Məhkəmə qərarları › İş №1(046)-95/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-95/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-95/2025 06.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 12.15-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qıznın katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Göyçay rayonu Potu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Göyçay şəhəri, Vaqif küçəsi, dalan 1, ev 3-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 0,287 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və xeyli miqdarda, yəni təmiz çəkisi 0,263 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 16 yanvar 2025-ci il tarixdə saat 20:04 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Nizami küçəsində saxlanılmış və saat 20:04-dən 20:17-dək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol iç döş cibindən 01 ədəd kağız bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,287 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,263 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi, ifadə verərək göstərdi ki, 16 yanvar 2025-ci il tarixdə saat 17 radələrində özünə məxsus avtomobili ilə Göyçay şəhəri, Nizami küçəsində hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları ona işarə edərək saxlatmış, ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olmasını soruşmuşlar, o da “hə var” demişdir, amma nə olduğunu bilməmişdir. Daha sonra polis əməliyyatçıları həmin yerə gəldilər, o da üzərində olan əşyanı polis əməkdaşlarına vermişdir. Həmin əşyanı şühbələndiyi şəxslər onun avtomobilinə qoymuşlar. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə təngidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, şöbəyə Göyçay şəhəri, Vaqif küçəsi dalan 1, ev 3də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və psixotrop maddələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra xx.xx.2025-ci il tarixdə Fizuli Babayevin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərilərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Fizuli Babayevin olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə Göyçay şəhəri Nizami küçəsinə getmiş, oraya çatdıqdan sonra özlərini təqdim etmiş, Fizuli Babayevə barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib üzərinə baxış keçiriləcəyini bildirmişlər. xx.xx.2025-ci il tarixdə saat 20:04-dən Fizuli Babayevin üzərinin və avtomobilinin yoxlanmasına başlanılmış, bu zaman videoçəkilişdən istifadə edilmiş, videoçəkilişi əməliyyat müvəkkili Şahid3 həyata keçirmişdir. Əvvəlcə o, əməliyyat tədbirində iştirak edən şəxslər barədə məlumat vermiş, saxlanılan Fizuli Babayevə üzərində və avtomobilində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün saxlanıldığı, polis şöbəsinə getdikdən sonra müdafiəçi ilə təmin olunacağını demiş, bundan sonra Fizuli Babayevdən üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuş, Fizuli Babayev əynində olan qara rəngli qış gödəkçəsinin sol iç döş cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində 2 ədəd büküm olduğu, 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kristal şəkilli maddə və 1 ədəd sellofan bükümdə toz şəkilli, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Fizuli Babayev həmin kütlələrin özünə aid olduğunu, yaşadığı küçədən avtomobilinin yanından tapdığını demiş, daha sonra Fizuli Babayevin üzərində şəxsi axtarış edilməyə başlanılmış, şəxsi axtarış zamanı üzərindən 1 ədəd mobil telefon, 1 ədəd Leobanka aid kart və pul aşkar edilmişdir. Aşkar edilmiş pul əskinazları Fizuli Babayevə geri qaytarılmış,daha sonra Fizuli Babayevdən aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş, çəkiləri 0,20 və 0,10 qram təşkil etmiş, bundan sonra aşkar edilmiş kütlələr 1 ədəd kağız zərfdə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, möhürlənmişdir. Bundan sonra Fizuli Babayevə məxsus **-BU-*** qeydiyyat nömrə nişanlı, YAZ 2103 markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, Fizuli Babayev üzərindən aşkar edilən kütlələri öz şəxsi istifadəsi üçün üzərində daşıdığını, heç kimə satmadığını demiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs ilə birlikdə Göyçay RPŞ-nə gəlmişlər. Göyçay RPŞdə təhqiqatçı İslam Şirinov tərəfindən Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 və saxlanılmış şəxs Təqsirləndirilən şəxs Müdafiəçi iştirakı ilə şübhəli şəxsdən aşkar edilən maddi sübutlar götürülmüş, təhqiqatçı Fizuli Babayevdən aşkar edilən narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlə ilə bağlı məlumat verib həmin kütlənin ona məxsus olub- olmamasını soruşmuş, Fizuli Babayev həmin kütlənin özünə məxsus olduğunu, öz şəxsi istifadəsi üçün əldə edib daşıdığını ona qarşı heç bir qanunsuz hərəkət edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilən narkotik vasitədən hər hansı şəxsə satması və ya verməsi barədə əməliyyat məlumatı daxil olmamış, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu üçün aşkar edilmiş narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə edib üzərində daşımışdır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 şahid X2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:04 radələrində Göyçay RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri, Nizami küçəsində saxlanılaraq üzərinə saat 20:04-dən 20:17-dək şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol iç döş cibindən cəmi 01 ədəd kağız bükümdə olan maddəni və 01 ədəd sellofan bükümdə qəhvəyi rəngli dənəvari hissəciklərdən ibarət maddəni təqdim etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş baxış və götürülmə keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qablaşdırılaraq götürülmüş 01 ədəd kağız bükümdə və 01 ədəd sellfofan bükümə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin bükümlərin ona məxsus olması və üzərindən götürüldüyünü bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 17 yanvar 2025-ci il tarixli, 17/50 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan 1 bükümdə 2 ayrı maddələr” yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki kağıza bükülmüş 01 ədəd kağız bükümdə, təmiz çəkisi – 0,287 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,263 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Tədqiqatda sərf olundu 0,050 qram, qalıq - 0,237 qram. (heroin) Tədqiqatda sərf olundu 0,050 qram, qalıq – 0,213 qram. (metamfetamin) Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 27 fevral 2025-ci il tarixli, 310 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə, saat 20.45-də şübhəli şəxs qismində tutulmuş, 18 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 17.00-da MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2025-ci il tarixdə Göyçay rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və məhkum Təqsirləndirilən şəxs həmin tarixdə qeydiyyata alınmışdır.Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının 08 ayını çəkmiş 06 ay 26 gün çəkilməmiş cəzası qalmışdır. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda 0,287 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və xeyli miqdarda, yəni təmiz çəkisi 0,263 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtarmadan yenidən cinayət törətməsini, məhkumluğunun olmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinə görə CM-in 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti da nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaya CM-in 67.1-ci maddəsinə əsasən əvvəlki Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla qismən birləşdirilərək qəti olaraq ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə olma müddəti nəzərə alınmalı,təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından həbsdə saxlama müddəti çıxılmalıdır. Cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,237 qram narkotik vasitə olan heroin və 0,213 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş videoçəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının cəmi 69 manat 10 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki iş üzrə təyin edilmiş cəzaya əvvəlki Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ay 24 (iyirmi dörd) gün çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü bərabər tutulmaqla 03 ay 12 gün azadlıqdan məhrum etmə cəzasının müddəti qismən birləşdirilməklə qəti olaraq ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,237 qram narkotik vasitə olan heroin və 0,213 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 69 manat 10 qəpik dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar