Məhkəmə qərarları › İş №1(046)-93/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-93/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-93/2025 17.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 1.086 qram narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2025-ci il tarixdə saat 18:20 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri, Ş.İ.Xətai küçəsində saxlanılaraq həmin tarixdə saat 18:20-dən 18:27dək üstünün yoxlanıması zamanı onun əynində olan qara rəngli kurtqamn sağ yan cibindən 01 ədəd sellofan paketdə olan təmiz çəkisi 1.086 qram, yəni xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yaşayır. Təxminən 03 il müddətdir ki, “kakos” kimi tanınan narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri, Ş.İ.Xətai küçəsi ilə piyada gedərkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində bir bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin saxlamışdır. Həmin vaxt o, həmin küçədə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişdirlər. Bundan sonra isə ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirəcəklərini bildirmişdirlər. O isə onlara etiraz etməmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə başlanmışdır. Həmin vaxt polis əməkdaşı ondan üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmadığını soruşduqda o, qorxduğu üçün əvvəlcə üzərində qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilərkən üzərində olan gödəkçəsinin sağ yan cibində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitəni aşkar etmişdir. Həmçinin üzərindən 01 ədəd təsbeh, 01 ədəd LD markalı siqaret qutusu, 01 ədəd ödəniş çeki, 06 manat pul əskinazı və özünə məxsus “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitə sellofan bükümdə elektron tərəzidə çəkilmiş və sellofanla çəkisi 1,21 qram gəlmişdir. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan başqa həmçinin üzərindən aşkar edilmiş mobil telefon götürülmüş, digər əşyalar isə sübut əhəmiyyəti kəsb etmədiyi üçün çəkiliş dayandıqdan sonra özünə qaytarılmışdır. Polis əməkdaşları onu polis şöbəsinə aparmışdırlar. Polis Şöbəsində Müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra isə vidogörüntü vasitəsilə hüquqları izah olunmuş və üzərindən aşkar edilərək qablaşdırılmış narkotik vasitə təhqiqatçı tərəfindən götürülmüşdür. Bildiriri ki, üzərindən aşkar edilən kütlə narkotik vasitə heroindir. Həmin narkotik vasitəni 3-4 gün əvvəl Göyçay rayonu ərazisində çay kənarından taparaq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay rayonu, 1 -ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla yaşayan əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında saat 18:20də CAB-nin əməkdaşları Şahid2, Şahid4 və Şahid3 ilə birlikdə Göyçay şəhəri, Ş.İ.Xətai küçəsində hərəkətdə olarkən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib üzərinə baxış keçiriləcəyini bildirmişdir. Bu zaman videoçəkilişdən istifadə edilmiş və videoçəkilişi o, həyata keçirmişdir. Bundan sonra Şahid2 Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində heç bir qanunla qadağan olunmuş əşyanın olmadığını bildirmişdir. Bundan sonra Şahid2 onun üzərinə baxış keçiriləcəyini bildirmişdir. Şahid3 Təqsirləndirilən şəxs üzərinə baxış keçirməyə başlayarkən o, kurtqasının sağ yan cibində qanunla qadağan olunmuş əşya və ya predmetin olduğunu söyləmişdir. Daha sonra Şahid3 üzərinə baxış keçirərək Təqsirləndirilən şəxs kurtqasının sağ yan cibindən 01 ədəd büküm, iç sol cibindən 01 ədəd təsbeh, iç sağ cibindən 01 ədəd LD markalı siqaret, şalvarının sağ ön cibindən 6 manat pul və 01 ədəd “Redmi” markalı mobil telefon aşkar etmişdir. Şahid2 Təqsirləndirilən şəxs 01 əddəd sellofan paketdə olan qəhvəyi rəngli kütlənin nə olduğunu soruşanda həmin kütlənin “marixuana” olduğunu bildirmişdir. Götürülmüş əşyalardan mobil telefon və içərisində 01 ədəd kütlə və “Redmi” markalı mobil telefon saxlanılmış, digər əşyalar isə sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Sellofan paketdə olan qəhvəyi rəngli kütlə elektron tərəzidə çəkilmiş və sellofan paket ilə birlikdə çəkisi 1.21 qram gəlmişdir. Daha sonra zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu və Göyçay şəhərində yoldan tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, götürülmüş maddi sübutla birlikdə raport əsasında növbətçi hissəyə təhvil verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı İslam Şirinov tərəfindən müdafiəçi ilə təmin olunmuş və təqdim etdilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış 01 ədəd zərfdə olan kütlə götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 17/32 rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd...” sözləri, adlar və imzalar yazılımış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 1.086 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına daxildir (İ siyahı). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 27 fevral 2025-ci il tarixli 308 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə heroindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Göyçay Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən “Narkomaniya” dioqnozu ilə həkim narkoloqun qeydiyyatındadır. Təqsirləndirilən şəxs həkim psixiatrın qeydiyyatında yoxdur. Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:55-də şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00-da MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 il şərti sınaq müddəti təyin edilməklə 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 01 il 18 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2024-cü ildə cəzası bitmişdir. Göyçay Rayon İcra və Probasiya Şöbəsindən daxil omuş məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2252/2022 nömrəli, xx.xx.2022-cü il tarixli hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il, 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bununla əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2252/2022 nömrəli, xx.xx.2022-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə sabiq böyük icra məmuru Anar Zeynalovun icraatına daxil olmuş və o, həmin tarixdə şöbənin sabiq böyük icra məmuru (Probasiya üzrə) Anar Zeynalov tərəfindən qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs 01 il 18 gün müddətində cəzasını xx.xx.2025-ci il tarixdə çəkib bitirdiyi ümün şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2252/2022 nömrəli, xx.xx.2022-cü il tarixli hökmü üzrə çəkilməmiş cəzası qalmamışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda külli miqdar, 800 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər eyni növ cinayətə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə zalından dərhal həbs edilməli ,ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 3 ay müddətə azaqlıdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbs olunsun. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,036 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının 71.94 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan 02 ədəd DVD disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 9 iş saatına görə 99 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********)) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar