Məhkəmə qərarları › İş №1(046)-71/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-71/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-71/2023 19.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Göyçay rayonunda anadan olmuş, AR vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkumluğu olmayan, evli, Göyçay rayonu Cəyirli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda, yəni 06 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonu Cəyirli kəndində yaşayan həmkəndlisi və qonşusu Şahid4 xəbəri olmadan sonuncuya məxsus fəhlə olaraq işləyib ağaclara qulluq etdiyi və sərbəst girib çıxdığı həyətyanı bağ sahəsinin qurtaracağında olan xəndəyin içərisində kol kosun arasında istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq 04 (ədəd) dibçəklərdə torpağa əkib yetişdirərək kultivasiya etmiş, 24 aprel 2023-cü il tarixdə saat ll:40-da Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin həyətyanı bağa baxış keçirilərkən Təqsirləndirilən şəxs ayrı-ayrı 04 ədəd dibçəklərdə qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyi uzunluqları 6 sm və 8 sm olmaqla yaş vəziyyətdə ümumi çəkiləri 0,22 qram təşkil edən 02 (iki) ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri və uzunluqları 28 sm, 33 sm, 38 sm və 40 sm olmaqla yaş vəziyyətdə ümumi çəkiləri 36,52 qram təşkil edən 04 (dörd) ədəd əkilib becərməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin mart ayında yaşadığı Göyçay rayonu Cəyirli kəndi ərazisində olan zaman yol kənarında qara rəngli kiçik ölçülü sellofan büküm görmüş, həmin sellofanı yerdən götürüb içinə nəzər saldıqda, içərisində 6 ədəd çətənə bitkisinin toxumları olmasını görmüşdür. Narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün yol kənarından tapdığı çətənə bitkilərinin toxumlarını əkib yetişdirmək istəmiş, qonşusu Səbuhiyə məxsus bağ sahəsində işləyən zaman bağ sahəsinin kənarında yerləşən içərisində su olmayan kol-kos olan xəndəyi görüb toxumları oraya əkməyin daha təhlükəsiz olmasını fikirləşmiş, buna görə də, istifadə olunmayan köhnə vəziyyətdə olan 4 ədəd su qablarının içərisinə torpaq yığaraq 6 ədəd toxumları həmin qablara əkmişdir. 2 ədəd qablara tək-tək, 2 ədəd qablara isə hərəsinə 2 ədəd əkməklə ümumilikdə 6 ədəd toxumu 4 ədəd su qablarına əkmişdir. xx.xx.2023-cü il tarixdə həmin bağda olan zaman Səbuhinin yaşadığı ünvana polis əməkdaşları gəlmiş, polis əməkdaşları həmin vaxt ona Səbuhiyə məxsus bağ sahəsinə narkotik tərkibli çətənə bitkisi əkməkdə şübhəli olduğunu bildirmiş və həmin bağ sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirmək istədiklərini bildirmiş, buna etiraz etməmişdir. Daha sonra videoçəkiliş vasitəsilə Səbuhiyə məxsus evin həyətyanı və oraya bitişik bağ sahəsinə vəkilin, aqronomun və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı bağ sahəsinin qurtacağında olan xəndəyin içərisində 4 ədəd dibçək aşkarlanmışdır. Həmin dibçəklərdən ikisində 2 ədəd, ikisində isə 1 ədəd olmaqla ümumilikdə 6 ədəd bitki kolu olması aşkar edilmişdir. Həmin bitki kolları dibçəklərdən çıxarılaraq uzunluqları ölçülmüş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ölçü zamanı 3 ədəd bitki kolunun uzunluğunun 40 sm, 1 ədədinin 30 sm, 1 ədədinin 8 sm və 1 ədədinin 6 sm olması müəyyən edilmiş, həmin dibçəklərin içərisindən torpaq nümunələri götürülmüşdür. Bundan sonra həyətyanı sahədən aşkar edilmiş 6 ədəd bitkilər və torpaq nümunələri bir ədəd sellofan torbaya qablaşdırılmış, torbanın ağzı bağlanmış, möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür.Törətdiyi əməldən peşmandır. Ona cəza təyin edilərkən, ailənin yeganə qazanc gətirən şəxs olduğunun nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində polis əməkdaşları ilə Şahid4 məxsus evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs işlədiyi Şahid4 məxsus evdən çağırıb ona həmin evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə və narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də həyətyanı sahəsinə baxış keçirilməli olduğu bildirilmiş, Təqsirləndirilən şəxs etiraz etməmiş və həmin vaxt ev sahibi Şahid4 da çağırılmış və ona məxsus evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsilə bağlı etirazının olmamasını bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra müdafiəçi dəvət olunmuş, Təqsirləndirilən şəxs təqdim edilərək hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmuş, həmçinin həmin yerə baxış keçirilməsi üçün aqronom-mütəxəssis dəvət olunmuş, bundan sonra polis əməkdaşları, müdafiəçi, aqronom və Təqsirləndirilən şəxs iştirakları ilə onun işlədiyi Şahid4 məxsus evin həyətyanı torpaq sahəsinə və ona bitişik bağa baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin bağının qurtaracağında olan xəndəyin içərisində 4 ədəd dibçəyi təqdim etmiş, həmin dibçəklərin ikisində ayrılıqda 2 ədəd, ikisində isə 1 ədəd olmaqla ümumilikdə 6 ədəd çətənə bitkisinə oxşar bitki kolu olması müəyyən edilmiş, həmin çətənə bitkiləri bir-bir köklərindən çıxarılmış, uzunluqları ölçülmüş, onlardan üçünün uzunluğu 40 sm, digərlərinin isə 30 sm, 8sm, 6 sm olmaları müəyyən olunmuşdur. Bundan sonra aqronom tərəfindən həmin bitkilərə baxış keçirilərək dibçəklərin içərisindən torpaq nümunələri götürülmüş, ardınca həmin bitkilər və torpaq nümunələri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 oğlu Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, Göyçay rayonu, Cəyirli kəndində yaşayır. Təqsirləndirilən şəxs qonşusudur, İlqar onun evinin həyətyanı sahəsinə və meyvə bağında olan ağaclarına qulluq edir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olarkən polis əməkdaşları gəlmiş və ona məxsus evin həyətyani sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və ona məxsus evin həyətyanı sahəsində əkilib becərilməsində şübhəli olduğunu bildirmişlər. Bu barədə hər hansı məlumatının olmadığını bildirmiş və yaşayış evinin həyətyani sahəsinə baxış keçirilməsinə etiraz etməyərək bu barədə ərizə vermiş, lakin özü baxışda iştirak etmək istəməmişdir. Həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxsla sənədləşmə aparmış, bir qədər sonra müdafiəçi və aqronom gəlmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişlə Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşayış evinin arxa tərəfində olan həyətyanı sahəyə və meyvə ağacları olan bağa baxış keçirməyə başlamışlar. Baxış keçirilib qurtardıqdan sonra İlqarın ondan xəbərsiz ona məxsus evin arxa tərəfində meyve ağacları olan bağın qurtaracağında olan xəndəyin içərisində 4 ədəd dibçəkdə narkotik tərkibli çətənə bitkisi əkib becərdiyini öyrənmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, 1993-cü ildə Ağdaş rayon X1 Aqranomiya şöbəsinin Aqranomluq fakültəsini bitirmiş, ixtisasca aqronomdur.xx.xx.2023-cü il tarixdə Göyçay rayon polis şöbəsinin bir neçə əməkdaşları yaşadığı ünvana gələrək özlərini təqdim etmiş, ona narkotik tərkibli bitkilərin əkib-becərməsində şübhəli olan Təqsirləndirilən şəxs narkotik vasitə əkməkdə şübhəli olduğu Göyçay rayon Cəyirli kəndində yaşayan Şahid4 məxsus evin həyətyanı sahəsinə baxış keçirəcəklərini, onun da həmin prosesdə aqranom ixtisası üzrə mütəxəssis qismində iştirak etməyini xahiş etmişlər. Keçiriləcək baxışda iştirak etməyə könüllü olaraq razılıq vermiş və polis işçiləri ilə birlikdə Göyçay rayon Cəyirli kəndinə getmişdir. Həmin ünvanda ona hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs işlədiyi Şahid4 məxsus evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin bağının qurtaracağında olan xəndəyin içərisində 4 ədəd dibçəyi təqdim etmiş, həmin dibçəklərin ikisində ayrılıqda 2 ədəd, ikisində isə 1 ədəd olmaqla ümumilikdə 6 ədəd çətənə bitkisinə oxşar bitki kolu olması müəyyən edilmişdir. Həmin çətənə bitkiləri bir-bir köklərindən çıxarılmış, uzunluqları ölçülmüş, onlardan üçünün uzunluğu 40 sm, digərlərinin isə 30 sm, 8sm, 6 sm olmaları müəyyən olunmuşdur. Bundan sonra tərəfindən həmin bitkilərə baxış keçirilmiş və dibçəklərin içərisindən torpaq nümunələri götürülmüşdür. Həmin vaxtı o, göstərilən torpaq sahəsini və həmin torpaq sahəsində əkilib-becərilmiş bitkiləri müayinə etmiş, müayinə zamanı qeyd olunan torpaq sahəsində əkilib- becərilmiş bitkilərin narkotik təbiətli çətənə bitkiləri olması müəyyən olunmuş, həmin bitkilərin əkilib-becərildiyi torpaq çürüntülərlə zəngin olmuş, torpağa lazımı qida maddələri verilmiş, yumşaldılmış və suvarılmışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 24 aprel 2023-cü il tarixli 17/366 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış kağızda, "Şahid4 məxsus həyətyanı ahədən aşkar edilmiş 6 ədəd bitki kolu. ” sözləri yazılmış 01 (bir) sellofan torbanın içərisindəki: Uzunluqları 6 sm və 8 sm, yaş vəziyyətdə ümumi çəkiləri - 0,22 qram olan 02 (iki) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis ) bitkisinin ştilləridir. Uzunluqları 28 sm, 33 sm, 38 sm və 40 sm, yaş vəziyyətdə ümumi çəkiləri - 36,52 qram olan 04 (dörd) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid5 24 avqust 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə və ştillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Torpaq nümunəsində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə (kannabis) bitkisinin yetişdirməsini mümkün edir. Qeyd: çətənə bitkilərinin ümumi təmiz çəkisi 36.52 qram, tədqiqata sərf edildi – 0.40 qram, qalıq 36.12 qram. Aparılmış ekspertizanın dəyəri 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş 20 iyun 2023-cü il tarixli 1253 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 06 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini Göyçay rayonu Cəyirli kəndində yaşayan həmkəndlisi və qonşusu Şahid4 məxsus yaşadığı evin həyətyanı torpaq sahəsinin kənarında qanunsuz olaraq torpağa əkib yetişdirməklə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ailənin yeganə gəlir gətirən şəxs olmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 36,12 qram olan çətənə bitkiləri və torpaq nümunələrində olan bitki hissəcikləri məhv edilməli və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351-353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 36,12 qram olan çətənə bitkiləri və torpaq nümunələrində olan bitki hissəciklər məhv edilsin və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar