Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-82/2025 08.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 15.15-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2006-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olan, Göyçay şəhəri, 58 saylı peşə litseyinin yataqxanasında yaşayan, barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 26,48 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 16 aprel 2025-ci il tarixdə saat 12:55 dəqiqədə Göyçay RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Atatürk küçəsində saxlanılmış və saat 12:55 dəqiqədən 13:12 dəqiqəyədək üstünün yoxlanılması zamanı əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sol iç döş cibindən 06 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,98 qram, 4,94 qram, 5,42 qram, 4,06 qram, 4,21 və 3,87 qram olmaqla xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 26,48 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi, ifadə verərək göstərdi ki, çayxanada işləyir. 16 aprel 2025-ci il tarixdə saat 12.55 radələrində Göyçay şəhəri Atatürk küçəsində olan zamanı polis əməkdaşları onu götürüb Göyçay RPŞ-nə gətirmişlər,sonra üzərinə marixuana qoyaraq onu yükləmişlər.Sonuncu dəfə 7-8 ay bundan əvvəl narkotik maddə istifadə etmişdir.Onu polis şöbəsində döymüşlər.Döyülərkən xəsarət almamışdır.İş məhkəməyə gələnə qədər şikayət etmək yadından çıxmışdır.Əvvəllər narkotik vasitə satmamışdır.Üzərindən çıxan 6 ədəd kibrit qutusunun ona məxsus deyildir. Sonrakı məhkəmə iclasında təqsirləndirilən şəxs özünü narkotik vasitəni saxladığına görə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs X5 ifadə verərək göstərmişdir ki,11 aprel 2025ci il tarixdə Göyçay şəhəri Türkmanlar küçəsində çayın kənarında çaylaq kimi tanınan ərazidə 6 ədəd kibrit qutusunda qurudulmuş marixuana tapmış,şəmin kibrit qutularını cibinə qoymuşdur.16 aprel 2025-ci il tarixdə saat 12.55-də Göyçay şəhəri Atatürk küçəsində mülki geyimdə olan polis əməkdaşları onu salamışlar,narkotik vasitəni istifadə etməkdə və gəzdirməkdə şübhəli olduğunu bildirib üzərinə axtarış keçirtmişlər.Üzərindən aşkar edilmiş 6 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana qablaşdırılaraq götürülmüşdür.Ona qarşı fiziki fiziki zorakılıq və digər qanunsuz hərəkətlər edilməmişdir.Tanışı Ruslana pulsuz istifadə etmək üçün narkotik vasitə marixuana vermişdir.Verdiyi narkotik vasitəyə görə pul almamışdır.Özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə təngidi yanaşaraq hesab edir ki, həmin ifadə müdafiə xarakteri daşıdığından, işin faktiki hallarına uyğun gəlmədiyinə görə cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmişdir.O ki qaldı ibtidai istintaq zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi bəyanatına məhkəmə təqsirləndirilən şəxsin şübhəli şəxs qismində saxlanılaraq müdafiəçi ilə təmin edildiyi andan,müdafiəçinin iştirakı ilə istintaq hərəkətlərində iştirak edilməsinə,barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılmasına,ibtidai istintaqın qurtarması ilə əlaqədar iş materialları ilə tanış olmasına baxmayaraq ,yəni bu barədə məlumat vermək imkanlarına malik olduğu halda bir dəfə də olsun,bu barədə məlumat verməmiş,şikayət etməmişdir.Məhkəmə baxışında «nəyə görə vaxtında bu barədə şikayət etməməsiniz» sualına «Yadımdan çıxmışdır» cavabı verərək kifayətlənmişdir.Ona görə də məhkəmə təqsirləndirilən şəxsin bəyanatını cinayət işi üzrə digər sübutlarla təsdiq edilməməsini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini sübut qismində nəzərə alıb, məhkəmədə verdiyi ifadəni həqiqətə uyğun olmayan ifadə hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, Göyçay rayon Polis Şöbəsinin CAB-nin KMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şöbəyə Göyçay şəhəri, Çayarxı kəndində qeydiyyatda olmaqla, Göyçay şəhərində yerləşən 58 saylı peşə litseyinin yataqxanasında yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra xx.xx.2025-ci il tarixdə həmin şəxslərin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və Şahid4 ilə birlikdə Göyçay şəhəri Atatürk küçəsində yerləşən kitabxananın yaxınlığına getmiş, oraya çatdıqdan sonra özlərini təqdim edib Təqsirləndirilən şəxs barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib üzərində şəxsi axtarış keçiriləcəyi bildirmişdir. 16 aprel 2025-ci il tarixdə saat 12:55 dəqiqədə həmin şəxsin üzərində yoxlama aparmağa başlamış, bu zaman videoçəkilişdən istifadə edilmiş, videoçəkilişi əməliyyat müvəkkili Şahid4 həyata keçirmişdir. Əvvəlcə o, Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli qış gödəkçəsinin sol iç cibindən 6 ədəd kibrit qutusunu, həmçinin digər ciblərindən 1 ədəd Redmi markalı telefonu, 1 qutu içərisində 4 ədəd siqaret olan “classic” markalı siqareti, 1 ədəd alışqanı, özünə məxsus şəxsiyyət vəsiqəsini və 1 ədəd ABB məxsus Tam kart plastik kartı çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilən 1 qutu siqareti və 1 ədəd alışqanı geri qaytarmış, digər əşyaları isə maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı olduğundan Təqsirləndirilən şəxs qaytarmamışdır. Aşkar edilən 6 ədəd kibrit qutusuna baxış keçirilməyə başlanmış, həmin kibrit qutularına baxış keçirilən zaman hər birinin içərisində yaşıl rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Kibrit qutuları hər birində 2 ədəd kibrit qutusu olmaqla 3 ədəd ayrı zərflərdə qablaşdırılmış, möhürlənmiş və üzəri onun və iştirakçıların tərəfindən imzalanmışdır. Göyçay RPŞ-də baş təhqiqatçı Orxan Kərimov tərəfindən Təqsirləndirilən şəxs Müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmiş, sonra yuxarıda adlarını qeyd etdiyi şəxslər və Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilən maddi sübutlar götürüldü. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış kütlələrin onlara aid olub-olmamasını soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 6 ədəd kibrit qutusunda kütlələrin özünə məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əvvəldən məlumat olmuş, lakin hal-hazırda Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxs və ya şəxslərin kimlər olması barədə onda məlumat olmamış, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuananı tapdığını demiş, lakin bununla bağlı onlarda tam dəqiq məlumat olmamışdır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X3, X2 və Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid5 göstərdi ki, o, rayon polis şöbəsinə dəvət olunub ifadə verən zaman qorxduğu üçün ifadəsini düzgün verməmişdir. Təqsirləndirilən şəxs təxminən 5-6 aydır ki, tanıyır. O, Natiqi bir neçə dəfə çayxanada görmüş, daha sonra onların arasında tanışlıq münasibəti başlamışdır. 2024-cü ilin xatırladığı qədəri ilə noyabr ayında “Nar Tea” adlanan çayxanada Natiqlə görüşmüşdür. O əvvəllər qurudulmuş marixuana olan narkotikdən bir dəfə istifadə etmişdir. Həmin narkotik vasitəni Bakı şəhərində Yasamal rayonunda yerdən tapmışdır. Natiqdən pul müqabilində narkotik almamışdır.İstintaq zamanı təqsirləndirilən şəxslə üzləşdirilmə aparılmış,orada ondan narkotik vasitəni almasını göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş,habelə təqsirləndirilən şəxslə üzləşdirmə zamanı Şahid5 göstərmişdir ki,Təqsirləndirilən şəxs tanıyır,aralarında tanışlıq münasibətləri vardır,Natiq ona nə vaxt marixuana lazım olduğu halda 1 dəfə istifadəlik marixuananı 10 manata sata biləcəyini bildirmiş,5-6 ay ərzində hər dəfə ürəyi marixuana istəyən zamanı Natiqin istifadəsində olan 055 349-07-45 saylı mobil nömrəsinə «Vatsapp» ani mesajlaşma şəbəkəsinə zəng edərək ondan 10 manat pulun qarşılığında 1 «baş» narkotik vasitə marixuana alıb özü istifadə edirdi.Natiqdən marixuana istəyən zamanı onunla Göyçay şəhərinin müxtəlif yerlərində,əsasən Bayraq Meydanının yanında görüşüb marixuana alırdı.Ondan bir neçə dəfə narkotik vasitə marixuana aldığı üçün,Natiq ona 1 dəfə narkotiki pay vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay RPŞ-in CAB-ın əməliyyat müvəkkili Nüsrət Rüstəmovun xx.xx.2025-ci il tarixli raportundan,əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması,daşıması və satması barədə əməliyyat məlumatı Göyçay RPŞnə daxil olmuşdur Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:55 radələrində Göyçay RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri, Atatürk küçəsində saxlanılaraq üzərinə saat 12:55-dən saat 13:12-dək şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sol iç döş cibindən 06 ədəd kibrit qutularında ayrı-ayrılıqda yaşımtıl rəngli bitki mənşəli kütlə aşkar edilmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş baxış və götürülmə keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qablaşdırılaraq götürülmüş 06 ədəd kibrit qutusuna baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin kibrit qutularının ona məxsus olması və üzərindən götürüldüyünü bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 17 aprel 2025-ci il tarixli, 17-294 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda olan yaşılımtıl rəngli kütlə” yazısı, adlar və imzalar olan 01 ədəd zərfin içərisindəki 02 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri - 3,98 qram və 4,94 qram, ümumi çəkiləri – 8,92 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda olan yaşılımtıl rəngli kütlə” yazısı, adlar və imzalar olan 01 ədəd zərfin içərisindəki 02 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri – 5,42 qram və 4,06 qram, ümumi çəkiləri – 9,48 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda olan yaşılımtıl rəngli kütlə” yazısı, adlar və imzalar olan 01 ədəd zərfin içərisindəki 02 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri – 4,21 qram və 3,87 qram, ümumi çəkiləri – 8,08 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 03 ədəd zərfin içərisindəki ümumilikdə 06 ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqatda sərf olundu - 0,12 qram, qalıq - 26,36 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi-Narkoloji tibbi yoxlamanın 10 iyun 2025-ci il tarixli, 929 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2025-ci il tarixdə, saat 13.27-də şübhəli şəxs qismində tutulmuş, 18 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Göyçay Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki,şəxsin əməlində CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması haqda nəticəyə gəlmək üçün əvvəla CM-in 234.1-ci maddəsində göstərilən əməllərin satış məqsədilə (cinayətin subyektiv cəhətinə aid olan hal) törədilməsi, yaxud da cinayətlərin predmeti sayılan narkotik vasitələri satması (cinayətin obyektiv cəhətinə aid olan digər hal) sübuta yetirilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həmdə bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki iş üzrə mötəbər və qanuni yolla əldə edilmiş, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda narkotik vasitələr ayrı-ayrı kibrit qutularında qablaşdırılmış və sonuncu həmin kibrit qutularını üzərində daşıyaraq saxlamışdır. Burada onun əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsinə dəlalət edən mühüm hallardan biri də kibrit qutularının sayının çox (cəmi 6 ədəd) ,narkotik vasitənin təxminən eyni çəkidə kibrit qutularında qablaşdırılması ,qablaşdırılmış qutularda olan narkotk vasitə qurudulmuş marixuananın tərkiblərinə görə eyni olmasıdır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 26,48 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 16 aprel 2025-ci il tarixdə saat 12:55 dəqiqədə Göyçay RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Atatürk küçəsində saxlanılmış və saat 12:55 dəqiqədən 13:12 dəqiqəyədək üstünün yoxlanılması zamanı əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sol iç döş cibindən 06 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,98 qram, 4,94 qram, 5,42 qram, 4,06 qram, 4,21 və 3,87 qram olmaqla xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 26,48 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibini yaradır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Və nəhayət cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə,bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşını (19 yaş), qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə iş üzrə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə videoçəkiliş köçürüldüyü 2 ədəd DVD diskləri iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan 06 ədəd kibrit qutularında ekspertiza tədqiqatından sonra qalıq çəkisi 26,36 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza tədqiqatının 34 manat 55 qəpik məbləğində dəyəri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə videoçəkiliş köçürüldüyü 2 ədəd DVD diskləri iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan 06 ədəd kibrit qutularında ekspertiza tədqiqatından sonra qalıq çəkisi 26,36 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Ekspertiza tədqiqatının cəmi 34 manat 55 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin.. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-82/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-82/2025
08.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver