Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-78/2023 09.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli,əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Cəyirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 istintaqa məlum olmayan tarixdə və mənbədən əkilib becərilməsi qadağan olunmuş, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda, yəni 5 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumunu qanunsuz olaraq əldə edib yaşadığı Göyçay rayonu, Cəyirli kəndindəki fərdi yaşayış evinin həyətyanı sahəsində istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq torpağa əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı Göyçay rayonu, Cəyirli kəndində yerləşən fərdi yaşayış evində saxlanılıb həmin tarixdə, saat 18:23-də qeyd edilən evin həyətyanı sahəsinə baxış keçirilərkən əkilib becərilməsi qadağan olunmuş, uzunluqları 90 sm-dən 210 sm-dək, yaş vəziyyətdə, ümumi təmiz çəkiləri 281,79 qram olmaqla xeyli miqdarda, yəni 5 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, “Nəşə” kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuanadan təxminən 5-6 ildir ki, istifadə edir. Belə ki, “nəşə” ni siqaret kağızında çəkməklə istifadə etmişdir. Təxminən iki ay əvvəl yaşadığı kəndin ərazisində yol kənarından çətənə bitkisinin toxumlarını taparaq gələcəkdə istifadə etməsi üçün yaşadığı evin həyətyanı sahəsində əkərək qulluq etmişdir. Həmin toxumları torpağa əkdikdən sonra onlara su, peyin verməklə, dibinin alaq otlarını təmizləyərək qulluq etmiş və onlar yetişib 5 ədəd çətənə kolu olmuşlar. Həmin toxumları darvazadan evinin həyətyanı sahəsinə daxil olanda sol tərəfdə bir-birindən bir-iki metr aralı əkmişdir. Ailə üzvlərinin isə bundan xəbəri olmamışdır. Belə ki, ailəsi həmin yerə keçmir, həm də qeyd edilən kolların nə olduğunu bilmirlər. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində qapını polis əməkdaşları döyərək evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərməkdə şübhəli olduğunu bildirmişdirlər. Onlar onun razılığı ilə evinin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu qeyd etmişdirlər. Həmin vaxt ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, hüquqları izah olunmuşdur. Öz razılığı ilə evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmışdır. Evinin həyətyanı sahəsinə vəkilinin və aqronomun da iştirakı ilə videoçəkiliş aparılmaqla polis əməkdaşları tərəfindən baxış keçirildi və həmin 5 ədəd çətənə kolu aşkar edilib torpaqdan çıxarılmışdır. Onların uzunluqları ölçüldü, torbaya yığılıb qablaşdırıldı və torbanın ağzı möhürləndi. Həmin kollar, eləcə də kolların olduğu yerdən götürülmüş torpaq nümunələri maddi sübut qismində götürüldü. Bundan sonra üzərində də evinin həyətyanı sahəsində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan edilən hər hansı əşya, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Sorğu-sual zamanı yuxarıda qeyd etdiklərini, yəni həmin kolların nə olduğunu, nə vaxt və kim tərəfindən, hansı məqsədlə əkildiyini bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, Göyçay rayon, Cəyirli kənd sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib becərməsilə bağlı ona əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatlar əsasında tərəfindən xx.xx.2023-cü il tarixdə RPŞ-nin rəhbərliyinə raportla məruzə etmişdir. Bundan sonra həmin günü əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş və həmin qərar əsasında əməliyyat işləri üzrə rəis müavini Azad Məmmədov tərəfindən əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin günü saat 18 radələrində CABnin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid4 ilə birlikdə X5 rayonu, Cəyirli kəndində yerləşən fərdi yaşayış evinin qarşısına getmişdirlər. Orada Təqsirləndirilən şəxs küçəyə çağırıb ona həmin yerdə narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirməkdə şübhəli olmasını bildirərək şübhəli şəxs kimi saxlamışlar. Bundan sonra təqsirləndirilən şəxsin seçdiyi vəkil Müdafiəçi, mütəxəssis X2 iştirakı ilə Məhəmməd Şıxaliyevin həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir.Videoçəkiliş vasitəsilə yuxarıda adları qeyd olunan şəxslərin iştirakları ilə Göyçay rayonu, Cəyirli kənd sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətinə baxış keçirilmiş və videoçəkiliş polis kapitanı Şahid3 tərəfindən həyata keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus həyətə giriş qapısından daxil olduqdan sonra sol tərəfdə yerləşən həyətyanı sahənin kənarında olan su bərəsinin sol tərəfində bir-birindən aralı əkilmiş 5 ədəd çətənə bitkisinə bənzər bitki kolu olması aşkar edilmişdir. Həmin bitki kollarının hər birinin ayrı-ayrılıqda uzunluqları ölçülərək götürülmüşdür. Ölçü zamanı bitki kollarının uzunluqlarının müvafiq olaraq 100 sm, 90 sm, 126 sm, 210 sm və 125 sm olması müəyyən edilmişdir. Daha sonra həmin bitki kolları çıxarılan yerlərdən torpaq nümunələri də götürülmüş və aqronom tərəfindən də həmin bitkilərə baxış keçirilmiş və həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, diblərinə peyin, şirə verilməklə xüsusi qulluq olunaraq diblərinin alaq otlarından təmizlənib aqrotexniki qaydada qulluq edilərək əkilib-becərildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən aşkar edilmiş 5 ədəd bitkilər bir ədəd torbaya və torpaq nümunələri isə başqa bir ədəd sellofan torbaya qablaşdırılmış, torbaların ağzı bağlanmışdır və onlar tərəfindən götürülmüşdür. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, buna görə də gələcəkdə özü istifadə etmək məqsədilə həmin bitkiləri özünün əkib becərdiyini bildirmişdir. Məhkəmə baxışında şahidlər Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid4 və Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu, Cəyirli kəndində yerləşən həyətə giriş qapısından daxil olduqdan sonra sol tərəfdə yerləşən həyətyanı sahənin kənarında olan su bərəsinin sol tərəfində bir-birindən aralı əkilmiş uzunluqları 90 sm-dən 210 sm-dək, yaş vəziyyətdə olan, ümumi təmiz çəkiləri 281,79 qram ümumilikdə 5 ədəd çətənə bitkisinə bənzər bitki kolu olması aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu, öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 16 iyun 2023-cü il tarixli, 17/470 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində yapışdırılmış kağızda “ Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 5 ədəd bitki kolları” yazısı , adlar və imzalar olan sintetik kisənin içərisindəki, 05 (beş) ədəd, uzunluqları 90sm-dən 210sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 281,79 qram bitki nümunələri əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şaiq İsmayılovun xx.xx.2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş,üzərində «X1 həyətyanı sahəsindən aşkar edilmiş 5 ədəd bitki kollarının diblərindən götürülmüş torpaq nümunələri…» yazısı,adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada torpaq nümunəsində əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəçikləri vardır. Tədqiqata təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda çətənə (kannabis) bitkisinin yetişməsini mümkün edir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X3 Məcburi- Narkoloji tibbi yoxlamanın 06 sentyabr 2023-cü il tarixli, 1481 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 15 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Göyçay rayonu, Cəyirli kəndində yerləşən həyətə giriş qapısından daxil olduqdan sonra sol tərəfdə yerləşən həyətyanı sahənin kənarında olan su bərəsinin sol tərəfində bir-birindən aralı əkilmiş 5 ədəd çətənə bitkisinə bənzər bitki kolu olması aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan, qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə saat 18:13-də şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə, saat 18:10-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-ən azad olunmuşdur. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda, yəni 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin yaşadığı Göyçay rayonu Cəyirli kəndində yerləşən həyətyanı torpaq sahəsinin həyətində yerləşən əkib yetişdirərək kultivasiya etmiş, həmin əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibini təşkil edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Və nəhayət cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə,bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki,az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını, əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,yaşadığı Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalan 90 sm-dən 210 sm-dək, yaş vəziyyətdə, ümumi təmiz çəkiləri 281,29 qram olmaqla xeyli miqdarda 5 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, eləcə də həmin yerdən götürülmüş torpaq nümunəsi Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən müvafiq qaydada məhv edilməlidir. Ekspertiza tədqiqatının cəmi dəyəri 35 manat 97 qəpik Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 15 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək bir gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan iki gün çıxılmaqla qəti olaraq ona 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Cəyirli kəndində yerləşən evi hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalan 90 sm-dən 210 sm-dək, yaş vəziyyətdə, ümumi təmiz çəkiləri 281,29 qram olmaqla xeyli miqdarda 5 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, eləcə də həmin yerdən götürülmüş torpaq nümunəsi məhv edilsin. Ekspertiza tədqiqatının 35 manat 97 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-78/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-78/2023
09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver