Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-84/2025 23.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı, Barəsində qiyabi icraat aparılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət iş materiallarını nəzərdən keçirib, müəyyən etdi: Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş ittiham aktına görə o, internet informasiya ehtiyatlarında hakimiyyətin devrilməsinə, zorla ələ keçirilməsinə yönələn dövlət əleyhinə və konstitusiyalı dövlət orqanlarına qarşı qeyri-qanuni üsüllarla mübarizəyə başlanması, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmayıb, müqavimət göstərməklə kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılıqlar etməyə açıq çağırışlar etmiş və onları yaymışdır. Belə ki, o, Azərbaycan Respublikasının vətəndaşı kimi C00555185 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə 17 fevral 2016-cı il tarixdə saat 05:06-da “Şıxlı” sərhəd nəzarəti məntəqəsindən keçərək Azərbaycan Respublikasını tərk etdikdən sonra müvəqqəti məskunlaşdığı Fransa Respublikası və digər xarici dövlətlərin ərazisində internet sosial şəbəkəsinin kənar şəxslərin sərbəst surətdə daxil olub tanış ola bildiyi “Youtube” internet kanalında “Mahammad Mirzali” adlı profilində 2018-ci ilin fevral ayının 6, 12, mart ayının 17, 20, 21, may ayının 24 və 25-i tarixlərində Azərbaycan dilində yerləşdirdiyi “İnqilab başlayır. Xalqa müraciət”, “Millət ayağa qalxsın” başlıqlı videomüraciətlərində “Ermənistan və Gürcüstan kimi ölkələrdə inqilab etmək mümkün olmuşdursa, Azərbaycanda bu inqilabların su içmək kimi asan olacağını, paylaşdığı videoların hər kəs tərəfindən yayımlanmasını, bunun nəticəsində xalqın onları daha yaxşı tanıyacağını və birlik olandan sonra istənilən addımı atmağın mümkün olacağını, Azərbaycan hakimiyyətinin mütləq dəyişəcəyini, hər şeyin yaxşı olacağını, Azərbaycan xalqınin hakimiyyətdən qorxmamasını, hara qədər bu hakimiyyətdən qorxacaqlarını, gənclərin onun ətrafında birləşəcəyini, ona dəstək verəcəklərini və bunun nəticəsində Azərbaycan hakimiyyətinin bir gün devriləcəyinə ümidinin olduğunu, Azərbaycan hakimiyyətinə qalib gəlmək üçün ilk əvvəl Azərbaycan xalqı daxilindəki olan qorxunu öldürməli olduğunu, heçnədən çəkinməmələrini, susmamalarını, xalqın mübarizəkar olması kimi çıxışlar etmiş, “Facebook” sosial şəbəkəsindəki özünə məxsus “Mahammad Mirzali” adlı profilində 2018-ci ilin aprel ayının 10 və 11-də “Öz haqqınızı tələb etməsəniz, nə Amerika, nə də Avropa gəlib sizlər üçün haqqınızı tələb etməyəcək, yuxudan oyanın”, “Hakimiyyət məğlub olduğunu çoxdan bilir. Yalnız xalqın özündə güc tapıb onu devirməyi qalır” kimi paylaşımlar etmiş, admini olduğu "Made in Azərbaijan” səhifəsində yayımladığı 2018-ci ilin mart ayının 27, aprel ayının 19 və may ayının 14-ü tarixli status və çıxışlarında “Mən burdan bütün gənclərə səslənirəm, ləyaqətli, şərəfli gənclərə səslənirəm, susmaq lazım deyil. Məhəmməd üçün çalışmayın və ya başqası üçün çalışmayın. Özünüz üçün, öz ailənizin gələcəyi üçün, bu bayraq üçün savaşmaq lazımdır. Bilin ki, Məhəmməd, Orduxan, Tural kimi kameraçəkənlər, çox insanlar bu bayrağı qaldıracaq. Mən burdan Göyçaylılara səslənirəm. Ey Göyçaylılar, ey mənim yerlilərim, çayxanada oturub Təqsirləndirilən şəxs dəstək olan insanlar. Bir vaxt gələcək ki, həmin insanların partlayışı baş verəcək Azərbaycanda. Mən hər zaman dediklərimin üstündə durmuşam. Ey şərəfli xalqım susmayın siz də. Nə qədər susacaqsınızsa bu hadisələr sizin də başınıza gələcək. Nə qədər ki, susmayacağıq, nə qədər ki, bir sözümüzü deyəcəyik, əmin ola bilərsiniz ki, hakimiyyət daha da qorxacaq. Daha tez gedəcək bu hakimiyyət” kimi çıxışlar edib vahid niyyətlə hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə, Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etmiş və onları yaymışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-422/2025 saylı qərarına əsasən barəsində qiyabi icraat aparılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Məhkəmə cinayət iş materiallarını nəzərdən keçirib hesab edir ki, barəsində qiyabi icraat aparılan Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə kütləvi iğtişaşa çağırış etmə və Azərbaycan Respublikası konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar internet informasiya ehtiyatları vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarına müraciət olunması üsulu ilə həyata keçirildiyindən məhkəmə aidiyyətinə dair mübahisə olmadığından qarşılıqlı razılaşma əsasında cinayət işi materialları cinayət işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 66, 74 və 75-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində qiyabi icraat aparılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 220.2 və 281.1-ci maddələri ilə qiyabi icraat qaydasında təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyətinə dair mübahisə olmadığından qarşılıqlı razılaşma əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №1(046)-84/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-84/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver