Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-71/2024 10.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, Qanuni nümayəndəsi X1 Müdafiəçi iştirakı ilə, xx.xx.2008-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətndaşı, azərbaycanlı, subay, natamam orta təhsili, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay rayonu, Mallı-Şıxlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədi və tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri, Nəriman Nərimanov küçəsi ilə Atatürk küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs məxsus “Samovar” çay evinin xidməti otağına qanunsuz daxil olaraq həmin otaqda olan masanın saxlanc yeri kimi istifadə edilən və açarla bağlı olan siyirməsini açarla açaraq xx.xx.2024cü il tarixdə saat 08:08 radələrində həmin siyirmədə olan pulun istintaqla dəqiq müəyyən edilməyən bir hissəsini, daha sonra həmin tarixdə saat 11:12 radələrində həmin yerdən pulun istintaqla müəyyən edilməyən digər hissəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 548 manat pulunu gizli olaraq talayıb oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində qanuni nümayəndəsi X1 iştirakı ilə ifadə vermiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki,Göyçay şəhərində “Samovar” çay evinin qarşısında Oqtay adlı şəxsə məxsus qarpızları satırmış. xx.xx.2024-cü il tarixdə qarpız satan zaman yaxınlıqda yerləşən “Samovar” çayxanasında işləyən və onun həmyaşıdı olan Şövqi ilə söhbət zamanı Şövqi ondan ona kömək etməsini xahiş etmiş, Şövqinin həmyaşıdı olması səbəbindən ona kömək etmək qərarına gəlmiş, çayxanadan müştərilərə çay daşımaqda Şövqiyə kömək etmiş, həmin vaxtlarda çayxananın içərisinə girirmiş və çayları içəridən götürərək çöl tərəfdə əyləşmiş müştərilərə aparırmış, bir neçə dəfə Şövqinin pulları masanın siyirməsinə qoyduğunu görmüş, bundan sonra həmin pulu oğurlayaraq özü üçün xərcləmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə yenidən səhər saat 07 radələrində qarpız satmaq üçün Göyçay şəhərinə gəlmiş, yenə də Şövqi ondan kömək etməsini xahiş etmiş, yenə də Şövqi ilə razılaşmış, bundan sonra çayxanadan müştərilərə çay aparmış, çayxananın içərisində tək olan zaman Şövqinin pul yığdığı masanın siyirməsini açmış və orada pul olduğunu görmüş, ətrafa baxaraq heç kimin onu görməməsindən əmin olmuş və həmin puldan bir qədər götürüb cibinə qoymuş, lakin həmin vaxt götürdüyü pulları saya bilməmiş və çayxanam içərisində olan masalardan birinin üzərindən taxtadan hazırlanmış çaynik altlığını götürüb çayxanın çölünə çıxmış, daha sonra yenə də Şövqiyə kömək edərək çay paylamağa davam etmiş, bundan təxminən 2-3 saat sonra çayxanın içərisində olan zaman yenə də içəridə heç kimin olmadığını görmüş, həmin vaxt mobil telefonla da danışıraraq bir qədər çayxanın içərisində gəzmiş və kiminsə gəlmədiyindən əmin olmuş, bundan sonra yenidən həmin masanın siyirməsini açaraq oradan qalan pulun hamısını götürüb cibinə qoymuş, bundan sonra da çayxanada qalıb Şövqiyə kömək etmiş ki, ondan şübhələnməsin, həmçinin müştəri gələn zaman gedib qarpız da satırmış, bundan sonra həmin gün təxminən saat 17 radələrində yaşadığı Göyçay rayonu, Mallı-Şıxlı kəndinə qayıtmış, bundan sonra pulu saymış və ümumilikdə 548 manat pul olduğunu bilmiş, lakin bu barədə yaşadığı evdə heç kimə bir söz deməmiş, belə ki, anasının ondan həmin pulu haradan əldə etdiyini soruşarsa ona cavab verə bilməyəcəyini və oğurluq etdiyini bilərsə anasının ona hirslənəcəyini fikirləşmiş, buna görə də həmin pulu özünə məxsus yataq otağında yataq dəstlərinin altında gizlətmişdir. 10 gün sonra yaşadığı ünvana polis əməkdaşları gəlmiş və ondan “Samovar” çay evindən oğurluq edib-etmədiyini soruşmuşlar, polis əməkdaşlarına oğurluq etdiyini bildirmiş, bundan sonra onu polis şöbəsinə dəvət etmişlər və anası ilə birlikdə gələrək izahat vermiş, daha sonra isə yaşadığı evə qayıtmışdır. Həmin pulu anasına vermiş, anası da həmin pulu Zərərçəkmiş şəxs geri qaytarmışdır. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişə dəymiş ziyan valideyni tərəfindən ödənilmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, icarə əsasında Göyçay şəhəri N.Nərimanov küçəsində “Samovar” çay evini işlədir. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində çay evini açmış, daha sonra isə oğlu Şövqi çayxanaya gəlmiş və çayxananı ona tapşırıb yaşadığı evə getmiş, həmin gün ərzində təxminən saat 18 radələrində çayxanaya qayıtmış, bundan sonra çayxanın içərisində stəkanları düzmək üçün istifadə etdiyi masanın çəkməcəsinə baxmış, bu zaman oraya qoyduğu pulun çəkməcədə olmadığını görmüş, buna görə də həmin gün çayxanada işləyən oğlu Şövqini çağırmış, oğlu Şövqidən pulun harada olmasını soruşmuş, oğlu Şövqi də ona pulu götürmədiyini bildirmiş, həmçinin kameraya baxmasını təklif etmiş, bundan sonra çayxanın içərisində olan təhlükəsizlik kamerasının görüntülərinə baxmış, bu zaman Təqsirləndirilən şəxs xx.xx.2024- cü il tarixdə saat 08 radələrində və saat 11 radələrində çayxanın içərisinə girərək içəridə heç kimin olmamasından istifadə edib pul qoyduğu çəkməcəni açaraq pulunu oğurladığını görmüş, kamera görüntülərindən sonra həmin şəxsin yaxınlıqda qarpız satan Elgün olduğunu bilmiş, bundan bir neçə gün Elgünün pulu qaytaracağını gözləmiş, lakin Elgün oğurladığı 548 manat pulu qaytarmadığından,bu barədə polisə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, atası Zərərçəkmiş şəxs “Samovar” çay evini işlədir. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində atasına kömək məqsədi ilə çay evinə getmiş, atasının başqa işləri olduğu üçün atası evə gəlmişdir. Çay evində olan zaman Elgün bir neçə dəfə çayxanaya gəlmiş və bir qədər söhbət etmişlər, həmçinin işi çox olan zaman bir neçə dəfə Elgündən müştərilərə çay aparmasını xahiş etmişdir. Həmin gün saat 17 radələrində Elgün yaşadığı evə getmiş, bundan təxminən 1 saat sonra atası Fuad çayxanaya gəlmiş, atası çayxanın içərisində olan və üzərinə stəkanları yığdığı masanın çəkməcəsini açdıqdan sonra ondan çəkməcəyə qoyduğu pulun harada olmasını soruşmuş, atasına həmin çəkməcəni açmadığını və oradan pul götürmədiyini bildirmiş, bundan sonra atasına çayxanın müşahidə kamerasına baxmasını təklif etmiş, Təqsirləndirilən şəxs çayxanadan pul oğurlaması barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs çayxanın xidməti otağına daxil olmasına icazə verməmiş, Təqsirləndirilən şəxs çayxanın xidməti otağına qanunsuz daxil olmuşdur. Cinayət işinə əlavə edilmiş Göyçay RPM PHŞ-dən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay RMX-da həkim narkoloq və həkim psixiatrın qeydiyyatında deyildir. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göyçay RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd dairəvi formada və DVD formatında olan disk kompüterə salındıqdan sonra həmin 01 ədəd DVD diskdə 02 ədəd videogörüntü olması müəyyən edildi. Videogörüntü Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri, Nəriman Nərimanov küçəsi ilə Atatürk küçəsinin kəsişməsində yerləşən “Samovar” adlı çayxanın içərisində quraşdırılmış müşahidə kamerasından qeydə alınmışdır. Birinci videogörüntü xx.xx.2024-cü il tarixdə saat 08:08-də qeydə alınmışdır. 38 saniyədən ibarət olan videogörüntüyə baxdıqda Təqsirləndirilən şəxs çayxananın içərisinə daxil olaraq irəliləməsi, daha sonra çayxananın içərisində olan masanın arxasına keçməsi, həmin yerdə olan samovara sağ tərəfində əyilərək baxması, daha sonra masam çəklməcəsinə açaraq ətrafa baxması, həmin çəkməcənin içərisindən nə isə götürərək əynində olan şalvarın cibinə qoyması, daha sonra oradan uzaqlaşaraq çayxanın içərisində olan masalardan birin üzərində txatadan hazırlanmış çaynik altlığını götürərək çayxanadan çölə çıxması müəyyən edildi. İkinci videogörüntü xx.xx.2024-cü il tarixdə saat 11:12-də qeydə alınmışdır. 48 saniyədən ibarət olan videogörüntüyə baxdıqda Təqsirləndirilən şəxs çayxanın içərisində olan samovarın yanında mobil telefonla danışaraq nəsə etməsi, daha sonra bir neçə addım geriyə doğru gedərək ətrafa baxması, bundan sonra mobil telefonla danışa-danışa çayxanın ortasına doğru gəlməsi, ətrafa baxaraq yenidən çayxanın içərisində olan masaya tərəf getməsi, yenidən ətrafa baxaraq kiminsə olmadığını görüb həmin masanın çəkməcəsini açması və həmin çəkməcədən nəsə götürüb cibinə qoyduğu müəyyən edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri, Nəriman Nərimanov küçəsi ilə Atatürk küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs məxsus “Samovar” çay evinin xidməti otağına qanunsuz daxil olaraq həmin otaqa olan masanın saxlanc yeri kimi istifadə edilən və açarla bağlı olan çəkməcəsini açarla açaraq xx.xx.2024-cü il tarixdə saat 08:08 radələrində həmin çəkməcədə olan pulun istintaqla dəqiq müəyyən edilməyən bir hissəsini, daha sonra həmin tarixdə saat 11:12 radələrində həmin çəkməcədən pulun istintaqla müəyyən edilməyən digər hissəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 548 manat pulunu gizli olaraq talamaqla Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan olmasını, tək valideyini olan anası X1 himayəsində yaşağığını, ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olmamasını, həmçinin Təqsirləndirilən şəxs şəxsiyyətini, həyat şəraitini, tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, müstəqil əmək haqqı və əmlakının olmamasını nəzərə alınaraq cinayət məsuliyyətinə cəlb edilmədən islah olunmasını mümkün hesab edərək, barəsində Azərbaycan Respublikası CM-nin 88-ci maddəsində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbir olan xəbərdarlıq tətbiq edilməklə cəzadan azad edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 87.1-ci maddəsinə əsasən Xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin izah edilməsindən ibarətdir. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər: 88.2.1. xəbərdarlıq; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 348.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələri əsasında məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətmiş 18 yaşınadək olan şəxsi cinayət məsuliyyətinə cəlb etmədən islah edilməsinin mümkün olduğu qənaətinə gəldikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 435.4.1.-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusi ilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin şəxsin həyat və tərbiyyə şəraiti, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli 06 saylı qərarının 11-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Uşaq Hüquqları Haqqında BMT-nin 20 yanvar 1989-cu il tarixli konvensiyasının 40-cı maddəsinin 3-cü bəndində göstərilir ki, iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onun pozmaqla təqsirləndirilən və ya təqsirləndirici sayılan uşaqlara bilavasitə aidiyyatı olan qanunlar, prosedurlar, orqanları və müəssisələr yaradılmasına, o cümlədən zəruri və arzu olunan hallarda, belə uşaqlara, insan hüquqlarını və hüquqi təminatları tam gözləmək şərti ilə məhkəmə təhqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər görülməsinə çalışırlar. Həmin Konvensiyanın 40-cı maddəsinin 4-cü bəndində göstərilir ki, uşağa qulluq, qəyyumluğa və nəzarətə dair əsasnamə, məsləhət xidmətləri, sınaq müddəti təyin edilməsi, tərbiyə verilməsi, təlim və peşə hazırlıqları və müəssisələrdə uşağa qulluğu əvəz edən qulluğun digər formaları kimi müxtəlif tədbirlərin olması zəruridir. Bunlarda məqsəd uşaqla elə rəftarı təmin etməkdir ki, onun rifahına, habelə vəziyyətinə və cinayətin xarakterinə uyğun olsun. BMT-nin yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakimə icrasına aid minimal standart Qaydalarının (Pekin qaydaları) 3-cü hissəsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə təhqiqatı yetkinlik yaşına çatmayanların mənafeyinə cavab verməli və ya yetkinlik yaşına çatmayanların iştirak etməsinə və öz nöqteyi-nəzərini ifadə etməsinə imkan verən anlaşma şəraitində həyata keçirilməlidir. Həmin qaydaların 5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin məqsədləri ilk növbədə yetkinlik yaşına çatmayanların əminamanlığının təmin edilməsinə, yetkinlik yaşına çatmayan qanun pozucularına hər hansı təsir tədbirlərinin həmişə qanun pozucusunun şəxsiyyətinə həm də qanun pozulması şəraitinə uyğun olmasına yönəldilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.Qanunverici 14 yaşından 18 yaşına qədər olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən onların kifayət qədər əqli yetişkənliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Bu səbəbdən də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə məsuliyyətin həlli və cəza təyini zamanı onların həyat və tərbiyə şəraitinin, psixi inkişaf səviyyəsinin, onun şəxsiyyətinin digər xüsusiyyətlərinin və kənar şəxslərin ona təsirinin nəzərə alınmasını məcburi sayır.Qanunverici cinayətin subyekti qismində çıxış edən yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət mühakimə icraatının aparılmasının xüsusi qaydalarını, habelə bu kateqoriya şəxslərə münasibətdə tətbiq oluna biləcək məhdud sayda cəza növləri nəzərdə tutmaqla onların bu sahədə hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi diqqətlə yanaşmışdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, uşaqların müdafiəsi siyasəti Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsidir. Uşaqların hüquq və azadlıqlarının qorunması, uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir.Bu baxımdan Cinayət və Cinayət-Prosessual Məcəllələrində, eləcə də “Uşaq hüquqları haqqında” Qanunda cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin ayrıca xüsusiyyətləri nəzərdə tutulmuşdur. Adıçəkilən Qanunun 42-ci maddəsinə görə, uşaqlar barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının xüsusiyyətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir. Uşaqların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində aparılır. Uşaqlar barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız onlara az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol verilir. Uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 87-ci maddəsinə əsasən cinayət məcəlləsində nəzərdə tutulmuş cinayətləri təkrar törətdiyi halda cinayət məsulliyətinə cəlb ediləcəyi izah edilməlidir. İş üzrə maddi sübutun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 348, 344, 347, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 87.1, 88.1 və 88.2.1-ci maddələri tətbiq olunmaqla, ona əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələri izah edilməklə xəbərdarlıq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-71/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-71/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver