Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-97/2025 06.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 10:45-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Zərdab rayonu Bəyimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, Göyçay şəhəri, H.Əliyev prospekti, ev 207, mənzil 9-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 6,76 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 26 iyun 2025-ci il tarixdə saat 18:07 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, H.Əliyev prospektinin kənarında RTS binaları adlanan ağaclıq ərazidə saxlanılmış və saat 18:07 dəqiqədən 18:14 dəqiqəyədək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində xeyli miqdarda, yəni təmiz təmiz çəkisi 6,76 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, o təxminən 15 ildən artıq müddətdir ki, “nəşə” kimi tanınan narkotik vasitə olan marixuanadan istifadə edir və narkotik vasitə aludəçisidir. xx.xx.2025-ci il tarixdə Göyçay şəhəri, H.Əliyev prospektində olarkən yerdən kibrit qutununun içərisində narkotik vasitə olan marixuana tapmış, gələcəkdə istifadə etmək üçün yerdən götürüb qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur.Həmin gün saat 18 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində RTS binalarının yaxınlığında yol ilə gedərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra isə polislər ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib üstünün yoxlanılması keçirəcəklərini bildirmişlər. O,polislərə etiraz etməmiş, daha sonra videoçəkiliş vasitəsilə üstünün yoxlanılması keçirilməsinə başlanmış, polis əməkdaşı ondan üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuş, həmin vaxt o, üzərində narkotik vasitə olduğunu etiraf edərək şalvarının sağ yan cibində olan içərisində narkotik vasitə olan kibrit qutusunu təqdim etmişdir. Bundan başqa üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd siqaret qutusu, bir ədəd alışqan, bir ədəd qapı açarı və bir ədəd özünə məxsus “Fly” markalı mobil telefon aşkar edilmişdir. Götürülmüş əşyalardan mobil telefon və içərisində narkotik vasitə olan kibrit qutusu saxlanılmış, digər əşyalar isə sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmış, ardınca üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində olan narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş, kibrit qutusu ilə birlikdə çəkisi 9,99 qram gəlmişdir. Bundan sonra zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüş, daha sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışdır. Polis şöbəsində Müdafiəçi ilə təmin olunmuş, daha sonra isə videogörüntü vasitəsilə hüquqları izah olunmuş və üzərindən aşkar edilərək qablaşdırılmış narkotik vasitə və ona məxsus mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür.O, üzərindən aşkar edilən kütlənin narkotik vasitə marixuana olduğunu, özünə məxsus olduğunu, yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığı, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zorakılıq edilmədiyini bildirmişdir. O, həmin narkotik vasitədən heç kimə nə verməmiş, nədə ki satmamış, yerdən tapdıqdan sonra özü istifadə etmək üçün üzərində saxlamış, özündən başqa hər hansı bir şəxsin saxladığı narkotik vasitədən xəbəri olmamış, həmin vaxt polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki zorakılıq və ya digər bir qanunsuz hərəkət edilməmiş, onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, şöbəyə Göyçay şəhəri, Heydər Əliyev prospekti ev 207, mənzil 9-da yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır.Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Şahid2, Şahid3, Şahid4 və Göyçay RPŞ-nin PPXB- nün komandir müavini Şahid5 ilə birlikdə Göyçay şəhəri H.Əliyev prospektinin kənarında RTS binaları adlanan ağaclıq əraziyə getmiş, oraya çatdıqdan sonra özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib üzərinə baxış keçiriləcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 18:07-dən Təqsirləndirilən şəxs üzərinin yoxlanmasına başlanılmış, əvvəlcə o, əməliyyat tədbirində iştirak edən şəxslər barədə məlumat vermiş, saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün saxlanıldığı, polis şöbəsinə getdikdən sonra müdafiəçi ilə təmin olunacağını demiş, bundan sonra o, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs Nar zavodun yanından gəldiyini, RTS yolunda alışqanın qazı bitdiyini, həmin kibrit qutusunu siqaret yandırmaq üçün əyilib götürdüyünü, həmin kibrit qutusunu açan zaman içərisində “nəşə” olduğunu gördüyünü, özü istifadəçi olduğu üçün üzərində daşıdığını, heç kimə vermədiyini, həmin gün yolun kənarından tapdığını demişdir. Həmin kibrit qutusunu açdıqda, içərisində kəskin iyli, yaşımtıl rəngli kütlə olduğunu müəyyən etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, yoxlama zamanı üzərindən 1 qutu “Classic” markalı siqaret, 1 ədəd alışqan, 1 ədəd “FLY” markalı telefon, 2 ədəd açar və pul aşkar edilərək götürülmüşdür. Daha sonra pul, siqaret, alışqan və açar Təqsirləndirilən şəxs qaytarılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd kibrit qutusu içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 9,99 qram təşkil etmişdir. Aşkar edilmiş həmin kütlə 1 ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxsin üzərinin yoxlanması saat 18:14-də yekunlaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs götürüb Göyçay RPŞ-nə gətirmiş, saxlanılmış şəxs Təqsirləndirilən şəxs Müdafiəçi iştirakı ilə şübhəli şəxsdən aşkar edilən maddi sübutlar videoçəkilişlə təhqiqatçı İslam Şirinov tərəfindən götürülmüş, təhqiqatçı Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitəyə bənzər kütlə ilə bağlı məlumat verib həmin kütlənin ona məxsus olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs həmin kütlələrin özünə məxsus olduğunu, öz şəxsi istifadəsi üçün əldə edib daşıdığını, ona qarşı heç bir qanunsuz hərəkət edilmədiyini bildirmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilən narkotik vasitədən hər hansı şəxsə satması və ya verməsi barədə əməliyyat məlumatı daxil olmamış, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu üçün aşkar edilmiş narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə edib üzərində daşımış,Təqsirləndirilən şəxs üstünün yoxlanılması Heydər Əliyev prospektinin kənarında, RTS binaları adlanan ağaclıq ərazidə keçirilmiş, əməliyyat tədbiri zamanı o, qısaca Heydər Əliyev prospekti RTS binaları adlanan ərazi demişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin PPXB-nün komandir müavini Şahid5 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:07 radələrində Göyçay RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri H.Əliyev prospektinin kənarında RTS binaları adlanan ağaclıq ərazidə saxlanılaraq üzərinə saat 18:07-dən 18:14-dək şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində yaşılımtıl rəngli bitki mənşəli kütləni təqdim etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş baxış və götürülmə keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qablaşdırılaraq götürülmüş 01 ədəd kibrit qutusuna baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin kibrit qutusunun ona məxsus olması və üzərindən götürüldüyünü bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 27 iyun 2025-ci il tarixli, 17/479 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan bir ədəd kibrit qutusunda olan yaşımtıl kütlə” yazısı, adları və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd kibrit qutusunda, təmiz çəkisi – 6,76 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqatda sərf olundu - 0,02 qram, qalıq - 6,74 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 08 sentyabr 2025-ci il tarixli, 1411 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş «Göyçay rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin direktoru Talıb Məmmədovun 14 iyul 2025-ci il tarixli arayışından görünür ki,Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən «Narkomaniya» diaqnozu ilə həkim narkoloqun qeydiyyatındadır.Təqsirləndirilən şəxs həkim psixiatrın qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2025-ci il tarixdə, saat 18.55-də şübhəli şəxs qismində tutulmuş, 28 iyun 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 12.00-da MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Göyçay Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.1 və 66.3cü maddələrinə əsasən 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2013-cü il tarixli amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Qərarın 6-cı bəndinə görə üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda təmiz çəkisi 6,76 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Və nəhayət cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum olunmasını,hazırda məhkumluğunun ödənilmiş hesab edilməsini,qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə qeyd edir ki,narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində kifayət qədər əsaslar olmadan barəsində həbs ilə əlaqədar olmayan cəza növünün tətbiqini əsaslı və ədalətli hesab etmək olmaz. Ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də X2 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti təyin edilmiş cəza müddətindən çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu andan hesablanmalıdır. Məhkəmə nəzərə alır ki ,təyin edilmiş cəza təqsirləndirilən şəxsin islah olunmasına xidmət edəcəkdir və onun ailəsinə mənfi təsir göstərməyəcəkdir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin olunaraq, onun yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk və 1 ədəd CD disk Azərbaycan Respublikası CPM-in 132.1.6-cı maddəsinə əsasən cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,74 qram narkotik vasitə olan qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının 34 manat 55 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,74 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “DVD” disk və 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 34 manat 55 qəpik dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-97/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-97/2025
06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver