Məhkəmə qərarları › İş №1(046)-8/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-8/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-8/2024 23.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi1 iştirakı ilə, xx.xx.2001-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, vətən müharibəsi iştirakçısı, Göyçay şəhəri R.Rza küçəsi ev 102-də yaşayan, Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü-ci il tarixli hökmü ilə AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda 0,176 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq əldə edib 26 avqust 2023-cü il tarixdə saat 12 radələrində Göyçay şəhəri H.Əliyev prospektində üzərində daşıyan zaman Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Göyçay rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 12:43-də üzərinə keçirlən baxış zamanı əynindəki boz rəngli cins şalvarının sol arxa cibindən sellofona bükülü vəziyyətdə təmiz çəkisi 0,176 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, 0,928 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib 12 sentyabr 2023-cü il tarixdə Qobustan rayonu ərazisində üzərində daşıyan zaman Qobustan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində şübhəli olduğu üçün saxlanılaraq Qobustan RPŞ-nə gətirilmiş və həmin tarixdə saat 11:18-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,928 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda 1,077 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini, qanunsuz olaraq 08 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Göyçay şəhəri Atatürk küçəsində üzərində daşıyan zaman Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Göyçay rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 12:45-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol arxa cibindən sellofona bükülü vəziyyətdə təmiz çəkisi 1,077 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində Göyçay şəhər H.Əliyev prospektində yerdə bir ədəd gümüşü rəngli qəlyan falqası deyilən kağızın yerdə olduğunu görüb onu yerdən götürmüşdür. Həmin gümüşü rəngli kağın içərisinə baxarkən onun içərisində gümüşü rəngdə siqaret kağızına bükülmüş bükümün olduğunu görərək bükümü açmış və içərisində narkotik vasitə heroin olduğunu görmüş, istifadə etmək üçün həmin bükümü götürmüş və əynində olan şalvarın arxa sol cibinə qoymuşdur. 26 avqust 2023-cü il tarixdə saat 12 radələrində Göyçay şəhər H.Əliyev prospekti ilə gedərkən polis işçiləri ona yaxınlaşaraq, onu saxlayıb narkotik maddələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olduğunu ona bildirib, onu Göyçay RPŞ-nə gətirmişlər. RPŞ-də ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına vəkillə təmin etmişlər. Vəkilin iştirakı ilə video çəkilişlə, üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan boz rəngli cins materialdan olan şalvarının arxa sol cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş, içərisində narkotik vasitə heroin olan büküm aşkar olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisi 0,24 qram olmuşdur. Sonra həmin üzərindən aşkar olunmuş içərisində bozumtul rəngdə olan büküm, 1 ədəd zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq zərfin ağzı möhürlənmiş, özü və vəkili həmin zərfin üzərində imzaları ilə imzalamışlar. Sonra isə bununla bağlı protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş və doğru yazıldığı üçün protokolu imzalamışdır. Bundan sonra müvəqqəti olaraq qalmaq üçün Bakı şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Bakı şəhərindən Göyçay şəhərinə tanımadığı yol maşını ilə qayıdan zaman ayaq yoluna düşmək və səhər yeməyi yemək üçün Qobustan şəhəri ərazisində “Yurd” restoranın qarşısında taksidən düşmüş, taksidən düşmüş, ayaqyoluna tərəf gedən zaman yerdə sellofan büküm oduğunu görərək həmin bükümü götürmüş, açıb baxan zaman bükümün içərisində əvvəllər istifadə etdiyi psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin bükümü şəxsi istifadəsi üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamışdır. Yolun kənarına gedən zaman oradan avtomobillə polis əməkdaşları keçərək ondan kim olduğunu və oraya hansı səbəbdən getdiyini soruşmuşlar. Polis əməkdaşlarına Göyçay şəhərinə getdiyi üçün yolun kənarında dayanaraq maşın gözlədiyini bildirmişdir. Polis əməkdaşları ona onlarla birlikdə Qobustan RPŞ-yə getməyi təklif etmiş və onlara etiraz etməyərək onlarla birlikdə PŞ-yə getmişdir. Orada polis əməkdaşları ondan üzərində qanunsuz hər hansı bir əşya, predmet və ya maddə olub- olmamasını soruşlar. Polis əməkdaşlarına üzərində bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları hüquqlarını müdafiə etmək üçün vəkil dövlət hesabına ona müdafiəçi təyin etmişlər. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçıların yanında təqdim etməyi təklif etmişlər. Polis əməkdaşlarına üzərində bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirərək həmin bükülünü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa İnstaqram sosial şəbəkəsində tanımadığı bir nəfərlə tanış olaraq ona narkotik vasitə heroin almaq üçün 70 manat pul köçürmüşdür. Ondan sonra Bakı şəhəri Montin qəsəbəsinə gedərək yol kənarına qoymuş və həmin yerdən narkotik vasitə olan heroini götürərək Göyçay rayonuna qayıtmışdır. Heroini istifadə edəcəyi üçün cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində Göyçay şəhər Atatürk küçəsi ilə gedərkən polis işçiləri ona yaxınlaşaraq, onu saxlayıb narkotik maddələrin istifadəsində və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib, onu Göyçay RPŞ-nə gətirmişlər. RPŞ-də ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına vəkillə təmin olunaraq, vəkilin iştirakı ilə video çəkilişlə, üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins materialdan olan şalvarının arxa sol cibindən 1 ədəd seloffan büküm aşkar olunmuşdur. Həmin bükümün içərisinə açılıb baxılarkən onun içərisində bozumtul rəngli maddə aşkar olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş, həmin büküm 1,22 qram olmuşdur. Sonra həmin üzərindən aşkar olunmuş içərisində bozumtul rəngdə olan büküm, 1 ədəd zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və zərfin ağzı möhürlənərək vəkili ilə həmin zərfi imzalamışdırlar. Sonra isə bununla bağlı protokol tərtib olunaraq, protokol onlara ucadan oxunmuş və doğru yazıldığı üçün protokolu imzalamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən cəza təyin edərək İİ Qarabağ müharibəsi iştirakçısı olduğunun və medallarla təltif olunduğunun nəzərə alınmasını xahiş emtişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir.Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 26 avqust 2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə iştirak etmişlər. Həmin gün saat 12 radələrində Göyçay şəhəri H.Əliyev prospektində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında RPŞ-nin TB-nin təhqiqatçısı Qiyas Behbudov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və Müdafiəçi3 ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı X6 Abdullayevə hüquq və vəzifələrini izah etdikdən sonra Müdafiəçi3 və videoçəkilişi aparan şöbənin KTQ-nun baş inspektoru X1 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol arxa cibindən kiçik ölçülü 01 (bir) ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin bükümə nəzər saldıqda içərisində boz rəngli maddə olması aşkar olunmuş, aşkar edilmiş həmin sellofan bükümdə olan maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmişdir. Sellofan bükümlə birlikdə çəkisi 0,24 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin sellofan büküm götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 sentyabr 2023-cü il tarixdə Göyçay şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə “Təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilərək bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri CAB-ın əməliyyat müvəkkili Şahid4 ilə birlikdə təyin olunmuşlar. 12 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 99-cu kilometrliyində, yolun kənarında olan “Yurd” restoranının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq, ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün Qobustan RPŞ-yə getməli olacağını diqqətinə çatdırdıqdan sonra Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməyərək birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş Müdafiəçi2 və iştirakçılarla təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellafon bükülünü çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs sellofan bükülüdə olan kütlənin narkotik vasitə olan “patı” olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini “Yurd” restoranının qarşısından tapıb və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin bükülü elektron tərəzidə çəkilmiş və sellofan bükülü ilə birlikdə ümumi çəkisi 1,03 qram müəyyən edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ifadəsindən görünür ki, istintaq dövründə Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, Göyçay RPŞ-ııin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 08 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Əməliyyataxtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin CAB-m əməliyyat müvəkkili Zakir Mirzəyev, CAB-ın əməliyyat müvəkkili Şahid6lə birlikdə iştirak etmişdirlər. Həmin gün saat 12 radələrində Göyçay şəhəri Atatürk küçəsində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs isə onlara heç bir etiraz etmədən birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında RPŞ-nin TB-nin baş təhqiqatçısı Orxan Kərimov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi1lə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı X7 Abdullayevə hüquq və vəzifələrini izah etdikdən sonra Müdafiəçi1, CAB-nin əməliyyat müvəkkili Şahid6, Zakir Mirzəyev və videoçəkilişi aparan şöbənin KTQnun baş inspektoru X1 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən kiçik ölçülü 01 (bir) ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin bükümə nəzər saldıqda içərisində boz rəngli maddə aşkar olunmuş və aşkar edilmiş sellofan bükümdə olan maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 1,22 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin sellofan büküm götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylənərək bağlanmış, möhürlənərək, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid6 və X5, Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsindən alınmış xx.xx.2023-cü il tarixli 17/644 saylı rəydən görünür ki, 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0, 176 qram olan maddə kustar üsulla hazırlanmış, narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0.176 qr, tədqiqata sərf edildi 0.050 qr, qalıq 0.126 qr. Aparılmış tədqiqatın dəyəri 71.94 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/4846 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız bükümdə- təmiz çəkisi - 0,928 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0.928 qr, tədqiqata sərf edildi 0.05 qr, qalıq 0.878 qr. Aparılmış tədqiqatın dəyəri 92 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsindən alınmış xx.xx.2023-cü il tarixli 17/740 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,077 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir.Qeyd: Heroinin təmiz çəkisi 1.077 qr, tədqiqata sərf edildi 0.050 qr, qalıq 1.027 qr. Aparılmış tədqiqatın dəyəri 69.10 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 06 noyabr 2023-cü il tarixli 1821 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən siu-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1, 69.3 maddələri ilə təqsirli bilinərək barəsində 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Göyçay rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Göyçay Rayon Məhkəməsinin 1(046)-17/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir.Məhkum Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 1(046)-17/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə Göyçay Rayon İcra və Probasiya Şöbəsində probasiya qeydiyyatına alınmışdır. Təqsirləndirilən şəxs barəsində Göyçay Rayon Məhkəməsinin 4(046)- 99/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək azadlığın məhdudlaşdırılması növündə çəkilməmiş cəzası 01 il,05 ay,23 gün təşkil edir. Cinayət işinə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.176 qram çəkidə narkotik vasitə olan heroini 26 avqust 2023-cü il tarixdə saat 12 radələrində Göyçay şəhəri H.Əliyev prospektində üzərində saxlamaqla, bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.928 qram çəkidə psixotrop maddə olan metamfetamini xx.xx.2023cü il tarixdə saat 11 radələrində Qobustan rayon ərazisində üzərində saxlamaqla və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.077 qram çəkidə narkotik vasitə olan heroini, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Göyçay şəhəri Atatürk küçəsində olarkən üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, vətən müharibəsi iştirakçısı olduğunu, cəzanı yüngülləşdirilən hallar kimi, Təqsirləndirilən şəxs təkrar cinayət törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halı nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə CM-nin 234.1-ci maddəsi ilə 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən ona cəza təyin edilərkən məhkumluq nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının, çəkilməmiş hissəsi olan 01 il 05 ay 23 gün qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının, çəkilməmiş hissəsi olan 01 il 05 ay 23 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun hesablandıqda 8 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulur. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə saat 12:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı dörd gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan, Göyçay RPŞ-nin MSSK-da saxlanılan 1.153 qr çəkidə narkotik vasitə olan heroin və 0.878 qr çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 233.04 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 1 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 1 il 05 ay 23 gün CM-nin 68.1.1-1-ci maddəsinə uyğun hesablandıqda 8 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 il 09 ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 04 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 1 il 08 ay 26 müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Göyçay RPŞ-nin MSSK-da saxlanılan 1.153 qr çəkidə narkotik vasitə olan heroin və 0.878 qr çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 233.04 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar