Məhkəmə qərarları › İş №1(046)-66/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-66/2025

22.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-66/2025 22.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,271 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 18 fevral 2025-ci il tarixdə saat 12:48 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfındən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay rayonu, Kürd kəndi ərazisində saxlanılmış və saat 12:48-dən sat 13:04-dək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd kağız bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,271 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bir müddətdir ki, psixotrop maddə metamfetamin istifadə edir. 17 fevral 2025-ci il tarixdə saat təxminən 19 radələrində Göyçay şəhəri Z.Bünyadov küçəsində yerləşən çayın kənarında gəzən zaman yerdə 1 ədəd kağız büküm olduğunu görmüş, əyilib həmin bükümü götürmüş, içərisinə baxan zaman əvvəllər də istifadə etdiyi üçün tanıdığı "patı” adlandırılan psixotrop maddə metamfetamin olduğunu görmüş, daha sonra o, həmin psixotrop maddəni istifadə etmək üçün cibinə qoymuş, 18 fevral 2025-ci il tarixdə o, Şahid6la birlikdə Göyçay rayonu Kürd kəndi ilə piyada hərəkət edən zaman, yəni 18 fevral 2025-ci il saat 12:48 radələrinda mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra isə polis əməkdaşları onlara narkotik vasitə istifadə etməkdə və üzərlərində saxlamaqda şübhəli olduqlarını bildirib üzərlərinə baxış keçirəcəklərini bildirmiş, onlar polis əməkdaşlarına etiraz etməmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə üzərlərinə baxış keçirilməsinə başlanmış, ilk öncə polis əməkdaşları Məmmədağadan üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuş, həmin vaxt Məmmədağa üzərində psixotrop maddə olduğunu etiraf edərək əynində olan boz rəngli cins şalvarın sol yan cibində olan 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, polis əməkdaşı Məmmədağadan həmin bükümün içərisində nə olduğunu soruşan zaman Məmmədağa polislərə bükümün içərisində "patı şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Göyçay şəhər avtovağzalının yaxınlığından tapdığını, öz şəxsi istifədəsi üçün üzərində daşıdığını, heç kimə satmadığını demişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi sellofan bükümlə birlikdə 0,58 qram təşkil etmiş, psixotrop maddə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onu və Məmmədağanın polis əməkdaşları Göyçay RPŞ-nə aparmış, orada onlar müdafiaçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmiş, orada yenə də videoçəkiliş olmuş, videoçəkiliş zamanı üzərlərindən aşkar edilərək zərflərə qoyulan predmətlər təhqiqatçı tərəfindən götürülmüş, o, həmin psixotrop maddədən heç kimə nə verməmiş, nə də ki, satmamış, yerdən tapdıqdan sonra özü istifadə etmək üçün üzərində saxlamış, Şahid6 onun üzərində olan psixotrop maddədən malumatı olmamış, o, Mammadağaya bu barəda heç bir məlumat verməmiş, həmçinin Məmmədağa Cəbrəyılovun üzərində olan psixotrop maddədən onun heç bir məlumatı olmamış, ümumiyyətlə onda olan psixotrop maddədən özündən başqa hər hansı bir şəxsin xəbəri olmamış, saxlanılan zaman polis əməkdaşları tərəfındən ona hər hənsı bir fiziki zorakılıq və ya digər bir qanunsuz hərəkət edilməmiş, onun istifədəsində ***-***-**-** saylı mobil nömrə olmuş, lakin mobil telefonu işlədiyi şəxsdə olduğu üçün polis əməkdaşları tərəfındən üzərinə baxış keçirilən zaman həmin telefon üzərində aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Göyçay şəhəri, 20 Yanvar küçəsi ev 20-da qeydiyyatda olmaqla yaşayan Şahid6 və Göyçay şəhəri, Abdulla Faruq küçəsi ev 35-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərlərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat malumatı daxil olmuşdur. Bundan sonra xx.xx.2025-ci il tarixdə həmin şəxslərin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin hayata keçirilməsi və yerlərinin müəyyən olunaraq üzərlərinə baxış keçirilməsi barəda qərar çıxarılmış, həmin tarixdə Mammadağa Cəbrayılovun və Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat malumatı daxil olduqdan sonra, həmin məlumat əsasında CAB-ın əməkdaşları Şahid2, Şahid3, və Şahid5 ilə birlikdə Göyçay rayonu, Kürd kəndinə getmiş, oraya çatdıqdan sonra özlərini təqdim edib həmin şəxslərə barələrində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib üzərilərinə baxış keçiriləcəyini bildirmişlər. 18 fevral 2025-ci il tarixdə saat 12:48 o, həmin şəxslərin üzərində yoxlama aparmağa başlamış, bu zaman videoçəkilişdən istifadə edilmiş, həmin şəxslərə Göyçay RPŞ-da müdafiəçi ilə təmin olunacaqlarını deyilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd kağız bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində "patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü Göyçay şəhərində çayın kənarından tapdığını, öz şəxsi istifədəsi üçün üzərində daşıdığını, həmin maddədən heç kimə vermədiyini, satmadığını demiş, daha sonra o, bükümü açaraq içərisinə baxmış, içərisində şəffaf rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olduğunu görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən pul əskinasları və Azərişığa aid plastik kart aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən pul və plastik kart sübut əhəmiyyati kəsb etmədiyindən həmin əşyaları Təqsirləndirilən şəxs özünə qaytarmışdır. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi kağız bükümlə birlikdə 0,67 qram təşkil etmiş, həmin büküm qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra hər iki şəxs Göyçay RPŞ-nə gətirilmiş, Göyçay RPŞ-da təhqiqatçı Anar Feyzullayev tərəfindan hər iki şəxs müdafiəçi ilə təmin edilmiş, hüquq va vəzifələri izah edilmiş, daha sonra yuxarıda adlarını qeyd etdiyi şəxslər və müdafiəçilarin iştirakı ilə şübhəli şəxslərdən aşkar edilən maddi sübutlar götürülmüş, təhqiqatçı Şahid6 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilərək qablaşdırılmış kütlələrin həmin şəxslərə aid olub-olmamasını soruşulmuş, bu zaman hər iki şəxs üzərlərindən aşkar edilən kütlələrin özlərinə məxsus olduğunu demiş, Məmmədağa Cabrayılov və Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, üzərilərindən aşkar edilən psixotrop maddədən hər hansı şəxsə satmaları və ya vermələri barədə əməliyyət malumatı daxil olmamışdır. Məmmədağa Cabrayılov və Təqsirləndirilən şəxs psixotrop maddə istifadəçisi olduqları üçün üzərilərindən aşkar edilmiş psixotrop maddələri şəxsi istifadə məqsədi ilə əldə edib üzərlərində daşımış, həmin şəxslərin üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni haradan əldə etmələri barədə onlarda dəqiq məlumat olmamış, sadəcə olaraq sorğu zamanı Mammadağa Cabrayılovun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini Göyçay şəhərində yerləşən avtovağzalın yaxınlığından, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini Göyçay şahərində çayın kənarından tapdığını, öz şəxsi istifadələri üçün üzərlərində daşıdıqlarını bildirmişdirlər. İş üzrə şahid qismində dindirilmiş Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2025-ci il tarixli 17/149 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağız büküm “sözləri, imzalar və adlar yazılmış 01 (bir) ədəd zərfın içərisindəki 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,271 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyasi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 01 may 2025-ci il tarixli 708 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddəlardən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Göyçay Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən "Narkomaniya” diaqnozu ilə həkim narkoloqun qeydiyyatdadır və həkim psixiatrın qeydiyyatında olmamışdır. Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14:05-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:05 MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki o, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinmiş və barəsində 01 il 11 ay 26 gün azadlığın mahdudlaşdırılması cəzası seçilmişdir. Göyçay Rayon İcra və Probasiya Şöbəsindən daxil omuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(046)- 46/2019 saylı hökmü xx.xx.2019-cu il tarixdə şöbənn icraatına daxil olmaqla Təqsirləndirilən şəxs həmin tarixdə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdən cəzasının çəkib bitirdiyi üçün şöbənin qeydiyyatından çıxmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı 1 siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qram olduqda külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər eyni növ cinayətə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə zalından dərhal həbs edilməli ,ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətə azaqlıdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbs olunsun. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,221 qram olan psixitrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının 71.94 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin.İş üzrə maddi sübut olan 02 ədəd DVD disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 9 iş saatına görə 99 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar