Məhkəmə qərarları › İş №1(046)-91/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-91/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-91/2023 27.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Göyçay rayonun Kürdəmiş kəndində qeydiyyatda olan və yaşayan, Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(063)-53/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən şəxsi istehlak miqdarından artıq miqdar hesab olunan, yəni təmiz çəkisi 0,252 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımışdır. 07 sentyabr 2023-cü il tarixdə saat 11:00 radələrində Göyçay RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Göyçay rayonu, Kürdəmiş kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmişdir. Həmin gün saat 11:25-də X1 üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən “Magna” markalı siqaret qutusunun içərisində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,252 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, səhər saat 11:00 radələrində yaşadığı evin qapısı döyülmüş ortancıl oğlu qapını açmış və bildirmişdir ki, qaza baxan əməkdaşlar onu çağırır. Bir qədər sonra paltarını geyinərək çölə çıxmış və orada bir nəfər şəxs əlində vərəq və qələm tutaraq ona sayğacda sızıntılar olduğunu bildirmiş və kiməsə zəng edərək ona da bu barədə məlumat vermişdir. Sonra ona sızıntı ilə bağlı müdriyyətlə görüşmək lazım olduğunu bildirilərək evindən 100-150 metr kənarda dayanmış qara rəngdə avtomobilə yaxınlaşması tələb olunmuşdur. Avtomobilin yanında əvvəllər görmədiyi 4 nəfər şəxs var idi, həmin şəxslər onu zorla avtomobilə otuzdurdular. Avtomobildə əyləşən bir nəfər şəxs başından vuraraq ona “məni tanımırsan mən sizin bölgənizin əməkdaşıyam” demişdir. Həmin avtomobillə onu rayon polis şöbəsinə gətirmişlər. Otaqda Şükür adlı şəxs bildirmişdir ki, bütün kənd ondan narazıdır. Buna etiraz edərək, o da ən azı narazı olan bir nəfər şəxsin göstərməsini istəmişdir. Polis şöbəsində cibindən çıxan siqaret paçkası ona aid deyildir. Polis Şöbəsində polis əməkdaşları onu məcbur etdirmişlər ki, həmin siqaret qutusunun ona məxsus olduğunu etiraf etsin Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ildən X4 xidmət etmiş, hazırda isə Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirmişdir. Ona Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerini müəyyən edərək üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Kürdəmiş kəndində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında CAB-ın əməkdaşı Şahid2 ilə birlikdə Göyçay rayonu, Kürdəmiş kəndində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək barəsində qəbul olunmuş əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib sonuncunu Göyçay RPŞ-yə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra vəkil Müdafiəçi1 müdafiəçi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd “Magna” markalı siqaret qutusu aşkar olunmuşdur. Qutunun içində şəffaf rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə çəkisi 0,32 qram gəlmiş, daha sonra zərfdə qablaşdırılaraq və möhürlənərək üzəri imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni iki gün əvvəl Şirvan kanalının yaxınlığında yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid1 əlavə suala cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilən narkotik vasitədən hər hansı şəxsə satması və ya verməsi barədə əməliyyat məlumatı daxil olmamış, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu üçün üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə edib üzərində daşımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2023-cü il tarixli 17/673 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində, “X3 üzərindən aşkar edilmiş maddə....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,252 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq çəkisi 0,202 qram – 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 02 noyabr 2023-cü il tarixli 1809 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Göyçay Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş arayışdan məlum olur ki, Xuduyev X5 Xəstəxanada xx.xx.2010-cu il tarixdən “Narkomaniya” diaqnozu ilə həkim narkoloqun qeydiyyatındadır və psixiatr həkimdə qeydiyyatda olmamışdır. Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- in 237.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göyçay rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Ucar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oglu 1 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi alti) gun müddətə azadlıgın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsi barədə Ucar Rayon Məhkəməsinin 1 (063)-53/2023 nömrəli, xx.xx.2023-cu il tarixli hökmü 21 noyabr 2023-cu il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icraata daxil olmuş, məhkum özü isə rəsmi qaydada dəvət olunmasına baxmayaraq, bu günə kimi probasiya qeydiyyatından keçməmiş və ona elektron nəzarət vasitəsi tətbiq edilməmişdir. ATU Tədris cərrahiyyə klinikasının arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində “Sol tərəfi sadə nefrektomiya” əməliyyatı icra edilmişdir. Milli Onkologiya Mərkəzinin xəstəlik haqqında çıxarışıdan görünür ki, Təqsirləndirilən şəxs arvadı Qanuni nümayəndə onkoloji xəstə kimi qeydiyyatda olmaqla onkoloqun nəzarəti altındadır. Göyçay Rayon İcra Hakimiyyətinin Cəyirli Kənd İnzibati Ərazi Nümayəndəliyindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs 4 övladı vardır, onlardan ikisi yetkinlik yaşına çatmayan, biri isə azyaşlıdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərində keçirilmiş baxışın video çəklişi DVD diskə qeydə alınmış və cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,202 qram narkotik vasitə heroin Göyçay RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən “Magna” markalı siqaret qutusunun içərisində 1 ədəd kağız bükümdə qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli ifadə verərək, üstündən аşkаr еdilmiş nаrkоtik vаsitənin оnа məхsus оlmаdığını, guyа pоlis əməkdаşlаrının təklifinə görə ifаdəsində nаrkоtik vаsitənin ona məxsus olması barədə etirafedici ifadə verdiyini dеmişdir. Halbu ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, üzərində şəxsi axtarış keçirilən zaman tərtib olunmuş protokolda və aşkar edilmiş maddənin qablaşdırılıb qoyulduğu zərfin üstündə imza etmiş, sadalanan istintaq hərəkətləri təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iştirakı ilə video çəkliş ilə aparılmışdır. Təqsirləndirilən şəxsin bildirdiyi xüsusisratlarla bağlı məhkəmədə ifadə verən şahidlər onu ifşa edərək göstərilən narkotik vasitənin onun üstündən aşkar edildiyini, müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin sərbəst ifadə verərək, törətdiyi əməli etiraf etdiyini ifadələrində göstərmişlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, qeyd edilənlər məsuliyyətdən yayınmaq üçün seçilmiş müdafiə taktikasıdır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Belə ki, təqsirləndirilən şəxsin qeyd etdiyi iş materialları ilə tam təkzib olunur. Əksinə onun qeyd edilən cinayət əməlini törətməsi yuxarıda da göstərildiyi kimi biri-digərini tamalayan və üst-üstə düşən sübutlar vasitəsi ilə tam təsdiq olunur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs 4 övladının, onlardan ikisinin yetkinlik yaşına çatmayan, birinin isə azyaşlı olduğunu, arvadı Qanuni nümayəndə onkoloji xəstə olduğunu cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. Beləliklə, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci və 66.2-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Göyçay rayon polis şöbəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Göyçay RPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,202 qram narkotik vasitə heroin məhv olunmalı; maddi sübut olan bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Göyçay rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci və 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(063)-53/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Göyçay Rayon Polis Şöbəsində saxlanılan 0,202 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir, doxsan dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar