Məhkəmə qərarları › İş №1(046)-90/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-90/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-90/2023 07.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1960-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, evli, Göyçay rayon Çərəkə kəndində qeydiyyatda olmaqla, Göyçay şəhəri Z.Bünyadov küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri-əsaslandırıcı hissə: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 15 iyul 2023-cü il tarixdə saat 20:00 radələrində idarə etdiyi “Vaz 2106” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olarkən «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla “Telefon evi” mağazasının yaxınlığında yerləşən piyada keçidindən sağdan sola doğru keçmək üçün hərəkət edən piyada, xx.xx.1951-ci il təvəllüdlü X4 yolun əks istiqamətə tam keçməsini gözləmədən vurmuşdur. Nəticədə zərərçəkmişə müştərək ağır kəllə beyin travması, sağ tərəfdə ənsə sümüyünün xətti sınığı ilə nəticələnən baş beyinə ocaqlı qansızmadan ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər, sağ bud, sol baldır, çanaq, üz skleti sümüklərindən sol əng - almacıq və burun sümüklərinin qapalı, yerdəyişən sınıqlarından ibarət dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aid xəsarətlər, başın sağ təpə - ənsə nahiyyəsində yumşaq toxumanın əzilmiş - cırılmış yarasından ibarət dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər və burun tağı nahiyəsində dərinin epidermis qatının sıyrılmış yarasından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətləri yetirmişdir ki, bu da ehtiyyatsızlıqdan Səfayə Abışovanın ölümünə səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, maddi imkanı zəif olduğu üçün özünə məxsus “Vaz 2106” markalı **-BD-*** nömrəli avtomobil ilə axşamlar Göyçay rayonu ərazisində taksiçilik edir. O həmin avtomobili Mingəçevir şəhərində yaşayan X6 1989-cu il tarixdə aldığı etibarnamə əsasında idarə edir. Təxminən 2003-cü il tarixdə o yenidən etibarnamə almaq məqsədilə Mingəçevir şəhəri Rəsulzadə küçəsində yaşayan Kamal Qasımovun evinə getdikdə onun artıq orada yaşamadığını, ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçüb getdiyini və eləcə də, Kamalın Rusiya Federasiyasında vəfat etdyini öyrənmişdir. Buna görə də, o, sürücülük vəsiqəsi olsa da, avtomobili artıq 2003-cü il tarixdən bu günə kimi etibarnaməsiz idarə etmişdir. 15 iyul 2023-cü il tarixdə saat 20:00 radələrində o yaşadığı evdən çıxıb taksiçilik etmək üçün Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Bolluq Marketin” qarşısına getmişdir. Göyçay şəhəri Nizami küçəsində yolun sağ hərəkət hissəsi ilə avtomobili təxminən 40 km/saat sürətlə idarə etmiş, hərəkətdə olduğu zaman təxminən 30 metr qarşıda “Telefon evi” adlı mağazanın qarşısında olan piyada keçidinin üzərində bir neçə şəxsin toplaşaraq yolu sağ tərəfdən sol tərəfə keçmək istədiklərini görmüş, həmin şəxslərin yolu keçməsini düşünüb avtomobili bir qədər də yavaşlatmış, ancaq həmin şəxslər yerində dayandıqları üçün onun keçməsini gözləyəcəklərini düşünərək avtomobili saxlamamışdır. O həmin şəxslərin yanına çatmağa təxminən 5 metr qalmış bir nəfər qadın, sonradan adını bildiyi X7 digər şəxslərdən 1-2 addım qarşıda hərəkət edərək yola çıxmış, bu zaman o ayağını əyləcə bassa da avtomobili tam saxlaya bilmədiyindən həmin qadını yolun orta xəttinə yaxın yerdə avtomobilinin qarşı hissəsi ilə vurmuşdur. Bundan sonra avtomobildən dərhal düşmüş, həmin vaxt oraya çoxlu sayda insanlar toplaşdığından və o qadını vurduğu üçün çox həyacanlı olduğundan oğlu Elçinə zəng edib hadisə törətməsi barədə məlumat vermişdir. Orada olan şəxslərdən X12 xidmətinə zəng edib hadisə barədə məlumat verməyi xahiş etmiş, hadisəni törətməsi ilə bağlı ona sərt reaksiya göstərdikləri üçün o qorxub avtomobili hadisə baş verən yerdə qoyub yol kənarında dayanan taksilərin birinə əyləşib Göyçay rayon Polis Şöbəsinə gədərək hadisə törətməsi barədə məlumat vermişdir. Hadisə yerindən qaçmaq kimi heç bir niyyəti olmamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə getdikdə Təcili Yardım maşını Səfayə Abışovanı artıq Göyçay rayon Mərkəzi Xəstəxanasına apardığını öyrənmişdir. Hadisə yerində onun iştirakı ilə polis əməkdaşları tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Həmçinin, o ifadəsini davam etdirərək hadisə vaxtı spirtli içki, narkotik vasitə və psixatrop maddə qəbul etmədiyini, hadisənin baş verməsinə səbəb onun ehtiyatsızlığı olduğunu qeyd etmişdir. Belə ki, o həmin yolda piyada keçidinin olduğunu və hər bir halda avtomobili saxlayıb həmin şəxslərə yol verməli olduğunu bilmiş, ancaq həmin piyadaların onun yolu keçməsindən sonra hərəkət edəcəklərini düşünmüş, buna görə də piyada keçidinə çatdıqda avtomobili saxlayıb həmin şəxslərə yol verməmiş və nəticədə avtoqəza baş vermişdir. Hadisə zamanı avtomobildə ondan başqa heç kim olmamış, ətrafdan oraya toplaşan şəxsləri tanımamış, ondan qarşıda hər hansı avtomobil hərəkət etməmiş, hadisə baş verən anda yol örtüyü quru olmuş, həmçinin idarə etdiyi avtomobili də saz vəziyyətdə olmuşdur. O avtomobilin qeydiyyat şəhadətnaməsini də təxminən 10 il əvvəl əvvəllər yaşadığı Göyçay rayon Çərəkə kəndində qonaq gedən zaman itirmiş, buna görə də avtomobilin qeydiyyat şəhadətnaməsi onda olmamışdır. Yas mərasimi üçün mərhumun ailə üzvlərinə 5000 manat məbləğində maddi yardım etmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 15 iyul 2023-cü il tarixdə axşam saatlarında hava isti olduğundan o, bacısı Sevinc, anası Səfayə və övladları ilə birlikdə Göyçay şəhəri Ə.Kərim parkına gəzməyə çıxmaq qərarına gəlmişlər. Buna görə də, anası Səfayənin yaşadığı evdən çıxaraq taksiyə minmək üçün onlar Göyçay şəhəri Nizami küçəsində yerləşən “Telefon evi” mağazasının qarşısında olan piyada keçidindən əks tərəf istiqamətində piyada hərəkət etmişlər. Həmin vaxt üzü “Dəyirmanın kruqu” adlanan tərəfdən gələn ağ rəngli “Vaz 2106” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil onların yolun keçmələrini gözləmədən üzərlərinə hərəkət edərək onlardan 1-2 addım qarşıda gedən anası Səfayəni vurub asfalt örtüyün üzərinə atmışdır. Bundan sonra onlar anası Səfayəni qan içində huşsuz vəziyyətdə görüb özlərini itirmişlər. Həmin vaxt oraya toplaşan şəxslər X12 xidmətinə zəng etdikdən sonra Təcili Yardım maşını anası Səfayəni Göyçay rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada həkimlər anasını müayinə edərək vəziyyətinin ağır olduğunu bildirmiş, həmin gündən 2 gün sonra, yəni 17 iyul 2023-cü il tarixdə gecə saatlarında anası Səfayə Göyçay rayon X1 Şöbəsində vəfat etmişdir. Həmçinin, o ifadəsini davam etdirərək göstərmişdir ki, hadisənin baş verməsinə səbəb onlar piyada keçidinin üzəri ilə yolu qarşı tərəfə keçmək istəyən zaman “Vaz 2106” markalı ** BD *** nömrəli avtomobilin onlara yol verməməsi olmuşdur. Təqsirləndirilən şəxs qeyd etdiyi məbləğdə onlara maddi yardım etmədiyini bildirmişdir. Həmçinin, o son olaraq baş vermiş hadisə ilə bağlı təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, məhkəmədən ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs maddi vəziyyətləri aşağı olduğu üçün axşam saatlarında da özünə məxsus “Vaz 2106” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay rayonu ərazisində taksiçilik etmişdir. 15 iyul 2023-cü il tarixdə saat 20:00 radələrində o Göyçay rayonu ərazisində olan zaman atası Sahib ona zəng edərək Göyçay şəhəri Nizami küçəsində “Telefon evi” mağazasının qarşısında piyada keçidindən keçən bir nəfər qadını avtomobili ilə vurduğunu və həyacanlı olduğu üçün onun da dərhal oraya gəlməsini bildirmiş, bundan sonra o da, dərhal hadisə baş verən yerə getmişdir. Az sonra oraya gələn Təcili yardım maşını asfalt örtüyün üzərində uzanıqlı vəziyyətdə qalan qadını Göyçay rayon Mərkəzi xəstəxanasına aparmış, atası da avtomobili elə hadisə yerində saxlayıb başqa maşınla Göyçay rayon polis şöbəsinə getmişdir. Bir qədər sonra hadisə yerinə atası ilə birlikdə gələn polis əməkdaşları müvafiq sənədləşmə aparmışdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Göyçay şəhəri Nizami küçəsində yerləşən “Anamın təndiri” adlanan yerdə işləyir. 15 iyul 2023-cü il tarixdə o axşam saatlarında işdə olan zaman işlədiyi yerə yaxınlıqda “Telefon Evi” adlı mağazanın qarşısında səs-küy eşidib küçəyə çıxmış, həmin vaxt “Vaz 2106” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyada keçidinin üzərində bir nəfər qadını vurduğunu və həmin qadının da asfalt örtüyün üzərinə yıxıldığını görmüşdür. O ətrafda çoxlu sayda insanların toplaşdığını görmüş, eləcə də, həmin vurulan qadının qohumlarının həyacan içində olmasını görüb kömək məqsədilə tez DİN-in 102 xidmətinə və Təcili Yardım xidməti olan 103-ə zəng edib hadisə barədə məlumat vermişdir. Az sonra oraya gələn Təcili Yardım maşını həmin qadını Göyçay rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Eləcə də, oraya gələn polis əməkdaşları da müvafiq sənədləşmə aparmışdır. Həmçinin, o ifadəsni davam etdirərək hadisəni şəxsən öz gözləri ilə görməsə də, ancaq səs-küyü eşidib yola çıxdıqda artıq baş vermiş halları görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. 15 iyul 2023-cü il tarixdə o Göyçay rayonunda xidmətdə olmuşdur. Həmin günü saat 20:00 radələrində Göyçay rayonu ərazisində xidmət apararkən RPŞ-nin Növbətçi Hissəsi tərəfindən avtomobildə quraşdırılmış mobil rabitə qurğusu ilə səslənən məlumata əsasən Göyçay şəhəri Nizami küçəsində “Telefon evi” mağazasının qarşısında yol nəqliyyat hadisəsi baş verməsini öyrənmiş, bundan sonra o dərhal hadisə yerinə getmişdir. Oraya çatdıqdan sonra Göyçay rayon sakini “Vaz 2106” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs “Telefon evi” mağazasının qarşısında olan piyada keçidi ilə yolu əks tərəfə keçmək istəyən bir nəfər qadını vurduğu ona məlum olmuşdur. Həmin şəxs avtomobilini hadisə yerində saxlayıb başqa maşınla Göyçay RPŞ-nə getsə də, az sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıtmış və hadisəni törədən şəxsdən sənədləri tələb etdikdə ona məlum olmuş ki, Təqsirləndirilən şəxs avtomobili idarə etməsinə dair sürücülük vəsiqəsi olsa da, ancaq etibarnaməsi olmamışdır. Bir qədər sonra hadisə yerinə müstəntiq gələrək hadisə yerini müayinə etməyə başlamış, baxış zamanı iki nəfər hal şahidi dəvət edilmiş, baxış zamanı müstəntiq yolun müxtəlif yerlərini ölçmüş, həmin vaxt hadisə yerində tormoz izi aşkar olunmamışdır. Həmin yol 4 tərəfli, hər tərəf 4 metr olmaqla yolun ümumilikdə eni 16 metr olması müəyyən edilmiş, hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir maddi sübut götürülməmiş, hadisə yerinə baxış zamanı fotoşəkillər çəkilərək yol-nəqliyyat hadisəsinin necə baş verməsi barədə sxem tərtib olunmuş, keçirilmiş baxışın nəticəsinə dair müstəntiq tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, tərtib edilmiş protokol və hadisə yerinin sxemi baxışda iştirak etmiş bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, o ifadəsini davam etdirərək Göyçay şəhəri Nizami küçəsində hadisənin baş verdiyi yolda maksimum sürət həddi 60 km/saat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. 15 iyul 2023-cü il tarixdə saat 20:00 radələrində Göyçay rayonu ərazisində xidmət apararkən RPŞ-nin Növbətçi Hissəsindən ona daxil olmuş məlumata əsasən Göyçay şəhəri Nizami küçəsində “Telefon evi” mağazasının qarşısında yol nəqliyyat hadisəsi baş verməsi bildirilmişdir. Bundan sonra o dərhal hadisə yerinə getmişdir. Həmin vaxt hadisə yerinə çatdıqdan sonra baş vermiş hadisəni Göyçay rayon sakini “Vaz 2106” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs törətməsini görmüşdür. Belə ki, o, idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Telefon evi” mağazasının qarşısında olan piyada keçidi ilə yolu əks tərəfə keçmək istəyən bir nəfər qadını vurmuşdur. Həmin şəxs avtomobilini hadisə yerində saxlayıb başqa maşınla Göyçay RPŞ-nə getsə də, az sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıtmışdır. Bir qədər sonra hadisə yerinə müstəntiq gələrək hadisə yerini müayinə etmiş, yolun müxtəlif yerlərini ölçmüş, həmin vaxt hadisə yerində tormoz izi aşkar olunmamışdır. Hadisə yerinə keçirilmiş baxışın nəticəsinə dair müstəntiq tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, tərtib edilmiş protokol və hadisə yerinin sxemi baxışda iştirak etmiş bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, o ifadəsini davam etdirərək Göyçay şəhəri Nizami küçəsində hadisənin baş verdiyi yolda maksimum sürət həddi 60 km/saat olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertinin 16 avqust 2023-cü il tarixli 19 saylı rəyində göstərilmişdir ki, mərhum X2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Müştərək ağır kəllə beyin travması. Baş beyinə ocaqlı qansızma. Sağ tərəfdə ənsə sümüyünün xətti sınığı. Sağ bud, sol baldır, çanaq, üz skleti sümüklərindən sol əng - almacıq və burun sümüklərinin qapalı, yerdəyişən sınıqları. Başın sağ təpə - ənsə nahiyyəsində yumşaq toxumanın əzilmiş cırılmış yarası. Burun tağı nahiyəsində dərinin epidermis qatının sıyrılmış yarası. Göstərilmiş bədən xəsarətlərindən - müştərək ağır kəllə beyin travması, sağ tərəfdə ənsə sümüyünün xətti sınığı ilə nəticələnən baş beyinə ocaqlı qansızma küt - bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, mərhum S.S.Abışovanm ölümündən əvvəl yəni qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Göstərilmiş bədən xəsarətlərindən - sağ bud, sol baldır, çanaq, üz skleti sümüklərindən sol əng - almacıq və burun sümüklərinin qapalı, yerdəyişən sınıqları küt bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, mərhum S.S.Abışovanm ölümündən əvvəl yəni qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və canlı şəxslərdə dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aiddirlər. Göstərilmiş bədən xəsarətlərindən - başın sağ təpə - ənsə nahiyyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası küt - bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, mərhum S.S.Abışovanm ölümündən əvvəl yəni qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və canlı şəxslərdə dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Göstərilmiş bədən xəsarətlərindən - burun tağı nahiyəsində dərinin epidermis qatının sıyrılmış yarası küt - bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, mərhum S.S.Abışovanm ölümündən əvvəl yəni qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və canlı şəxslərdə sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Mərhum. S.S.Abışovanın ölümünə səbəb - sağ bud, sol baldır, çanaq, üz skleti sümüklərindən sol əng - almacıq və burun sümüklərinin qapalı, yerdəyişən sınıqları, sağ tərəfdə ənsə sümüyünün xətti sınığı fonunda baş beyin toxumasına ocaqlı qansızmalar ilə nəticələnən ağır dərəcəli kəllə beyin travması və travma şoku olmuşdur. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3030 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ-2106” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göyçay RPŞ-nin DYPB-dən daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adma xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək verilmiş B kateqoriyalı AC 414747 nömrəli sürücülük vəsiqəsi vardır. Sürücülük hüququ məhdudlaşdırılmamışdır. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətini təyin edən tibbi müayinəsinə dair” xx.xx.2023-cü il tarixli 276 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs sipirtli içki qəbul etməmiş və sərxoş vəziyyətdə olmamışdır. Göyçay RMX-dan alınmış xx.xx.2023-cü il tarixli 18-1-40/2-1268/2023 nömrəli məktubda göstərilmişdir ki, konsultativ poliklinikanın müdiri A.Burcalıyevin və həkim psixiatr E.Cavadovun verdiyi xx.xx.2023-cü il tarixli 437 saylı arayışlara əsasən, Göyçay şəhəri Z.Bünyadov ünvanında yaşayan, xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloq və psixiatr həkimdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, “Telefon evi” mağazasının müşahidə kameralarından qeydə alınmış DVD disk cinayət işinə əlavə edilmiş, Vaz 2106 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşının çox olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini (CM 59.1.14) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsinə cəhd göstərməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan “VAZ-2106” markalı **-BD-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Vaz 2106” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxsin hüquqi varisinə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar