Məhkəmə qərarları › İş №1(046)-74/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-74/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-74/2023 12.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 12:30-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan , Göyçay şəhəri,Natəvan küçəsi, ev 7,mənzil 36-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını ona məxsus olan və müvəqqəti yaşadığı Göyçay şəhəri T.İsmayılov küçəsində (50-ci məhəllə) yerləşən yarımtikili vəziyyətdə olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq torpağa əkib yetişdirərək kultivasiya etmiş, 27 may 2023-cü il tarixdə saat 14:30-da Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin həyətə videoçəkiliş vasitəsilə baxış keçirilərkən Təqsirləndirilən şəxs meyvə ağaclarının arasında qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyi uzunluqları 30 sm, 34 sm, 55 sm, 100 sm və 110 sm olan yaş vəziyyətdə ümumi çəkiləri 525,0 qram təşkil edən 05 (beş) ədəd əkilib becərməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, narkotik vasitə istifadə etdiyinə görə əvvəllər 1 dəfə məhkum edilmişdir. ünvan 1 ünvanında yaşayış evi olsa da, son zamanlar həyat yoldaşı İntizar ilə aralarında soyuq münasibətlər olduğundan o Göyçay şəhəri T.İsmayılov küçəsində yerləşən yarımtikili evlərinə gedib orada yaşayır. Təxminən 10 ildir ki, “nəşə" kimi tanıdığı marixuandan istifadə edir. O həmin evin həyətyanı sahəsinə təxminən bir ay bundan qabaq 3 ədəd, təxminən 10-15 gün bundan qabaq isə iki ədəd çətənə bitkisi əkmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində həmin evdə olarkən qapı döyülmüş, bu zaman o gələnlərin polis əməkdaşları olmasından şübhələnmiş və tez bağ sahəsinə keçərək oraya əkdiyi çətənə bitkilərindən birini sındıraraq torpaqdan çıxartmış, digərini isə sındırmışdır. Ancaq o qapını döyənlərin polis əməkdaşı olmaması ehtimalını da düşünmüş, buna görə də gedib darvazanın qapısını açmış, bu zaman gələnlərin polis əməkdaşları olmasını görmüşdür. Polis əməkdaşları həmin vaxtı ona həyətyanı sahəsinə narkotik tərkibli çətənə bitkisi əkməkdə şübhəli olduğunu bildirmiş və həyətyanı sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirmək istədiklərini bildirmişlər. O da buna etiraz etməmiş və bu barədə müvafiq ərizə vermişdir. Sonra Müdafiəçilə təmin edilərək şübhəli şəxs qsimində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra videoçəkiliş vasitəsilə ona məxsus evin həyətyanı sahəsinə vəkilin, aqronomun və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahəsindən öncə 1 ədəd, ondan bir qədər aralıda 2 ədəd və həyətyanı sahəsinin qurtaracağında isə daha 2 ədəd olmaqla, ümumilikdə 5 ədəd bitki kolu olması aşkar edilmişdir. Həmin bitki kollarından qeyd etdiyi kimi, birini kökündən çıxartmış, birini isə qırmışdır. Digər bitki kolları da köklərindən çıxarılmış və həmin bitki kolları ilə birlikdə hər birinin ayrı-ayrılıqda uzunluqları ölçülmüş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ölçü zamanı bitki kollarının uzunluqlarının müvafiq olaraq 55 sm, 110 sm, 100 sm, 30 sm və 34 sm olması müəyyən edilmişdir. Daha sonra həmin bitki kolları çıxarılan yerlərdən torpaq nümunələri də götürülmüşdür. Bundan sonra həyətyanı sahəsindən aşkar edilmiş 5 ədəd bitkilər bir ədəd torbaya və torpaq nümunələri isə başqa bir ədəd sellofan torbada qablaşdırılmış, torbaların ağzı bağlanmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra həyətyanı sahəsində onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. O, evinin həyətyanı sahəsinə təxminən bir ay bundan qabaq ilk öncə 3 ədəd, təxminən 10-15 gün bundan qabaq isə iki ədəd çətənə bitkisi toxumları əkmiş, həyətyanı sahəsindən aşkar olunan bitki kolları da həmin çətənə bitkisi əkməsindən heç kimin məlumatı olmamış, o həmin toxumları 2023-cü ilin aprel ayında Göyçay çayının kənarından tapmış və özünə məxsus evin həyətyanı sahəsinə əkmişdir.O həmin bitki toxumlarından başqa heç kimə verməmiş və ya satmamışdır. O, çətənə bitkilərini əkib becərməsini həyat yoldaşı İntizara və ya başqa heç kimə deməmiş, bu barədə heç kimin xəbəri olmamışdır.Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Göyçay rayon Polis Şöbəsinin Cİnayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 bildirdi ki, ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs Göyçay şəhəri Tərlan İsmayılov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib becərməsilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatlar əsasında CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə RPŞ-nin rəhbərliyinə raportla məruzə olunmuş, bundan sonra həmin günü əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş və həmin qərar əsasında CAB-nin rəisi Rəşid Vəliyev tərəfindən əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin günü saat 13 radələrində o, CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Göyçay şəhəri Tərlan İsmayılov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər. Orada Təqsirləndirilən şəxs küçəyə çağırıb sonuncuya həmin yerdə narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirməkdə şübhəli olmasını bildirib şübhəli şəxs kimi saxlamışlar. Bundan sonra ona vəkillərin siyahısı təqdim edildikdən sonra sonuncu ərizə ilə müraciət edərək həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkil Müdafiəçi seçmiş, bundan sonra da Təqsirləndirilən şəxs təhqiqatçı Anar Osmanov tərəfindən Müdafiəçi ilə təmin olunaraq saat 14:10-da şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin, oraya baxışda iştirak etmək üçün aqronom mütəxəssis X3 da dəvət edilmiş, həmin zaman Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirilməsilə bağlı hər hansı bir etirazının olmamasını bildirərək bu barədə ərizə vermişdir. Bundan sonra videoçəkiliş vasitəsilə adları qeyd olunan şəxslərin iştirakları ilə saat 14:30-da Təqsirləndirilən şəxs məxsus Göyçay şəhəri Tərlan İsmayılov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilmiş, baxış zamanı videoçəkiliş RPŞ-nin KTQ-nun baş inspektoru polis kapitanı Şahid3 tərəfindən həyata keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus həyətə giriş qapısından daxil olduqdan sonra sağ tərəfdə yerləşən meyvə ağaclarının arasında öncə 1 ədəd, ondan bir qədər aralıda 2 ədəd və həyətyanı sahəsinin qurtaracağında isə daha 2 ədəd olmaqla, ümumilikdə 5 ədəd bitki kolu olması aşkar edilmişdir. Həmin bitki kollarının hər birinin ayrı-ayrılıqda uzunluqları ölçülmüş və onlar tərəfindən götürülmüşdür. Ölçü zamanı bitki kollarının uzunluqlarının müvafiq olaraq 55 sm, 110 sm, 100 sm, 30 sm və 34 sm olması müəyyən edilmiş, daha sonra həmin bitki kolları çıxarılan yerlərdən torpaq nümunələri də götürülmüş, aqronom tərəfindən də həmin bitkilərə baxış keçirilmiş və həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, diblərinə peyin, şirə verilməklə xüsusi qulluq olunaraq diblərinin alaq otlarından təmizlənib aqrotexniki qaydada qulluq edilərək əkilib-becərildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən aşkar edilmiş 5 ədəd bitkilər bir ədəd torbaya və torpaq nümunələri isə başqa bir ədəd sellofan torbaya qablaşdırılmış, torbaların ağzı bağlanmış və götürülmüşdür. Daha sonra elə oradaca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Həmçinin ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, buna görə də gələcəkdə özü istifadə etmək məqsədilə həmin bitkiləri əkib becərdiyini onlara bildirmiş, qeyd olunanlar barədə protokol tərtib olunmuş, ucadan oxunmuş və orada iştirak edən hər bir şəxs protokola imza etmişlər. Təqsirləndirilən şəxs ilkin sorğu zamanı həmin bitkilərin toxumlarını 2023-cü ilin aprel ayında Göyçay çayının ətrafından tapdığını onlara bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü həmin bitki kollarının 1 ədədini sındıraraq kökündən çıxarmasını, digərini də özü sındırmasını bildirmişdir. Belə ki, sonuncu polis əməkdaşları tərəfindən ilkin olaraq qapının döyülmə səsini eşidib gələnlərin polis əməkdaşı olmasından şübhələndiyi üçün tutulmaqdan qorxaraq həmin bitkiləri qəsdən sındırmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Göyçay rayon Polis Şöbəsinin KTQ-nin baş inspektor kriminalisti Şahid3 bildirdi ki, ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə rayon polis şöbəsinin digər əməkdaşları ilə birlikdə sonuncuya məxsus Göyçay şəhəri Tərlan İsmayılov küçəsində yerləşən yarımtikili evinin həyətinə baxış keçirilən zaman tanımış, sonuncu ilə aralarında hər hansı düşmənçilik və ya ədavəti olmamışdır. Belə ki, o həmin tarixdə saat 14 radələrində rayon polis şöbəsində olan zaman CAB-nin baş əməliyyat müvəkkili Şahid1,baş əməliyyat müvəkkili Şahid2 və aqronom Famil Nəbiyevlə birlikdə Təqsirləndirilən şəxs məxsus Göyçay şəhəri Tərlan İsmayılov küçəsində yerləşən evin qarşısına getmişlər. Belə ki, CAB-nin baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş məlumat əsasında həmin şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirməkdə şübhəli olduğu üçün həyətinə baxış keçirmək üçün getmişlər. Həmin vaxt baxış videoçəkiliş vasitəsilə keçiriləcəyindən videoçəkilişi də o aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən çağırıb sonuncuya həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli olduğunu, buna görə də yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməli olduğu sonuncuya bildirilərək Müdafiəçi ilə təmin edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaq şübhəli şəxs qismində tutulmuş, həmin zaman sonuncu yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı hər hansı bir etirazının olmamasını bildirərək bu barədə rayon polis şöbəsinin rəhbərliyinin adına ərizə vermişdir. Daha sonra saat 14:30-da videoçəkiliş vasitəsilə sonuncunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməyə başlanmış, baxış zamanı Təqsirləndirilən şəxs məxsus həyətə giriş qapısından daxil olduqdan sonra sağ tərəfdə yerləşən meyvə ağaclarının arasında öncə 1 ədəd, ondan bir qədər aralıda 2 ədəd və həyətyanı sahəsinin qurtaracağında isə daha 2 ədəd olmaqla, ümumilikdə 5 ədəd bitki kolu olması aşkar edilmiş, həmin bitki kollarının hər birinin ayrı-ayrılıqda uzunluqları ölçülmüş, uzunluqlarının müvafiq olaraq 55 sm, 110 sm, 100 sm, 30 sm və 34 sm olması müəyyən edilmişdir. Daha sonra həmin bitki kolları çıxarılan yerlərdən torpaq nümunələri də götürülmüş, aqronom tərəfindən də həmin bitkilərə baxış keçirilmiş və həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, diblərinə peyin, şirə verilməklə xüsusi qulluq olunaraq diblərinin alaq otlarından təmizlənib aqrotexniki qaydada qulluq edilərək əkilib- becərildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən aşkar edilmiş 5 ədəd bitkilər bir ədəd torbaya və torpaq nümunələri isə başqa bir ədəd sellofan torbaya qablaşdırılmış, torbaların ağzı bağlanmış və onlar tərəfindən götürülmüşdür. Daha sonra elə oradaca Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Həmçinin, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, buna görə də gələcəkdə özü istifadə etmək məqsədilə həmin bitkiləri özünün əkib becərdiyini, eləcə də, bir neçə dəqiqə əvvəl qapısının döyülməsini eşidən zaman polis əməkdaşlarının gəlməsindən şübhələnib qorxduğu üçün əkdiyi bitkilərdən birini yerdən çıxarıb, digərini isə qırmasını onlara bildirmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yarımtikili vəziyyətdə olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində meyvə ağaclarının arasında qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyi uzunluqları 30 sm, 34 sm, 55 sm, 100 sm və 110 sm olan yaş vəziyyətdə təşkil edən 05(beş) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərinə bənzər bitkilər aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu, öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 27 may 2023-cü il tarixli, 17/425 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsindən aşkar edilmiş 5(beş) ədəd bitkilər” sözləri yazılmış 01 (bir) ədəd parça kisənin içərisindəki, uzunluqları 30 sm, 34 sm, 55 sm, 100 sm və 110 sm, yaş vəziyyətdə ümumi çəkiləri 525,0 qram olan 05(beş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Famil Nəbiyevin 27 may 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs məxsus evin həyətindən aşkar edilmiş 5 ədəd bitkilərin diblərindən götürülmüş torpaq nümunələri.” sözləri yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki torpaq nümunəsində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə (kannabis) bitkisinin yetişməsini mümkün edir.Çətənə bitkilərinin ümumi çəkisi 525 qram, tədqiqata sərf edildi 0,50 qram, qalıq 524,50 qramdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 18 avqust 2023-cü il tarixli, 1373 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 27 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Göyçay şəhəri T.İsmayılov küçəsində(50-ci məhəllə)yerləşən yarımtikili vəziyyətdə olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində meyvə ağaclarının arasında uzunluqları 30 sm, 34 sm, 55 sm, 100 sm və 110 sm olan yaş vəziyyətdə ümumi çəkiləri 525,0 qram təşkil edən 05 (beş) ədəd əkilib becərməsi qadağan olunmuş narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan, qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə saat 14.10-da şübhəli şəxs qismində tutulmuş, 28 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə saat 15:30-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-ən azad edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını ona məxsus olan və müvəqqəti yaşadığı Göyçay şəhəri T.İsmayılov küçəsində(50-ci məhəllə)yerləşən yarımtikili vəziyyətdə olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq torpağa əkib yetişdirərək kultivasiya etmiş, həmin əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibini təşkil edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Və nəhayət cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə,bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki,az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum olunmasını,hazırda məhkumluğunun ödənilməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını iş üzrə cəzanı yüngülləşdirən hal olduğunu və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,yaşadığı Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalan 01 ədəd kağız paketdə qablaşdırılmış 05 ədəd,ümumi qalıq çəkisi 524,50 qram çətənə bitkiləri, eləcə də həmin yerdən götürülmüş torpaq nümunəsi Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən müvafiq qaydada məhv edilməlidir. Ekspertiza tədqiqatının cəmi dəyəri 34 manat 55 qəpik Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 27 may 2023-cü il tarixdən 28 may 2023-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılmaqla qəti olaraq ona 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri, Natəvan küçəsi ev 7, 36 saylı mənzili hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 524,50 qram olan 05 ədəd çətənə bitkiləri, eləcə də həmin yerdən götürülmüş torpaq nümunəsi məhv edilsin. Ekspertiza tədqiqatının 34 manat 55 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar