Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-97/2022 30.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, Göyçay şəhərində xx.xx.1965-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvələr məhkum olunmuş və məhkumluğu ödənilməmiş, subay, Göyçay rayonun Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin 12 (on iki) ədəd toxumlarını Göyçay rayonu Qarabağlar kəndində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq torpaqda əkib, 12 ədəd şitillərdən ibarət xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 24 iyul 2022-ci il tarixdə saat 17:45-də Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsinə baxış keçirilən zaman oradan həmin 1,30 m-dən 3,15 m-dək, ümumi təmiz çəkisi 19 kq, 680 qram olan 12 ədəd əkilib becərilməsi qadağan olunmuş, əkib yetişdirərək kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Göyçay rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinin qapısı döyülmüş və küçəyə çıxmışdır. Evinin qarşısında Göyçay rayon polis şöbəsinin əməkdaşları ona özünü təqdim edərək narkotik vasitələrin əkib-becərilməsində və qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirmişlər. Daha sonra polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişdir. Buna etiraz etməmiş və bu barədə Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, vəkilin, o cümlədən aqronomun iştirakı ilə yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış keçirilən zaman həyətində yerləşən istixananın yan tərəfində torpağa əkərək xüsusi qaydada qulluq etdiyi 12 ədəd yaşıl rəngli bitkini polis əməkdaşlarına göstərmişdir. Bitkilər ayrı-ayrılıqda torpaq qatından çıxarıldıqdan sonra ölçüləri götürülmüşdür. Bitkilərin torpaqdan hündürlüyü müvafiq olaraq 1,30 metr, 1,50 metr, 2 ədəd 1,90 metr, 1,70 metr, 2,30 metr, 2,50 metr, 2,80 metr, 2,65 metr, 2 ədəd 3 metr və 3,15 metr olmuşdur. Torpaqda əkilmiş 12 ədəd bitkilər torpaqdan çıxarılaraq torbaya qoyularaq qablaşdırılmışdır. Eyni zamanda torpaqda əkilmiş 12 ədəd bitkilərin torpaqdan çıxarıldığı yerdən torpaq nümunələri götürülərək qablaşdırılmışdır. Bundan sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində çalışır, narkotik vasitələrin əkib-becərilməsində şübhəli olan Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində polis əməkdaşları, müdafiəçi və aqronomun iştirakı ilə Göyçay rayon Qarabağlar kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün gedilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən çağırıb ona həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə və narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də həyətyanı sahəsinə baxış keçirilməli olduğu bildirilmişdir. Baxış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirilməsilə bağlı etirazının olmamasını bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra ona şübhəli şəxs qismində təhqiqatçı tərəfindən müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Eyni zamanda həmin zaman polis əməkdaşları, müdafiəçi, aqronom və Təqsirləndirilən şəxs iştirakları ilə onun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış keçirilən zaman həyətində yerləşən istixananın yan tərəfində torpağa əkərək xüsusi qaydada qulluq etdiyi 12 ədəd yaşıl rəngli bitkiləri onlara göstərmişdir. Bitkilər ayrı-ayrılıqda torpaq qatından çıxarıldıqdan sonra ölçüləri götürülmüşdür. Bitkilərin torpaqdan hündürlüyü müvafiq olaraq 1,30 metr, 1,50 metr, 2 ədəd 1,90 metr, 1,70 metr, 2,30 metr, 2,50 metr, 2,80 metr, 2,65 metr, 2 ədəd 3 metr və 3,15 metr olmuşdur. Bundan sonra aqronom tərəfindən də həmin bitkilərə baxış keçirilmiş və həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, diblərinə peyin, şirə verilməklə xüsusi qulluq olunaraq diblərinin alaq otlarından təmizlənib aqrotexniki qaydada qulluq edilərək əkilib-becərildiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 25 iyul 2022-ci il tarixli, 17/587 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsindən aşkar edilmiş ..” sözləri yazılmış 03 (üç) ədəd sintetik kiəsinin içərisindəki, yaş vəziyyətdə ümümi çəkiləri – 19 kq 680,0 qram olan 12 (on iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Ş.İsmayılovun xx.xx.2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs həyətindən götürülmüş torpaq nümunəsi...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada olan torpaq nümunəsində cuzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləridir. Aparılmış ekspertizanın dəyəri 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1311 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-isifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinə ilə 07 il azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini Göyçay rayonu Qarabağlar kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsində yetişdirməklə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, yenidən cinayət törədərək cinayətin residivliyini yaratmasını məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri, həmin bitkilərin dibindən götürülmüş torpaq nümunələri və bir ədəd sellofan torbada torpaq nümunələri məhv edilməlilidir. İş üzrə məhkəmə xərci olan 34.55 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödnilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti cəza olaraq 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan çəkisi 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri və həmin bitkilərin dibindən götürülmüş torpaq nümunələri və 01 ədəd sellofan torbada torpaq nümunələri məhv edilsin. İş üzrə ekspertiza xərci olan 34.55 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-97/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-97/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver