Məhkəmə qərarları › İş №1(046)-70/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-70/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-70/2023 22.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.25-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1960-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 ay 26 gün hissəsini çəkməkdən şərti olaraq vaxtında əvvəl azad edilmiş, məhkumluğu olan, Göyçay rayonu Qaraman kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, şəxsi istehlak miqdarından artıq miqdarda 6,29 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib satış məqsədi olmadan üzərində saxlayaraq daşıyarkən Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2023-cü il tarixdə, saat 12:20-də yaşadığı Göyçay rayonu, Qaraman kəndində yerləşən fərdi yaşayış evində saxlanılıb həmin tarixdə, saat 12:50-də qeyd edilən evin həyətyanı sahəsində üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarın ön sağ cibindən bir ədəd şəffaf sellofanın içərisində olmaqla ağ rəngli kağıza bükülü vəziyyətdə və tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,29 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, o, Göyçay rayonu Qaraman kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Narkotik vasitə olan “nəşə” kimi tanınan qurudulmuş marixuana istifadəçisidir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında həyətyanı sahədə kərpicləri yerbəyer edərkən şəffaf sellofanın içərisində ağ rəngli kağız büküm görüb həmin bükümü yerdən götürüb açdıqda içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana olmasını aşkar etmiş və istifadəçi olduğundan tapdığı narkotik vasitəyə görə çox sevinərək istifadəsi üçün həmin narkotik vasitəni şalvarının cibinə qoymuşdur. Qeyd edilən tarixdə, saat 12 radələrində yaşadığı ünvanda olarkən qapının döyüldüyünü və çağırıldığını eşidib küçəyə çıxmış və polis əməkdaşlarının həyət qapının qarşısında olduqlarını görmüşdür. Polis əməkdaşları ona narkotik vasitə saxlamaqda və əkilib becərilməsində şübhəli olduğunu bildirərək yaşadığı həyətə və üzərinə baxış keçirmək istdədiklərini demişlər. O, polis əməkdaşlarının yaşadığı həyətə baxış keçirmələrinə etiraz etməmiş və bu barədə yazılı ərizə də yazmışdır. Daha sonra polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, vəkil dəvət olunmuşdur. Vəkil Müdafiəçi gəldikdən sonra onunla bir qədər təklikdə söhbət etmiş, bundan sonra aqronomun, polis əməkdaşlarının və vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd özünə məxsus mobil telefon, “ketonol” adlı dərman və bir ədəd şəffaf rəngli bükümün içərisində olan qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra həmin narkotik vasitə kağız zərfin içərisində qablaşdırılmış, zərfin üzərində qeydlər aparılmış, möhürlənmiş və imzalarla təsdiq etmişdir. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Göyçay rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması, mütəmadi olaraq üzərində narkotik vasitə saxlaması və daşıması, o cümlədən yaşadığı evin həyətyanı sahəsində əkib-becərməsi barədə əməliyyat məlumatına malik olduğundan 29 aprel 2023cü il tarixdə bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş, həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq aldıqdan sonra polis şöbəsinin CAB-m əməkdaşları Şahid2n, Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 12:20 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu, Qaraman kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gedib qapını döymüşlər və Təqsirləndirilən şəxs qapını açıb çölə çıxmışdır. Təqsirləndirilən şəxs gəlişlərinin səbəbini, yəni Bəhruzun mütəmadi olaraq üzərində narkotik vasitə saxlaması və daşıması, o cümlədən yaşadığı evin həyətyanı sahəsində əkib-becərməsi barədə əməliyyat məlumatına malik olduqlarını, bu baxımdan evinin həyətyanı sahəsinə baxış, üzərində isə axtarış keçirəcəklərini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs etiraz etməmiş və təhqiqatçıya ərizə yazıb evinin həyətinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, həmçinin dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra onlar videoçəkilişlə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs evinə daxil olmuşlar. Evin həyətyanı sahəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Belə ki, axtarışdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı predmet, o cümlədən narkotik vasitə varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynindəki şalvarın ön sağ cibindən 1 ədəd şəffaf sellofanda kağız büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs eyni zamanda mobil telefon və “Ketanof’ adlanan dərman həbi də təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində yaşıl rəngli, bitki mənşəli, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “nəşə” kimi tanınan narkotik vasitə olduğunu, həyətində iş görəndə tapdığını, istifadəçisi olduğunu və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilmiş və istixananın çöl tərəfdən dibində əkilmiş 1 ədəd çətənə kolu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kolun yabanı halda bitdiyini, özü tərəfindən əkilmədiyini, toxumunun peyinin arasında qarışıb gələ biləcəyini qeyd etmişdir. Həmin kol torpaqdan çıxarılmış və aqronom tərəfindən torpaqdan nümunələr götürülmüşdür. Həmin kol da ağ rəngli torbaya qoyulub qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki,diskin içərisində 20 dəqiqə 06 saniyədən ibarət bir ədəd videogörüntü var. Videogörüntü Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından başlanılır. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 90cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildiyi səsləndirilir. Bundan sonra iştirakçılar Təqsirləndirilən şəxs razılığı ilə evinin həyətyanı sahəsinə daxil olurlar. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı predmet, o cümlədən narkotik vasitə varsa təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynindəki şalvarın ön sağ cibindən 1 ədəd şəffaf sellofanda kağız büküm çıxarıb təqdim edir. Həmin büküm açıldıqda içərisində yaşıl rəngli, bitki mənşəli, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilir. Həmin büküm zərfin içərisinə qoyulub möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 29 aprel 2023-cü il tarixli, 17/374 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik kisənin içərisindəki, uzunluğu 148 sm, yaş vəziyyətdə təmiz çəkisi 1125,0 qram olan 01 (bir) ədəd bitki nümunəsi əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Aqronom (mütəxəssis) Şaiq İsmayılovun 29 aprel 2023-cü il tarixli rəyinə əsasən, çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Həmin sintetik kisənin içərisindəki 01 (bir) ədəd sellofan torbada olan torpaq nümunəsində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 6,29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Çətənə bitkisinin təmiz çəkisi 1125 qram, tədqiqata sərf edildi 0,20 qram, qalıq 1124,80 qramdır. Marixuananın təmiz çəkisi 6,29 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 6,24 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 18 iyul 2023-cü il tarixli, 1209 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə, saat 12.30-da şübhəli şəxs qismində tutulmuş, 30 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün və Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Məmmədov X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 ay 26 gün hissəsini çəkməkdən şərti olaraq vaxtında əvvəl azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli 1 ədəd çətənə kolu cinayət tərkibi yaratmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham elan edilməsindən imtina edilmiş,barəsində İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin 21 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(046)-25/2022 saylı qərarı üzrə Təqsirləndirilən şəxs cəzası bitdiyi üçün xx.xx.2023-cü il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsindən qeydiyyatdan çıxarılmışdır. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,29 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını,yaşını (63 yaş),əvvəllər məhkum edilməsini, məhkumluğunun olmasını,qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini ,az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını iş üzrə cəzasını yüngülləşdirən hal olduğunu və cinayətlərin təkrar törədilməsini iş üzrə cəzasını ağırlaşdıran hal olmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır,ağır və ya xüsusilə ağır cinayət törətdikdə,məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 19-cu bəndinə görə çəkilməmiş cəza müddətinə məhkumun şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddəti, əvvəlki hökmlə təyin edilmiş şərti məhkumetmənin bütün müddəti, hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar tərəfindən çəkilməsi təxirə alınmış cəza müddəti aiddir. Cinayət işi materiallarına əlavə edilmiş və iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 26 gün hissəsindən Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi müddət ərzində 29 aprel 2023-cü il tarixdə az ağır cinayət hesab edilən CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmişdir.Belə olan halda məhkəmə hesab edir ki,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələblərinə uyğun olaraq Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli,CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, CM-in 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilərək, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmuzu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə cəzasının çəkilməmiş qalan hissəsi qismən birləşdirilməklə qəti cəza təyin edilməli, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli qərarının 3.7-ci bəndinə əsasən məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara tətbiq oluna bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 18 iyul 2023-cü il tarixli, 1209 nömrəli rəyində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması göstərilsə də, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli qərarı nəzərə alınmalı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs yaşı 60-dan yuxarı olduğundan barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,24 qram narkotik vasitə qurudulmuş marixuana və 1124,80 qram çətənə kolu Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik Azərbaycan Respublikası CPM- nin 198.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 2 gün çıxılaraq ona 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 26 gün hissəsini çəkməkdən şərti olaraq vaxtında əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi qismən birləşdirilərək qəti olaraq ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Qaraman kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,24 qram narkotik vasitə qurudulmuş marixuana və 1124,80 qram çətənə kolu məhv edilsin. Ekspertiza tədqiqatının 34 manat 55 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar