Məhkəmə qərarları › İş №1(046)-67/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-67/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-67/2025 07.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.55-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə saat 21 radələrində arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları Göyçay rayon Bığır kəndində yerləşən fərdi yaşayış evində olarkən aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruğu ilə bir dəfə sol göz ətrafı nahiyəsindən qəsdən vuraraq, sonuncuya sol göz yuvası ətrafı nahiyədə sol göz yarığının bir qədər daralması fonunda qançır ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar təxminən 14 ildir ki, rəsmi qaydada evlidir və iki azyaşlı övladları vardır. Zərərçəkmiş şəxs ilə evləndikləri gündən bəri onun Göyçay rayon Bığır kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. 10 mart 2025-ci il tarixdə saat 21 radələrində fəhlə olaraq işlədiyi yerdən çıxaraq yaşadığı evə gəlmişdir. Həmin gün çox işlədiyi üçün yorğun və əsəbi olmuşdur. Evə çatdıqda övladlarının evdə olmadığını anası Rəhilə gilə qonaq getdiyini, həmçinin arvadı Şəhanənin yemək üçün heçnə bişirmədiyini, yeməyə sadəcə olaraq dünəndən bişmiş kartof olduğunu görmüşdür. Evə yorğun və ac gəldiyi üçün buna əsəbləşmiş və arvadı Şəhanəyə irad bildirərək normal yemək bişirə bilmədiyini, ancaq anasının yanına getməyi, anası ilə qeybət qırmağı bacardığını bildirmişdir. Cavabında isə arvadı Şəhanə ona acıqlı cavab verərək bişirməyə guya heçnə almadığını, aldığı ərzaqlara uyğun yemək bişirdiyini bildirmişdir. O da Şəhanəyə təzəliklə evə ərzaq aldığını deyərək yalandan bəhanə etməməsini, anasının yanına gedib qeybət qırmaqdansa evdə oturub ev işləri ilə məşğul olmasını demişdir. Lakin buna baxmayaraq Şəhanə onunla sözlü mübahisəsini davam etdirərək onun yaxşı kişi olmadığını demişdir. Şəhanənin bu sözündən sonra o, bir qədər əsəbləşmiş və yaşdıqları evin qonaq otağında sağ əlinin yumruğu ilə Şəhanəni bir dəfə qəsdən sol gözünün üstündən vurmuşdur. Sonra isə daha özünü cilovlamış və Şəhanə ilə mübahisə etməyib evin digər otağına keçmişdir. Sonradan isə Şəhanənin onu vurduğu üçün barəsində Polisə şikayət etdiyini öyrənmişdir. Arvadı Zərərçəkmiş şəxs ilə mübahisələri 10 mart 2025-ci il tarixdə saat 21 radələrində yaşadıqları evdə baş vermişdir, mübahisə zamanı arvadı Şəhanəni bir dəfə yumruqla sol göz nahiyəsindən vurmuşdur, mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir, həmin vaxt azyaşlı uşaqları anasının evində olduqları üçün evdə heç kim olmamışdır, həmçinin səsküyə kənar şəxslər toplaşmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə aradan qaldırdığını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxsla evli olduqları müddətdə hərdənbir aralarında ailədaxili mübahisələri olmuşdur, lakin indiyə kimi həmin mübahisələrini ailə daxilində həll edərək qaydasına qoymuşdurlar. Qeyd etmək istəyir ki, təxminən 2 ay əvvəl qardaşı Əhliman Nəbiyev Bakı şəhərində həbs olunmuşdur, qardaşı həbs olunduqdan sonra anası Qalibə Nəbiyeva Bakı şəhərindən gələrək Bığır kəndində yaşamağa başlamışdır. Anası kənddə tək yaşadığından və qardaşının həbs olunmasını özünə dərd etdiyindən o, tez-tez anasının evinə gedərək ona təsəlli olmağa çalışır və anası ilə dərdləşir. 10 mart 2025-ci il tarixdə səhər saatlarında yenə də anasını ziyarət etməyə getmişdir. Anasını ziyarət etdikdən sonra yaşadığı evə gəlmişdir. Həmin gün saat 21 radələrində əri Təqsirləndirilən şəxs da işdən evə gəlmişdir. Evdə bişirmək üçün heçnə olmadığından və sadəcə olaraq kartov olduğundan o, kartov bişirərək Raminin qarşısına qoymuşdur. Lakin Ramin həmin yeməyi bəyənməyib, onunla mübahisə etməyə başlamış və bütün günü anasının evinə getdiyini, öz evində heç bir iş görmədiyini haqsız yerə deyərək mübahisəni davam etdirmişdir. Halbuki o, öz evində bütün işlərini görüb, sonra anasının evinə getmişdir və evdə yemək bişirmək üçün başqa heçnə olmadığından ona görə məcbur qalıb kartov bişirmişdir. Sonra Ramin mağazaya gedərək toyuq əti almış və evə gətirmişdir. O da həmin ətdən yemək bişirib, Raminin qarşısına qoymuşdur. Ramin yemək yeməyə başlayaraq yenə də onunla sözlü mübahisəsini davam etdirmiş və anasının evinə tez-tez getdiyi üçün ona irad bildirmişdir. Raminə izah etmişdir ki, anasının hazırda vəziyyəti yaxşı deyildir, qardaşı həbs olunmuşdur, anasına dəstək olmaq üçün yanına getmişdir. Lakin Ramin bunu qəbul etməmiş və yemək yediyi masadan qalxaraq üzərinə gəlib onunla mübahisəsini davam etdirmiş və mübahisə zamanı yumruqla sol gözaltı nahiyəsindən vurmuşdur. Bundan sonra isə o, gözünü tutaraq yaşadığı evdən çıxmış və anasının evinə getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 12 mart 2025-ci il tarixli, 101 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol göz yuvası ətrafı nahiyədə sol göz yarığının bir qədər daralması fonunda qançır küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixinə uyğun gəlirlər və dərəcələrinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə saat 21 radələrində arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları Göyçay rayon Bığır kəndində yerləşən fərdi yaşayış evində olarkən aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruğu ilə bir dəfə sol göz ətrafı nahiyəsindən qəsdən vuraraq, sonuncuya sol göz yuvası ətrafı nahiyədə sol göz yarığının bir qədər daralması fonunda qançır ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaya aid xəsarət yetirmiş, həmin əməl isə Azərbaycan Respublikası CMnin 128-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları və zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənildiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar