Məhkəmə qərarları › İş №1(046)-81/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-81/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-81/2020 24.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, İİİ dərəcəli əlil, məhkum olunmamış, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 06 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını yaşadığı Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən evinin həyətyanı sahəsində əkib yetişdirərək kultivasiya etmiş, həmçinin istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi ümumi çəkisi 62.12 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşları ilə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsindən xeyli miqdarda hündürlükləri 30 sm-dən 100 sm-dək ümumi təmiz çəkiləri 90.78 qram olan 06 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri və saxladığı ümumi təmiz çəkisi 62.12 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilin əvvələrində yaşadığı Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd iərazisində mal-qara otararkən narkotik vasitə olan çətənə kollarının toxumlarını tapmışdır. Əvvələr narkotik vasitə istifadə etdiyi üçün həmin toxumların çətənə kollarının toxumları olduğunu bilmişdir. Həmin çətənə kollarının toxumlarını yaşadığı evə gətirib 01 ədədini həyatyanı sahəsində əkmiş və həmin çətənə kolundan əldə etdiyi yeni toxumları növbəti il əkmək üçün özündə saxlamışdır. 2020-ci ilin aprel ayının ortalarında həmin toxumların bir qismini yaşadığı evin həyatyanı ərazisinə əkib becərmiş və qulluq etmişdir ki, gələcəkdə özü istifadə etsin. Əkdiyi çətənə kollarının yarpaqlarını qurudub istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd ərazisində olarkən, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində narkotik vasitələri qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirmiş və onlarla birlikdə Göyçay rayon polis şöbəsinə getməsini demişlər. Polis şöbəsində üzərinə baxış keçirləcəyi bildirilmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri barədə bildiriş və şübhəli şəxs kimi tutulmağı barədə qərarın surəti təqdim olunmuşdur. Daha sonra Göyçay rayon polis şöbəsinin Növbətçi hissəsində vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Ona üzərində gəzdirilməsi qadağan olunmuş əşya və ya predimet olub-olmaması əgər vardırsa təqdim etməsi əks halda üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirələciyi üçün məcbur qalıb əynində olan boz rəngli şalvarın sol yan cibindən içərisində yaşılımtıl rəngli kütlə olan bir ədəd sellofan bükümü təqdim etmişdir. Həmin sellofan bükümdə olan kütlə sellofanla birlikdə elektron tərəzidə çəkilmiş, 60 qram olmuşdur. Daha sonra həmin yaşılımtıl kütlə sellofanı ilə birlikdə vəkilin və polis əməkdaşlarının iştirakı ilə bir ədəd ağ rəngli zərfə qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Daha sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı həmin kütlənin narkotik vasitə olduğunu, onları həyətindən yığdığını və həyətyanı sahəsində də çətənə bitkiləri əkdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona məxsus ev ünvanına və onun həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Etiraz etməmiş və etirazının olmaması barədə Göyçay rayon polis şöbəsinə ərizə vermişdir. Daha sonra ona məxsus evin həyətyanı sahəsinə vəkilin, iki hal şahidinin, aqronomun və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evimin arxa hissəsində 1 ədəd zətənə kolu olduğu aşkar edilmişdir. Həmin 1 ədəd i kol kökündən çıxarılmış və uzunluğu ölçülmüşdür. Bu zaman həmin kolun uzunluğunun 45 sm olması müəyyən edilmişdir. Daha sonra isə həmin koldan təxminən 3 metr məsafədə 2 ədəd kolun olduğu müəyyən edilmişdir. Həmin 2 ədəd bitki kolları kökündən çıxarılmışdır və uzunluqları ölçülmüşdür. Bu zaman onlardan 1 ədədinin uzunluğunun 75 sm, digərinin isə uzunluğunun 1 metr olması müəyyən edilmişdir. Daha sonra fərdi yaşayış evinin yanında yerləşən toyuq damının arxasında bir ədəd kol aşkar edilmişdir. Həmin kol kökündən çıxarılmış və uzunluğu ölçülmüş, kolun uzunluğunun 30 sm olduğu müəyyən edilmişdir. Daha sonra isə fərdi yaşayın evinin sağ tərəfində hasarın yanında bir ədəd kol aşkar edilmişdir. Həmin bir ədəd kolu ətrafına ağac çubuqları basdırılmışdır. Həmin 1 ədəd kol kökündən çıxarılmış və uzunluğu 50 sm olduğu müəyyən edilmişdir. Daha sonra isə fərdi yaşayış evinin həyətində yerləşən qoz ağacının dibindən 1 metr məsafədə bir ədəd ağ rəngli plastik vedrə aşkar olunmuşdur. Həmin vedrənin də içərisindən bir ədəd kol aşkar edilmişdir. Həmin 1 ədəd kol kökündən çıxarılmış və uzunluğu 45 sm olduğu müəyyən edilmişdir. Daha sonra həmin bitki kolları və onun çıxarıldığı yerdən götürülən torpaq nümunələri polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Bundan sonra ona məxsus birmərtəbəli, kürsülü evə baxış keçirilmişdir. Baxış zamanı həmin evin alt hissəsindən aliminyum rəngli peçin üst hissəsindən 3 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutuları açıldıqda, hər birinin içərisindən bitki toxumları aşkar edilmişdir. Daha sonra həmin toxumlar da kibrit qutuları ilə birlikdə polis əməkdaşları tərəfindən götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində narkotik vasitəni qanusuz olaraq daşıması barədə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs barəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Göyçay RPŞ-nin əməkaşları ilə birgə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin bir neçə nəfər polis əməkdaşı ilə birlikdə iştirak etmişdir. Həmin gün saat 20 radələrində Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində qanusuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu və onlarla birlikdə polis şöbəsinə gəlməsini bildirdikdə, Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Göyçay rayon polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs təhqiqatçı Anar Osmanov tərərfindən müdafiəçi ilə təmin edilərək ona hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutularaq üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyinində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin sellofan büküm açıldıqda içərisində qurudulmuş halda yaşımtıl kütlə aşkar edilmişidir. Həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisi 60 qram olmuşdur. Həmin kütlə təhqiqatçı Anar Osmanov tərəfindən qablaşdırlaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin kütləni 2019-cu ildə yaşadığı evin həyətində əkdiyi çətənə kollarını qurdaraq əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olub-olmaması sorğu edildikdə 2020-ci ilin aprel ayında yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə kolları əkdiyini və hazırda həmin çətənə kollarının da yaşadığı evin həyətində olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən evə və həyətyanı sahəyə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra 2 nəfər hal şahidi, aqronom mütəxsəsis, vəkil və polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən evə getmişlər. Həmin yaşayış evinə baxış zamanı həyətdə yerləşən yaşayış evinin arxa hissəsində 01 ədəd çətənə bitkisinə oxşar kol aşkar edilmiş həmin kol aqronom və digər iştirakçıların iştirakı ilə çıxarılmış və uzunluğu ölüçüldükdə 45 sm metr olmuşdur. Daha sonra həmin kolndan bir az irəlidə 2 ədəd çətənə bitkisinə oxşar kolda kökündən çıxarılmış və uzunluqları 75 sm və 100 sm olmuşdur. Bundan başqa yaşayış evinin yanında olan toyuq damının arxasında yerləşən 1 ədəd çətənə kolda aşkarlanıb çıxarlaraq uzunluğu ölçülmüş və uzunluğu 30 sm olmuşdur. Bundan sonra yaşayış evinin sağ tərəfində yerləşən dəmir listlərdən ibarət olan hasarın yanında 01 ədəd kol aşkar edilmişdir. Daha sonra həyətin künc hissəsində yerləşən qoz ağacanın yaxınlığında 01 ədəd plastik su qabının içərisində 1 ədəd kol aşkar edilmişdir. Aşkar edilmiş 06 ədəd çətənə bitki kollarına aqronom baxış keçrildikdə bildirmişdir ki, həmin bitki kolları çətənə bitkisinə məxsus bitki kollarıdır və həmin bitki kolları alaq otlarından təmizlənərək onlara aqrotexniki qaydada qulluq edilmiş, sulanaraq dibləri yumşaldılmış və gübrə verilmişdir. Bundan başqa həmin yaşayış evinin alt hissəsində olan aliminyum rəngli peçin üzərindən 03 ədəd kibrit qutusu aşkar edilmiş və həmin kibrit qutuları açıldıqda içərisində bitki toxumları olduğu müəyyən edilmiş. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitki kollarının toxumlarını 2019-cu ildə 1-ci Ərəbcəbirli kəndində yerləşən dağlıq bölgədə malqara otararkən tapdığını və həmin toxumları həyətyanı sahədə əkdiyini, həmin çətənə kolları yetişdikdən sonra onun toxumlarını yığaraq kibrit qutusunda saxladığını, çətənə kollarını isə qurudaraq istifadə etməsi üçün özündə saxladığını, üzərindən aşkar edilmiş quruldulmuş marixuananın həmin kollardan əldə etdiyi marixuana olduğunu, 2020-ci il tarixdə həmin kollarının toxumlarının bir hissəsini yenidən həyətyanı sahəsinə əkdiyini və qalan hissəsində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar olunmuş 6 ədəd narkotik təbiətli çətənə bitkisi və 3 ədəd kibrit qutusunda olan bitki toxumları həmçinin bitki toxumlarının əkildiyi yerdən torpaq nümunəsi qablaşdırlaraq götürülmüş, fotoşəkillər çəkilmiş, baxış keçirilməsi ilə bağlı protokol tərtib edilərək ucadan oxunmuşdur. Həmin protokol hal şahidləri və iştirakçılar trərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə verən Şahid2 və X1 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində 1-ci Ərəbcəbirli ərazisində olarkən Göyçay rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik vasitə olan çətənə kolları əkib becərməkdə şübhəli olduğunu və onun yaşadığı evin həyətinə baxış keçirlərkən hal şahidi kimi iştirak etməyini xahiş etmiş, etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları ilə birgə Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evə gəlmişlər. Həmin vaxt ona və oraya dəvət edilmiş digər bir nəfər hal şahidinə hüquq və vəzifələri izah edilmiş, sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun, digər hal şahidinin, aqronom mütəxəssisin, vəkilin və polis əməkdaşlarının iştirakı ilə Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yerləşən Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçrilmişdir. Baxış zamanı həyətdə yerləşən yaşayış evinin arxa hissəsində 01 ədəd bitki çətənə bitkisinə oxşar kol aşkar edilmiş həmin kol aqronom və digər iştirakçıların iştirakı ilə çıxarılmış və uzunluğu ölüçüldükdə 45 sm metr olmuşdur. Daha sonra həmin kolndan bir az irəlidə 2 ədəd çətənə bitkisinə oxşar kolda kökündən çıxarılmış və uzunluqları 75 sm və 100 sm olmuşdur. Bundan başqa yaşayış evinin yanında yerləşən toyuq damının arxasında yerləşən 1 ədəd bitki çətənə kola oxşar kolda aşkarlanıb çıxarlaraq uzunluğu ölçülmüş və uzunluğu 30 sm olmuşdur. Bundan sonra yaşayış evinin sağ tərəfində yerləşən dəmir listlərdən ibarət olan hasarın yanında 01 ədəd kol aşkar edilmişdir. Daha sonra həyətin künc hissəsində yerləşən qoz ağacın yaxınlığında 01 ədəd plastik su qabı aşkar edilmiş həmin su qabının içərisində 1 ədəd kol aşkar edilmiş. Aşkar edilmiş 06 ədəd bitki kollarına aqronom baxış keçrildikdə bildirmişdir ki, həmin bitki kolları çətənə bitkisinə məxsus bitki kollarıdır və həmin bitki kolları alaq otlarından təmizlənərək onlara aqrotexniki qaydada qulluq edilmiş, sulanaraq dibləri yumşaldılmış və gübrə verilmişdir. Bundan başqa həmin yaşayış evinin alt hissəsində olan aliminium rəngli peçin üzərindən 03 ədəd kibrit qutusu aşkar edilmiş və həmin kibrit qutuları açıldıqda içərisində bitki toxumları olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitki toxumlarını 2019-cu ildə 1-ci Ərəbcəbirli kəndində təpəlik ərazidə mal-qara otararkən orada olan çətənə bitki kollarından yığdığını və bir hissəsini həyətində əkdiyini qalan hissəsini isə saxladığını bildirmişdir. Həmçinin özünün narkotik vasitə aludəçisi olduğunu və həmin çətənə kollarını özü həyətində əkib yetişdirib qulluq edərək gələcəkə özü istifadə etmək isədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş qurudulmuş marixuananın da həyətdə əkdiyi bitkilərdən olduğunu və həmin bitkilərin bir hissəsini çıxarıb qurudaraq özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin çətənə kolları və 3 ədəd kibrit qutusunda ibarət bitki toxumları həmçinin bitki kollarının əkildiyi yerdən götürülmüş torpaq nümunələri qablaşdırılaraq götürülmüş. Kisənin ağzı tikilmiş, möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin yerə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş. Həmin protokol iştirakçılar tərərfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videoçəkliş aparılmış, həmin videoçəkliş 01 CD-diskə köçürülərək iş materiallarına əlavə edilərək bu barədə protokollar tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/345 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki digər 01 ədəd zərfin içərisində olan 01 ədəd sellofan torbada, təmiz çəkisi 62.12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi – 62.12 qram, təqdiqata sərf edildi – 0.05 qram, qalıq – 62.07 qram təşkil edir. Aparılmış ekspertizanın dəyəri 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/344 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş...” sözləri yazılmış sintetik torbanın içərisində Hündürlükləri 30-sm-dən 100 sm-dək ümumi təmiz çəkiləri – 90.78 qram olan 06(altı) ədəd bitki şitilləri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 03 ədəd kibrit qutularında, ümumi təmiz çəkiləri -1.72 qram olan bozumtul-qəhvəyi rəngli bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. 01 ədəd sellofan torbada olan torpaq nümunəsinin içərisindəki bitki hissəcikləri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləridir. Təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqlarda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir.Qeyd: 06 ədəd çətənə bitkilərinin ümumi təmiz çəkisi – 90.78 qram, tədqiqata sərf edildi – 0.30 qram, qalıq – 90.48 qram təşkil edir. Aqronom-mütəxəssis Şaiq İsmayılovun xx.xx.2020-ci il tarixli rəyinə əsasən 6 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aparılmış ekspertizanın dəyəri 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 avqust il tarixli 664 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış, narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü dərəcəli əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 3314 saylı məktubdan görünür ki, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd sakini 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 15:30-da Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndi ərazisində əldə etdiyi ümumi çəkisi 62.12 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlayaraq, eləcə də əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 06 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını yaşadığı Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən evinin həyətyanı sahəsində əkib yetişdirərək kultivasiya etməklə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olduğunu, İİİ dərəcəli əlil olduğunu cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd sintetik kisədə qablaşdırılmış 06 ədəd narkotik tərkibli çətənə bitkiləri, 01 ədəd zəfdə qablaşdırılmış ekspertizaə tədqiqatından sonra 62.12 qram qalan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd zərfdə qablaşdırılmış torpaq nümunələrində olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə hüquqlarını 11 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 66 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərcləri olan 69 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları tam toplamaq yolu ilə üzərində qəti cəza olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 01 ədəd sintetik kisədə qablaşdırılmış 06 ədəd narkotik tərkibli çətənə bitkiləri, 01 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra 62.12 qram qalan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd zərfdə qablaşdırılmış torpaq nümunələrində olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 69 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 66 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar