Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-90/2025 29.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdə saat 09:30 radələrində X4 adına olan «BMW X-5» minik markalı, **-NG-*** qeydiyyat nömrə nişanlı avtomobili sürücülük hüququ olmaqla ayıq vəziyyətdə nəqliyyat vasitəsini idarə edilməsi hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnəməsi əsasında idarə edib Göyçay şəhəri, Heydər Əliyev prospektində "Totu dönər” dönərxanasının qarşısında geriyə hərəkət etdirərkən "Yol Hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin pozaraq, yəni geriyə hərəkət edərkən təhlükəsiz manevr edib hərəkətin digər iştirakçılarına maneə yaratmamalı və bu maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək Göyçay şəhəri, Heydər Əliyev prospektində "Totu dönər” dönərxanasının qarşısında piyada Göyçay şəhər sakini X3 ehtiyatsızlıqdan vuraraq qabırğaların sağ tərəfli Vİİ-Vİİİ-İX qəlpəli, yerini dəyişmiş sınıqları, qaraciyərin arxa səthində sağ payında əzilmiş-cırılmış yaralar, sol gözüstü nahiyədə hematoma, üzün sol yarısında dərinin epidermis qatının sıyrılmış yaraları, sol qulaq seyvanının əzilmişcırılmış yarası fonunda hematoma, sağ bazu orta 1/3-nin bayır səthində qançır, hər iki əlüstü-əl barmaqları proyeksiyalarında və hər iki diz oynağı nahiyyələrində dərinin epidermis qatının əzilmiş-sıyrılmış yaraları xəsarətlari ilə müşayiət olunan birgə həyət üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları, döş qəfəsinin sağ yarısında qabırğaların çoxsaylı sınıqları ilə nəticələnən qaraciyərin əzilmişcırılmış yaraları fonunda baş vermiş daxili qanitirma va açıq kəllə beyin travması nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadə verərərək göstərdi ki, o, Heydər Əliyev prospektində "Totu dönər” dönərxanası işlədir. «BMW X- 5» minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 10 yanvar 2025-ci il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxıb özünə məxsus «BMW X-5» minik markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işlədiyi dönərxanaya gəlmişdir. Oradan çıxdıqda isə avtomobilə minmiş, bu zaman o, avtomobilin istiqamətini geriya çevirmək üçün avtomobili arxaya vermiş, həmin vaxt o, avtomobili arxaya verərkən aynadan arxaya baxmadığı üçün arxada yolu keçən piyadanı görməmiş, avtomobili hərəkət etdirdikdə səs eşitmiş, dərhal avtomobili saxlayıb avtomobildən düşdükdə piyadanı avtomobilinin arxası ilə vurub yerə yıxdığını görmüşdür. Həmin vaxt Almaz adlı qonşuluqda yaşayan piyadanın qan içində yerdə uzandığını görmüş, həmin şəxsin başından qan axmışdır. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 zərər çəkmiş şəxsin onun anası olduğunu, mərhumun həmin gün evdən çıxarkən evin əks tərəfindən göyərti satışı ilə məşğul olan qadınların yanına getmək istədiyini bildirmişdir. Sonra isə anasını avtomobil vurduğunu və hazırda təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. Növbədə olduğu zaman, yəni 10 yanvar 2025-ci il tarixdə saat 09:40-də uşaq poliklinikasının qarşısında bir nəfər qadının yol-nəqliyyat hadisəsi zamanı başından xəsarət aldığı barədə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyət qrupunun üzvləri ilə birlikdə hadisə yeri olan Göyçay şəhəri, Heydar Əliyev prospektində yerləşən "Totu dönər” adlı dönərxananın qarşısına getmişdir. Həmin vaxt xəsarət almış piyada və sürücü Göyçay rayon Mərkəzi Xəstəxanasına getdiyi üçün müstəntiq xəstəxanaya getmiş, o, isə hadisə yerində qalaraq hadisə yerinin mühafizəsini təşkil etmişdir. Daha sonra isa müstəntiq və hadisəni törətmiş adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs hadisə yerinə gəlmiş, baş müstəntiq Ayaz Əhmədov onun və hadisəni törətmiş Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirtmiş, həmin vaxt Təqsirləndirilən şəxs hadisəni törətdiyi yeri təqdim edərək özünə məxsus avtomobil ilə geriyə hərəkət edən zaman ehtiyatsızlıqdan piyadanı vurduğunu, piyadanı xəstəxanaya aparsa da xəstəxanada öldüyünü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Göyçay şəhəri, Heydər Əliyev prospektində yerləşən "Totu dönər” adlanan dönərxananın yanında telefon təmiri mağazası işlədir. Hadisə baş verdikdən sonra oraya gəlmiş, gəldiyində yerdə bir nəfər qadının uzandığını görmüş və X10 zəng etmiş, lakin onlar həmin hadisə ilə bağlı artıq çağırışın olduğunu bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Göyçay şəhəri, Heydər Əliyev prospektində yerləşən "Totu dönər” adlanan dönərxananın qarşısında baş verimişdir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbetondur, örtüyün üzü quru, yol örtüyün eni 5.4 metrdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə” dair xx.xx.2025-ci il tarixli, 594 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya PHŞ tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 01 saylı rəyi ilə müəyyən olunmuşdur ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlar — açıq kəllə-beyin travması. Kəllə qapağı və əsası sümüklərinin sınıqları. Daxili qanitirma. Qabırğaların sağ tərəfli Vİİ-VİİİİX qəlpəli, yerini dəyişmiş sınıqları. Qaraciyərin arxa səthində sağ payında əzilmiş-cırılmış yaralar. Sol gözüstü nahiyədə hematoma. Üzün sol yarısında dərinin epidermis qatının sıyrılmış yaraları. Sol qulaq seyvanının əzilmiş-cırılmış yarası fonunda hematoma. Sağ bazunun orta 1/3-nin bayır səthində qançır. Hər iki əlüstü-əl barmaqları proyeksiyalarında və hər iki diz oynağı nahiyələrində dərinin epidermis qatının əzilmiş-sıyrılmış yaralardır. Qeyd olunan xəsarətlər həyatidirlər. A.Q.Məmmədovanın ölümündən bir qədər əvvəl bədənin ağır küt travması nəticəsində baş vermişlər, qərarın təsviri hissəsində göstərilmiş avtomobil qəzası zamanı əmələ gəlməlaəri inkar olunmur, törənmə müddətləri xx.xx.2025-ci il tarixinə uyğun gəlirlər və canlı şəxslərdə həyət üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. X1 ölümünə səbab-kəllə qapağı va kəllə əsası sümüklərinin sınıqları, döş qəfəsinin sağ yarısında qabırğaların çoxsaylı sınıqları ilə nəticələnən qaraciyarın əzilmiş-cırılmış yaraları fonunda baş vermiş daxili qanitirma və açıq kəllə beyin travması olmuşdur. X1 meyitindən götürülmüş qanda məhkamə-kimyəvi təhqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş Göyçay RPŞ-nin DYPB-dən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsinin verilmiş, Təqsirləndirilən şəxs sürücülük hüququnun qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzindən alınmış məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının xx.xx.2025-ci il tarixli 8/1078 saylı rəyi ilə müəyyən olunmuşdur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «BMW X-5» markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir . Zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş maddi və mənəvi ziyan sonuncu tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışa əsasən Fərzəliyev Əbülfəz Rəşad oğlu sağlamlıq imkanları məhdud uşaqdır. “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli, 18-1-40/2-159/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən “orta dərəcəli nevrasteniya özünü kəsmələrlə” diaqnozu ilə həkim psixiatrın qeydiyyatındadır. Həkim narkoloqun qeydiyyatında yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini və himayəsində sağlamlıq imkanları məhdud uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqı gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2- ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış «BMW X-5» minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «BMW X-5» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN ********** köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №1(046)-90/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-90/2025
29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver