Məhkəmə qərarları › İş №1(046)-92/2022

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-92/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-92/2022 29.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, subay, Ucar rayonun Ə.Məmmədxanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonun Çaxırlı kəndinin ərazisində, ümumi istifadədə olan su arxının kənarında kolluq sahədə istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq torpağa əkib 12 ədəd şitillərdən ibarət narkotik tərkibli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 08 iyul 2022-ci il tarixdə saat 11:45-də Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerə baxış keçirilərkən hündürlükləri 40 sm-dən 75 sm-dək, ümumi təmiz çəkiləri 1165,0 qram olan həmin 12 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Çaxırlı kəndində əkin işləri apardığı yerə gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik bitkilərin əkilib-becərilməsi, kultivasiya olunmasında şübhəli bilindiyini qeyd edərək şübhəli şəxs qismində saxlamışlar. Bundan sonra hüquq və vəzifələri ona izah edilib, oraya dəvət edilən vəkilin və aqronumun iştirakı ilə videoçəkiliş vasitəsilə əkin işləri apardığı əraziyə baxış keçirilmişdir. Baxış zamanı Çaxırlı kəndi qəbirstanlığından təxminən 500 metr şimal-şərqdə, açıq çöl ərazidə, su kanalının sağ kənarındakı əkin işləri apardığı kolluq yerdən 12 ədəd yaşıl rəngli bitkilər aşkar edilərək götürülmüşdür. Həmin bitkilərin hündürlüyü 75 sm-dən 40 sm-dək arasında olmuşdur. Bitkilər torpaqdan çıxarılıb torbaya yerləşdirilib, əklildiyi yerdən torpaq nümunəsi götürülürək qablaşdırılmışdır. Bundan başqa qeyd olunan yerdən 1 ədəd dəmir vedrə və 1 ədəd dəmir ağackəsən qayçı götürülmüşdür. Daha sonra videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ona və iştirakçılara ucadan oxunub və tərəfindən, o cümlədən iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin PPX-nin tağım komandiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkibbecərməsi barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 08 iyul 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirində Göyçay RPŞnin bir neçə nəfər polis əməkdaşı ilə birlikdə iştirak etmişdir. Həmin gün saat təxminən 11 radələrində Göyçay RPŞ-nin bir neçə nəfər əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Göyçay rayonu Çaxırlı kəndində ərazisində yaxınlaşaraq özlərini təqdim edərək ona narkotik tərkibli bitkilər əkib becərməkdə şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilərək sonra videoçəkiliş vasitəsilə aqronom və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əkin əkdiyi yerə baxış keçirilmiş, baxış zamanı həmin torpaq sahəsində 12 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmiş, həmin 12 ədəd bitki kolu kökündən çıxarılmışdır. Daha sonra həmin bitki kolları və kolların çıxarıldığı yerdən götürülən torpaq nümunələri polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Həmin bitkilərin hündürlüyü 75 smdən 40 sm-dək arasında olmuşdur. Baxışın keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş və onunla birlikdə digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş şahid X1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olan zaman kənd sakinləri ona Coşqunun kənd ərazisində əkin sahəsinin yaxınlığında saxlanıldığını bildirmişlər. O, həmin tarixdə Coşqunun ona məxsus əkin sahəsinin yaxınlığında olan su kanalının yanında ola kol-kos ərazidə 12 ədəd çətənə bitkisi əkib-becərdiyini və bu səbəbdəndə polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Təqsirləndirilən şəxs onunla birlikdə bir neçə dəfə qoyun heyvanlarını otarmaq üçün həmin əkin sahəsinə getmişdir. Lakin o, Təqsirləndirilən şəxs həmin ərazidə narkotik vasitə əkib becərməsindən yalnız onun polis əməkdaşları tərəfindən saxlanılmasından sonra məlumatı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması barədə məlumatının olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş əhkəmə-bioloji ekspertizasının 09 iyul 2022-ci il tarixli, 17/559 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində yapışdırılmış ağ kağızda”Təqsirləndirilən şəxs...əkin işləri apardığı yerdən aşkar edilmiş 12 ədəd...”sözləri yazılmış 01(bir) ədəd sintetik kisənin içərisindəki, nəm vəziyyətdə ümumi çəkiləri 1165,0 qram olan 12 (on iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. 01 (bir) ədəd sellofan torbanın içərisindəki torpaq nümunəsində cuzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Aqranom –mütəxəssis Şaiq İsmayılovun 08 iyul 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis)bitkilərinə aqrotexniki qaydad qulluq göstərilmişdir Aparılmış ekspertizanın dəyəri 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Gəncə rayonlararası narkoloji dispanserdən alınmış xx.xx.2022-ci il tarixli, 1310 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 12 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini Göyçay rayonu Çaxırlı qanunsuz olaraq torpağa əkib yetişdirməklə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını 02 saat, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını 06 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 02 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 12 manat, Təqsirləndirilən şəxs göstərilmiş 06 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 36 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da 01 ədəd sintetik kisənin içərisində qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi 1159,76 qram olan 12 ədəd çətənə kannabis bitkiləri və 01 ədəd sellofan torbada qablaşdırılmış torpaq nümunələrində olan bitki hissəcikləri məhv edilməli, 01 ədəd ağackəsən qayçı və 01 ədəd dəmir vedrə təqsirləndirilən şəxsə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ucar rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da 01 ədəd sintetik kisənin içərisində qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi 1159,76 qram olan 12 ədəd çətənə kannabis bitkiləri və 01 ədəd sellofan torbada qablaşdırılmış torpaq nümunələrində olan bitki hissəcikləri məhv məhv edilsin. 01 ədəd ağackəsən qayçı və 01 ədəd dəmir vedrə Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 02 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 12 manat, 06 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 36 manat pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası maddi sübutlara dair hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə, qalan hissədə Ucar rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar