru Fərhad Əhmədov restoranda tanışları ilə yeyib-içən zaman onun tərəfindən sonuncuya qulluq edilmiş, həmin vaxt Fərhad Əhmədov restoranda əyləşdiyi masadan qalxan zaman Təqsirləndirilən şəxs pul vermiş, o, həmin pulun işçilərə çatması üçün verildiyini düşünmüşdür. O və restoranda olan digər işçilər axşam saatlarına kimi Təqsirləndirilən şəxs Fərhad Əhmədov tərəfindən verilmiş pulu işçilər arasında bölüşdürməsini gözləmiş, Fuaddan hər hansı səs-soraq çıxmadığına görə saat 00 radələrində restoranın zalındakı kassanın yanında oturan Fuada yaxınlaşaraq Fərhad Əhmədovun işçilərə paylanması üçün verilən pulu nə vaxt verəcəyini soruşmuş, həmin vaxt Fuad ona heç bir pul verilmədiyini demiş, o X1 çıxan zaman pul verdiyini gördüyünü demiş, həmin vaxt Fuad ona 400 manat pul aldığını, həmin 400 manat pulun Könül adlı şəxsin əmək haqqı olduğunu və həmin qadına verdiyini demişdir. O, isə Fuada inanmayaraq etiraz etmiş, Fuadın üzərinə qışqıraraq həmin pulun onlara çatmalı olduğunu bildirərək pulunu tələb etmiş, Fuad isə ona verməli olduğu pulu olmadığını bildirdikdə aralarında mübahisə yaranmış, həmin vaxt o, Fuadı restoranın həyətində təklikdə söhbət etməyə çıxarmışdır. Onlar restoranın həyətində olarkən Fuad tanışı, eyni zamanda restoranda barmen işləyən Cavadxana zəng etmiş, Cavadxan oraya gəlmiş, həmin vaxt Cavadxan da Fuadın dediklərini təsdiqləyərək Fərhad Əhmədovun işçilərə pul vermədiyini, həmin pulun Könül adlı işçiyə verildiyini və həmin 400 manat pulu Fuadın onun vasitəsi ilə Könülə göndərdiyini demişdir. O, isə Fuad və Cavadxanın dediyinə inanmayıb pulu özlərinə götürmək üçün əlbir olduqlarını düşünüb Fuadın ünvanına nalayiq ifadələr işlədib Cavadxanla əlbir olduğunu demiş və Fuadı sinəsindən itələmişdir. Həmin vaxt Fuad baş nahiyəsi ilə sifətindən zərbə endirmiş, Fuad onu vuran zaman yenidən Fuadın ünvanına nalayiq ifadələr işlədib üzərinə getdikdə Fuad yenidən sağ əli ilə onun başının sol nahiyəsindən zərbə endirmiş və o, zərbənin təsirindən yerə yıxılmışdır. O, isə yerdən qalxaraq Fuadın üzərinə getmək istədikdə Cavadxan onu aralayıb dalaşmalarına icazə verməmiş və onu sakitləşdirməyə çalışmışdır. Həmin vaxt o, oradan uzaqlaşaraq restorandan çıxıb kirayə yaşadığı Göyçay şəhəri, M.Hüseynzadə küçəsində “Kontakt Home”nin arxa tərəfində yerləşən binaya getmiş, evdə ağrılarının çox olduğunu görüb Göyçay rayon Mərkəzi xəstəxanasına getmiş, orada ona tibbi yardım göstərilmiş, daha sonra isə polis Şöbəsinə gedib şikayət etmişdir. Həmin hadisə zamanı ətrafda hər hansı şəxs olmamış, həmin dava onun Fuaddan pul tələb etdiyi üçün onun təşəbbüsü ilə başlamış, səs küy yaranmamış, həmin dava qısa zaman ərzində təxminən 5 dəqiqə müddətində davam etmiş, ictimai qayda pozulmamışdır. Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq edərək döyən zaman o, Fuada qarşı hər hansı formada zor tətbiq etməmiş, müqavimət göstərməyə çalışmış, lakin gücü çatmamış, həmin vaxt Fuad onu vurmaq üçün hər hansı əşyadan istifadə etməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Şahid3 ifadə verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdən Göyçay şəhəri, Natəvan küçəsində yerləşən "xxxx" şirkətində olan “Poqreb” restoranında barmen işləməyə başlamış, Zərərçəkmiş şəxs həmin restoranda aşbaz, Təqsirləndirilən şəxs isə restoran müdiri işləmişdir. xx.xx.2022-ci il tarixdə Aznar şirkətinin rəhbəri Fərhad Əhmədov “Poqreb” restoranına gəlmiş, yeyib içib getmişdir. Restoranın işçisi Könül adlı qadına həmin vaxt 400 manat əməkhaqqı ödənməli olmuş, çünki Könül işdən çıxmışdır. Fərhad Əhmədov restorandan çıxıb getdikdən sonra Təqsirləndirilən şəxs onu çağırmış və Fərhad Əhmədovun 400 manat pul verdiyini, həmin pulu aparıb Könülə verməli olduğunu ona bildirmişdir. O da aparıb həmin pulu Könülə vermişdir. xx.xx.2022-ci il tarixdə saat 00 radələrində “Nar” oteldən çıxıb “Poqreb” restoranına tərəf gedən zaman Fuad zəng edib onu restoranın həyətinə çağırmış, həmin yerə getdikdə Fuadın Elvinlə dayanıb söhbət etdiyini, Elvinin təkidlə Fuaddan pul tələb etdiyini, Fərhad Əhmədovun bəxşiş olaraq verdiyi pulu Fuaddan istədiyini görmüşdür. O, isə orada 400 manat pulun Könül adlı işçiyə verildiyini və həmin pulu aparıb Könülə verdiyini təsdiq etmiş, həmin vaxt Elvin daha da əsəbləşərək Fuadla onun əlbir olduğunu demiş və Fuadın ünvanına nalayiq ifadələr işlədərək sinəsindən itələyib üzərinə getmişdir.Bu zaman Fuad başı ilə Elvinin üz nahiyəsinə zərbə endirmiş və yumruqla bir dəfə üzünə vurmuşdur. Elvin yerə yıxıldıqda o, Elvinlə Fuadı aralayıb dalaşmalarına icazə verməmiş, daha sonra isə Elvin oradan uzaqlaşaraq çıxıb getmişdir. Hadisə təxminən 5 dəqiqə müddətində davam etmiş, səs-küy yaranmamış, ora hər hansı kənar şəxs toplaşmamış, gecə saatları olduğu üçün ətrafda heç kəs olmamışdır. Hadisə zamanı Elvin Fuada hər hansı xəsarət yetirməmişdir. Məhkəmə baxışında Şahid2 ifadə verərək bildirdi ki, təxminən 2022-ci ilin iyun ayının əvvəllərində "xxxx" şirkətində yerləşən “Poqreb” restoranında administrator işləməyə başlamış, Zərərçəkmiş şəxs həmin restoranda aşbaz, Təqsirləndirilən şəxs isə restoran müdiri işləmişdir. xx.xx.2022-ci il tarixdə Aznar şirkətinin rəhbəri Fərhad Əhmədov “Poqreb” restoranına gələrək yeyib içib getmiş, həmin vaxt hesab ödəməmişdir. İş müddətində Zərərçəkmiş şəxs bir neçə dəfə Fərhad Əhmədovun işçilərə pul ayırdığını, axşam alacaqlarını bildirmişdir. xx.xx.2022- ci il tarixdə saat 00 radələrində işlərini yekunlaşdıran zaman Zərərçəkmiş şəxs kassaya getmiş və Təqsirləndirilən şəxslə nəsə danışmağa başlamış, həmin vaxt Elvinin Fuaddan pul istədiyini, X2 pul verdiyini görməsini dediyini eşitmiş, Fuad isə Elvinə verilməli pul olmadığını bildirdikdə Elvin razılaşmayaraq mübahisə etməyə davam etmiş və onlar restorandan çölə çıxmışlar. Həmin vaxt restoranda salatçı işləyən Osman onun yanına gəlmiş və onlar restorandan çölə çıxdıqda restoranın həyətində bir qədər aralıda qıraq yerdə Fuadın Elvini vurduğunu, Elvinin yerə yıxıldığını və Cavadxanın onları aralayaraq dalaşmalarına icazə vermədiyini görmüşdür. Həmin vaxt gecə saatları olmuş və ətrafda başqa heç kəs olmamış, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs restoranın içərisində söhbət edən zaman restoranda müştəri və ya başqa hər hansı şəxs olmamışdır. İş materiallarına əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 09 iyun 2022-ci il tarixli, 277 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər: 1. Sol gicgah nahiyəsi yumşaq toxumanın şişkinliyi, əllədikdə ağrılı olması fonunda hematomalı sahə küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.2. Sağ alın-burun tağı nahiyələrində əzilmiş-sıyrılmış yaralar, alın nahiyəsində dərialtı qansızma, hər iki dirsək oynağının arxa-bayır səthlərində, hər iki diz oynağının ön hissələrində sıyrılmış yaralar küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə saat 00 radələrində ünvan 1 ünvanda yerləşən “Aznar QSC-yə” məxsus nar zavodunun ərazisində olan müdir işlədiyi “Poqreb” restoranının həyətində həmin restoranda aşbaz işləyən Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun ondan əlavə pul istəyərək vermədikdə onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən yaranmış mübahisə zamanı başı ilə sonuncunun sifət nahiyəsinə və sağ əli ilə sonuncunun başının sol gicgah nahiyəsinə vuraraq yerə yıxıb Zərərçəkmiş şəxs sağ almburun tağı nahiyələrində əzilmiş-sıyrılmış yaralar, alm nahiyəsində dərialtı qansızma, hər iki dirsək oynağının arxa-bayır səthlərində, hər iki diz oynağının ön hissələrində sıyrılmış yaralar qismində sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və sol gicgah nahiyəsində yumşaq toxumanın şişkinliyi, əllədikdə ağrılı olması fonunda hematomalı sahə ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları üçün və zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X3 ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar