Məhkəmə qərarları › İş №1(046)-72/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-72/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-72/2025 07.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 17:20-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 1,054 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2025-ci il tarixdə saat 15:42 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri Nizami küçəsində saxlanılaraq üzərinə 14 fevral 2025-ci il tarixdə saat 15:42-dən 15:47-dək baxış keçirilən zaman onun əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,054 qram, yəni xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, o təxminən 3 ildən çoxdur ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, lakin təxminən 3 aydır ki, “kakos” və ya “kola” adlandırdığı narkotik vasitə olan heroindən istifadə edir, narkotik vasitə istifadə etməyən zaman bədənində ağrılar olur. 2025-ci ilin fevral ayının əvvəllərində dostları ilə görüşmək üçün Bakı şəhərinə getmiş, Bakı şəhərindən Göyçay rayonuna gəlmək üçün Bakı Beynəlxalaq avtovağzalına getmiş, orada olan zaman avtovağzalın qarşısında zibilqabının yaxınlığında 01 ədəd “LD” markalı siqaret qutusu görmüş, həmin siqaret qutusunu götürərək baxmış, həmin vaxt siqaret qutusunun ağır olması onun diqqətini cəlb etmişdir. Siqaret qutusunu açıb içinə baxmış, bu zaman siqaret qutusunun içərisində şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin olmasını görmüşdür. Siqaret qutusunun içərisində olan sellofan bükümdəki narkotik vasitə heroini özü istifadə etmək məqsədi ilə cibinə qoyaraq üzərində saxlamış, bundan sonra yaşadığı Göyçay rayonuna gəlmiş, lakin üzərində narkotik vasitə olması barədə heç kimə bir məlumat verməmişdir. Yerdən tapdığı narkotik vasitədən bir neçə dəfə özü tək istifadə etmiş, həmin narkotik vasitədən heç kimə satmamış və ya istifadə etməsi üçün verməmişdir. xx.xx.2025-ci il tarixdə saat 15:42 radələrində Göyçay şəhəri Nizami küçəsi ilə üzü Kapital Bank-a tərəf gedən vaxtı mülki geyimli şəxslər ona yaxınlaşmış, həmin şəxslər özlərini təqdim edərək Göyçay RPŞ-nin cinayət-axtarış bölməsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Həmin vaxt mülki geyimli şəxslərdən biri mobil telefon vasitəsi ilə videoçəkiliş aparmış, daha sonra polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlaması, gəzdirməsi və istifadə etməsi ilə bağlı onlarda əməliyyat məlumatının olduğunu bildirmiş, bundan sonra polis əməkdaşlarından biri ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddənin olub-olmadığını soruşmuş, o da artıq polis əməkdaşlarının onu saxladıqlarını və üzərindən narkotik vasitəni aşkar edəcəklərini bildiyi üçün polis əməkdaşına üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində saxladığı həmin narkotik vasitəni polis əməkdaşına verərək təqdim etmiş, polis əməkdaşı ondan həmin bükümdə olan maddənin nə olmasını soruşmuş, o da polis əməkdaşına həmin maddənin “kola” adlanan narkotik vasitə olmasını bildirmiş, polis əməkdaşı sellofan bükümdə olan narkotik vasitəni elektron tərəzidə çəkmiş və çəkisi 1,15 qram olmuşdur. Bundan sonra həmin sellofan büküm kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 14 fevral 2025-ci il tarixdə Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması və daşıması, həmçinin istifadə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, buna görə də dərhal müvafiq sənədləşmələr aparılmışdır. Bundan sonra əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, yaradılmış əməliyyat qrupuna Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, axtarış üzrə əməliyyat müvəkkili Şahid4 və o daxil edilmişdir. Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olması barədə əməliyyat məlumatı almış, buna görə də həmin küçəyə getmişlər, bu zaman Təqsirləndirilən şəxs həmin küçə ilə piyada hərəkət etməsini görmüşlər, buna görə də dərhal Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, daha sonra Təqsirləndirilən şəxs nəyə görə saxlamasını izah edərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qəbul edilmiş qərar əsasında üzərinin yoxlanılacağını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuş və üzərində olan əşyaları bir-bir təqdim etməsi tələb edilmiş, Təqsirləndirilən şəxs da “bəli” deyərək üzərində qanunla qadağan olunmuş maddə olmasını bildirmiş, daha sonra isə həmin vaxt əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümə baxan zaman içərisində qəhvəyi rəngli maddənin olması görünmüş, Təqsirləndirilən şəxs həmin maddənin nə olması soruşulduqda Təqsirləndirilən şəxs “kola”, yəni narkotik vasitə heroin olmasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin maddəni haradan və hansı məqsədlə əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs isə həmin maddəni Bakı şəhərində Avtovağzalın yaxınlığında yerdən götürdüyü əzilmiş siqaret qutusunun içərisindən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin sellofan büküm içərisində olan maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 1,15 qram olmuşdur. Daha sonra həmin büküm içərisi boş kağız zərfdə qablaşdırılmış və üzərinə DİN-in 92 nömrəli möhürü vurulmuş, bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin üzərində başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 və Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:42 radələrində Göyçay RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri Nizami küçəsində saxlanılaraq üzərinə saat 15:42-dən 15:47-dək şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə içərisində qəhvəyi rəngli kütləni təqdim etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş baxış və götürülmə keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qablaşdırılaraq götürülmüş 01 ədəd sellofan bükümə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin kağız bükümün ona məxsus olması və üzərindən götürüldüyünü bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 15 fevral 2025-ci il tarixli, 17/134 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” sözləri imzalar və adlar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,054 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. Tədqiqatda sərf olundu - 0,050 qram, qalıq - 1,004 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 20 may 2025-ci il tarixli, 819 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs İntiqam oğlu 14 fevral 2025-ci il tarixdə, saat 16.18-də şübhəli şəxs qismində tutulmuş, 16 fevral 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 15.25-də MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay rayon Polis Şöbəsinin İB-in müstəntiqi Xəyal Dolxanovun təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 27 aprel 2025-ci il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 20 may 2025-ci il tarixli könüllü gəlmə protokolundan və cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki,Təqsirləndirilən şəxs Göyçay RPŞ-nə gələrək özünü könüllü olaraq təqdim etdiyindən cinayət işinin icraatı təzələnmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Qərarın 6-cı bəndinə görə üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda 1,054 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində 3 yetkinlik yaşına çatmayan uşaqların olmasını cəzasını yüngülləşdirən hal olduğunu və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə qeyd edir ki,narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində kifayət qədər əsaslar olmadan barəsində həbs ilə əlaqədar olmayan cəza növünün tətbiqini əsaslı və ədalətli hesab etmək olmaz. Ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də X2 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti təyin edilmiş cəza müddətindən çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu andan hesablanmalıdır.Məhkəmə nəzərə alır ki,təyin edilmiş cəza təqsirləndirilən şəxsin islah olunmasına xidmət edəcəkdir və onun ailəsinə mənfi təsir göstərməyəcəkdir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin olunaraq, o yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-in 132.1.6-cı maddəsinə əsasən cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,004 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının 35 manat 97 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi mülaicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,004 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 35 manat 97 qəpik dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar