Məhkəmə qərarları › İş №1(046)-92/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-92/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-92/2023 27.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, subay, ünvan 1 ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7,72 qram çəkidə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə edərək saxlamış, 28 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində Göyçay şəhəri Bakı küçəsində olarkən və üzərində həmin narkotik vasitə qurudulmuş marixuananı daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada saat 02:10-da üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ ön cibindən 01 (bir) ədəd sellofan bükümdə olmaqla təmiz çəkisi 7,72 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Göyçay rayonu Potu kəndi ərazisində“Şirvan su” kanalının ətrafında yerdə 1 ədəd şəffaf selofana bükülmüş yaşıl rəngli kütlə olmasını görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükümün içərisindəki yaşıl rəngli kütlənin narkotik vasitə “marixuana” olmasını bilmişdir. Həmin sellofan bükümü götürüb istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 01:50 radələrində Göyçay şəhəri Bakı küçəsində olarkan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduğunu ona bildirərək onu Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinə gəldikdən sonra Müdafiəçi ilə təmin edilərək ona hüquq və vəzifələri izah edilib şübhəli şəxs qismində tutulmuşdur. Göyçay rayon polis X2 vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub- olmaması soruşularaq əgər varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra əynindəki qara rəngli şalvarın ön sağ cibindən 01 ədəd içərisində narkotik vasitə olan marixuana olan bükümü masanın üzərinə qoymuşdur. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və çəkisi 8,47 qram olmuşdur. Üzərindən aşkar edilən narkotik vasitə zərfə qoyuluraq zərfin ağzı kleylənərək üzəri möhürlənib götürülmüşdür. Törətdiyi əməlindən peşmandır.Məhkəmədən xahiş etmişdir ki,ona cəza təyin edilərkən, himayəsində İİİ qrup əlil anasının, acıq örək əməliyyatı keçirmiş xəstə atasının olması, hazırda ev təmiri ilə məşğul olan usta yanında fəhlə işləyərək ailənin tək qazanc gətirən olmasını nəzərə alınsın. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin X1 sahə rəisi vəzifəsində işləyir və polis kapitanıdır. 28 sentyabr 2023-cü il tarixdə saat 01 radələrində İTB-nin sahə polis nəfərləri polis baş serjantı Şahid2 və polis serjantı Şahid3 ilə birlikdə Göyçay şəhəri ərazisində xidmətdə olmuşlar. Həmin vaxt onlar Göyçay şəhəri Bakı küçəsində olan zaman Təqsirləndirilən şəxs özünü şübhəli apararaq dayandığı yerdən uzaqlaşmaq istədiyini görmüşlər. Həmin Samirin gecə saatlarında onların polis olduqlarını görüb uzaqlaşması və özünü şübhəli aparması onlarda Samirin üzərində narkotik vasitə gəzdirməsində şübhə yaranmışdır. Onlar dərhal Samirə yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə daşımaqda şübhəli olmasını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla Göyçay rayon Polis şöbəsinə getməsini təklif etmişlər. Samir onlara heç bir etiraz etmədən onlarla birgə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis X2 Təqsirləndirilən şəxs Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı Rüstəm Xəlilov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdildikdən sonra Müdafiəçi, onun, İTB-nin sahə rəisi Şahid2 və videoçəkilişi aparan şöbənin KTQ-nun baş inspektoru Şahid4 iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs Daha sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın ön sağ cibindən 01 ədəd içərisində yaşımtıl rəngli kütlə olan şəffaf rəngli selofan bükümü masanın üzərinə qoymuşdur. Aşkar edilmiş yaşımtıl rəngli kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 8,47 qram olmuşdur. Üzərindən aşkar edilən içərisində yaşımtıl rəngli olan sellofan büküm də elektron tərəzidə çəkildikdən sonra zərfə qoyuluraq ağzı kleylənib üzəri möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, Göyçay RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti vəzifəsində işləyir, polis kapitanıdır. 28 sentyabr 2023cü il tarixdə saat 02:10-da rayon polis X2 Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarışı zamanı videoçəkilişi rayon polis şöbəsinə məxsus olan və ona təhkim olunmuş “Panasonic” markalı aparatla o aparmışdır. Həmin vaxt təhqiqatçı Rüstəm Xəlilov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra Müdafiəçi, X1 əməkdaşları Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olubolmamasını soruşaraq əgər vardırsa təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın ön sol cibindən özünə məxsus pul qabını, ön sağ cibindən 01 ədəd içərisində yaşımtıl rəngli kütlə olan şəffaf rəngli selofan bükümü masanın üzərinə qoymuşdur.Aşkar edilmiş yaşımtıl rəngli kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 8,47 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən içərisində yaşımtıl rəngli olan sellofan büküm də elektron tərəzidə çəkildikdən sonra zərfə qoyuluraq zərfin ağzı kleylənərək üzəri möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və eləcə də, müvafiq sənədləşmə aparılması üçün videoçəkiliş onun tərəfindən sona çatdırılmışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 sentyabr 2023-cü il tarixli 17/719 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 7,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuanın təmiz çəkisi 7.72 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq 7.67 qram. Aparılmış ekspertizanın dəyəri 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 14 noyabr 2023-cü il tarixli 1872 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Bakı şəhər Suraxanı rayon məhkəməsinin qərarı ilə qalan 1 ay 13 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən təsnifatına görə az ağır cinayət hesab olunur. Həmçinin hazırda qüvvədə olan qanunvericiliyə əsaslansaq Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saat 02:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə saat 16:20-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi 7.72 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib öz şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Göyçay şəhəri Bakı küçəsində üzərində qanunsuz saxlayaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 7.67 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 7.67 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar