Məhkəmə qərarları › İş №1(046)-80/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-80/2020

25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-80/2020 25.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, subay, Göyçay şəhəri ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay şəhəri ünvan 1 ünvanda yaşadığı evin həyətyanı sahəsində olan damda 1 ədəd dəmir su qabında qanunsuz olaraq əkib 04 ədəd şitillərdən ibarət narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində Göyçay rayon polis şöbəsinin və DİN-in BNMİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvana polis əməkdaşlarının gəldiyini görüb həyətə keçərək küçə qapısını arxadan bağlayıb həmin çətənə bitkilərini diblərindən çıxararaq yaşadığı evin hamamının pəncərəsindən küçəyə atmış, həmin yerə baxış keçirilən zaman isə 04 ədəd əkilib becərməsi qadağan olunmuş əkib yetişdirərək kultivasiya etdiyi narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitilləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay şəhərində işlədiyi çay evinə tərəf piyada gedərkən mərkəzi parkın yaxınında yolun kənarında bir ədəd kibrit qutusu görüb qaldıranda içərisndə marixuana olduğunu görmüşdür. Həmin marixuana olan kibrit qutusunda isə 5 ədəd çətənə toxumları olmuşdur. Toxumları əkmək üçün saxlamış və 2020-ci ilin aprel ayında həyətdə toyuq damında olan dəmir su vedrəsinə torpaq dolduraraq dibinə peyinlə gübrə verib toxumları həmin vedrədə əkib becərməyə başlamışdır. Həmin toxumlardan 4 ədədi yetişdiyindən onlara mütəmadi qulluq edərək diblərini yumşaldaraq suvarmağa davam etmişdir. xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində yaşadığı evin həyətində olan zaman küçə qapısı döyülmüş, həmin vaxt qardaşı Fəxri həyətdə, anası Xatirə isə evdə olmuşdur. Kimin qapını döydüyünü soruşaraq küçəyə çıxanda qapının yanında polis əməkdaşlarının olduqlarını görmüşdür. Polislərin həyətdəki toyuq damında dəmir vedrədə 4 ədəd narkotik tərkibli çətənə kolu əkib becərməyindən məlumatlarının olduğunu və bu məqsədlə yaşadığı ünvana gəldikərindən şübhələnmişdir. Ona görə də, həmin kolları dibindən çıxardıb atmaq üçün polislərə həyətində iti bağlayıb gələcəyini demiş və həyətə keçərək qapını arxadan bağlamışdır. Bundan dərhal sonra qaçıb toyuq damındakı vedrədə becərdiyi 4 ədəd çətənə kolunu diblərindən çıxararaq onları əlində əzib bükmüş və evə bitişik yerdə olan hamamın küçəyə açılan kiçik pəncərəsindən bayıra ataraq pəncərəni bağlamışdır. Bundan sonra qaçıb həmin vedrənin içərisində olan gübrəli nəm torpağı həyətdəki 2 ədəd alça, 1 ədəd şaftalı və 1 ədəd gilas ağacının diblərinə boşaltmışdır. Daha sonra vedrənin içərisini yuyaraq təmizləmış və qaytarıb toyuq damına qoymuşdur. Bundan sonra iti yerinə bağlamış və polislərə qapını açmışdır. Polis əməkdaşları ona çətənə bitkilərinin əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər və ona vəkil Müdafiəçi təqdim etdikdən sonra hüquq və vəzifələrini izah etmiş, şübhəli şəxs kimi saxlanılmağı barədə protokol tərtib edilmişdir. Polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsinə, eləcə də küçəyə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. Polislərə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra dəvət olunmuş iki nəfər hal şahidlərinin, aqronomun və vəkilin iştirakı ilə küçədə evin pəncərləri çıxan tərəfdə, eləcə də həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zamanı küçədə, evə bitişik olan hamamın küçəyə çıxan kiçik pəncərəsininin altında, yol kənarı səkidə bükülmüş və əzilmiş vəziyyətdə olan həmin 4 ədəd çətənə şitilləri aşkar edilmişdir. Baxış və götürmə zamanı ona həmin bitkilərin özünə məxsus olub-olmaması və nə olması barədə sorğu edildikdə polislərə həmin bitkilərin çətənə kolları olmaqla onları toyuq damında vedrədə gələcəkdə istifadə etməyi üçün əkib becərdiyini və polisləri görüb tutulacağından qorxaraq dərhal köklərindən çıxarıb əzib hamamın pəncərəsindən küçəyə atdığını bildirmişdir. Həmin şitillərin uzunluqları ölçülmüş. 2 ədədi 30 sm, 1 ədədi 40 sm, 1 ədədi isə 55 sm uzunluqda oldulmuşlar. Çətənə şitilləri zərfə qoyularq qablşdırılmışdır. Həmin zərf möhürlənmiş və üzərini hal şahidləri imzalamışlar. Bundan sonra yaşadığım həyətdə baxış keçirilmişdir. Həyətində yerləşən toyuq damında olan bir ədəd boş vedrəni polislərə göstərərək həmin vedrədə küçəyə atdığı 4 ədəd çətənə kolunu əkdiyini, sonradan həmin vedrənin içərisində olan gübrəli və peyinli torpağı həyətdə ağacların dibinə tökdüyünü bildirmişdir. Həyətdə 2 ədəd alça, 1 ədəd şaftalı və 1 ədəd gilas ağacının diblərinə vedrədən boşaltdığı peyinli torpaqdan nümunə götürülmüş və zərfdə qablaşdırılaraq götürülmüşdür. Həmin zərfin üzərini o, və hal şahidləri imzalamışlar. Baxış keçirilən zaman fotoşəkillər çəkilərək protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra iştrakçılar tərəfindən imzalanmışdır. O, həmin çətənə bitkilərini yalnız özü istifadə etməyi üçün əkib becərmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması və yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib becərməsi barədə əməliyyat məlumatına malik olduğundan xx xxxx 2020-ci il tarixdə bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq aldıqdan sonra polis şöbəsinin və DİN-in BNMİ-nin əməkdaşları ilə birgə əməliyyat tədbiri keçirilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində tədbirdə iştirak edən əməkdaşlarla, aqronom və Müdafiəçi ilə Göyçay şəhəri, ünvan 1 ünvana Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısından küçəyə çağırmışlar. Təqsirləndirilən şəxs küçəyə çıxaraq onları, yəni polis əməkdaşlarını görüb həyacanlanmış və həyətdə itin açıq olduğunu bəhanə gətirərək, iti bağlayıb gələcəyini bildirərək qapını arxadan bağlamışdır. Az sonra Təqsirləndirilən şəxs yaşadığı evin küçəyə çıxan kiçik pəncərəsindən küçəyə əzilmiş və bükülmüş vəziyyətdə bitki şitillərinin atıldığını görmüşlər. Onlar yaxınlıqdan keçən bir nəfəri, eləcə də qonşuluqda yaşayan və polislər tərəfə yaxınlaşan bir nəfəri çağırıb Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə və küçəyə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyi dəvət etmişlər. Az sonra Təqsirləndirilən şəxs küçə qapısını açıb küçəyə çıxmışdır. Özlərini Feyziyə təqdim edərək yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkib becərməsində şübhəli olduğunu, bildirdikdən sonra, vəkil Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edərək hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılması barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə və küçədə yaşadığı evin qarşısına baxış keçirilməsinin zəruri olduğu bildirilmişlər. Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirərək, bu barədə ərizə yazmışdır. Bundan sonra hal şahidlərinə də hüquq və vəzifələri izah olunuduqdan sonra, onların aqronomun və vəkil Müdafiəçi iştirakı ilə küçədə, Təqsirləndirilən şəxs yaşadığı evin pəncərəsindən əzilmiş vəziyyətdə bitkilərin atıldığı yerə baxış keçirilmişdir. Baxış zamanı həmin bitikilərin ümumilikdə 4 ədəd olması, onların yaş vəziyyətdə olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin nə olması, onları haradan əldə etməsi, kimin və nə səbəbə onları küçəyə atması barədə sorğu edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə şitilləri olmaqla onları həyətində olan köhnə toyuq damında dəmir su vedrəsində əkib becərdiyini, polislərin gəldiyini görüb tutulacağından qorxub, iti bağlamaq adı ilə həyətə qayıdıb onları kökündən çıxarıb əzib bükərək evin hamamının küçəyə açılan kiçik pəncərəsindən küçəyə atdığını bildirmişdir. Həmin şitillərin uzunluqları ölçüldükdə 2 ədədi 30 sm, 1 ədədi 40 sm, 1 ədədi isə 55 sm uzunluqda olduqları müəyyən edilmişdir. Həmin 4 ədəd bitkilər təhqiqatçı Orxan Kərimov tərəfindən 1ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərf möhürləndikdən sonra üzərini Təqsirləndirilən şəxs və hal şahidləri imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilmişdir. Həyətə kiçik qapıdan daxil olduqda qarşıda köhnə toyuq damı, sol tərəfdə bir mərtəbəli, pəncərləri küçəyə çıxan fərdi yaşayış evi, həmin evin qarşı sol tərəfində isə kənarları dəmir barmaqlıqlarla əhatə olunmuş it saxlanması üçün yerdə isə it olmuşdur. Toyuq damı ilə həmin it saxlanılan yerin arasında həyətdə müxtəlif yerlərdə ağaclar əkilmişdir. Təqsirləndirilən şəxs həyətdə giriş qapısından daxil olanda qarşıda olan köhnə, istifadə olunmayan, içərisində məişət əşyaları yığılmış toyuq damına yaxınlaşaraq orada olan bir ədəd boş dəmir su vedrəsini göstərərək küçəyə pəncərədən atdığı 4 ədəd çətənə bitkilərini həmin vedrədə əkib diblərinə peyin və gübrə verməklə gələcəkdə özü istifadə etməsi üçün becərdiyini, onları kökündən çıxardan zaman isə vedrədə olan gübrəli və peyinli torpağı həyətdə ağacların diblərinə boşlatdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs vedrədə olan torpağı boşaltdığı yerləri, eləcə də həmin bitkiləri haradan küçəyə atdığı yeri göstərməsi təklif olunmuş və Təqsirləndirilən şəxs həyətdə 2 ədəd alça, 1 ədəd şaftalı və 1 ədəd gilas ağacının diblərini göstərərək vedrədə olan torpağı həmin yerlərə boşaltdığını bildirmişdir. Həmin ağacların diblərində həqiqətən nəm halda torpağın töküldüyü müəyyən edilmişdir. Həmin yerlərdən təhqiqatçı Orxan Kərimov tərəfindən torpaq nümunəsi götürülərək 1 ədəd zərfdə qablaşdırılmışdır. Həmin zərfin üzərini Təqsirləndirilən şəxs və hal şahidləri imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs həyətdə olan evin hamamına daxil olaraq oradan küçəyə açılan kiçik pəncərəni göstərib kökündən çıxardığı 4 ədəd çətənə bitkilərini həmin yerdən küçəyə atdığını bildirmişdir. Təqsirləndirilən şəxs əkmiş olduğu çətənə şitillərin toxumlarını haradan əldə etməsi ilə bağlı sorğu edildikdə, sonuncu tutulmamışdan 3 ay əvvəl Göyçay şəhərin mərkəzində işə gedən zaman yoldan bir ədəd kibrit qutusunda marixuana tapdığını, marixuananı istifadə etdiyini, həmin kibrit qutusunda marixuananın içində olan 5 ədəd çətənə toxumlarının olduğunu, onları saxlayıb, 2 ay əvvəl isə toyuq damındakı dəmir su vedrəsinə torpaq dolduraraq peyinlə gübrə verib həmin toxumları əkib becərdiyini, onlardan 4 ədəd çətənə şitilləri yetişdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, lakin onun üzərindən narkotik vasitə, eləcə də başqa hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Baxış keçirilən zaman fotoşəkillər çəkilərək protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra iştrakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda baxış zamanı aşkar edilmiş 4 ədəd bitkilər və ağacların diblərində olan torpaq nümunələri aqronom tərəfindən nəzərdən keçirilmiş, aqronom da həmin bitkilərin çətənə şitilləri olduğunu, onlara xüsusi qaydada qulluq olunduğunu, torpaq nümunələrində isə peyin və gübrənin olduğunu təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1, Şahid5 və Şahid7 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Göyçay şəhəri Fuzuli küçəsində yas mərasiminə tək piyada gedən zaman həmin küçədə, 65 saylı ünvanda olan evin küçə qapısının yanında polis əməkdaşlarının olduğunu görüb oraya yaxınlaşan zaman polislər ona yaxınlaşaraq orada baxış keçirəcəklərini, işdə hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O, da etiraz etməmiş və ondan başqa dəvət olunmuş digər hal şahidi, vəkil və aqronom ilə birlikdə küçəyə çıxmış Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına və həyətyanı sahəsinə baxış keçirilmişdir. Belə ki, ilk öncə polislər Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib becərməsində şübhəli olduğunu bildirmişlər və onu müdafiəçi ilə təmin etdikdən sonra şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələrini izah etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına və həyətinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Baxış keçirilməmişdən əvvəl ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Sonra isə onların, Təqsirləndirilən şəxs, vəkilin, eləcə də aqronomun iştirakı küçədə evin pəncərlərinin yanına baxış keçirilmişdir. Oradan pəncərələrin altında bir topada köklərindən çıxarılmış, yaş və əzilmiş vəziyyətdə müxtəlif uzunluqda 4 ədəd şitillərin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin şitillərin nə olması barədə sorğu edildikdə, sonuncu həmin şitillərin narkotik hesab edilən çətənə şitilləri olduğunu, onları həyətində olan toyuq damında su vedrəsində özü gələcəkdə istifadə etməsi üçün əkib becərdiyini, polislərin gəldiyini görüb qorxduğundan tez onları kökündən çıxarıb əzib evin hamamının küçəyə açılan kiçik pəncərəsindən küçəyə atdığını bildirmişdir. Həmin şitillərin uzunluqları ölçüldükdə 2 ədədi 30 sm, 1 ədədi 40 sm, 1 ədədi isə 55 sm uzunluqda olduqları müəyyən edilmişdir. Həmin 4 ədəd şitillər polis tərəfindən 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürləndikdən sonra zərfin üzəri Təqsirləndirilən şəxs, o, və digər hal şahidi tərəfindən imzalanmışdır. Aqronom da həmin şitilləri nəzərdən keçirib onların çətənə şitilləri olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həyətdə giriş qapısıından daxil olanda qarşıda içərisində məişət əşyaları yığılmış kiçik toyuq damına yaxınlaşıb orada olan boş dəmir su vedrəsini göstərib pəncərədən atdığı 4 ədəd çətənə şitillərini həmin vedrədə əkib diblərinə peyin və gübrə verməklə gələcəkdə özü istifadə etməsi üçün becərdiyini, polislər yaşadığı ünvana gələn zaman isə onları diblərindən çıxardıb vedrədə olan torpağı həyətdə ağacların diblərinə boşlaltdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs torpağı boşaltdığı 4 ədəd ağacların diblərini göstərmiş, həmin ağacların diblərində nəm torpağın töküldüyü müəyyən edilmişdir. Aqronom da həmin yerlərdə olan torpaqları nəzərdən keçirib torpaqların peyin və gübrə ilə qarışıq və nəm halda olduqlarını bildirmişdir. Polis tərəfindən həmin yerlərdən torpaq nümunəsi götürülərək 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri Təqsirləndirilən şəxs, o, və digər hal şahidi imzalamışlar. Sonra isə Təqsirləndirilən şəxs həyətdə olan evin sağ tərəfində hamama daxil olaraq oradan küçəyə açılan kiçik pəncərəni göstərib 4 ədəd şitilləri əzib bükərək həmin yerdən küçəyə atdığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs polislərə əkmiş olduğu çətənə şitillərinin toxumlarını 3 ay əvvəl Göyçay şəhərin mərkəzində yoldan bir ədəd kibrit qutusunda tapdığı marixuananın içindən əldə etdiyini, marixuananı istifadə edib toxumları isə təxminən 2 ay əvvəl su vedrəsində əkib torpağa gübrə ilə peyin verib 4 ədəd çətənə şitillərini yetişdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, lakin onun üzərindən narkotik vasitə, eləcə də başqa hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Baxış keçirilən zaman fotoşəkillər çəkilərək protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra iştrakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 17/348 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından aşkar edilmiş yaşıl rəngli bitki...” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan hündürlüklükləri 36 sm-dən 68 sm-dək, ümumi təmiz çəkiləri 59,71 qram olan torbada 04 ədəd bitki şitilləri narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Ş.İsmayılovun xx.xx.2020-ci il tarixli rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş....” sözləri yazılmış 01 ədəd zərfin içərisində 01(bir) ədəd sellofan torbada olan torpaq nümunəsində əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edildi. Tədqiqata təqdim olunmuş nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Qeyd: 04 ədəd çətənə bitkilərinin ümumi təmiz çəkisi 59.71 qram, tədqiqata sərf edildi – 0.20 qram (hər bitkidən – 0.05 qram), qalıq 59.51 qramdır. Aparılmış ekspertizanın dəyəri 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 716 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 3925 saylı məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2012-ci il tarixdən “şəxsiyyətin orta dərəcəli isterik tip pozuntusu, özünü kəsmələrlə” diaqnozu ilə RMX-nin psixatrik kabinetində qeydiyyatdadır, narkoloji kabinetdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş məhkəmə-psixatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 475 №li rəyindən görünür ki,Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 12:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 10:40-da Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay şəhəri, ünvan 1 ünvanda yaşadığı evin həyətyanı sahəsində olan damda 1 ədəd dəmir su qabında qanunsuz olaraq əkib 04 ədəd şitillərdən ibarət narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etməkləAzərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasın, ilk dəfə az ağır cinayət törətdiyini cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası həddində cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 04 ədəd çətənə şitilləri və torpaq nümunəsində olan çətənə (kannabis) bitkisinin hissəcikləri məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 2500 manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 04 ədəd çətənə şitilləri və torpaq nümunəsində olan çətənə (kannabis) bitkisinin hissəcikləri məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar