Məhkəmə qərarları › İş №1(046)-7/2021

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-7/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-7/2021 10.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, müdafiəçi X2, Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 iştiraki ilə, xx.xx.1998-ci ildə Yevlax rayonunun Tanrıqullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, çoban işləyən, məhkum olunmamış, Göyçay rayonunun Mirzəhüseynli kəndində müvəqqəti qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 10 radələrində Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fermanın yaxınlığında yerləşən örüş sahəsindən sonuncunun Zərərçəkmiş şəxs2 ilə birgə mülkiyyətində olan 85 baş xırdabuynuzlu heyvanları gizli yolla talayıb zərərçəkmiş şəxslərə ümumilikdə 15200 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 2016-cı ilin noyabr ayında Göyçay rayonunda makler işləyən Qalibin vasitəsi ilə Zərərçəkmiş şəxs1la tanış olmuşdur. Habilin Göyçay rayonu Mirzəhüseynli kəndində ferması vardır və Habil həmin fermada xırdabuynuzlu heyvanlar saxlayır. Habil 2016-cı ilin noyabr ayında ona fermasında çoban işləməsini təklif etmişdir. Habillə hər ay ona 200 manat maaş verəcəyinə razılaşmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs1 onu gündəlik yemək və siqaretlə təmin edəcəyini bildirmişdir. Beləliklə də həmin ilin noyabr ayından başlayaraq Habilin fermasında çobanlıq etməyə başlamışdır. Hər ay Zərərçəkmiş şəxs1 ona 200 manat nağd pul formasında əmək haqqı vermişdir. Habilin fermasında xx xxxx 2019-cu il tarixə qədər işləmişdir. Habilə məxsus fermada işlədiyi müddətdə Habil onunla çox pis rəftar etmişdir. Belə ki, mütəmadi olaraq heç bir səbəb olmadan onu söyüb təhqir etmiş, aylıq maaşını vaxtında verməyib, gecikdirmişdir. Buna görə 2019-cu ilin iyul ayında Habilin fermasından çıxmaq qərarına gəlmişdir. Bir aydan sonra Göyçay rayonu Mirzəhüseynli kəndində ferması olan Məhiyə zəng edib onu fermasına çoban götürməsini xahiş etmişdir. Məhi ayda 400 manat əmək haqqı verəcəyi ilə onu çoban götürmüşdür. Ondan başqa Məhinin 2 nəfər çobanları olmuşdur. Habilin ferması ilə Məhinin fermasının arasında təxminən 1 kilometr məsafə vardır. xx xxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində Məhinin fermasında qoyunları qırxan zaman fermanın nəzarətçisi Natiq də onun yanında olmuşdur. Bu zaman Məhinin Elşən adlı çobanı fermanın nəzarətçisi Natiqə zəng edərək məlumat vermişdir ki, Habilin dağda otarılan qoyunları Məhinin otarılan qoyunlarına qarışmışdır. Həmin vaxt Natiq bu barədə telefonla Məhiyə məlumat vermişdir. Məhi də tapşırıq vermişdir ki, Habilin qoyunlarını ayırıb qaytarsınlar. Bu zaman Habildən acıqlı olduğu üçün ondan qisas almaq məqsədilə həmin heyvanları oğurlamaq qərarına gəlmişdir. Buna görə də Natiqin telefonu ilə Məhiyə zəng edib, anasının xəstə olduğunu bəhanə gətirərək, 1 aylıq icazə istəmişdir. Məhi də etiraz etməmiş və demişdir ki, heyvanları ayırıb, Habilə qaytardıqdan sonra getsin. Bundan sonra dağa qalxıb Habilin qoyunlarını seçmiş və saydıqda görmüşdür ki, 85 baş heyvanlardır, həmin 85 baş heyvanlardan 5 baş keçi, 54 baş qoyun və 26 baş quzu olmuşdur. Bu zaman Məhinin çobanı Elşənə də bildirmişdir ki, həmin heyvanları Habilin fermasına qaytaracaqdır. Daha sonra həmin heyvanları qabağına qatıb, piyada Ağdaş rayonunun Kükəl kəndinə gətirmişdir. Qazel markalı avtomobilin sürücüsü Fuada müraciət edərək, ona bildirmişdir ki, həmin heyvanlar özünə məxsusdur, heyvanları dayısı Şahid6 yaşadığı Şəki rayon Böyük Dəhnə kəndinə aparmaq lazımdır. Fuad ona 85 baş heyvanların bir avtomobilə yerləşmədiyini bildirmiş, heyvanların yarısını ikinci Qazel markalı avtomobillə aparmağın mümkün olduğunu izah etmişdir. Digər Qazeiln sürücüsü Arazla razılaşmışdır. Heyvanları həmin avtomobillərə yükləmiş və hər sürücü ilə heyvanları daşımaq üçün 80 manat haqq ödəyəcəyi razılaşmışdır. Dayısının yaşadığı Şəki rayonun Böyük Dəhnə kəndinə çatdıqda, dayısı evdə olmamış, dayısının arvadı Afət Qasımova həyətlərində yer olmadığı üçün qoyunları həyətə boşaltmağa icazə verməmişdir. Bundan sonra məcbur qalıb, heyvanları Yevlax rayonu, Tanrıqulular kəndində yaşadığı evə aparmışdır. Həmin vaxt anasında pul olmadığı üçün hər iki Qazel markalı avtomobilin sürücülərinə 2 baş quzu vermişdir. Qalan qoyunları da həyətə boşaltmışdır. Həmin gün axşam quzulardan birini həyətdə kəsmiş və ailə üzvləri ilə birlikdə yemişlər. xx xxx 2020-ci il tarixdə həmin heyvanları yaşadığı kəndin örüş sahəsinə otarmaq üçün çıxarmışdır. Həmin vaxt oradan keçən heyvan sürüsünə yaxınlaşıb, heyvanları satmaq istədiyini demişdir. Həmin çoban ondan heyvanların qiyməti ilə maraqlandıqda heyvanları ümumilikdə 7000 manata satdığını bildirmişdir. Həmin heyvan sürüsünün çobanı da sürü sahibinə zəng edib, bu barədə məlumat vermişdir. Bir qədər sonra tanımadığı bir nəfər şəxs, ağ rəngli, nömrəsini xatırlamadığı “Niva” markalı avtomobillə həmin yerə gəlmişdir. Həmin tanımadığı şəxs heyvanları ümumilikdə 6000 manata ala biləcəyini demişdir. Həmin şəxslə razılaşıb, həmin 80 baş xırdabuynuzlu heyvanı 6000 manat pul qarşılığında satmışdır. Bundan sonra həmin puldan 3000 manatını anasına müalicəsi üçün vermişdir. Anasının böyrəklərində problem olduğu üçün mütəmadi olaraq müalicə alır. Qalan 3000 manat pulla isə özünə paltar, mobil telefon almışdır. Gizlənmək üçün isə Bakı şəhərinə getmək qərarına gəlmişdir. Buna görə də taksiyə minib Bakı şəhəri Müşviq qəsəbəsində daş bazarına getmişdir. Orada işləyən fəhlələrlə birlikdə işləməyə başlamışdır. Həmin müddət ərzində isə bazarın yaxınlığında kirayədə yaşamışdır. Oğurladığı heyvanların satışından əldə etdiyi pulun qalanını isə Bakı şəhərində müxtəlif yerlərdə xərcləmişdir. xx xxxx 2020-ci il tarixdə Müşviq qəsəbəsində yerləşən daş bazarında olarkən Göyçay rayon polis şöbəsinin əməkdaşları onu Göyçay rayon polis şöbəsinə gətirmişlər. Törətdiyi əməldən peşmandır, zərərçəkmişə dəymiş ziyanı ödəmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Mirzəhüseynli kəndində yaşayır. Zərərçəkmiş şəxs1 Göyçay rayonu Mirzəhüseyinli kəndində özünə məxsus qoyun ferması vardır. Həmin fermada 429 baş xırdabuynuzlu heyvan vardır. Həmin 429 baş xırdabuynuzlu heyvandan 103 baş qoyunu 2020-ci ilin fevral ayında Habillə birlikdə şərik olaraq almışlar və həmin heyvanlar onların birgə mülkiyyətində olmuşdur. Həmin 103 baş qoyundan ümumilikdə 128 baş quzu doğulmuşdur. Qalan 198 heyvanın 10-u keçi, 5-i çəpiş, qalanları isə qoyun və quzular olmuşdur. Heyvanları fermada çoban işləyən Şahid1 Elbrus oğlu otarmışdır. Xəzər hər gün saat 06 radələrində heyvanları fermanın yaxınlığındakı dağlıq sahəyə aparıb otarmış, saat 12 radələrində isə onları fermaya geri gətirmişdir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində evdə olarkən Habil ona zəng edərək 85 baş xırdabuynuzlu heyvanının əksik olduğunu bildirmişdir. Bundan sonra fermaya getmişdir. Bu zaman Habil ona bildirmişdir ki, sürüdən 54 baş qoyun, 26 baş quzu, 2 baş keçi və 3 baş çəpiş heyvanı əksikdir. Xəzər bildirmişdir ki, saat 12 radələrində heyvanların hamısını fermaya gətirmiş və onları içəri salmışdır. Fermanın qapısını da bağladıqdan sonra yeməyini yeyib və istirahət etmək üçün fermada olan evdə uzanmışdır. Bir qədər sonra isə yuxuya getmiş və yatmışdır. Ayılanda isə fermanın qapısının açıq olduğunu, heyvanların bir hissəsinin fermada, digərlərinin isə çöldə dağınıq şəkildə olduğunu görmüşdür. Xəzər sonradan heyvanları saymağa başlayanda onların əksik olduğunu görərək Habilə məlumat vermişdir. Habil və Xəzər bundan sonra heyvanları axtarmağa başlamışlar. Lakin heyvanları tapa bilməyəndə isə Habil Göyçay rayon polis Şöbəsinə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1la ona ümumilikdə 15200 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Hesab edir ki, həmin heyvanları Əliəkbər deyil Məhi oğurlatdırmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Mirzəhüseynli kəndində yaşayır. Göyçay rayonu Mirzəhüseyinli kəndində özünə məxsus qoyun ferması vardır. Həmin fermada uzun müddətdir ki, xırdabuynuzlu heyvanlar saxlayır. Həmin heyvanları hazırda Xəzər adlı çoban otarır. Xəzərdən əvvəl isə ona məxsus heyvanları Əliəkbər otarmışdır. Əliəkbər 2016-cı ilin noyabr ayında onun yanına gələrək, çoban işləmək istədiyini bildirmişdir. Onun da çobana ehtiyacı olduğu üçün Əliəkbəri işə götürmək qərarına gəlmişdir. Əliəkbər ondan aylıq 300 manat maaş istəmişdir. Əliəkbərə 200 manat verə biləcəyini demişdir. Əliəkbər isə 200 manatın az olduğunu və aylıq maaşından əlavə də hər ay ona bir quzu verməyini istəmişdir. Əliəkbərə etiraz edib, hər ay 200 manat verəcəyini, eyni zamanda yemək və siqaretlə təmin edəcəyini bildirmişdir. Bundan sonra Əliəkbər ona məxsus fermada çoban kimi işləməyə başlamışdır. 2019-cu ilin iyul ayının sonlarında isə Əliəkbər işdən azad olmuşdur. Bundan sonra o Xəzərlə razılaşıb, Xəzəri işə götürmüşdür. Həmin fermada hazırda 429 baş xırdabuynuzlu heyvan olmuşdur. Həmin 429 baş xırdabuynuzlu heyvandan 103 baş qoyunu 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxs2la birlikdə şərik olaraq almışlar. Həmin 103 baş qoyunun ümumilikdə 128 baş balası doğulmuşdur. Qalan 198 heyvanın 10-u keçi, 5-i çəpiş, qalanları isə qoyun və quzular olmuşdur. Heyvanları fermada çoban işləyən Şahid1 Elbrus oğlu otarmışdır. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində evdə olarkən Xəzər ona zəng edərək 85 baş xırdabuynuzlu heyvanın əksik olduğunu bildirmişdir. Bundan sonra fermaya getmişdir. Orada olarkən sürüdən 54 baş qoyun, 26 baş quzu, 2 baş keçi və 3 baş çəpiş heyvanı əksik olduğunu görmüşdür. Qalan heyvanların bir qisminin fermanın içərisində, bir qisminin isə fermadan çıxıb, ətrafa yayıldığını görmüşdür. Xəzər bildirmişdir ki, saat 12 radələrində heyvanların hamısını fermaya gətirib və onları içəri salmışdır. Fermanın qapısını da bağladıqdan sonra yeməyini yemiş və istirahət etmək üçün fermada olan evdə uzanmışdır. Bir qədər sonra isə yuxuya getmişdir. Ayılanda isə fermanın qapısının açıq olduğunu, heyvanların bir hissəsinin fermada, digərlərinin isə çöldə dağınıq şəkildə olduğunu görmüşdür. Xəzər sonradan heyvanları saymağa başlayanda onların əksik olduğunu görərək ona məlumat vermişdir. Şəriyi Qalib və Xəzər bundan sonra heyvanları axtarmağa başlamışlar. Heyvanları tapa bilməyəndə isə Göyçay rayon polis şöbəsinə müraciət etmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən X7 məxsus fermada nəzarətçi işləyir. Təqsirləndirilən şəxs onunla birlikdə Məhi Nuriyevə məxsus fermada 2019-cu ilin sentyabr ayından işləyir. xx xxx 2020-ci il tarixdə həmin fermada çoban işləyən Elşən hər gün olduğu kimi heyvanları otarmaq üçün örüş sahəsinə aparmışdır. Həmin gün Əliəkbər fermada qalan qoyunların yununu qırxmışdır. Həmin vaxt Əliəkbərin yanında olmuşdur. Bu zaman Elşən ona zəng edərək, yaxınlıqda yerləşən fermanın sahibi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus xırdabuynuzlu heyvanların Məhiyə məxsus heyvanlara qarışdığını, təkbaşına həmin heyvanları ayıra bilməyəcəyini bildirərək, kömək etmək üçün çoban göndərməyini xahiş etmişdir. Məhiyə zəng edib, bu barədə məlumat vermişdir. Əliəkbəri həmin heyvanları ayırıb, qaytarması üçün Elşənin yanına göndərmişdir. Əliəkbər həmin vaxt ondan telefonunu istəyib, Məhi ilə danışmaq istədiyini demiş, telefonunu Əliəkbərə vermişdir. Əliəkbər Məhi ilə danışarkən anasının xəstə olduğunu bildirib, 1 aylıq icazə istəmişdir. Telefonla danışdıqdan sonra Əliəkbər telefonu ona qaytarıb, Məhidən icazə aldığını və heyvanları ayırıb Habilin fermasına qaytardıqdan sonra yaşadığı Yevlax rayonu, Tanrıqulular kəndinə gedəcəyini bildirmişdir. Bundan sonra Əliəkbər çıxıb getmişdir. Bir neçə gündən sonra eşitmişdir ki, Zərərçəkmiş şəxs1 heyvanları oğurlanmışdır. Həmin heyvanların kim tərəfindən oğurlandığını əvvəlcə bilməsə də, xx xxxx 2020-ci il tarixdə ona məlum olmuşdur ki, həmin heyvanları Əliəkbər oğurlamışdır. Belə ki, Əliəkbər xx xxx 2020-ci il tarixdə dağda ona məxsus heyvanlara qarışan Habilin heyvanlarını ayırıb, Habilə qaytarmaq əvəzinə oğurlayıb aparmışdır. İş üzrə şahid qismində ifadə vermiş X4 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Ağdaş rayonu Kükəl kəndində yaşayan tanışı Müşviqə onun həyətinin yaxınlığında tövləyə ot bağlamaları yığmağa köməklik etmişdir. Onlar orada işləyən zaman Əliəkbər onlara yaxınlaşıb içmək üçün su istəmişdir. Həmin vaxt yaxınlıqda onun gətirdiyi qoyun sürüsü də olmuşdur. Bundan sonra Əliəkbər söhbət edərək qoyunları fermadan gətirdiyini, onları Şəki rayonuna aparmaq üçün “Qazel” markalı yük avtomobili axtardığını bildirmişdir. Ələkbərə özünün “Qazel” markalı yük avtomobilinin olduğunu və onun heyvanlarını Şəki rayonuna apara biləcəyini demişdir. Əliəkbər də qoyunları Şəki rayonu Böyük Dəhnə kəndində yaşayan dayısının evinə aparacağını, əvəzində ona dayısından 80 manat pul alıb verəcəyini, əgər pul verə bilməzsə, 2 baş quzu verəcəyini demişdir. Bundan sonra Əliəkbərin heyvanlarını özünə məxsus “Qazel” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yükləməyə başlamışlar. Lakin heyvanların hamısı avtomobilə sığmamışdır. Bundan sonra Ələkbərin razılığı ilə tanışı Araza zəng edərək ona qoyunları aparmaq üçün avtomobili ilə onların olduğu yerə gəlməsini xahiş etmişdir. Arazın da özünə məxsus “Qazel” markalı yük avtomobili var və yükdaşıma ilə məşğul olur. Araz gələndən sonra heyvanların yarısını Arazın avtomobilinə, qalan yarısını isə onun avtomobilinə yükləmişlər. Ələkbər Araza da onunla eyni qaydada pul verəcəyini bildirmişdir. Bundan sonra onlar yola düşmüşlər. Əliəkbər də onun avtomobilinə əyləşmişdir. Onlar heyvanları Şəki rayonu Böyük Dəhnə kəndinə gətirmişlər. Orada Ələkbərin dayısının evi kimi təqdim etdiyi bir evin qarşısında dayanmışlar. Evdən adını bilmədiyi bir qadın çıxmışdır. Əliəkbər ona heyvanlarını gətirdiyini, 1 günlük heyvanları onun tövləsində saxlamaq istədiyini demişdir. Lakin həmin qadın buna razı olmamış və həyətində şəraitinin olmadığını, heyvanları saxlaya bilməyəcəyini bildirmişdir. Bundan sonra Ələkbər ona heyvanları Mingəçevir şəhərinə qardaşının evinə aparmaq lazım olduğunu bildirmişdir. Onlar əvvəl razı olmasa da, sonradan düşünmüşlər ki, artıq yola çıxmışlar və pul da almamışlar. Buna görə razılaşıb Mingəçevir şəhərinə yolda düşmüşlər. Onlar Mingəçevir şəhərindən keçib Yevlax rayonun Tanrıqulular kəndinə Ələkbərin qardaşının evinə getmişlər. Onları adlarını bilmədiyi iki qadın qarşılamışdır. Əliəkbər heyvanları həyətə boşaltmağa başlamışdır. Onlar da kənarda dayanıb gözləmişlər. Əliəkbər heyvanları həyətə salandan sonra kiməsə zəng edib pul gətirməyini istəmişdir. Bir qədər sonra Əliəkbərin adını bilmədiyi qardaşı da oraya gəlmişdir. Az keçməmiş Əliəkbər onlara pulunun olmadığını, əvəzinə Arazla hərəsinə 2 baş quzu verə biləcəyini demişdir. Onlar Əliəkbərdən pul tələb etsələr də, pulu ala bilməyəcəyini görüb razılaşmışlar. Bundan sonra Əliəkbər onların hərəsinə 2 baş quzu vermişdir. Sonra isə onlar Göyçay rayonuna qayıtmışlar. Sonradan polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər və həmin heyvanların Əliəkbər tərəfindən oğurlandığını bildirmişlər. Əliəkbərin ona zəhmət haqqı kimi verdiyi iki baş heyvanı polis əməkdaşlarına təhvil vermişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid5 şahid X1 göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində ifadə vermiş X8 göstərmişdir ki, Təqsirləndirilən şəxs əri Şahid6 bacısı oğludur. Əliəkbər müxtəlif şəxslərə məxsus fermalarda çoban işləmişdir. xx xxx 2020-ci il tarixdə saat 17 radələrində mağazadan evə qayıdarkən evin həyət darvazasının qarşısında iki ədəd “Qazel” markalı yük avtomobillərinin dayandığını görmüşdür. Həmçinin avtomobillərin yük yerində bir xeyli xırdabuynuzlu heyvan olmuşdur. Eyni zamanda avtomobillərin yanında 3 nəfər şəxs dayanmışdır. Həmin şəxslərdən biri ərinin bacısının oğlu Əliəkbər olmuş, digər iki nəfər şəxsi isə tanımamışdır. Bu zaman o Əliəkbərə yaxınlaşıb salamlaşmışdır. Bundan sonra o həmin yük avtomobillərinin və içərisindəki heyvanların nə olduğu ilə maraqlandıqda Əliəkbər ona bildirmişdir ki, həmin heyvanlar özünə məxsusdur və saxlamağa yeri olmadığından onların tövləsində bir günlük saxlamaq istədiyini bildirmişdir. Əliəkbərə icazə verməmişdir. Buna görə də o həyətə keçib, əri Şahid6 mobil telefonla zəng etmiş və Əliəkbərin bir xeyli heyvan gətirdiyini və onların tövləsində bir günlük saxlamaq istədiyini demişdir. Əri Şahid6 da ona Əliəkbərə icazə verməməyini tapşırmışdır. Bundan sonra həyətdən çıxmış, Əliəkbərə çıxıb getməsini demişdir. Əliəkbər yenə də yalvarmağa başladıqda o polis çağıracağını demişdir. Əliəkbər də bundan sonra həmin “Qazel” markalı yük avtomobilləri ilə çıxıb getmişdir. Sonradan öyrənmişdir ki, Əliəkbər həmin “Qazel” markalı yük avtomobilləri ilə gətirdiyi xırdabuynuzlu heyvanları Göyçay rayonunda fermadan oğurlamışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid6 şahid X5 göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş arayışdan görünür ki, xx xxx 2020-ci il tarixdə Göyçay rayon mal-qara bazarında yerli cinsli, qüsursuz bir baş qoyunun satış qiyməti 200 manat, yerli cinsli, qüsursuz bir baş quzunun satış qiyməti 150 manat, yerli cinsli, qüsursuz bir baş keçinin satış qiyməti 100 manat olmuşdur. Məhkəməyə təqdim edilmiş müvəqqəti qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti olaraq Göyçay rayonunun Mirzəhüseynli kəndində yaşayır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ərazisində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 10 radələrində Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fermanın yaxınlığında yerləşən örüş sahəsindən Zərərçəkmiş şəxs2 ilə birgə mülkiyyətində olan 85 baş xırdabuynuzlu heyvanları gizli yolla talayıb zərərçəkmiş şəxslərə ümumilikdə 15200 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq edərək Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, az ağır cinayət törətdiyini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.4-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil X3 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil X3 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar