Məhkəmə qərarları › İş №1(046)-72/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-72/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-72/2024 31.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.2003-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, subay. Göyçay rayon Çayarxı kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri-əsaslandırıcı hissə: Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən döyərək sonuncuya alt çənənin qapalı yeridəyişmiş sınığı ilə nəticələn sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan az ağır xəsarətlər yetirmişdir. O, 25 aprel 2024-cü il tarixdə saat 21 radələrində Göyçay rayonu Çayarxı kəndində qəbirstanlığın yaxınlığındakı yolda əvvəldən tanıdığı Zərərçəkmiş şəxs anasına qarşı nalayiq sözlərlə zarafat etdikdən sonra, sonuncun da onunla nalayiq sözlərlə zarafat etməsini özünün şəxsiyyətini və nüfuzunu alçaldılması kimi qiymətləndirib, həmin zarafatı bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydalara və əxlaq normalarına açıq etinasızlıq göstərərək xuliqanlıq niyyəti ilə yumruqla bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq sonuncunun alt çənənin qapalı yeridəyişmiş sınığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadə verərərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onunla əvvəllər aralarında ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində tanışları Zamiq, Əmrah, Əlvanla birlikdə kəndin içərisindən piyada kəndin başına tərəfə çay içməyə getmişlər. Yol ilə gedən zaman Zərərçəkmiş şəxslə zarafat etməyə başlamışdır. Əmrahla zarafat etdikdən sonra onların zarafatı mübahisəyə çevrilmişdir. Mübahisə olan zaman qəfil Zamiq və Əlvanın yanında Əmraha nalayiq sözlər işlədərək yumruqla Əmrahın çənəsindən vurmuşdur. Zamiq və Əlvan Əmrahı yaşadığı evə aparmaq istəsələr də, onlara yaşadıqları evə getmələrini, Əmrahı özü evinə aparacağını bildirmiş, Əlvan və Zamiq onunla razılaşaraq öz evlərinə getmişlər. Sonra Əmrahın qolundan tutub yaşadığı ev istiqamətində getməyə başlamış, yolda gedən zaman Əmrah ona “mübahisəmizi və məni vurduğunu heç kimin bilməməsini” demişdir. Tanış olduqları üçün öz “aramızda yoluna qoyaq” demişdir. Ondan sonra onu yaşadığı evə apararaq geriyə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə səhər Əmrah ona zəng edərək ağrıdığı üçün həkimə getməyi demişdir. Ona görə də onunla razılaşıb onu Göyçay RMX-ya aparmışdır. Göyçay RMX-da Əmrahın çənəsinin sındığını bildirmişdirlər. Əmrah isə RMX-da həkimə yıxılaraq xəsarət aldığını dedikdən sonra yaşadığları evə qayıtmışlar. Ondan sonra isə Əmrahın ondan şikayət etdiyini öyrənmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Çayarxı kəndində yaşayır. 2021-ci ildə yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış və qolu amputasiya olunmuşdur. Ona görə də həmin ildən əlillik təyin edilmiş və təqaüd alır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla münasibətləri yaxşı olmuş, aralarında həmişə zarafatları olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı Çayarxı kəndində tanışları Zamiq, Əlvan və Əmrahla görüşərək kəndin girişində olan çayxanaya çay içməyə getmişlər. Yol kənarı ilə gedən zaman Fuad onunla zarafat etməyə başlamış, Fuad onunla zarafat etdikdən sonra zarafatları mübahisəyə çevrilmişdir. Mübahisə zamanı Fuad ona nalayiq sözlər işlədərək qəfil yumruqla onun üzündən vurmuşdur. Ondan sonra Fuad ona kömək etmiş və onu evlərinə aparmışdır. Evdə isə bu barədə heç kimə heçnə deməmişdir. xx.xx.2024-cü il tarixdə çənəsində ağrılar olduğu üçün Fuada zəng edərək müayinə olması üçün Göyçay RMX-ya aparmasını demişdir. Ondan sonra Fuadla görüşərək Göyçay RMX-ya getmişdir. Göyçay RMX-da müayinə olunandan sonra çənəsinin sındığını və Bakı şəhərinə gedərək əməliyyat olmağını demişlər. Ondan sonra valideynlərinə yalandan yıxılaraq xəsarət aldığını demişdir. Ondan sonra Bakı şəhərinə gedərək orada tibbi yardım almış və yaşadığı evə qayıtmışdır. Sonradan atasının Fuadın onu vurduğu barədə məlumat aldığını və bu barədə rayon polis şöbəsinə məlumat verdiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun dostlarıdır. Onlarla arasında ədavət və düşmənçiliyi olmamışdır. Mütəmadi olaraq Əmrah, Fuad və Zamiqlə görüşərək kəndin girişində və Məmmədrəşid yolunda olan çayxanalarda oturub çay içmişlər. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Əmrah, Zamiq və Fuadla əlaqə saxlayaraq kəndə olan qəbirstanlıq yolunda görüşmüşlər. Ondan sonra birlikdə Çayarxı kəndinin girişində olan çay evinə getməyə başlamışlar. Yenicə qəbirstanlıq yolundan uzaqlaşan zaman Fuad Əmrahla zarafat etməyə başlamış, Fuadla Əmrahın arasında zarafat mübahisə çevrildikdən sonra Fuad Əmraha nalayiq sözlər işlədərək 1 dəfə yumruqla Əmrahın üz nahiyyəsindən vurmuşdur. Fuad Əmrahı vurandan sonra ondan üzürxaqlıq etmiş və evləri istiqamətində aparmışdır. Ondan sonra Zamiqlə oradan uzaqlaşaraq yaşadığı evə getmişlər. Ondan 3-4 gün sonra Əmrahın çənəsinin sındığını və əməliyyat olacağını eşitmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onların arasında əvvəllərdə bu cür zarafatar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun dostlarıdır. Onlarla arasında ədavət və düşmənçiliyi olmamışdır. Mütəmadi olaraq Əmrah, Fuad və Əlvanla görüşərək kəndin girişində və Məmmədrəşid yolunda olan çayxanalarda oturub çay içmişlər. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Əmrah, Əlvan və Fuadla əlaqə saxlayaraq kəndə olan qəbirstanlıq yolunda görüşmüşlər. Ondan sonra birlikdə Çayarxı kəndinin girişində olan çay evinə getməyə başlamışlar. Yenicə qəbirstanlıq yolundan uzaqlaşan zaman Fuad Əmrahla zarafat etməyə başlamış, Fuadla Əmrahın arasında zarafat mübahisə çevrildikdən sonra Fuad Əmraha nalayiq sözlər işlədərək 1 dəfə yumruqla Əmrahın üz nahiyyəsindən vurmuşdur. Fuad Əmrahı vurandan sonra ondan üzürxaqlıq etmiş və evləri istiqamətində aparmışdır. Ondan sonra Əlvanla oradan uzaqlaşaraq yaşadığı evə getmişlər. Ondan 3-4 gün sonra Əmrahın çənəsinin sındığını və əməliyyat olacağını eşitmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik” Hüquqi Şəxsin 13 may 2024-cü il tarixli 299 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - alt çənənin qapalı yeridəyişmiş sınığı küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan ağlamlığa Az Ağır vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X1 04 iyul 2024-cü il tarixli, 18-1-40\2-746\2024 saylı məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Göyçay rayon İcra Hamiyyəti Başçısının Qarabaqqal kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2024-cü il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmağa görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. İş materiallarından və işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs ictimai qaydalara qarşı açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə və zərərçəkmiş şəxsin bir qolunun amputasiya olduğundan fiziki cəhətdən ondan zəif olmasına əhəmiyyət vermədən, əvvələr də aralarında oxşar zarafatların olmasına baxmayaraq, hər hansı səbəb və əsas olmadan, özünü ətrafdakılara qarşı qoyaraq, azğınlıq və qəddarlıqla zərərçəkmiş şəxsin çənə nahiyyəsindən yumruqla vuraraq sonuncunun sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığına qəsdən az ağır zərər vurmuş, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik nümayiş etdirmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi ilkin izahatında yol ilə gedən zaman Zərərçəkmiş şəxslə zarafat etməyə başladığını, Əmrahla zarafat etdikdən sonra onların zarafatının mübahisəyə çevrildiyini, mübahisə olan zaman qəfil Zamiq və Əlvanın yanında Əmraha nalayiq sözlər işlədərək yumruqla Əmrahın çənə nahiyyəsindən vurduğunu göstərmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyindən də görünür ki, zərərçəkmiş şəxs aldığı xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır və yetirilmə müddəti xx.xx.2024-cü il tarixinə uyğun gəlir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin etirafı, məhkəmə-tibbi ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etdiyini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 29.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə az ağır cinayət törətməsini, həmin əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayon ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 12 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 72 manat məbləğində əmək haqqı Göyçay rayon Vəkil Bürosunun hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşıyış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı cra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 12 iş saatına görə 72 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar