Məhkəmə qərarları › İş №1(046)-74/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-74/2025

28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-74/2025 28.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 17:25-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər 1) Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 27 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 2)Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan,həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 1,253 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamış, 17 mart 2025-ci il tarixdə saat 12:20-də Göyçay RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, R.Rza küçəsində yerləşən işlədiyi dərzi emalatxanasında saxlanılaraq saat 12:20-dan 12:27-dək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,253 qram olmaqla xeyli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi, ifadə verərək göstərdi ki, əvvəllər qanunsuz olaraq satış məqsədilə narkotik vasitə saxladığı üçün iki dəfə məhkum olunmuşdur. Göyçay rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə barəsində ittiham hökmü çıxarılmışdır.Həmin iş üzrə barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.Cinayət işinin istintaqı aparıldığı vaxtı barəsində yenidən CM-n 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır.Onun üstündə narkotik vasitə olmamışdır.İşlədiyi emalatxanaya polis əməkdaşları 17 mart 2025-ci il tarixdə gəlmişlər və bildirmişlər ki,narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə üstünü yoxlayacaqlar.Onu qorxutmuşlar,ona görə də videoçəkiliş aparılan vaxtı narkotik vasitənin ona məxsus olmasını bildirmişdir.Nə vəkilinə,nədə ki,barəsində həbs qətimkan tədbiri seçilərkən işə baxan hakimə heç nə deməmişdir.Hesab etmişdir ki,onsuz da həbs ediləcək,ona görə də şikayət etməyə lüzum yoxdur. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Göyçay rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şöbəyə Göyçay rayon 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və narkotik vasitələrin qanunsuz dövriyysəi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, xx.xx.2025-ci il tarixdə həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərində şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Göyçay RPŞ-nin CAB-ın əməkdaşları Şahid2, Şahid4 və Şahid3 ilə birlikdə saat 12 radələrində Göyçay şəhəri H.Əliyev prospekti ilə R.Rza küçəsinin kəsişməsində yerləşən işlədiyi dərzi emalatxanasında olmasını müəyyən edərək onu saxlayıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edərək, əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərinə yoxlama keçiriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və RPŞ-nə getdikdən sonra müdafiəçi ilə təmin olunacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet, həmçinin narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, əgər varsa təqdim etməsi bildirildikdə o, əynindəki qara rəngli şalvarının sağ yan kiçik cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyanın nə olduğu, hardan əldə etdiyi, həmin kütlədən kimə satıb və ya verdiyi soruşulduqda o, əldə etdiyi əşyanın heroin adlı narkotik vasitə olduğunu, həmin maddəni istifadə etdiyi üçün üzərində gəzdirdiyini, onu yaşadığı Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində dağlıq ərazidən yerdən tapdığını, heç kimə satmadığını və ya vermədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş üzərindən 02 ədəd açar, 01 ədəd alışqan, 10 manatlıq əskinaz, 1 paket “Milano” markalı siqaret aşkar edilmiş, sübuti əhəmiyyət kəsb etmədiyi üçün özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə deməsinə görə narkotik vasitə heroin olan kütlə elektron tərəzidə çəkildikdə 1,37 qram olmuş, sonra zərfə qoyularaq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinə dəvət olunaraq gətirilmişdir. Sonra Təqsirləndirilən şəxs və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin X3 təhvil verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq təhqiqatçı tərəfindən təkrar videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması və üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməməsi müəyyən olunmuşdur, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu üçün narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmişdir, Təqsirləndirilən şəxs bildirməsinə görə narkotik vasitəni Göyçay rayon 1-ci Ərəbcəbirli kəndində dağlıq ərazidən, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni əməliyyat-axtarış tədbirləri ilə hazırki vaxtadək müəyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:20 radələrində Göyçay RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri, R.Rza küçəsində yerləşən işlədiyi dərzi emalatxanasında saxlanılaraq üzərinə saat 12:20-dən 12:27-dək şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd sellofan bükümdə qəhvəyi rəngli dənəvari hissəciklərdən ibarət maddəni təqdim etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş baxış və götürülmə keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qablaşdırılaraq götürülmüş 01 ədəd sellfofan bükümə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olması və üzərindən götürüldüyünü bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 18 mart 2025-ci il tarixli, 17/251 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm” yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 1,253 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Tədqiqatda sərf olundu 0,050 qram, qalıq - 1,203 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 23 aprel 2025-ci il tarixli, 659 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə, saat 12.49-da şübhəli şəxs qismində tutulmuş, 19 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Cnayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Surxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 27 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda 1,253 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından,təhlükəli residivə görə üçdə ikisindən,xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinə görə CM-in 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarın “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında edilmiş dəyişikliklərə görə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum olunmasını, hazırda məhkumluğu ödənilməmiş hesab edilməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmadığını və cinayətlərin residivini cəzasını ağırlaşdıran hal olduğunu nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətin Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü çıxarılanadək törətdiyini nəzərə alıb, hesab edir ki, hazırki iş üzrə törədilmiş cinayətə görə cəza CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə CM-in 66.2-ci maddəsində müəyyən edilən qaydada təyin edilməlidir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayətə münasibətdə isə cinayətlərin residivi yarandığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CMnin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti təyin edilmiş cəzadan çıxılaraq qəti cəza təyin edilməli,cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hazırki iş üzrə hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq əvvəlki Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını hazırki iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, üzərində qəti cəza təyin olunaraq saxlanılmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hazırki hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunaraq, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,203 qram olan narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının 69 manat 10 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 04 ay 11 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli hökm çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi mülaicə təyin edilsin. Ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,203 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 69 manat 10 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar